Qəhrəmanım sənsən. Natiq Məmmədli
Чтение книги онлайн.
Читать онлайн книгу Qəhrəmanım sənsən - Natiq Məmmədli страница 6
Yazın ilıq şəfəqləri hardan gəlib bu torpağı tapıb, niyə onun üstündə gəzən adamların və inəklərin dərisinə hopub əzalarını qıdıqlayır, baş açmıram. Dünyanın don vurmuş o qədər yerləri, günəşə həsrət buzlaqları, sazaqları var ki, niyə məhz bu torpaq, anlamıram. Günəş səxavətlə göydən işıqlarını səpəndə başa düşmürmü ki, gecə oldu, ya gündüz, isti oldu, ya şaxta buralar üçün fərq eləməz, yad cöngələr onsuz da şeşən düyələrin üstünə atılacaq, çayırdan yeyib enə verən öküzlərimizsə sadəcə quyruğunu bulayıb “mö” eləyəcəklər. Hər şey bu qədər sadədir, qurtardı getdi. Bəs onda bu günəş niyə belə şığıyır, heyf deyilmi bu boyda işığı hədər yerə sərf eləmək. Yalnız öləndən sonra başa düşdüm ki, bütün bunlar mənim ölümümü sürətləndirmək üçün imiş.
Yazın ilmanqısı canıma keçər-keçməz dirçəlmişdim, nəsə şıllaq atmaq, uzaqlara qaçmaq, qışdan çıxan düyələrə özümü göstərmək üçün meymunluq eləmək istəyirdim. Heç məndən başqa özünə əl qatan yox idi; dedim axı, isti oldu, ya soyuq, səhər oldu, ya axşam bu yerlərin adamları və inəkləri üçün elə bir fərq eləməzdi. Bütün günlər bir-birinin tayı idi. İnəklər adamlara, adamlar da inəklərə oxşayırdı. Bəs mən niyə dingildəyirdim? Yekə naxırın içində bir dənə dılğır sarı dana özünü qoymağa yer tapmırdı; suyla dolu vedrəyə təzə dikəlmək istəyən buynuzlarımla kəllə vurdum “darap” elədi, arxın üstündən tullanmaq istəyəndə suya düşdüm “tarap” elədi, şeşən düyəni görən kimi yanına qaçıb qabaq ayaqlarımı naxırçıların atı sayaq havaya qaldırdım yerə dəyib “şarap” elədi. Yoğun buynuzları fil boyda cəmdəklərinin üstündə daha vahiməli görünən təcrübəli öküzlər təəccüb və boşluqdan başqa heç nə ifadə eləməyən mal gözlərini qaldırıb mənə sarı baxdılar, quyruqlarını buladılar. Nə olmuşdu görəsən bir yerdə qərar tuta bilmirdim, nə tay-tuşum olan sakit danalarla yola gedirdim, nə də dünya görmüş, ağır-batman öküzlərin mal baxışlarından abır-həya edirdim.
Heç gün boyu tövlənin qaranlıq yerində naxırçıların başlarına pərvanə kimi dolandıqları Krasnodar cöngələrinin adını tutmuram. Onlar üçün yazın-qışın, gecənin-gündüzün qəti dəxli yox idi, əllərindən gələn yeganə iş yeyib-yatmaq və minmək idi. Bizim dünyaya yemək və minmək üçün gələn öküzlərin nəyi bizdən artıq idi, bilmirəm, sadəcə gözləri həmişə təzə dəymiş gilənar kimi qırmızıya çalırdı. Yazın ilıq şəfəqlərini canımda hiss edər-etməz nədənsə ürəyimdən keçdi ki, özümü onların yanına verim, bütün ömürlərini tövlənin qaranlığında başı bağlı, burnu həlqəli yatıb qalan həmcinslərimdən hal-əhval tutum. Sonradan al qanıma boyanıb gəbərəndə başa düşdüm ki, sən demə, bu diyarın inəklərinin arasında belə fikrə düşən birinci dördayaqlı mən olmuşam. Dağdan ağır öküzlərin heç şeşə buynuzlarının ucundan belə keçməyən bu dəhşətli macəra hardan beynimə girmişdi? Hər halda dana idim, gələcəyim qabaqdaydı, bəlkə də qabaq da ola bilərdi, bu səhvi mənim danalığıma bağışlamaq da olardı, amma bağışlamadılar…
Tövlənin qaranlığında yad öküzlərin gilənar gözləri torana sarı gedən günəş kimi parıldayırdı. Məni görüb diksindilər, bəlkə də lap qorxantəhər oldular. Bizim öküzlərsayaq mal gözlərini döyüb quyruqlarını bulamadılar, bəziləri boğazlarındakı zənciri silkələyib fınxırmaq istədi, fınxırdı da, bəziləri iti buynuzlarını mənim qarnıma soxmaq üçün havaya qaldırıb dartınmaq istədi, dartında da. Amma heç nə eləyə bilmədilər. Onlar zəncirdə, mən açıq, onlar bağlı mən sərbəst, neyləyə bilərdilər ki, istəyir Krasnodar yox, lap Madaqaskar kəli gəlsin. Danalığıma salıb bir az da qabağa getdim, təzə dikələn buynuzumla xallı buğaların lap yekəsinin qarnını yüngülvari qıdıqladım. Danaydım ki, dana… Buğanın gilənar gözləri qan çanağına döndü, nə qədər bacardısa dartındı, buynuzlarını yellədi. Heç vecimə də almadım, naxırçıların atı kimi iki ayaq qalxıb belinə atılmaq istədim, atıldım da. Mən bunu zarafatla eləyirdim, başqa niyyətim yox idi, öküzlərlə tanış olmaq istəyən qışdan təzə çıxan dananın əlindən başqa nə gələ bilərdi ki? Buğasa bunu özünə sığışdırmadı, dartınmağını saxlayıb var gücü ilə möyüldədi, elə nalə çəkdi, elə bil bağrı yarılırdı. Yad öküzlərin pərvanəsinə çevrilmiş təzək iyi verən naxırçılar tövləyə girib məni Krasnodar cöngəsini dümsükləyən görəndə papaqlarını yerə vurub qışqırdılar: “sarı dananın gözü qızıb”. Xəkəndazın ağzıyla sümükləri təzə bərkimiş kürəyimin düz ortasından necə ilişdirdilərsə bir anın içində başım hərləndi, özümü zorla ayaq üstə saxlayıb kötük dişlərini qıcamış kişinin üzünə baxdım. İnsan olsaydım deyərdim ki “ə, bədbəxt oğlu, bütün günü bunlar bizi minirlər, imkan ver bir dəfə də biz minək də”. Demədim, deyə bilmədim. Yaxşı ki, insan deyildim. Belə insan olmaqdansa, dana olmaq heyf deyilmi? Krasnodar cöngəsi qələbə çalırmış kimi qızarmış gözlərini səyridərək yuxarıdan aşağı mənə sarı baxdı, elə bil nəsə qımışdı da. Heç xoşum gəlmədi, özümü toparlayıb cöngənin qarnına birini də ilişdirdim, bu dəfə zarafat eləmədim, həqiqətən vurdum.