Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan. Ələsgər Siyablı
Чтение книги онлайн.
Читать онлайн книгу Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan - Ələsgər Siyablı страница 11
E.ə. IX əsrdə Ön Asiyaya gələn farslar digər xalqların ərazilərini istila edərək özlərinə yeni vətən yaradırdılar. Rus assuroloq Z.Raqozina yazır ki: “Farslar Elama hücum edib onu işğal etdilər. Ora tamamilə darmadağın edildi, əhalisi əsir alındı, şahzadələri öldürüldü ya da qula çevrildilər, şəhərləri və məbədləri talan edilib heyvanların məskəninə çevrildi. Xuzilər “Şər və yaramazlar” ölkəsi olan Farsa nifrət edirdilər və dəfələrlə Əhəmənilərə qarşı üsyan qaldırmışdılar. Ən geniş üsyan e.ə. 519-cu ildə baş verdisə də yenə də amansızlıqla yatirildi. Əhəmənilər Suzu və xuziləri öz hakimiyyətləri altına alsalar da, heç vaxt tam şəkildə özlərinə tabe edə bilmədilər. İlk öncə Zap və Diyala çayları arasındakı vadidə yaşayan farslar 27 tayfadan ibarət olub dağınıq bir şəkildə idilər.
Antik müəlliflərin verdiyi məlumata görə Fars əyalətində məskunlaşan on-on iki iranlı tayfalardan yalnız üçü “pasarqad”, “marafi” və “maspi” tayfaları arilər idi. O tayfalardan dördü qeyri-arilər olub təmiz köçəri tayfalar idilər. Qərbdə dağətəyində yaşayan “amarda” tayfası kassi və elamların qarışığından törənmişdi. Digərlərinin dilləri qruluş etibarı ilə aqlyunativ dilli olub turanlı və ya ural-altay qrupuna mənsub idilər. Onların yaşadıqları ölkə Anşan adlanırdı və Elamın tərkibində idi. (З.Рaгозина, 1903, Səh. 312–313)
Parsua qəbilələrindən birinin adı Marafi idi ki, bu ad iran və sami dillərində “Mar” və “Əfi” olmaqla hər ikisinin də mənaca “ilan” demək olan sözlərdən ibarətdir. Ermənilər də Midyalılara mar deyirdilər. Marafilər iran mənşəli ola bilməzlər, çünki onlarda tarixən ilan və əjdahaya etiqad mövcud olmamış, əksinə bu müqəddəs heyvanları onlar əzəli düşmən hesab etdikləri turanlı türklərlə eyniləşdirmiş, onlara xas simvollar hesab etmişlər.
İranlılar şərqə doğru hərəkət etdikləri zaman ilk öncə Xəzər dənizinin güneyində Hirkaniya adlanan qədim Turan ərazisində məskunlaşmışlar, daha doğrusu burda onların qarşısını turanlı öntürklər kəsmiş və iki əzəli düşmən arasında ilk qarşıdurma da məhz burda baş vermişdir. Bu qarşıdurma Avestada, Şahnamədə, Təbəri və Məsudinin də əsərlərində öz əksini tapmışdır.
Təbərinin yazıldığına görə Əfrasiyabla Meniçöhr arasında savaş Təbəristanda-Hirkaniyada baş vermişdir. Meniçöhr Əfrasiyabın təqibindən xilas olmaq üçün Aməl qalasına sığınır. Əfrasiyab on il Aməl şəhərini mühasirədə saxlayır. Lakin meydana çıxan çətinliklər və əsgərlərin xəstəliklərə düçar olması üzündən Mənuçehrə barış təklif edir. Hər iki hökmdar razılığa gəlirlər ki, ox atmaqla iki ölkə arasında yeni sərhəd müəyyən olunsun. Bu məqsədlə Erş adlı təbəristanlı mahir bir ox atan Dəmavənd dağına çıxaraq Türkistan tərəfə bir ox atır və oxun düşdüyü Ceyhun çayı İran və Turan arasında sərhəd olaraq müəyyən edilir. Əfrasiyab işin belə sonuclanmasından məyus olur, çünki püşk nəticəsində fəth etdiyi böyük bir ərazi Mənuçehrə qalmışdı. Lakin and içib barışı imzaladığı üçün çarəsiz qalıb razılaşmaya riayət edir. (Taberi, C. I, 2007, Səh. 327–328)
Təbərinin əsərindəki bu qarşıdurma iranlı arilərin şərqə doğru irəlilədikləri zaman Turan ərazisi olan Hirkaniyada turanlıların müqaviməti ilə qarşılaşma hadisəsini əks etdirir. Turanlılar iranlıların şərqə doğru hücumlarının qarşısını uzun müddət almağa müvəffəq olmuşdular. Hirkaniya adının mənası qurdların ölkəsi deməkdir, qurd isə türklərin ən qədim zamanlardan totemi kimi qəbul olunmaqdadır.
