Hekayələr. Cəlil Məmmədquluzadə
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Cəlil Məmmədquluzadə страница 4
Bu sözləri deyib Noruzəli bir az da yavuqlaşdı xana və istədi onun ayaqlarından öpsün. Xan bir az dala çəkilib dedi:
– Noruzəli! Heç ürəyini sıxma. Mən sənə nə deyirəm ki? Sən mənə nə pislik eləmisən ki, mən səni bağışlayım?
– Qurban olum sənə, bundan artıq daha nə pislik olacaq? Kağızı əlimdən verdim o kafir oğlu kafirə, qoydu cibinə, çıxdı düzəldi yola, qoydu getdi.
– Kim kağızı qoydu cibinə, qoydu getdi?
– O kafir oğlu urus, dana!
– Hara qoydu getdi?
– Getdi girdi orada bir yekə dam-daş vardı ki, qapısına qutu vurulubdu, getdi girdi ora.
Xan bir qədər duruxdu:
– Bəs sən kağızı qutuya salmadın?
– Necə ki, salmadım! Elə kağızı qutuya salan kimi kafir gəlib qutunu bilmirəm nə təhər açdı, kağızı götürdü apardı.
– Qutuda sən saldığın kağızdan başqa, ta özgə ka-ğız yox idi?
– Necə ki, yoxdu? Çox kağızlar vardı. Elə onların hamısını yığışdırıb apardı.
Xan qah-qah çəkib güldü.
– Yox, Noruzəli, gərək hamısını nağıl eliyəsən başdan axıra kimi: necə kağızı apardın, necə saldın qutuya və nə üstə urusla savaşdın.
Noruzəli başladı.
– Xan, başına dönüm, mən kağızı buradan apardım, getdim çıxdım nəçərnik divanxanasının yanına. Sən mənə nişan verdiyin dam-daşı tapdım və qutunu tapdım, getdim qutunun qapağını qaldırdım. İstədim kağızı salam qutuya; bir kağıza baxdım, bir qutuya baxdım. Doğrusu, qorxdum ki, sənin mənə qeyzin tuta. Doğrusu, bilmədim salım, salmıyım, çünki yadımdan çıxdı, səndən soruşum ki, kağızı qutuya salandan sonra durum qutunun yanında, ya qoyum gəlim evə. Fikirləşdim ki, əgər kağızı salım, durum qutunun yanında, havədəyədək durum. Axı qurbanın olum, xan, özün gördün ki, ulağı ac qoydum getdim, cücələri qıçı bağlı qoydum. Bir tikə un gətirmişdim. Hələ indiyə kimi də qalıb burda. Xan, başına dolanım, qoy elə indi yaxşı vaxtdı, qoy nökər gəlsin bu çuvalları götürək qoyaq evə, yağış-zad yağar, un islanar.
– Yox, Noruzəli, sənin işin yoxdu… De, de, sonra necə oldu?
– Kağızı salmadım. Qutunun qapağını örtdüm, çəkildim durdum bir az kənarda. Əvvəl istədim qayıdıb gəlib səndən soruşum, sonra, doğrusu, qorxdum mənə qəzəbin tuta. Doğrusu, qorxdum öz könlündə deyəsən ki, Noruzəli çox heyvan adamdı, çox eşşək adamdı. Qərəz, çömbəldim divarın dibində ki, bir az yornuğumu alım. Aha, gördüm ki, bir erməni uşağı, olardı bax bu boyda, olardı on iki-on üç yaşında, gəldi, getdi düz qutunun yanına, qapağını qalxızdı və sən mənə verdiyin kağız kimi bir kağız saldı qutuya, qapağını örtdü, düz qoydu getdi işinə. Nə qədər o nainsafı çağırdım, soruşum ki, desin görək, bəs kağızı qutuda qoyub hara gedir, bilmirəm dilimi anlamadı, nədi ki, heç cavab vermədi, heç zalım oğlu üzümə də baxmadı. Elə erməni uşağı uzaqlaşmışdı, bir urus arvadı tez-tez gəlib qutuya yavuqlaşıb, bir kağız saldı, qoydu getdi. Ta indi mən bir az ürəkləndim, ta dedim vallah görükən budu ki, elə bu qutuya salınan kağızlar gərək qalsınlar qutunun içində. Mən o qədər ürəkləndim ki, bismillah deyib cürətnən getdim qutunun qapağını qaldırdım, kağızı saldım qutuya, çöndüm, gəlim qulluğuna. Qutudan elə buradan ora kimi uzaqlaşmışdım ki, haman urus gəldi yetişdi qutunun yanına. Mən əvvəl elə bildim ki, bu da istiyir qutuya kağız salsın. Amma gördüm, xeyr, lotunun fikri özgədi, qutunun yanından sağ əlini uzadıb qutunun içinə. Mən əlüstü duydum ki, hərif istəyir kağızları oğurlasın… Xan çox başağrısı verirəm, məni bağışla, oğlana buyur, gəlsin məni yola salsın, bivaxtdı, gedib kəndə yetişə bilmənəm.
