İblisin vəkili. Эндрю Найдерман
Чтение книги онлайн.
Читать онлайн книгу İblisin vəkili - Эндрю Найдерман страница 2
Riçard gülümsündü.
‒ Təşəkkür edirəm, Filip… Hər şey qaydasındadır?
‒ Bəli, ser, tamamilə qaydasındadır. Bir sözlə, həmişəki kimi, ‒ mühafizəçi dişlərini ağartdı. ‒ Burada elə sakitlikdir ki, bir də görəcəyik, özümüz də hiss etmədən iş başındaca qocalmışıq, ‒ bu, Filipin həmişəki zarafatı idi.
‒ Hə, ‒ Riçard dedi. ‒ Elədir.
O, liftə girdi, qapılar bağlanana qədər heykəl kimi yerində donub-qaldı. Yalnız bundan sonra yenidən gözlərini yumdu, Qloriya ilə bura ilk gəlişlərini xatırladı. Yeni mənzilin genişliyini və gözəlliyini görəndə arvadı necə də heyrətlənmişdi! Otaqları bir-bir gəzir, sevincindən az qala ağlayırdı…
‒ Mən nə iş gördüm! ‒ Riçard burnunun altında mızıldandı.
O, gözlərini on beşinci mərtəbədə dayanan liftin qapıları ilə eyni vaxtda açdı. Bir müddət yerindən tərpənmədi, sonra mənzilinin qapısına yönəldi. İçəri girib qapını arxasınca bağladı, bu zaman missis Lonqşamp da uşaq otağından çıxdı.
‒ O, mister Caffi! ‒ dayə ev sahibini salamladı. Missis Lonqşampın vur-tut əlli yaşı var idi, ancaq buna baxmayaraq lap nənəyə oxşayırdı. Bu alçaqboy qadının ağappaq saçları, yumru sifəti və mehriban qonur gözləri var idi. ‒ Sizi təbrik edirəm! Elə indicə televizorda xəbərlərə baxdım. Təsəvvürünüzə gətirirsiniz, onlar bu xəbəri vermək üçün hətta serialı yarımçıq kəsdilər!
‒ Təşəkkür edirəm, missis Lonqşamp.
‒ Axı, deyəsən, siz mister Miltonun şirkətində işləyəndən bircə iş belə uduzmamısınız, elədir?
‒ Elədir, missis Lonqşamp, birini də uduzmamışam.
‒ Siz özünüzlə fəxr etməlisiniz.
‒ Hə, ‒ Riçard dilucu cavab verdi.
‒ Bred yaxşıdır, ‒ qadın dedi, hərçənd uşağın atası bu haqda ondan heç nə soruşmamışdı.
Riçard, sadəcə, başını tərpətdi. Dayə tələsik əlavə etdi:
‒ Elə indicə onu yedizdirməyə hazırlaşırdım.
Görünür, qadın onun rəhmə gələrək uşağın şüşədən necə iştaha ilə süd əmdiyinə baxmaq istəyəcəyini düşünürdü.
‒ Hə, lap yaxşı. Gedin işinizlə məşğul olun.
Missis Lonqşamp yenidən gülümsədi və uşaq otağına tələsdi.
Riçard çantasını bir kənara tullayıb geniş mənzili gözdən keçirdi. Sonra ağır addımlarla qonaq otağından keçib böyük eyvana çıxdı. Oradan Hudzona ecazkar mənzərə açılırdı. Ancaq belə gözəl mənzil sahibi bu mənzərəyə tamaşa etmək üçün bir saniyəlik də olsa, ayaq saxlamadı. Nə edəcəyini dəqiq bilən adam kimi məhəccərə doğru addımladı. Sonra kreslonun üstünə çıxdı, sol ayağını məhəccərə qoydu. Ardınca da sanki kiminsə uzatdığı əli tutmaq istəyirmiş kimi cəld hərəkətlə qabağa atıldı.
Riçard Caffi indi on beşinci mərtəbədən başıaşağı uçurdu…
I fəsil
Vəkil Kevin Teylor gözlərini qoz ağacından düzəldilmiş uzun qəhvəyi masanın üzərindəki kağızlardan çəkdi, başını qaldırdı və bir müddət ətrafı mənalı baxışlarla süzdü. Çox dalğın olduğu üzündən oxunurdu. Şahidləri dindirməyə başlamazdan əvvəl sifəti həmişə bu ifadəni alırdı. Cəmi iyirmi səkkiz yaşı olan bu cavan vəkil belə tamaşaları tez-tez qururdu. İnsan psixologiyasını yaxşı bildiyi üçün teatr fəndlərindən məharətlə istifadə edirdi. Kevin suallar arasında uzun və dramatik fasilə verir, nəsə soruşmazdan qabaq sənədləri vərəqləyirdi. Bütün bunlar dindirilənləri həyəcanlanmağa vadar edirdi.
Bu dəfə o, Filip Kornblö adlı ibtidai məktəb direktorunun canına vəlvələ salmağa çalışırdı. Direktor əlli dörd yaşlı arıq, solğun bənizli, qara saçları tökülməyə başlamış bir kişi idi.
Filip Kornblö ona veriləcək sualı gözləyə-gözləyə stulda qurcalanırdı, sanki tikan üstündə oturub. O, əllərini sinəsində çarpazlamışdı, narahatlıqla barmaqlarını qollarına döyəcləyirdi. Görünür, bununla əllərinin meymun əlləri kimi uzun olduğunu gizlətməyə çalışırdı.
Kevin məhkəmə zalına baxdı. İçəridə milçək uçsa, vızıltısı eşidilərdi. Zaldakılar həyəcanla nə baş verəcəyini gözləyirdilər. Hamı nəfəsini tutmuş, sanki oturduqları yerdə quruyub-qalmışdılar. Məhkəmə zalının hündür pəncərələrindən içəri düşən günəş şüaları qəfildən geniş otağı parlaq işığa bürüdü. Görünür, gün buludların arxasından çıxmışdı. Elə bil gözəgörünməz bir rejissor səhnə işıqçısına işarə etmiş, o da projektorları yandırmışdı. İndi yalnız «Başladıq!» demək qalırdı.
Zal dolu idi, amma Kevinin baxışları onların arasından yalnız birinin üzərində dayandı. Xoş görkəmini nəzərə almasaq, bu adam, demək olar ki, başqalarından heç nə ilə seçilmirdi və arxa sırada oturmuşdu. O da Kevinə baxır və razılıqla başını tərpədirdi. Adətən, atalar öz oğullarına belə məmnunluqla baxırlar. Amma yaşına görə həmin kişi Kevinin atası roluna uyğun gəlmirdi. «Yaşı qırxdan bir az çox olar», ‒ deyə Kevin düşündü. Bu adama baxdıqca nədənsə ona elə gəlirdi ki, hər şey istədiyi kimi olacaq, bir sözlə, uğur uzaqda deyil… Kişinin əynində bozumtul miləmil «Corcio Armani» kostyumu var idi. Bu isə onun varlı və hörmətli adam olduğuna dəlalət edirdi. Kevin də uzun müddət bahalı dükanlarda və firma salonlarında özünə belə kostyum axtarmışdı. Nəhayət, buna bənzər bir şey ‒ iki yanı düyməli tünd-göy kostyum tapmışdı. Özü də onu hərracda «Armani»dən iki dəfə ucuz almışdı.
Beləliklə, naməlum adam razılıqla Kevinə baxıb başını tərpətdi. Yəni «başlamaq olar!»
Zalda hələ də sakitlik idi, hətta kimsə boğazını arıtlayanda da rahatca eşidilirdi. Müttəhim kürsüsündə iyirmi səkkiz yaşlı Lois Uilson əyləşmişdi. Beşinci sinif müəlliməsi olan bu qadın yeniyetmələri yoldan çıxarıb əxlaqlarını pozmaqda ittiham edilirdi. Hadisə Nassau qraflığında, Blisdeyl şəhərciyində baş vermişdi. Burada, demək olar, yalnız yaşayış evləri var idi, camaat hər gün səhər tezdən Nyu-Yorka işə yollanır, evə isə ancaq yatmağa gəlirdi. Buna baxmayaraq məhkəmə Blisdeyldə keçirilirdi. Görünüşündən əsl əyalət şəhərciyinə oxşayan Blisdeyldə cəmiyyətin «ortadan yuxarı təbəqə»sinin nümayəndələri «adlarına uyğun» evlərdə, villalarda, malikanələrdə yaşayırdılar. Şəhərciyin ağcaqayın və palıd ağacları əkilmiş təmiz, geniş küçələri, həmçinin nisbətən sakit mərkəzi var idi. Burada nə hay-küylü