İblisin vəkili. Эндрю Найдерман
Чтение книги онлайн.
Читать онлайн книгу İblisin vəkili - Эндрю Найдерман страница 13
‒ Mən otağıma qayıdıb miss Uilsonun məhkəməsinə aid sənədlərlə işimi yekunlaşdırsam yaxşıdır. Gələcəyimə bəslədiyiniz ümidlərə görə təşəkkür edirəm, ‒ Kevin ortaqları heyrət içindəcə qoyub otaqdan çıxdı. Qapı arxasınca bağlananda isə özünü son dərəcə azad hiss etdi. Bu xeyli qəribə və gözəl bir hiss idi. Sanki paraşütlə çox böyük yüksəklikdən tullanmışdı və indi uçuşdan həzz alırdı. Bir neçə dəqiqənin içində Kevin öz taleyinə kələk gəlmişdi, bundan sonra həyatını istədiyi kimi qura bilərdi!
Katibə Kevinin kefinin niyə belə kök olduğunu və nəyə güldüyünü anlamadı.
‒ Özünüzü yaxşı hiss edirsiniz, mister Teylor?
‒ Əla, Mayra. Düz üç il idi ki, özümü bu cür gözəl hiss etmirdim!
‒ Hə? Mənsə…
– Görüşərik, ‒ Kevin onun nə deyəcəyini gözləmədən iş otağına tələsdi.
Vəkil masa arxasında oturub uzun-uzadı fikirləşdi. Sonra tələsmədən əlini cibinə uzatdı və Pol Skolfildin vizitkartını çıxartdı. Kartı qabağına qoyub gözünü ona zillədi. Ancaq Kevin indi bu karton parçasına baxmırdı. Gənc vəkilin gözünə daha böyük şeylər görünürdü. Xəyalında canlanan səhnədə o, şəhər məhkəməsində cinayətdə ittiham olunan bir adamı müdafiə edir, alovlu nitq söyləyirdi. İttiham tərəfinin mövqeyi tutarlıdır və güclü dəlillərə əsaslanır. Amma bu dəlilləri darmadağın etmək «Con Milton və ortaqları» firmasından olan Kevinin əlində heç nədir, lap su içimi kimi bir şey! Andlılar onun ağzından çıxan hər sözü göydə tuturlar. Müxbirlər məhkəmə binasının dəhlizlərində tanınmış vəkilin dalınca qaçır, ondan balaca bir məlumat almaq, bir söz eşitmək istəyirlər…
Kevini bu xəyallardan Meri Ekert ayırdı. Katibə qapını döyüb qəzet və məktubları gətirdi. O gülürdü, baxışlarından isə hiss olunurdu ki, Kevinin firmadan ayrıldığı barədə söz-söhbət artıq yayılıb.
‒ Meri, zəhmət olmasa, deyin, bu gün mənim unuda biləcəyim bir görüşüm yoxdur ki?
‒ Xeyr. Sabah səhər siz mister Settonla onun oğlunun işi barədə danışmaq üçün görüşməlisiniz. Siz məndən polisin raportunu tapmağı xahiş etmişdiniz.
‒ Həə… Qonşunun maşınında gəzməyə çıxan on altı yaşlı oğlanın məsələsi?
‒ Elədir ki var.
‒ Çox maraqlı işdir…
Meri onun bu istehzasını anlamadı və təəccüblə başını əydi. Katibə otaqdan çıxan kimi Kevin «Con Milton və ortaqları»na zəng vurub onu Pol Skolfildlə calaşdırmağı xahiş etdi.
On beş dəqiqədən sonra Kevinin maşını artıq Manhettenə doğru şütüyürdü. O, Miriama zəng vurmamış və baş verənlər barədə heç nə deməmişdi.
III fəsil
«Boyl, Karlton və Sessler» firması Blisdeyldə olduqca rahat, zövqlə təmir olunmuş bir ofisdə yerləşirdi. Təxminən iyirmi il əvvəl Tomas Boyl bu kiçik ikimərtəbəli binanı özü və oğlu üçün ofisə çevirmişdi. Ofisin rahatlığının və cazibəsinin sirri çox sadə idi: burada ev ab-havası vardı, hamı özünü olduqca sərbəst, Kevinin fikrincə, hətta həddən artıq sərbəst hiss edirdi. Ofisdəki pərdələr, xalçalar, süfrələr, mebel onun xoşuna gəlirdi. Səhərlər Kevin bir evindən çıxıb sanki başqa bir evinə gəlirdi. Əvvəllər o məhz belə düşünürdü.
