İblisin vəkili. Эндрю Найдерман
Чтение книги онлайн.
Читать онлайн книгу İblisin vəkili - Эндрю Найдерман страница 17
‒ Bu barədə sonra danışarıq, ‒ Pol dedi və Kevinlə birlikdə kitabxanaya yollandı.
Kitabxana «Boyl, Karlton və Sessler»in müvafiq bölməsindən təxminən iki dəfə böyük idi. Burada bütün yeni materialları tapmaq olardı. Pol izah etdi ki, kitabxananın kompüteri polisin məlumat bazasına, hətta federal məlumat bazasına qoşuludur. Bundan başqa, indiyədək baş vermiş eynitipli hadisələr və ya hərəkətlər barədə bütün məlumatlar, istintaq materialları da həmin kompüterdə saxlanılır. Bunun sayəsində vəkillər polis materiallarını və kriminalistlərin hesabatlarını əsaslı surətdə təhlil edə bilirlər. Monitorun qarşısındakı katibə xəfiyyələrdən hansınınsa gətirdiyi son məlumatları kompüterə daxil edirdi.
‒ Vendi, bu bizim yeni həmkarımız Kevin Teylordur. Kevin, bu, Vendi Allendir.
Katibə dönüb ona baxanda Kevin qızın parlaq gözəlliyinə, mükəmməl bədən quruluşuna heyran qaldı. Vendi Allenin 22-23 yaşı ancaq olardı. Buruq-buruq açıqrəngli saçları çiyninə, telləri alnına düşürdü. O, qonur gözlərini qıyıb gülümsədi.
‒ Xoş gördük.
‒ Salam.
‒ Vendi eyni zamanda Deyvin də, sizin də katibəniz olacaq. Sonra biz sizin üçün ayrıca katibə taparıq.
Şəxsi katibəsinin olacağı barədə fikir Kevini gülümsəməyə vadar etdi.
‒ Sizinlə işləmək mənə xoş olacaq, mister Teylor.
‒ Mənə də sizinlə.
‒ Biz gərək Tedi tapaq, ‒ Pol pıçıldadı. ‒ İndicə yadıma düşdü ki, o bu gün girov qoymalıdır.
‒ Hə, əlbəttə…
Kevin Polun arxasınca getdi, yarı yolda dönüb bir də gözəl Vendiyə baxdı. Qız ona gözqamaşdırıcı təbəssüm bəxş etdi.
‒ Belə gözəl qızların yanında soyuqqanlılığınızı necə qoruya bilirsiniz? ‒ Kevin zarafatyana soruşdu.
Pol dayanıb üzünü ona çevirdi.
‒ Vendi və Diana çox qəşəngdirlər. Karla da həmçinin. Eyni zamanda peşəkar katibədirlər, ‒ Pol güldü və kitabxanaya boylandı. ‒ Mister Milton deyir ki, kişilərin əksəriyyəti gözəl qadınları ağılsız hesab edir. O, bir dəfə prokuror da məhz bu cür düşündüyü üçün məhkəmə işini udmuşdu. Yadıma salın, ondan həmin hadisəni sizə danışmağı xahiş edim. Yeri gəlmişkən, ‒ Pol astadan əlavə etdi, ‒ mister Milton bütün katibələri şəxsən özü seçib işə qəbul edir.
Kevin başını tərpətdi və onlar Ted Makkartinin kabinetinə yollandılar.
Kevinlə ondan bir-iki yaş böyük Makkarti arasında oxşarlıq çox idi. Hər ikisinin boyu və bədən quruluşu, demək olar, eyni idi. Tedin qara saçları və tünd-qonur gözləri var idi. O da Lonq-Aylenddə doğulmuş və böyümüşdü. Sonra Makkarti Nortportda yaşamış, Sirakuz universitetinin hüquq fakültəsində oxumuşdu. Onun arvadı Miriam kimi ömrünü Lonq-Aylenddə keçirmiş, indi isə Kommakda həkim köməkçisi işləyirdi. Makkartilərin də uşağı yox idi, ancaq onlar da ailə üzvlərinin sayını artırmaq barədə düşünürdülər.
