Ədəbiyyatsız dünya. Коллектив авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Ədəbiyyatsız dünya - Коллектив авторов страница
Belə görünür ki, ədəbiyyat get-gedə daha çox qadın işi olub. Kitab evlərində, yazıçıların təşkil etdiyi konfranslarda, qiraət günlərində, universitetlərin humanitar elmlərə ayrılmış fakültələrində qadınların sayı kişilərdən çoxdur. Bu fakt adətən belə izah olunur: orta təbəqədən olan qadınlar daha çox kitab oxuyurlar, çünki kişilər qədər işləmirlər: bundan başqa, kişilərdən fərqli olaraq, əksər qadınlar arzulamaqdan və xəyal qurmaqdan utanmırlar. İnsanları kəskin siniflərə bölən, onların bir-birindən fərqli fəzilətlərini, qüsurlarını özünə dayaq nöqtəsi kimi götürən topdan izahların heç birindən heç vaxt xoşum gəlməyib. Amma ədəbiyyat oxucusunun – zir-zibil oxuyanlar kifayət qədərdi – hər gün azalması və yerdə qalan oxucu kütləsinin içində say etibarilə qadınların dominant olması inkar edilməz gerçəklikdir.
Bu, hər yerdə belədir. Söz gəlişi deyim, İspaniya Yazıçılar Birliyinin bir neçə il bundan qabaq apardığı araşdırma göstərdi ki, ölkə əhalisinin yarısı bugünəcən bir dənə də olsun kitab oxumayıb. Araşdırmadan həm də aydın oldu ki, kitabsevər azlığın içində “kitab oxuyuram” deyən qadınların sayı kişilərdən 6,2 dəfə çoxdur; üstəlik, bu fərqin get-gedə artması ehtimal edilir. Bu qadınlar üçün sevinirəm, amma bu kişilərə və kitab oxumaq imkanı ola-ola oxumamaq qərarına gəlmiş milyonlarca insana acıyıram.
Onlara acımağımın səbəbi təkcə əldən verdikləri ləzzətin fərqində olmamaqları deyil, onlara həm də ona görə acıyıram ki, ədəbiyyatsız cəmiyyətlərin, ya da ədəbiyyatı (gizli günah kimi) ictimai və şəxsi həyatın ucqarlarına sürgün edən, onu fanatik təriqətlərə bənzər bir şeyə çevirən cəmiyyətlərin ruhi baxımdan vəhşiləşəcəyinə, daha da pisi, əvvəl-axır öz azadlığını təhlükə altında qoyacağına inanıram. İstəyirəm ədəbiyyatı “olmasa da olar” tipində əyləncə sayanların əleyhinə bir neçə fikir səsləndirim. İstəyirəm ədəbiyyatı təfəkkürün ən önəmli, ən mənəvi fəaliyyətlərindən biri kimi görən və onu müasir demokratik cəmiyyətlərin azad fərdlərdən ibarət bir toplum yaratması üçün “olmazsa, olmaz” sayan tezisin lehinə bir neçə fikir səsləndirim. Məncə, bədii ədəbiyyat oxumaq vərdişini uşaq yaşlardan ailədə formalaşdırmaq lazımdır və bu, bütün təhsil sistemlərinin əsas sütunu, ana predmeti olmalıdır. Halbuki bilirik ki, bunun əksi baş verir: məktəblərdə ədəbiyyata cüzi vaxt ayırırlar, bəzən isə ümumiyyətlə tədris siyahısından çıxarırlar, elə bil, ikinci dərəcəli şeydir.
Biz elmin və texnologiyanın ağlasığmaz sıçrayışa keçdiyi, bilginin sonsuz parçalara, hissələrə ayrıldığı, ixtisaslaşdığı, mədəniyyətlərin çulğalaşdığl bir epoxada yaşayırıq. Bu kulturoloji meyil qarşıdan gələn illərdə daha çox müəyyənlik qazanacaq. İxtisaslaşma, şübhəsiz ki, bir çox cəhətdən faydalıdır. Məsələn, o daha dərin araşdırmaların və daha böyük təcrübələrin həyata keçirilməsinə imkan yaradır, inkişafa təkan verir. Amma neqativ nəticələri də var, çünki insanların birgəliyini, bir-biriylə ünsiyyət qurmasını, yardımlaşma duyğusunu diri saxlayan ortaq intellektual və kulturoloji özəllikləri məhv edir. İxtisaslaşma ictimai düşüncənin yox olmasına, insanların texnik və mütəxəssis gettolarına bölünmə-sinə gətirib çıxarır. Əldə olunan bilgilər get-gedə daha çox özünə-məxsuslaşqıdca və sektorlara bölündükcə, ixtisaslaşan bilgi günü-gündən daha çox özəl dil və şifrə, leksika tələb edir. Əcdadların “yarpaqlara baxıb ağacı görməmək, ağaclara baxıb meşəni görməmək” – dedikləri, əslində bu xüsusiləşməyə və bölünməyə qarşı bir xəbərdarlıqdır. Meşənin varlığının fərqində olmaq cəmiyyəti bir-birinə bağlayan ictimailik hissini, aidlik duyğusunu yaradır və cəmiyyətin çoxlu solipsist qruplara bölünməsinin qarşısını alar. Solipsizm – nifrətə, müharibələrə, soyqırımları doğuran paranoyaya və sayıqlamağa, həqiqətin təhrif edilməsinə gətirib çıxarır.
