Hekayələr. Самед Бехранги
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Самед Бехранги страница 4
− Saqqa quşunun fikri bizi rahat buraxmır, − deyə dilləndi.
Balaca Qara Balıq:
− Siz çox fikirləşirsiniz. Hər şeyi fikirləşmək, özü də birdəfəyə fikirləşmək doğru deyil. Yola düşən kimi qorxu bizi tərk edəcək, − deyə cavab verdi.
Birlikdə yola düşmək istədilər. Gördülər ki, dövrələrindəki su yuxarı qalxdı, başları üzərinə örtük çəkildi. Hər yer qaranlıqlaşdı, qaçmağa imkan qalmadı. Balaca Qara Balıq o saat başa düşdü ki, Saqqa quşunun kisəsinə düşübdür.
Balaca Qara Balıq dedi:
− Dostlar, biz Saqqa quşunun kisəsinə düşmüşük, lakin xilas olmaq üçün yol var.
Rizə balıqlar ağlayıb ah-zar etməyə başladılar.
− Artıq bizim qaçmağa yolumuz yoxdur! Təqsir səndədir. Bizi yoldan çıxardın!
− İndi bizim hamımızı "qurt" eləyib udacaq. İşimiz bitdi.
Qorxunc bir qəhqəhə səsi eşidildi. Bu, Saqqa quşu idi, gülürdü və gülə-gülə deyirdi:
− Rizə balıqlar necə də girimə keçib! Ha! Ha! Ha! Ha! Sizin halınıza yanıram, heç ürəyim gəlmir sizi "qurt" eləyib udum. Ha! Ha! Ha! Ha!
Rizə balıqlar yalvarmağa başladılar:
− Həzrəti-ağayi Saqqa quşu, sənin tərifini çoxdan eşitmişik, lütf edib mübarək dimdiyinizi bir qədər aralasaydınız, buradan xilas olub mübarək vücudunuza duaçı olardıq.
Saqqa quşu dedi:
− Mən hələ bu saat sizi "qurt" eləyib udmaq fikrində deyiləm. Kisəmdə ehtiyat balıqlar var, bir qarnımın altına baxın.
Kisənin aşağı hissəsində iylənmiş bir neçə Rizə balıq var idi.
Rizə balıqlar bir səslə dedilər:
− Həzrəti-ağayi Saqqa quşu, bizim günahımız yoxdur, bu Balaca Qara Balıq bizi yoldan çıxarıb…
Balaca Balıq:
− Qorxaqlar! − dedi. – Siz elə xəyal edirsiniz ki, yalvarmaqla bu hiyləgər rəhmdillik edib sizi buraxacaq?
Rizə balıqlar qorxuya düşüb dedilər:
− Heç nə danışdığını da bilmirsən. İndi görərsən ki, həzrəti-ağayi Saqqa quşu bizi necə bağışlayacaq və səni necə "qurt" eləyəcək!
Saqqa quşu dilləndi:
− Doğrudur, sizi bağışlayıram, ancaq bir şərtlə!
− Şərtinizi buyurun, qurban!
− Azadlığınızı bu boşboğaz balığı öldürməklə əldə edə bilərsiniz.
Balaca Qara Balıq bir qədər dala çəkilib Rizə balıqlara:
− İnanmayın, − dedi, − bu hiyləgər bizi bir-birimizin canına salmaq istəyir, mənim başqa fikrim var!..
Rizə balıqlar azadlığa çıxmaq istəyi ilə Balaca Qara Balığın dediklərinə qulaq asmadılar, qalxıb onun üstünə düşdülər. Balaca Balıq yavaş-yavaş arxaya çəkilib:
− Qorxaqlar! − dedi. − Hər halda, girə düşmüsünüz, qaçmağa da yolunuz yoxdur. Mənə də ki gücünüz çatmaz!
− Biz azadlığa çıxmaq istəyirik, onun üçün də səni öldürməliyik!
− Ağlınızı başınıza yığın! Məni öldürsəniz də, qaçmaq üçün yol tapa bilməyəcəksiniz. Hiyləgər quşa inanmayın!
− Sən əsla bizim fikrimizi çəkmirsən, bu sözləri öz canını qurtarmaq üçün deyirsən!
− Elə isə qulaq asın, sizə nicat yolu göstərim. Mən özümü ölülüyə vurub ölü balıqların içərisində gizlənəcəyəm. Görək Saqqa quşu sizi azad edəcəkmi?! Əgər sözümə qulaq asmasanız, bu xəncərlə hamınızı qırar, quşun da kisəsini parçalayıb çıxaram. Siz isə…
Rizə balıqlardan biri onun sözünü kəsib:
− Daha bəsdir! − dedi. − Mən bu sözlərə inanmaq istəmirəm. − O bu sözləri deyə-deyə ağlamağa başladı.
Balaca Qara Balıq onun ağladığını görüb dedi:
− Bu anasının naznaz balasını niyə yanınıza salıb gətiribsiniz?
O, xəncərini çıxarıb balıqların üstünə cumdu. Rizə balıqlar çarəsiz qalıb Balaca Qara Balığın təklifini qəbul etdilər. Yalandan bir-biri ilə dalaşmağa başladılar. Balaca Qara Balıq özünü ölülüyə vurub uzandıqda onlar yuxarı qalxdılar:
− Həzrəti-ağayi Saqqa quşu, − dedilər, − boşboğaz Qara Balığı öldürdük.
Quş güldü:
− Çox yaxşı iş gördünüz, − dedi, − bunun əvəzinə sizin hamınızı diri-diri udacağam, qarnımda istədiyiniz qədər gəzərsiniz.
Rizə balıqlar macal tapmamış bir andaca Saqqa quşu onları uddu. Qara Balıq isə cəld xəncərini çəkib möhkəm zərbə ilə quşun kisəsini yırtdı və deşikdən çıxıb qaçdı. Saqqa quşu aldığı zərbənin ağrısından fəryad qopardı, başını suya salıb Balaca Qara Balığı yenidən tutmaq istədi. Lakin gücü çatmadı…
Günorta idi. Artıq nə dağ görünürdü, nə dərə. Çay axıb geniş düzənlikdən keçirdi. Çayın sağ-solundan tökülən kiçik çaylar onun suyunu qat-qat artırırdı. Balaca Qara Balıq suyun çoxluğundan ləzzət alırdı. Birdən ayılıb gördü ki, suyun dibi görünmür. Oyan-buyana baş vurdu, heç yana çıxa bilmədi. Az qala qərq olmuşdu. Ürəyi istədiyi qədər üzəndən sonra da əli bir yana çatmadı. Birdən gördü ki, burnunda mişarvarı dişləri olan uzun bir heyvan ildırım sürəti ilə ona hücum edir. Balaca Qara Balıq hiss etdi ki, heyvan o saat onu parça-parça edəcəkdir. Çapalayıb tez suyun üzərinə qalxdı. Bir müddətdən sonra suyun altına endi. Yolun yarısında minlərlə balıq dəstəsinə rast gəldi. Onlardan birini saxlayıb soruşdu:
− Qardaş, qəribəm, uzaq-uzaq yerlərdən gəlirəm. Deyin görüm, bura haradır?
O dönüb Balaca Qara Balığa dedi:
− Qardaş, bizim dənizə xoş gəlibsən!
Balıqlardan digəri dedi:
− Bütün çaylar və arxlar bura tökülür.
Balaca