Sirli ada. Жюль Верн
Чтение книги онлайн.
Читать онлайн книгу Sirli ada - Жюль Верн страница
Birinci fəsil
– Qalxırıq?
– Yox, enirik.
– Mister Smit, biz yıxılırıq.
– Ağır şeylərin hamısını atın!
Bu sözlər 1865-ci il 23 mart tarixində, saat dördə yaxın Sakit okean üzərində deyilirdi. Qasırğaya qapılmış bir hava şarı buludların arası ilə sürətlə irəliləyirdi. Hava şarında beş sərnişin vardı. Şar öz oxu ətrafında fırlana-fırlana uçurdu. Göy üzünü tutmuş sıx buludlar hava şarını qaranlığa qərq etmişdi.
Şardakılar aşağıda yalnız dənizin olduğunu bildikləri üçün şarı yüngülləşdirmək məqsədi ilə ən zəruri əşyaları belə atmağa başladılar. Gecəni həyəcanla başa vurdular. Şardakı qaz azlıq etdiyindən onu havada saxlamaq mümkün deyildi. Ətrafda nə bir torpaq, nə də gəmi görünürdü. Səyyahlar son saniyəyə qədər mübarizə aparmağa hazır idilər. Onlar şarın səbətinin iplərini kəsdilər. Səbət suya düşən kimi şar birdən-birə yuxarı qalxdı. Səyyahlar şarın torundan yapışdılar. Lakin bir neçə dəqiqə sonra şar yenidən enməyə başladı. Hava səyyahları mümkün olan hər şeyi etmişdilər. İndi onları fəlakətdən yalnız təsadüf xilas edə bilərdi.
Birdən mühəndis Smitin onunla yanaşı tordan asılmış Top adlı iti hürməyə başladı.
– Top bir şey görüb, – deyə Smit izah etdi və Topun hürdüyü istiqamətə baxıb qışqırdı: – Torpaq! Torpaq!
Üfüqdə, doğrudan da, quru parçası görünürdü. Amma oraya qədər ən azı birsaatlıq yol vardı. Artıq şarın havada daha qala bilməyəcəyi məlum oldu. O, okeanın səthi ilə alçaqdan uçmaqda idi. Dalğalar bir neçə dəfə torun sallanmış iplərini yalamışdı, islanmış iplər şarı daha da ağırlaşdırırdı.
Sahilə lap az qalmış dörd nəfər həyəcanla qışqırdı. Şar yüksək dalğanın zərbəsindən ani bir şəkildə sıçradı. O, zərbənin təsirindən sürətlə havaya qalxdı və uçmağa başladı. İki dəqiqə sonra şar quruya endi.
Səyyahlar torun iplərindən azad olmaq üçün bir-birinə kömək etdilər. Adamların ağırlığından qurtulmuş şar havaya qalxaraq buludların arasında gözdən itdi. Quruya beş sərnişindən yalnız dördü çıxmışdı.
Yox olmuş sərnişini şara çırpılmış dalğa qaparaq aparmışdı. Qalan sərnişinləryerə düşər-düşməz bir nəfərin itdiyini görüb qışqırdılar:
– Bəlkə, üzə-üzə sahilə çıxıb?! Onu xilas edək!
İkinci fəsil
Bu adamlar təyyarəçi və ya hava səyyahı deyil, sadəcə, əsarətdən qaçmaq istəyən hərbi əsirlər idi. Onların qaçması qəribə bir şəraitdə baş vermişdi.
Amerikada Şimalla Cənub quldar ştatları arasında vətəndaş müharibəsi1 davam edirdi. Döyüşlər zamanı Vircinya ştatının paytaxtı Riçmond şəhəri separistlərin2 əlinə keçdi. Şimal ordusunun generalı Qrantın Riçmondu almaq üçün uğursuz təşəbbüsləri zamanı ordunun bir neçə zabiti separatistlərə əsir düşmüşdü. Mühəndis Sayres Smit də onların arasında idi.
Sayres Smit sadəcə mühəndis deyil, həm də məşhur alim idi. Arıq, saçları azacıq ağarmış və bığları qısa qırxılmış Sayres Smit bilikli olmaqla yanaşı, işgüzar, diribaş bir adam idi. Yaşı qırxayaxın olardı.
Sayres Smitlə eyni vaxtda cənublulara başqa bir qəribə adam –“Nyu-York Herald” qəzetinin məşhur jurnalisti Gedeon Spilet də əsir düşmüşdü. O, hərb meydanındakı hadisələr haqqında qəzetə xəbər vermək üçün Şimal ordusuna göndərilmişdi.
Ucaboy, yaşı qırxdan çox olmayan Spilet cəsur əsgər, eyni zamanda rəssam və yağış kimi yağan güllələrin altında oçerk yazan qorxmaz bir jurnalist idi.
Bir-birini yalnız qiyabi tanıyan Sayres Smit və Gedeon Spilet Riçmonda eyni vaxtda gətirilmişdilər. İkisi də əsirlikdən qaçıb general Qrantın ordusuna qoşulmaq, ştatların birliyi uğrunda yenidən vuruşmaq istəyirdi. Hər iki amerikalıya şəhərdə sərbəst gəzmək imkanı verilsə də, şəhər elə yaxşı qorunurdu ki, buradan qaçmaq mümkün deyildi.
Sayres Smitin zənci nökəri cəbhənin içindən keçərək ağasının yanına gəlmişdi. Bu adam ağasına ölənə qədər sadiq qalan nökərlərdən idi. Otuz yaşı vardı. Bəstəboy olsa da, qüvvətli və qıvraq idi. Sakit, sadəlövh, xoşrəftar bir adam olan bu nökərin adı Navuhodonosor olsa da, onu Nab deyə çağırırdılar.
Hərbi əsirlər mühasirə edənlərin sırasına qayıtmaq üçün Riçmonddan qaçmaq niyyətində ikən şəhərdə bəzi adamlar döyüşən separatist dəstələrə qoşulmaq üçün eyni səbirsizliklə şəhəri tərk etmək istəyirdilər. Onların arasında qatı cənublular tərəfdarı Conatan Forster adlı bir şəxs də vardı.
Riçmondu üzük qaşı kimi mühasirəyə almış şimallıların ordusu şəhərlə cənubluların baş qüvvələri arasındakı əlaqəni çoxdan kəsmişdi. Riçmond qubernatoru şəhərin vəziyyətini cənubluların ordu komandanı Liyə xəbər verib ondan kömək istəməli idi. Conatan Forsterin ağlına hava şarı ilə uçub üsyançıların yanına getmək fikri gəlmişdi. Onun bu fikri bəyənilmiş, Forsterdən başqa daha beş nəfərin də yerləşəcəyi bir şar hazırlanmış, silah və ərzaqla təchiz edilmişdi.
Uçuş 18 mart tarixinə nəzərdə tutulmuşdu. Lakin o gün bərk qasırğa oldu. Uçuşu təxirə salmaq lazım gəldi. Növbəti iki gün ərzində qasırğa daha da şiddətləndi. Uçmaq yenə mümkün olmadı.
O gün tanımadığı bir adam Sayres Smiti küçədə saxladı. Bu, Penkrof adlı orta yaşlı bir dənizçi idi. O, gəmi kapitanının oğlu, on beş yaşlı Herbert Braunla iş üçün Riçmonda gəlmişdi. Penkrof Herberti doğma oğlu kimi sevirdi. Mühasirəyə qədər şəhərdən çıxmağa macal tapmadığı üçün o da şəhərdə qalmışdı və fikri-zikri qaçmaq idi. Penkrof Smit haqqında eşitmişdi və bu adamın şəhərdən qaçmaq istədiyini bilirdi. Ona görə də küçədə Smitlə qarşılaşdıqda Penkrof onu saxlayıb sözü uzatmadan soruşdu:
– Mister Smit, buradan qaçmaq istərdiniz? Bu hava şarı sanki bizi gözləyir, elə deyil? – deyə soruşdu.
Mühəndis hər şeyi başa düşdü. O, Penkrofun qolundan yapışıb qaldığı mənzilə apardı. Dənizçi planını ona danışdı. Qasırğa güclü olsa da, Sayres Smit şarın öhdəsindən gələ bilərdi.
Sayres Smit danışığın sonunda dedi:
– Məndən başqa dostum Spilet və nökərim Nab da var.
– Mən və Herbertlə beş nəfər oluruq. Şar altı nəfərlikdir… – deyə dənizçi cavab verdi.
Onlar birlikdə qaçmağa razılaşdılar.
Axşam qaranlıqdan göz-gözü görmürdü. Sıx duman hər tərəfi bürümüşdü. Qar yağırdı. Riçmondun küçələri boşalmışdı. Qaçmaq üçün əsl fürsət idi. Saat onun yarısında beş nəfər əsir şarın yanında görüşdülər. Hərəkət etmək üçün bircə Sayres Smitin işarəsi qalmışdı. Bu vaxt şara bir it mindi. Bu, ipini qırıb yiyəsinin dalınca gələn Top idi. Sayres Smit itin şara ağırlıq edəcəyindən qorxaraq onu qovmaq istəsə də, Penkrof buna imkan vermədi. O, şarı yerdə saxlayan kəndiri kəsdi və şar havaya qalxdı.
…Səyyahlar dəniz üzərində buludların arası ilə uçurdular. Riçmondu
1
2