Sufi hekayətləri. Народное творчество
Чтение книги онлайн.
Читать онлайн книгу Sufi hekayətləri - Народное творчество страница
İslamda ezoterik cərəyan sayılan, tərki-dünyalığı və ali ruhaniliyi təbliğ edən sufizm (təsəvvüf) hələ də qırx qapı arxasında möhürlənmiş sirr olaraq qalır. Bununla belə, əsrlərin süzgəcindən keçmiş bu cərəyana qısa baxış keçirməyə cəhd edək.
Sufilər Allaha birbaşa qovuşmağın mümkünlüyünə inanan və həyatı boyu Haqqa can atan şəxslərdir. Onlar məlum məqsədlərinə tabe etdirdikləri həyatlarını Yol adlandırırlar.
Sufizm təcrübədən nəzəriyyəyə doğru yol alıb və onun ilk daşıyıcıları islam dünyasını dolaşan dərvişlər olub. Allaha gedən yolda vasitəçinin olmadığını söyləyən bu adamlar zaman-zaman təqibə məruz qalıb, hətta əqidələrinə görə edam olunublar. Hərçənd sonradan məşhur islam ilahiyyatçıları sufizmin inkişafına və qanuniləşməsinə təkan veriblər. Bunlardan Ömər Xəyyamın müasiri, böyük din mütəfəkkiri Məhəmməd əl-Qəzalinin adını çəkmək olar.
Məramı dünyəvi təlaşlardan azad, mənfi keyfiyyətlərdən qurtulmuş “kamil insan” yetişdirmək olan sufizm öz ardıcıllarını hər zaman ilhamlandırıb və estetika, etika, ədəbiyyat, incəsənətin inkişafında mühüm rol oynayıb. Cəlaləddin Rumi, Sədi Şirazi, Ömər Xəyyam kimi böyük mütəfəkkirlər buna bariz nümunədir.
Sufizm insanın ruh dünyasını kamilləşdirir. O, maddi dünyanın təsirini zəiflədir və şəxsin Allaha təmənnasız, sadiq xidmətinə rəvac verir. Sufinin Haqqa gedən Yolu Ustada (mürşid) itaətdən və onun göstərişlərinə əməl etməkdən keçir. Hərçənd Yola müstəqil də çıxmaq olar. Belə ki, ötən əsrlərin dahi ustadları özlərindən sonra gələnlər üçün xeyli nişan qoyublar. Bu şəxsiyyətlərin yazdıqları hələ də öyrənilməkdədir.
Oxucuya təqdim olunmuş “Sufi hekayətləri”ndə Cəlaləddin Rumi, Fəridəddin Əttar, Əhməd Yasəvi, Bəhaəddin Nəqşbəndi, Bəyazid Bistami, Şihabəddin Yəhya Sührəvərdi, İdris Şah kimi böyük ustadların və digərlərinin fikirləri yer alıb. Ən başlıcası müdrikliyi təlqin edən bu hekayətləri həm də İnsani keyfiyyətlərə və Eşqə çağırış kimi qəbul etmək olar.
USTAD SUFİLƏR
YAĞIŞ DUASI
Deyilənə görə, Qəsr əl-Arifin adlı ərazidə quraqlıq baş verir. Camaat Ustad Bəhaəddin Nəqşbəndinin yanına gəlib ondan yağışın yağması üçün dua etməsini diləyir. Sufi yanına gələnlərlə birgə bayıra çıxıb küçələri gəzməyə başlayır, nəhayət, körpəsini əzizləyən bir qadın görüb ayaq saxlayır.
– Yalvarıram, uşağını əmizdir! – Ustad deyir.
– Öz uşağımı nə vaxt əmizdirmək lazım olduğunu özüm bilərəm! – qadın cavab verir. – Niyə başın çıxmayan işə qarışırsan ki?!
Bəhaəddin şagirdlərinə qadının sözlərini kağıza yazıb camaat qarşısında oxumalarını buyurur.
ƏHMƏD YASƏVİ
Yasəvi təlim verməyə başlayanda müxtəlif niyyətli şagirdlərlə qarşılaşır. Onun söhbətlərini hər kəs maraqla dinləsə də, kütlə tezliklə müntəzəm tədris proqramı tələb etməyə başlayır.
Yasəvi onlara bildirir ki, bunun üçün xüsusi bina – təkyə1 tikməyi qərara alıb. Beləcə, yüzlərlə insan onun rəhbərliyi ilə altı ay tikintidə iştirak edir. İnşaat başa çatanda Yasəvi deyir:
– Bu binanın divarları arasında təhsil almaq istəyənlər lütfən sağ tərəfdə dayansın. Əleyhinə olanlarsa sol tərəfə keçsin.
İki qrup yaranandan sonra Yasəvi deyir:
– Sağ tərəfdə dayananları buraxıram: sizə heç nə verə bilməyəcəyəm, ona görə də haradan gəlmisiniz, ora da qayıdın. Yerdə qalanlar şagirdim ola bilər. Onların ilk işi isə təkyəni dağıtmaq olacaq.
Rədd edilmiş şagirdlər pərt vəziyyətdə qalır və Yasəvinin ağlının azdığı barədə şayiələr yayırlar. Amma məhz bu Allah divanəsinin yaxşını yamandan seçmə bacarığı Ustad Nəzəriyyənin binasını qurur.
BƏYAZİD BİSTAMİ
Böyük sufi ustadı Bəyazid hələ uşaq yaşlarında ikən Müəllimin yanına gedir. O, kəlmə belə kəsmədən oturub Müəlliminə baxar, bir müddət sonra sakitcə çıxıb gedərdi. Müəllim onunla düz on iki ildən sonra danışır:
– Oğlum, rəflərdəki kitabı gördünmü?
Bəyazid cavab verir:
– Bura gələndə heç vaxt sağıma-soluma baxmamışam və kitabların harada olduğunu belə bilmirəm. Yeganə məqsədim, sadəcə, qənşərinizdə oturub Sizə baxmaq və sükutunuzun gücünü özümə hopdurmaq idi.
Bunları eşidən Müəllim deyir:
– Oğlum, sən qəbul olundun!
Şagirdliyə namizədə qarşı bu cür münasibət həddən artıq sərt, insafsız görünə bilər. Amma belə yanaşma hər şeylə maraqlananları və kifayət qədər yetkin olmayanları ələməyə imkan verir. Ustad soruşmayacaq: “Sən kimsən? Məqsədin nədir?” Burnunu hər yerə soxanlara möminlərin dünyasında yer yoxdur. Bütün dünya onun ixtiyarında ola bilər, ancaq Həqiqəti dərk etmək onluq deyil.
DÜŞÜNCƏSİZLƏR
– Bu dünyanın adamları düşüncəsizdirlər, – Əcnabi deyir və şagirdlərinə fikrini sübut edəcəyinə söz verir.
Əcnabi elə həmin axşam varlı birisini evinə orucunu açmağa dəvət edir. Qonaq gəlib çıxır və onlar bir tikə quru çörəklə bir dənə xurma yeyirlər. Əcnabinin evində başqa yemək yox idi.
Evinə qayıdan zəngin sufiyə içində on min dinar olan pulqabını hədiyyə göndərir. Əcnabi hədiyyəni geri qaytarır, üstəlik, məktub da yazır: “Çörəyi yemək olar, qızıldan nə fayda var ki? Adamlar onun nəyəsə yaradığını düşünməkdə kökündən yanılırlar”. Sonra pula ehtiyacı olan birisini yanına çağırıb varlının qapısına getməyi və ondan on min dinar istəməyi buyurur. Adam qayıdanda Əcnabi soruşur:
– O sənə nə dedi?
Ehtiyacı olan cavab verir:
– Dedi ki, mənə heç nə verməyəcək.
Onda Əcnabi öz şagirdlərinə müraciət edir:
– Bu dünyanın adamları, şübhəsiz ki, düşüncəsizdirlər. Onlar qızılın da çörək kimi qiymətli olduğunu düşünürlər, hətta birini digərinə dəyişirlər. Halbuki qapılarına dürüst və pula ehtiyacı olan birisi gələndə ona rədd cavabı verməklə haqlı olduqlarını hesab edirlər. Əgər onlar özlərini normal sayırlarsa, gəlin biz onların hesab etdikləri dəli kimi olaq.
ATLI VƏ İLAN
Deyirlər ki, bilikli adamın “qəddarlığı” səfehin “xeyirxahlığından” yaxşıdır.
Yol gedən atlı zəhərli ilanın yerdə yatmış birisinin aralı qalmış ağzına girdiyini uzaqdan görür. Zavallının bədbəxt hadisənin qurbanı olacağını anlayıb atını tez ora çapır və hələ də yuxuda olan bixəbəri qamçılamağa başlayır. Yerindən dik atılan adam nə baş verdiyini anlamayıb gözlərini bərəldir. Atlı bu dəfə onu yaxınlıqdakı ağaca tərəf qovub yerə səpələnmiş çürük almaları yeməyə məcbur edir. Sonra yenə qamçısını işə salıb bu dəfə çaya tərəf qovur
1
təkyə – təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yer.