Hindistan Vedalarını araşdıran alman bilim adamı Herman Brunhofer Hirkaniyanın hindlilərin Turvaşa adlandırdığı türklərin vətəni olduğunu və Hirkaniya-Vhirkana sözünün mənasının “qurdlar ölkəsi” olduğunu yazır. O Şahnamədə bəhs olunan Mazəndəran kralı Auladın əslində Hirkaniya kralı Aulana olduğunu və Aulan adının qurdun epiteti olan “ula” adı ilə əlaqələndirir və “ula” sözünün mənasının qurd demək olduğunu yazır. (Brunnhofer Hermann. 1893, Səh. 32)
Mərkəzi Asiyada qədim dövrlərdə baş verən tarixi hadisələri əks etdirən önəmli qaynaq olan e.q. 1500-1200-ci illərə aid Riqvedada bölgəyə işğalçı kimi gələn hind-arilərlə türklərin mübarizəsi öz əksini tapmışdır. Riqveda aydın şəkildə Hirkaniyanın Turvaşa-türklərin vətəni olduğunu yazmışdır. Türklərlə iranlı arilər arasında uzun illər ərzində davam edən ilk qarşıdurma da məhz Xəzərin güneyində Hirkaniyada baş vermişdir.
Avesta mətnlərində də İran və Turan arasında qarşıdurma öz əksini tapmışdır. Orda yazılmışdır ki, iki düşmən xalq arasında sərhəd problemləri mövcud olmuşdur. Mətndə deyilir ki, Ahuramazda baş verən sərhəd anlaşılmazlığını İran naminə yoluna qoymaq üçün nəhəng bir öküz yaratdı və İranla Turan arasında sərhəd o öküzün dırnaqları ilə qazdığı yerlə müəyyən olundu. Həmin yer Ceyhun-Amudərya çayı olmuşdur. (A Manual on the Turanians and Pan-Turanianism. 1920. Səh. 13)
Avestada bəhs olunan öküzlə əlaqədar bu əfsanənin kökü Sumerə bağlıdır. Sumer əfsanələrində Dəclə və Fərat çaylarının yaradıcısı tanrı Enkidir.
İranlılar ərazilərinə işğalçı kimi gəldikləri turlara, yəni türklərə qarşı mübarizələrinə haqq qazandırmaq üçün öz əfsanələrinə ulu əcdadları İrəcin guya türklərin ulu əcdadı Tur və Səlm tərəfindən xaincəsinə öldürüldüyü haqqında uydurma bir hadisə daxil etdilər. Turan dövləti mövcud olduğu uzun dövr ərzində iranlıların davamlı axınlarına və ərazilərinə etdikləri təcavüzlərə qarşı daima savaş vəziyyətində olmuşlar. Bitib tükənməyən bu savaşlar gedişində gah bir tərəf, gah da digər tərəf üstünlük qazansalar da, fars dilli ədəbiyyat və mənbələrdə bu mübarizədə türkləri sonda həmişə məğlub kimi qələmə vermişlər. Tarixi gerçəklik də bundan ibarətdir ki, turanlı türklər mübarizə gedişində öz ərazilərinin bir qismini iranlılara güzəştə getməyə məcbur olmuşlar.
İngilis assuroloq Turanizm nəzəriyyəsinin banisi H.Rauilson yazır ki, Klassik müəlliflərin Sak adlandırdıqları və Mərkəzi Asiyanın şimalına yayılmış Turan tayfaları arilər bu regiona gəlmədən çox öncələri Oksus çayının məhsuldar vadilərində yaşayırdılar. Yustin də Baktriya dövlətini sakların yaratmış olduğunu yazır. Strabon köçərilərin həmin məhsuldar çölləri zəbt etdikdən sonra orda Sakistan adlı dövlət yaratdıqlarını qeyd edir. (H.Rawlinson, 1912, Səh. 8, 13)
Ümumiyyətlə, Əhəmənilər dövründən başlayaraq farslara aid edilən İran tarixi turanlı xalqların tarixinin başdan-başa saxtalaşdırılaraq iranlılaşdırılmış tarixindən ibarətdir. Əhəmənilərəqədərki Pişdadiyan və Kəyanilər sülalələri ilə əlaqədar hadisə və şəxsiyyətlər isə tarixi gerçəkliklə heç bir əlaqəsi olmayan uydurulmuş əfsanələrdir.
Pişdadyan