Hekayələr. Оскар Уайльд
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Оскар Уайльд страница 3
Qaranquş dedi:
– Mən səninlə bir gecə də qalaram, lakin gözünü çıxara bilmərəm. Bunu etsəm, tamam kor olarsan.
Şahzadə dedi:
– Qaranquş, balaca Qaranquş, mənim dediyim kimi elə.
Beləliklə, o, Şahzadənin o biri gözünü də çıxartdı və aşağı şığıdı. Qaranquş qızın yanından uçdu və sapfiri onun ovcuna saldı. Qız:
– Necə də gözəl şüşə parçasıdır, – deyə qışqırdı və gülə-gülə evə qaçdı.
Sonra Qaranquş Şahzadənin yanına qayıtdı və:
– Sən indi korsan, – dedi, – demək, mən həmişəlik səninlə qalacağam.
Yazıq Şahzadə etiraz etdi:
– Yox, balaca Qaranquş, sən Misirə getməlisən.
Qaranquş:
– Mən səninlə həmişəlik qalacağam, – dedi və Şahzadənin ayaqlarında yuxuya getdi.
Səhəri Qaranquş bütün günü Şahzadənin çiynində oturub özgə ölkələrdə gördüyündən ona danışdı. O, Nil sahilində qatarlaşıb dimdikləri ilə qızılbalıq tutan qaraleyləklərdən, dünyanın özü qədər qoca, hər şeyi bilən və səhrada yaşayan Sfinksdən, qatran ağacıtək qara, iri büllur parçasına sitayiş edən Aylı dağlar kralından, palma ağacında yatan və iyirmi kahinin şirin qoğal yedizdirdiyi nəhəng yaşıl ilandan, böyük göldə yastı, enli yarpaqların üstündə üzən və həmişə kəpənəklərlə döyüşən cırtdan adamlardan danışdı.
Ona diqqətlə qulaq asan Şahzadə dilləndi:
– Əziz balaca Qaranquş, sən mənə qəribə şeylər haqqında maraqlı söhbətlər etdin, amma dünyada ən qəribə şey insanların çəkdiyi iztirablardır. Bədbəxtliyin o qədər sirri var ki! Əziz quşcuğaz, şəhərimi gəz-dolaş və gördüklərini mənə danış.
Qaranquş şəhərin üzərindən uçarkən varlıları gözəl evlərdə kef çəkən, dilənçiləri isə qapı ağzında oturub sədəqə diləyən gördü. Qaranlıq dalanlara uçdu, bənizi qaçmış, sifəti solmuş uşaqları qaranlıq küçələrə biganəliklə baxan gördü. Körpünün tağı altında iki balaca oğlan bir-birinin qoynuna girib qızınmağa çalışırdı. Onların səsi gəldi:
– Yaman acmışıq.
Gözətçi qışqırdı:
– Burada uzanmaq olmaz!
Uşaqlar yenidən yağışın altına çıxdılar. Qaranquş geri qayıtdı və gördüklərini Şahzadəyə danışdı. Şahzadə dedi:
– Mənim üstüm əla qızılla örtülmüşdür. Sən onları bir-bir, yarpaqbayarpaq götürməli və yoxsullara paylamalısan. İnsanlar belə düşünürlər ki, qızıl xoşbəxtlik gətirir.
Qaranquş qızılı yarpaqbayarpaq, Xoşbəxt Şahzadə tamamilə çirkin və boz görünənədək çıxartdı və yoxsullara payladı. Uşaqların yanaqları qızardı. Onlar gülməyə, küçədə oynamağa başladılar. Uşaqlar qışqırırdılar:
– İndi bizim çörəyimiz var.
Qar yağmağa başladı. Şaxta düşdü. Küçələr çox işıqlı və şəffaf olduğundan gümüşdən düzəldilmiş kimi görünürdü. Evlərin damından sallanan sırsıralar isə almaz xəncərlərə bənzəyirdi. Hamı isti paltar geymişdi. Qırmızı papaq qoymuş balaca oğlanlar buz üstündə sürüşürdülər.
Yazıq balaca Qaranquş üşüməyə başladı, lakin Xoşbəxt Şahzadəni istədiyindən onu atıb getmədi. Çörəkçi görməyəndə o, dükanın qabağından çörək qırıntıları tapıb yeyir, qızışmaq üçünsə qanadlarını bir-birinə çırpırdı. Nəhayət, o başa düşdü ki, ölür. Onun Şahzadənin çiyninə uçub qonmağa bir dəfə də qüvvəsi çatdı. Pıçıldadı:
– Əlvida, əziz Şahzadə! İcazə verərsənmi, əlini öpüm?
Şahzadə dedi:
– Sənin, nəhayət, Misirə getməyinə çox şadam, balaca Qaranquş. Burada çox ləngidin. Mən səni sevirəm, ona görə də sən mənim dodaqlarımdan öpməlisən.
Qaranquş dedi:
– Mən Misirə getmirəm. Mən ölümün evinə gedirəm. Məgər Ölüm Yuxunun qardaşı deyil?
Qaranquş Xoşbəxt Şahzadəni dodaqlarından öpdü və yuvarlanıb onun ayaqları altına düşdü.
Elə o dəqiqə heykəlin içindən qəribə şaqqıltı gəldi. Şahzadənin qurğuşun ürəyi bu dərdə dözməyib partlamışdı. Əlbəttə, dəhşətli şaxta idi.
Səhər tezdən şəhərin meri bir dəstə şəhər müşaviri ilə aşağıdakı meydandan keçirdi. Sütunun yanından ötəndə yuxarı, heykələ baxdı və heyrətləndi:
– Aman Allah! Xoşbəxt Şahzadə gör nə günə düşüb?!
Merlə həmişə razılaşan şəhər müşavirləri:
– Gör nə günə düşüb? – deyə qışqırdılar və yuxarı, heykələ baxmağa getdilər.
Mer heykəli nəzərdən keçirdi:
– Yaqut qılıncından düşüb, gözləri yoxdur. Üstündəki qızıl yarpaqlar da tökülüb. Doğrusu, indi o, dilənçidən heç fərqlənmir.
Şəhər müşavirləri də təkrar etdilər:
– Bəli, dilənçidən heç fərqlənmir.
Mer sözünə davam etdi:
– Onun ayaqları altında ölü quş da var. Biz quşların burada ölməsinə icazə verilməməsi haqqında mütləq qərar çıxarmalıyıq.
Şəhər müşavirləri təklifi o saat qeydə aldılar. Sonra isə heykəli uçurdular.
İncəsənət professoru isə universitetdə dedi:
– Qısa müddət qəşəng olduğu kimi, qısa müddət də gərəkli oldu.
Sonra onlar heykəli sobada əritdilər. Mer əridilmiş metaldan nə düzəltməyə qərar vermək üçün cəmiyyətin iclasını çağırdı və sözə başladı:
– Biz bu metaldan başqa heykəl düzəltməliyik.