– A kişi, hələ hara qoyuram səni gedəsən. Nağıl elə görüm, sonra necə oldu?
– Bəli, başına dolanım, xan, qurban olsun sənə mənim yetim-yesirim! Sənsiz mənim bir günüm olmasın!.. Bəli, gördüm ki, hərif utanmaz-utanmaz kağızları qutudan ehmallıca çıxartdı, dəstələyib vurdu qoltuğuna! Qutunun qapısını örtüb, istədi, düzəlsin yola. Mən tez qaçıb yapışdım urusun qolundan, qoymadım getsin. Dedim, ay aşna, hara aparırsan kağızları? Xalq səndən ötrü kağızları bura salmıyıbdı ki! Dinməz-söyləməz üzünün suyunnan xalqın kağızlarını qoy yerinə! Dedim, Noruzəli hələ ölmüyübdü ki, sən onun ağasının kağızını aparasan. Belə işlər yaxşı deyil, adam özgənin malına tamah salmaz. Məgər sizin şəriətdə oğurluq günah yazılmayıbdı? Xan, məni çövür balalarının başına, məni mürəxxəs elə, qoyun gedim: bivaxtdı, hava qaranlıqlayır.
– Hələ tələsmə, gedərsən… Sonra necə oldu?
– Qoy görüm harada qaldım… Ədə, qoyma, qoyma, ulağ tənəkləri sındıracaq.
Noruzəli istədi, qaçsın ulağın yanına, xan qoymadı.
– Noruzəli, getmə, hələ getmə. De görüm, sonra necə oldu?
– Ta necə olacaq? Nə qədər yalvardım, yapışdım ki, mənim xanım məni öldürər. Dedim, barı mənim xanımın kağızını ver. İllah dedi ki, vermənəm. Gördüm ki, hərif istəyir qoya qaça. Vallah hirs vurdu təpəmə, ikiəlli yapışdım kafirin çiynindən, bunu üzüüstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı. Sonra nəçərnik divanxanasından soldatlar tökülüb məni döyə-döyə aparıb atdılar dama. Sənin qədəmlərinə belə mən qurban olum. Sən olmasaydın, məni indi çoxdan göndərmişdilər Sibirə, çünki damda məndən savayı bir neçə dustaq vardı, mənə dedilər ki, o urus qulluq adamıdı. Ta… mən neyləyim? Xan, başına dolanım, di gör günah kimdədi?
Xan çox güldü, çox qah-qah çəkib güldü.
Hava qaranlıqlaşmışdı. Noruzəli boş un çuvallarını ac ulağın üstünə salıb, ulağı qatdı qabağına və zoğal ağacı ilə döyə-döyə getdi kəndinə.
Üç gündən sonra xana İrəvandan teleqraf çıxdı ki, kağızın yetişib və otaqlar hazırdı. Xan yığışıb getdi İrəvana.
Ay yarımdan sonra Noruzəlini divana gətirib “qulluqçunu bihörmət eləmək barəsində” üç ay navaxt kəsdilər, amma Noruzəli günahını boynuna almadı. Hələ üç ay da keçdi, ancaq bu xəbər İrəvanda Vəli xana çatdı. Xan bir qədər fikir elədi.
Saqqallı uşaq
Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm