Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan. Ələsgər Siyablı
Чтение книги онлайн.
Читать онлайн книгу Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan - Ələsgər Siyablı страница 7
Anau, Kelteminar, Botay, Namazqa, Ceytun kimi qədim arxeoloji mədəniyyətlərin mövcudluğu sübut edir ki, sumer, elam və digər etnoslara aid insan qruplarının Ön Asiyadan Mərkəzi Asiyaya təkrar miqrasiyalarından öncə Turan regionunda inkişaf etmiş yüksək mədəniyyət mərkəzləri möbcud olmuşdur. Ön Asiya ərazisindən baş verən təkrar köçlər iqlim və digər səbəblər üzündən tənəzzülə uğramış bu mədəniyyətlərin yenidən inkişafına təkan vermişdir.
Mesopotamiya və Elamda bir çox arxeoloji abidələri tədqiq etmiş Almaniyanın görkəmli arxeoloq və tarixçisi E.Herzfeld Oksus uyqarlığı, Amudərya və Sırdərya ovalığında mövcud olmuş arxeoloji mədəniyyətlərin öz yaşına və əhəmiyyətinə görə Şərqdə İnd, qərbdə Fərat və Dəclə vadilərindəki ən qədim uyqarlıqlarla rəqabət apara biləcək önəmə malik olduğunu yazır. (Ernst Herzfeld, 1941, Səh. 96)
Avropanın böyük assuroloq tarixçisi və arxeoloqlarından biri olan Henri Frankfurt Türkistanın Türkmənistan, Özbəkistan, Tacikistan və Əfqanistan daxil olmaqla Xəzər dənizi və Pamir dağları arası geniş ərazilərini əhatə edən bürünc dövrünə aid Okus uyqarlığı adlandırdığı arxeoloji mədəniyyətin tədqiqinə bir neçə əsər həsr etmişdir. E.q. 2300-1500-ci illəri əhatə edən bu mədəniyyət dövründə Okus (Amudərya) çayı hövzəsinin cənubunda dağ ətəyi əraziləri və vadilərdə məskunlaşan sakinlər heyvandarlıq və əkinçiliklə məşğul olaraq suni suvarma şəbəkəsi yaratmışdılar.
H.Frankfurt arxeoloji dəlillərə əsaslanaraq rus tarixçi arxeoloqlarının hind-ari mənşəli hesab etdikləri Andronovo çöl mədəniyyəti mənsublarının Okus mədəniyyətinin də yaradıcıları olduqları tezislərini yanlış hesab edir. O, Okus mədəniyyətinin mənşəi haqqında çöl hipotezinin linqvistik və digər dəlillərə əsasən ural-altay qrupuna bağlamağın daha inandırıcı və doğru olduğu fikrini irəli sürür. (H. Frankfurt, 2005)
Orta Asiyada aşkar edilən ən qədim arxeoloji mədəniyyətlərdən biri də Qazaxıstan çöllərinin mərkəzində “Üç çayarası” adlanan Tobol, İrtış və İşim çaylarının bir-biri ilə ən yaxın məsafə təşkil edən vadilərində 1980-ci ildə aşkar edilmiş, e.q. 3500-ci ilə aid Botay arxeoloji mədəniyyətidir. Botayda atın əhliləşdirilməsi, bəslənməsi və təsərrüfat məqsədilə istifadə edilməsinin ən qədim mərkəzlərindən biri olduğu müəyyən edilmişdir. Arxeoloji araşdırma nəticəsində Botayda və onun ətrafındakı digər arxeoloji mədəniyyətlərdə 5500 il öncə insanlar tərəfindən at südündən qida kimi istifadə olunduğu sübut olunmuşdur.
Fikrimizə görə Avropa bilim adamlarının Okus uyqarlığı adlandırdıqları və Orta Asiyanı əhatə edən arxeoloji mədəniyyətin Turan uyqarlığı adlandırılması daha doğru olar.
E.q. 3-cü minillikdən isə atın ilk olaraq əhliləşdirildiyi Qazaxıstanın Botay mədəniyyəti insanlarının güneyə köçləri və Okus mədəniyyəti insanları ilə qarışması tendensiyası müəyyən olunmuşdur. Genetik araşdırmalara görə R1b haploqrupunun daşıyıcıları olan öntürklər 5700–5100 il öncə Qazaxıstanda Botay arxeoloji mədəniyyətinin əsasını qoymuşlar. Son arxeoloji məlumatlara görə at 5500 il öncə ilk olaraq Qazaxıstanda əhliləşdirilmişdir. (Клесов А., Основная загадка, Səh. 40–41)
Rus genetiklərinin də iştirak etdiyi Beynəlxalq genetika mütəxəssislər qrupunun apardığı tədqiqatlar Qazaxıstanın e.q. 3700-3100-ci illərə aid edilən Botay mədəniyyəti mənsubları ilə hind-avropalı mənşəyə malik hesab edilən Yamnaya mədəniyyəti mənsubları arasında hər hansı bir genetik qohumluq əlaqəsi müəyyən edə bilməmişdir. Qazaxıstanda və Qırğızıstanda aşkar edilmiş insan qalıqlarının DNA testi onların Yamnaya deyil, Botay mədəniyyətinin yaradıcıları insanlara mənsub olduqlarını sübut etmişdir. Atın məhz Yamnaya mədəniyyəti insanları tərəfindən əhliləşdirilməsi iddiaları onlardan yüz illərlə öncə Botay arxeoloji mədəniyyətində əhliləşdirilmiş at qalıqlarının aşkar edilməsi ilə təkzib olunmuşdur. Beləliklə, əhliləşdirilmiş atın hind-avropa mənşəli Yamnaya mədəniyyəti mənsubları tərəfindən bütün dünyaya və o cümlədən Avrasiyaya yayıldığı haqqındakı iddialar əsassız iddiadır. (Peter de B. Damgaard, Jour, Science 29 juni 2018, vol. 360)
Genetik və arxeoloji tədqiqatlar sübut edir ki, Okus uyqarlığının əkinçi əhalisi IV–III minilliyin mis dövründə Güney Asiya və İran yaylasında əkinçi əhali təbəqəsinin yaranmasında əsas rol oynamış və Turan bu bölgəyə əhali miqrasiyasının əsas mənbəyini təşkil etmişdir. Bürünc dövründə Anadoludan şərq istiqamətində hərəkət edib Orta Asiyaya gələn əkinçi əhali qrupu burdakı Okus uyqarlığı insanları ilə qaynayıb qarışaraq mədəniyyətin yeni bir inkişafına təkan vermişdir. (V. Narasimhan, Jour, Science, Vol. 365, 2019)
Türkistanda Anau mədəniyyətinin davamı kimi dəyərləndirilən, Özbəkistanın Qaraqalpaq bölgəsində Aral dənizi ətrafında 1939-ci ildə məhşur rus-sovet arxeoloqu və tarixçisi S.P.Tolstov tərəfindən aşkar edilmiş, e.q. VI–III minilliklərə aid Neolit dövrünün Kelteminar mədəniyyətidir. Kelteminar mədəniyyətini sovet dövründə inadcıllıqla türklərə deyil, fin-uqorlara aid etməyə cəhd göstərirdilər. Lakin müasir dövrdəki linqvistik və genetik araşdırmalar fin-uqorların tarix səhnəsinə çox gec dövrlərdə qədəm qoyduqlarını və onların bu mədəniyyətlə hər hansı bir əlaqələrini olmadığı təkzib edilməz elmi dəlillərlə sübut olunmuşdur. Keltenminardakı oturaq əhali balıqçılıqla və ovçuluqla məşğul olurdular. Kelteminarın sakinləri 100–130 nəfər insanın yerləşə bildiyi böyük icma evlərində yaşayırdılar. VI minilliyə aid Kelteminar mədəniyyətinin aşkar edilməsi Orta Asiyanın hind-iranlıların ilkin vətəni olması haqqındakı əsassız iddiaları puça çıxarmış oldu. (С.П. Толстов, 1962)
İngiltərədə nəşr olunan “Turanlıların və Pan-Turanizmin soraq kitabı” əsərində Turan coğrafiyasının sərhədləri müəyyən edilərək yazılmışdır ki, qədim Turan Mərkəzi Asiyanı, yəni İranın şimalından Əfqanistana qədər, ordan Aral dənizinə və şərqdə Çin Türkistanının da daxil olduğu ərazini əhatə edirdi. Ural-altay dil ailəsinə mənsub etnik birliklər içərisində yalnız türklər qədim Turanda yaşamaqda davam edərək qədim turanlıların bölgədə yeganə varisləri kimi mövcuddurlar. Həmin kitabda yazıldığına görə turanlılar Aralıq dənizinin şərqindən Yapon dənizinə və Şimal Buzlu okenın sahillərinə qədər olan Asiyadakı geniş ərazidə məskunlaşmışlar. Turanlıların iki əsas qolu Avropaya köç etdi, onların bir qolu şimala və qərbə doğru Baltik dənizi və Atlantik okean tərəflərində, cənubda isə Budapeştə tərəf hərəkər edərək bu ərazilərdə yerləşdilər, digər qolu isə cənub-şərqə doğru gedərək Balkanların böyük hissəsində məskunlaşdılar. (A Manual oft he Turanians and Pan-Turanianism, 1920, Səh. 13,14)
Tarım hövzəsi və Asiyanın yüksək