Lakin Kevin «Con Milton və ortaqları»nın ofisinə ayaq basan kimi hər şey dəyişdi. O, liftlə 28-ci mərtəbəyə qalxdı. Buradan Manhettenin mərkəzinə və İst-Riverə gözəl mənzərə açılırdı. Dəhlizin sonunda üstünə «Con Milton və ortaqları, vəkillər» yazılmış ikiqat palıd qapı var idi. Kevin bu qapıdan keçən kimi təmtəraqlı qəbul otağına düşdü.
Geniş otaqda qəhvəyi rəngdə uzun dəri divan, yanında balaca dəri divan və dəri kreslolar qoyulmuşdu. Bütün bunlar uğurun göstəricisi idi. Uzun divanın üstündə, divardan olduqca parlaq abstrakt bir rəsm əsəri asılmışdı. Deyəsən, Kandinskinin orijinal əsərlərindən biri idi. Kevin düşündü ki, yaxşı hüquq firmasının ofisi məhz belə olmalıdır.
O, qapını arxasınca bağlayıb qəhvəyi rəngli gözəl, zərif xalçaya ayaq basdı, sanki yumşaq pambıq parçanın üstü ilə addımlayırdı. Yarımdairəvi palıd masanın arxasında əyləşmiş katibəyə yaxınlaşanda onun kefi bir az da açıldı. Qız qonağı salamlamaq üçün başını kompüterdən ayıranda isə Kevinin üzünə xoş təbəssüm yayıldı. Bura «Boyl, Karlton və Sessler»də müştəriləri qarşılayan yöndəmsiz Mayra Brokportun, yaxud solğun, ağsaç Meri Ekertin yeri deyildi. Kevini gözəlliyindən adamın gözü qamaşan, «Miss Amerika» yarışmasında iştirak etməyə layiq qarayağız bir qız qarşıladı.
Qızın göyümtül-qara saçları çiyinlərinə düşür, ucları isə kürəyinə toxunurdu. O, əsl italyan qadınlarını xatırladırdı, sanki Sofi Loren idi. Romalılara xas düz burnu vardı, almacıq sümüyü isə irəli çıxmışdı. Qara gözləri sözün həqiqi mənasında parlayırdı.
‒ Günortanız xeyir. Siz mister Teylorsunuz?
‒ Özüdür ki var. Qəşəng ofisdir, miss.
‒ Çox sağ olun. Mister Skolfild sizi gözləyir. İndi sizi onun yanına ötürərəm, ‒ qız yerindən qalxdı. ‒ İçməyə nəsə istəyirsiniz? Çay, qəhvə, «Perye»?
‒ Zəhmət olmasa, «Perye». Təşəkkür edirəm.
Kevin katibənin arxasınca uzun dəhlizə doğru yönəldi.
‒ İçinə limon sıxım? ‒ qız ona tərəf döndü.
‒ Hə, çox sağ olun.
Qızın yerişi, qıvraq bədəni adamın ağlını başından çıxarırdı. Onlar dəhlizlə gedib balaca bir mətbəxdə ayaq saxladılar. Boylu-buxunlu katibə qızın əynində qara trikotaj ətək və uzun qolları olan ağ köynək var idi. Yanlarını tarım çəkən ətəyin altından əzələlərinin necə oynadığı görünürdü. «Bu mənzərə Boyl, Karlton və Sesslerin xoşuna gəlməzdi», ‒ deyə Kevin düşündü və gülümsədi. Katibə içinə buz qoyub qığılcım saçan su süzdüyü iri stəkanı ona uzatdı.
‒ Təşəkkür edirəm.
Qızın baxışından və gülüşündən Kevinin qasığı sızıldadı. O qızardı.
‒ Gəlin, ‒ katibə təklif etdi.
Onlar kabinet və konfrans zalının, sonra daha bir kabinetin yanından ötüb üstündə Pol Skolfildin adı yazılmış qapının