Hekayələr. Оскар Уайльд
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Оскар Уайльд страница 5
Tələbə otların arasından bülbülə baxdı, onu dinlədi, lakin nə dediyini başa düşmədi, çünki o, kitablarda yazılanlardan başqa heç nə anlamırdı.
Palıd ağacı isə hər şeyi başa düşdü və budaqlarında yuva salmış bülbülü çox sevdiyi üçün kədərləndi. Onun pıçıltısı eşidildi:
– Mənim üçün axırıncı dəfə oxu. Sən gedəndən sonra özümü yalqız hiss edəcəyəm.
Bülbül palıdın sözünü yerə salmadı. Son dəfə oxudu. Onun səsi dərədən axıb gedən suyun şırıltısından da gözəl və təsirli idi.
Bülbül nəğməsini qurtaran kimi tələbə ayağa qalxdı və dəftər-qələmini cibindən çıxartdı. Meşənin içi ilə evinə gedə-gedə öz-özünə danışmağa başladı:
– Doğrudur, onun gözəl səsi var, bunu inkar etmək olmaz. Lakin görəsən, onun hissiyyatı varmı? Qorxuram olmasın. Yəqin, o da artistlərin çoxu kimidir. Onun nəğmələrində səmimiyyət yoxdur. O öz həyatını başqasının yolunda qurban verməz. Onu ancaq musiqi maraqlandırır və hamı bilir ki, aktyorlar lovğa olur. Onun səsində məlahət var, əfsus ki, bunlar xeyirsiz və mənasız işlərdir.
Tələbə öz otağına gəldi, köhnə yatağına yıxılıb sevdiyi qız haqqında düşünməyə başladı. Bir azdan onu yuxu apardı.
Ay səmanın ənginliklərində parlayanda bülbül qızılgül kolunun yanına uçdu və sinəsini tikana söykəyib oxumağa başladı. Bütün gecəni beləcə oxudu və buz kimi soyuq Ay aşağı əyilib onun nəğməsini dinlədi.
Bülbül nəğməsini oxuduqca tikan sinəsinin dərinliklərinə yeriyir, onun qanı sızır, azalırdı. Əvvəlcə bülbül oğlan və qızın qəlbində məhəbbətin yaranmasından oxudu və bir azdan qızılgül kolunun ən hündürdə olan budağında qeyri-adi bir qızılgül açılmağa başladı. Qızılgülün ləçəkləri mahnıdan mahnıya pardaqlanırdı. Qızılgül çay üzərindəki dumanlar kimi rəngsiz, səhərin qanadları təki gümüşü idi. Bəli, kolun ən uca budağında belə bir qızılgül açılırdı. Lakin bu, kola azlıq edirdi. O, bülbülün üstünə qışqırdı:
– Sinəni tikana daha bərk sıx, balaca bülbül, yoxsa səhər qızılgüldən tez açılar.
Bülbül sinəsini tikana daha bərk sıxdı, onuk cəh-cəhi zilə qalxdı və əks-səda verib cingildədi. Bu dəfə o, kişi və qadının qəlbində istəyin yaranmasından oxudu. Qızılgülün ləçəkləri, oğlan öz nişanlısının dodağından ilk dəfə öpərkən qızardığı təki qızarmağa başladı. Lakin tikan hələ bülbülün ürəyinə çatmamışdı, gülün ürəyi ağ qalmışdı. Onun ürəyini al-qırmızı rəngə ancaq bülbül ürəyinin qanı boyaya bilərdi. Kol bir də qışqırdı:
– Sinəni tikana daha bərk sıx, balaca bülbül, yoxsa səhər qızılgüldən tez açılar.
Bülbül köksünü tikana daha bərk sıxdı, tikan ürəyinə yeridi və müdhiş, dəhşətli bir ağrı onu sarsıtdı. Ağrı anbaan şiddətlənir, bülbülün nəğməsi isə daha şaqraq səslənirdi. O, ölümlə bitən, lakin məzarda da sönməyən məhəbbət haqqında oxuyurdu.
Qəribə qızılgül şərq səmasının qızartılarıtək al-qırmızı rəngə boyandı. Bülbülün səsi isə zəifləyirdi. Onun kiçik qanadları titrəməyə başlayır, gözləri dumanlanırdı. Nəğməsi çox zəif eşidilirdi və ona elə gəlirdi ki, nəsə boğazını sıxır. O, sonuncu dəfə cəh-cəh vurdu. Ay bunu eşitcək batmağı unutdu və səmada ləngidi. Bülbülün səsini qızılgül də eşitdi, var qüvvəsi ilə çırpınıb ayazlı səhər çağı öz ləçəklərini açdı. Əks-səda bu xəbəri dağlardakı mağaralara çatdırdı və yatmış çobanları yuxudan oyatdı. Əks-səda çaydakı qamışların arasından ötüb-keçdi və bu xəbəri dənizə çatdırdı.
– Bax! Bax! – deyə qızılgül kolu qışqırdı, – artıq qızılgül hazırdır.
Lakin bulbül cavab vermirdi, o, ürəyində tikan, yaşıl otlar arasında əbədi susmuşdu.
Tələbə pəncərəni açdı, bayıra baxdı və gözlərinə inanmadı. Ona xoşbəxtlik üz vermişdi. Pəncərənin altındakı kolda qırmızı qızılgül açılmışdı. Çox qəribə, qeyri-adi bir qızılgül: o, ömründə belə gül görməmişdi.
Tələbə əyildi. Gülü dərdi. Şlyapasını başına qoydu və əlində qızılgül, professorun evinə qaçdı.
Professorun qızı qapının ağzında oturub mavi ipək parçanı iri tağalağa dolayırdı. Balaca iti ayaqları altında uzanmışdı.
– Siz demişdiniz ki, qırmızı qızılgül gətirsəm, mənimlə rəqs edəcəksiniz. Bu da dünyada olan qırmızı güllərin ən qırmızısı. Siz onu bu axşam sinənizin üstündə gəzdirəcəksiniz və biz birlikdə rəqs edəndə o mənim sizi necə sevdiyimə sübut olacaq.
Lakin qız sir-sifətini turşutdu:
– Qorxuram onun rəngi paltarıma düşməyə. Həm də kamergerin qardaşı oğlu mənə qiymətli daş-qaş göndərmişdir. Hamı bilir ki, daş-qaş güldən bahadır.
Tələbə qəzəblə:
– Siz necə də nankorsunuz! – dedi və qızılgülü küçəyə tulladı.
Gül yola düşdü, araba təkəri onu əzdi.
Qız hirsləndi:
– Nankoram? Çox kobudsunuz və bir də ki siz kimsiniz? Sadəcə bir tələbə. Yəqin ki, sizin ayaqqabınızda kamergerin qardaşı oğlununku kimi adicə gümüş toqqacıq da yoxdur.
O ayağa qalxdı və evə getdi:
Tələbə geri qayıdarkən:
– Məhəbbət necə axmaq şeydir, – deyə öz-özünə düşünürdü. – Onun məntiq elminin yarısı qədər də xeyri yoxdur. O heç nəyi təsdiq etmir. Həmişə baş verməyəcək şeylər haqqında düşündürür və yalan röyalara inanmağa çağırır. Doğrudan da, məhəbbət çox mənfəətsiz şeydir. Əsrimizdə isə hər şeydə mənfəət güdürlər. Yaxşısı budur, mən fəlsəfəyə qayıdım və metafizikanı öyrənim…
Tələbə evinə gəldi. Toz basmış iri bir kitabı götürüb vərəqləməyə başladı.
LOVĞA NƏHƏNG