Kevin həmkarının xalis pedant olduğunu elə ilk dəqiqələrdən anladı. O, palıd ağacından düzəldilmiş iri masanın arxasında oturmuşdu. Masanın üstündə kağızlar həddən artıq səliqə ilə düzülmüşdü, böyük gümüşü çərçivədə Tedin arvadının, digər çərçivədə isə onların toy şəkilləri yerləşdirilmişdi. Deyv Koteynin, ya da Pol Skolfildin iş otaqları ilə müqayisədə Makkartinin kabineti xeyli sadə idi. Di gəl, burada qayda-qanun və səliqə ab-havası daha aydın hiss edilirdi.
‒ Sizinlə tanış olmağıma şadam, Kevin, ‒ Pol onları bir-birinə təqdim edəndə Makkarti ayağa qalxıb dedi.
Deyvlə Pol kimi onun da əsl natiqlərə xas məlahətli səsi vardı, sözləri dəqiq tələffüz edirdi.
‒ Əminəm ki, tezliklə bizimlə işləməyə başlayacaqsınız. Mister Milton və Pol sizin haqqınızda çox yüksək fikirdədirlər.
‒ Deyəsən, mən bu barədə hamıdan axırda xəbər tutmuşam, ‒ Kevin gülümsündü.
‒ Məndə də eynilə bu cür olub, ‒ Ted başını tərpətdi. ‒ Pol mənə müraciət edəndə atamın firmasında işləyirdim, üstəlik, oradan getməyi əsla düşünmürdüm. Mister Miltonla söhbət ərəfəsində isə artıq başqa işə keçməyə hazırlaşdığımı atama necə deyəcəyimi fikirləşirdim, çünki onun da xətrinə dəymək istəmirdim.
‒ İnanılmazdır.
‒ Elə bir gün yoxdur ki, inanılmaz bir şey baş verməsin. İndi siz bizimlə işləməyə başlayanda isə…
‒ Səbirsizliklə o günü gözləyirəm…
‒ Uğurlar arzulayıram və xoş gəlmisiniz deyirəm, ‒ Ted söhbəti yekunlaşdırdı. ‒ İcazənizlə mən qaçım. Qonşuluqdakı yeniyetmə qızı zorlamaqda günahlandırılan bir müştərimə görə girov keçirməliyəm.
‒ Doğrudan?
‒ Növbəti müşavirədə danışaram.
Kevin razılıq əlaməti olaraq başını tərpədib Polun arxasınca otaqdan çıxdı, ancaq qapının ağzında ayaq saxladı.
‒ Sizdən bir şey soruşmaq istəyirəm, Ted… ‒ o, başqa işə keçmək barədə qərarına Miriam ilə öz valideynlərinin necə münasibət bəsləyəcəklərindən narahat idi.
‒ Eşidirəm.
‒ Yeni işinizi atanıza necə xəbər verdiniz?
‒ Ən böyük arzumun cinayət işlərinə çıxmaq olduğunu söylədim. Əlbəttə, mister Miltonun məndə dərin təəssürat yaratdığını da gizlətmədim.
‒ Axı siz ailə firmanızın varisi idiniz…
‒ Ooo, ‒ Ted gülümsəyib narazılıq hissi ilə başını yırğaladı. ‒ Tezliklə anlayacaqsınız ki, elə bura da ailə firmasıdır.
Kevin bu cavabdan məmnun qaldı. Tedin səmimiyyəti ona dərin təsir bağışlamışdı.
Gənc vəkil gələcək iş otağına qayıdıb böyük masanın arxasında oturdu. Əllərini boynunun ardında cütləyib kreslosuna söykəndi, sonra pəncərədən açılan mənzərəyə tamaşa etmək üçün üzünü çevirdi. Kevin özünü çox gözəl hiss edirdi. Baxmayaraq ki bu gün baş verənlərin yuxu deyil, həqiqət olduğuna indi hətta onun özü də güclə inanırdı – varlı firma, yüksək maaş,