Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı
Чтение книги онлайн.
Читать онлайн книгу Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı страница 12
Almaniyanın XVIII–XIX əsr görkəmli antropoloqu İohan F.Blumenbax ilk dəfə bəşəriyyəti 1) Qafqaz (ağ irq), 2) Monqoloid (sarı irq), 3) Malay (qəhvəyi irq), 4) Neqroid (qara irq), 5) Amerikan (qırmızı irq) olmaqla 5 irqə bölmüşdür. O, Qafqazı bəşər irqinin beşiyi adlandırırdı. Blumenbax “ağ irqə” mənsub etdiyi avropalıları Qafqaz irqinə aid edirdi. O, Qafqaz irqi insanlarını gürcülərin timsalında ən mükəmməl insan tipi hesab edirdi. Blumenbax ural-altay xalqlarını Qafqaz irqinə deyil Monqoloid irqinə aid edirdi.
Amerikanın görkəmli arxeoloq və etnoloqu Daniel Brinton İohan Blumenbaxın Qafqaz irqi adlandırdığı “ağ irqi” “avroafrika” irqi adlandırmışdır. O yazırdı ki, “Mən sarı monqol və qara Afrika irqindən fərqlənən irqi “avroafrika” irqi adlandırıram. Çünki bu irq Şimali-qərbi Afrikanı və batı Avropanı əhatə edirdi. Qərbi Asiyada bu irq ən qədim tarixi zamanlarda olduğu kimi bu gün də üç böyük qol olan hind-german, sami və qafqaz qollarını özündə birləşdirmişdir. Ümumiyyətlə, qafqaz tayfaları hər zaman quzeydə, arilər mərkəzdə, samilər isə güneydə məskunlaşmışlar. Onun fikrinə görə ari irqi iddia edildiyi kimi Mərkəzi Asiyada deyil, Batı Avropada təşəkkül tapmış, ordan hərəkət edərək Hellospont və Bosfor vasitəsilə Kiçik Asiyaya və İrana, sonra isə Hindikuş dağlarında onların bir hissəsi ayrılaraq cənuba, Əfqanistan və Hindistana, digər hissə isə quzeyə Baktriyaya doğru hərəkət etmişdir. (Daniel Brinton. The Protohistoric of Western AsiaSəh. 78)
Albay A.Billerbekin irəli sürdüyü tezisə görə arilər m.ö. XIII yüzillikdə Qafqaz üzərindən keçərək Batı Asiyaya gəlmişlər və e.q. 800-cü ilə qədər Persiyanın hökmran irqinə çevrilmişlər. O zamana qədər Persiyada hakim irq monqollar, yəni türklər olmuşlar. (Daniel Brinton. 1895, Səh. 80)
Turanlıların aid edildiyi irqi tiplərdən biri də Aral irqi nəzəriyyəsidir. Alman assuroloqu Artur Unqnad bəşəriyyətin ən böyük irq ailəsini təşkil edən Aralıq dənizi (Mediterrane) irqinin bir neçə qola ayrıldığını və sumerlərin onun dördüncü qolunu təşkil etdiyini yazır.
Unqnad irəli sürdüyü digər bir nəzəriyyə Aral irqi nəzəriyyəsidir. O Sumer irqini Aral irqi adlandırmağın daha doğru ola biləcəyi fikrini irəli sürür.
Unqnad Xəzər dənizinin Güney doğusunda Damqan yaxınlığında aşkar edilən e.q. IV minilliyə aid Tepe-hisar arxeoloji mədəniyyətinə mənsub uzun başlı-dolixokefal insanlarının Aral dənizi mənşəli olduqları fikrini irəli sürür. Həmin irqin mənsubları sonradan Amudərya və Sırdərya vadilərinə, daha sonra Hindistana və quzey-batıya doğru Babilə qədər yayılmışlar. Bu insanları Xəzər hind-ari irqinə aid edən Kappersin əksinə olaraq Unqnad onları sumer irqinə və ya “aral” irqinə aid etməyin daha doğru olacağını qeyd edir. (Artur Ungnad. Subartu, Səh 6.)
Unqnad qafataslarının arxasında dik çıxıntıya malik insanları Ön Asiyanın ən qədim xalqı adlandırır. Antropologiya elmində qafatasların arxasında dik çıxıntı “Tuberkulum Turkum” yəni türk çıxıntısı adlanmışdır.