Elə buna görə də bizim dövrümüzdə elm və texnologiya sonsuz zənginliyinə, təkamül sürətinə baxmayaraq, inteqrasiya aləti kimi çıxış edə bilmir, çünki fraqmentar ərazilərə bölünüb və leksikası hermetikləşib. Amma məsləkləri, həyatdakı məqsədləri, coğrafi və kulturoloji təyinatları, fərdi vəziyyətləri nə qədər fərqli olur-olsun, ədəbiyyat insanların özlərini dərk etdikləri, bir-biri ilə ünsiyyət qura bildikləri insan yaşantısının ortaq məxrəclərindən biridir. Ədəbiyyat imkan yaradıb ki, fərdlər öz həyatlarının bütün fərqli xüsusiyyətlərinə baxmayaraq, tarixi aşıb keçsinlər; biz Servantes, Şekspir, Dante və Tolstoyun oxucuları kimi, zamanı və məkanı aşaraq bir-birimizi tanıyırıq, özümüzü eyni növün nümayəndələri kimi dərk edirik: Çünki bu müəlliflərin əsərlərini oxuyarkən, bizi bir-birimizdən ayıran dərin fərqliliklərin ötəsinə keçir, hamımızda ortaq olanı öyrənirik. Bütün millətlərin insanları təməldə bərabərdirlər, onların arasına ayrıseçkilik, qorxu və boyunduruq toxumlarını səpən ədalətsizlikdi: İnsanları qərəzin, irqçiliyin, dini, ya da siyasi fanatizmin, özündən başqa hər şeyi dışlayan milliyətçiliyin axmaqlıqlarına qarşı bütün böyük ədəbi əsərlərdə qarşımıza çıxan ali həqiqətdən – insanların bərabər olması həqiqətindən yaxşı heç nə qoruya bilməz.
Etnik və kulturoloji fərqlərdə insanlıq mirasının zənginliyini görməyi, bu fərqləri bəşəriyyətin çoxtərəfli yaradıcılığının simptomu kimi dəyərləndirməyi ədəbiyyatdan daha yaxşı heç nə öyrədə bilməz. Yaxşı ədəbi əsərləri oxuyanda, heç şübhəsiz, böyük ləzzət alırıq, amma həm də insani bütövlüyümüz və çatışmazlıqlarımız içində həyata keçirdiklərimizi başa düşür, xəyallarımızı, kabuslarımızı, təkliyimizi və bizi başqalarına bağlayan münasibətləri cəmiyyətdəki obrazımızda, eləcə də şüurumuzun gizli çıxıntılarında kim olduğumuzu, necə olduğumuzu öyrənirik.
İsaiah Berlinin diliylə desək, “bu paradoksal həqiqətlərin qatmaqarışıq məcmusu” insani mahiyyətimizi əmələ gətirir. Bugünkü dünyada insanla bağlı bu bütöv və canlı bilgini ancaq ədəbiyyatda tapmaq olar. Humanitar elmlərin digər qolları – fəlsəfə, tarix və ictimai elmlər belə, bu cür bütövləşdirici açıq fikirliliyi, bu cür universallaşdırıcı ifadə tərzini yarada bilməyib. Humanitar elmlər də get-gedə düşüncəsi və söz dağarcığı sıravi insanlardan aralı düşməkdə olan bu parçalanmış və texnikiləşmiş ərazilərdə özünü təcrid etdi, bilginin xərçəngli mikrodünyasına və altsahələrə gömüldü. Bəzi tənqidçilərə, nəzəriyyəçilərə qalsa, ədəbiyyatı elmə çevirərlər. Amma bu heç vaxt olmayacaq; çünki ədəbiyyat öz varlığını yaşantının yalnız bir sahəsini araşdırmağa borclu deyil. Ədəbiyyat insan həyatı parçalanıb hissələrə ayrılanda, ya da qəlibləşmiş sxemlərlə və şablon formullarla məhdudlaşdırılıb yox olmağa üz tutanda, onu fantaziya vasitəsilə zənginləşdirib yoxdan var edir. Prust deyəndə ki, “Əsl həyat sona qədər aydın və faş edilmiş olandır, deməli onu bütövlükdə yaşamaq olar – bu, ədəbiyyatdır”, elə bunu nəzərdə tuturdu. Məncə, Prustun bu sözlərində qətiyyən şişitrmə yoxdur; bu sözlər Prustun təkcə yazıçılıq işinə bəslədiyi sevgidən qaynaqlanmır, yazıçı burda müəyyən bir təklif də edib deyir ki, ədəbiyyat həyatın daha yaxşı başa düşülməsinə və daha yaxşı yaşanmasına yardım