İkiçayarasında ilkin mədəniyyətin əsasını qoyan bu insanların məskunlaşdıqları Suriyanın quzeyi, İkiçayarası ərazi və sonradan Assuriya adlanan ərazi ən qədim zamanlarda Subartu adlanırdı. Qafataslarının arxasında dik çıxıntıya malik bu insanlar subar irqini təşkil edərək subar dilinə və özəl bir subar mədəniyyətinə malik idilər. (A.Ungnad, 1936, Səh. 23)
Sumer və subirlərin eyni kökdən olduqları fikrini müdafiə edən Emil Forrer subir dilini İkiçayarasının bir sumer dialekti kimi qəbul edir. (A.Ungnad. 1936, Səh. 230)
Turan nəzəriyyəsinin ən böyük müdafiəçilərindən biri olan böyük fransız assuroloqu Fransua Lenorman yazırdı ki, mən Asiyanın doğusunda yaşayan insanları turanlılar, dillərini isə Turan dili adlandırmışam. Lenorman turanlıların ilkin vətəni haqqında “yüksəliş və təkrar dönüş” adlandıra biləcəyimiz bir nəzəriyyə irəli sürmüşdür. Həmin nəzəriyyəyə görə Altay dağları turanlılar üçün üzərinə qalxaraq yüksəlmək və yeni yerləşim məntəqəsini tapmaq üçün bir çıxış nöqtəsidir. Hər dəfə Altay dağlarında məskunlaşaraq artıb çoxalan, qüdrətli bir axına çevrilən turanlı türklər yenidən öz yurdlarını tərk edərək yer üzərinə yayılırlar və bu hadisə tarixin müxtəlif dövrlərində yenidən təkrarlanır. Lenormana görə Kastrenin irəli sürdüyü Altaylı adı turanlıları məhdud bir məkana bağladığından bu ad daha geniş mahiyyət daşıyan Turan adı ilə əvəz olunmalıdır. (F.Lenormant. 1875, Səh. 381)
Turanlıların və türklərin aid edildikləri irq tiplərindən ən önəmlisi də, Aralıq dənizi irqidir. Aralıq dənizi irqinin sosial və fiziki təsvirini ilk dəfə 1851-ci ildə şotland antropoloqu Vilyam Rhipli vermişdir. Onun fikrincə Aralıq dənizi irqinə mənsub insanların qafatasları dolixokefal, gözləri badam formasında tünd qəhvəyi və ya qara, mülayim genişlikdə və ya uzunsov sifət, ensiz, nazik burun, tez bozlaşan qəhvəyi və ya qara saçlara malikdirlər. Onlar orta boylu bədən quruluşuna, dəriləri zeytun rəngində və tünd çalara malikdir.
Aralıq dənizi irqinin ən böyük tədqiqatçılarından olan Amerikalı antropoloq, Harvard universitetinin professoru Karleton S.Kun bəşər irqlərinin tədqiqinə dair bir çox əsər nəşr etmişdir. Onun irəli sürdüyü konsepsiyaya görə yuxarı paleolit-mezolit dövründə Avropa əhalisi neandertal qarışığına malik Homo sapienslərdən ibarət olmuşdur. Lakin neolit dövründə onlar Şimali Afrikadan və Yaxın Şərq tərəfdən gələn aralıq dənizi tipinə aid insanların güclü axını ilə qarşılaşdılar. Bunun sonucu olaraq təmiz Aralıq dənizi tipi yalnız Avropanın güneyində qorunub saxlanmışdır. Avropanın mərkəzində isə bu qarışım nəticəsində yeni bir insan tipi irqi olan Alp irqi meydana çıxdı. K.Kun türkləri və Sumerləri dolixokefal qafatasına malik tip olaraq Aralıq dənizi irqinə aid edirdi.
Sumerlərin ilk sülalə dövrünə aid arxaik tanrı heykəlləri sıx saqqallı, düz burunlu, saçları düz və ya dalğavari şəkildə təsvir olunmuşdur.
Onun fikrinə görə Avropaya zəngin çəmənlik və bərəkətli çöllər axtarışı ilə gəlib yerləşən insanlar nə sumerlilər, nə də babillilər deyildilər, lakin onlara qohum olan bu xalqların köçləri mədəniyyətəqədərki metal dövründə baş vermiş və Mesopotamiyanın mədəni təsirinə məruz qalmışdılar. Oksus və Yaksart ətrafı əraziləri əhatə edən mərkəzdən bir neçə istiqamətdə köç dalğası baş vermişdir. Arilər gəlmədən öncə İran yaylasının əhalisi uzun başlı dolixokefal idilər. (Coon C.S. 1939, Səh. 91)
Ural yaylasında yaşayan fin-uqor xalqları