İblisin vəkili. Эндрю Найдерман
Чтение книги онлайн.
Читать онлайн книгу İblisin vəkili - Эндрю Найдерман страница 6
‒ Dedi ki, ora… ora kimsə toxunanda nəsə qeyri-adi bir şey baş verir.
‒ Aydındır. Bəs sonra nə etdi? ‒ prokuror qızı ruhlandırmaq üçün başını tərpətdi.
‒ O mənə həmin yerləri göstərdi.
‒ Göstərdi? Necə?
‒ Onları göstərdi, sonra dedi ki, hər şeyi başa düşməyim üçün gərək ona həmin yerlərə toxunmağa icazə verim.
‒ Sən də icazə verdin, Barbara?
Barbara dodaqlarını bir-birinə bərk sıxıb başını tərpətdi.
‒ İcazə verdin?
‒ Bəli.
‒ O sənin haralarına toxunub, Barbara?
‒ Burama və burama, ‒ Barbara döşlərinə və ayaqlarının arasına işarə etdi.
‒ O, sadəcə, sənə toxunurdu, yoxsa başqa nəsə də edirdi?
Barbara alt dodağını dişlədi.
‒ Barbara, başa düşürük, sənə çox çətindir. Ancaq ədalətin qalib gəlməsi üçün biz bu sualları sənə verməliyik. Axı sən bunu anlayırsan, düzdür?
Qız başını tərpətdi, yəni «bəli, anlayıram».
‒ Məhkəməyə cavab ver, miss Uilson daha nələr edirdi?
‒ O, əlini bura qoydu, ‒ qız sağ əlini paçasına qoyub cavab verdi, ‒ və ovuşdurmağa başladı.
‒ Əlini bura qoydu? Demək istəyirsən, paltarın altından?
‒ Bəli.
‒ Sonra nə baş verdi, Barbara?
‒ O, bir şey hiss edib-etmədiyimi soruşdu. Mən dedim ki, qıdığım gəlir, o hirsləndi və əlini çəkdi. Dedi ki, bunu anlamağa hələ hazır deyiləm, amma başqa vaxt bir də cəhd edəcək.
‒ Cəhd etdi?
‒ Mənimlə yox, ‒ Barbara tez cavab verdi.
‒ Rəfiqələrinlə? Sinfinizdən olan başqa qızlarla?
‒ Ah… Bəli.
‒ Qızlara miss Uilsonun səninlə nələr etdiyini danışanda onlar da özləri barədə söz açdılar?
‒ Bəli.
Zaldakılar yüngülcə uğuldadı. Hakim tərs-tərs içəridəkilərə baxdı, dərhal zala sakitlik çökdü.
‒ Sonra da siz birlikdə hər şeyi mister Kornblöyə danışdınız?
‒ Bəli.
‒ Yaxşı, Barbara. İndi mister Teylor sənə suallar verəcək. Ona da mənə olduğu kimi düzünü danış, ‒ prokuror bunu deyib Kevinə tərəf döndü və başını tərpətdi. Mister Balm da dramatik jestlərin ustası idi.
«Yaxşı fənddir, ‒ Kevin fikirləşdi. ‒ Gərək yadımda saxlayım: «Ona da mənə olduğu kimi düzünü danış»».
‒ Barbara, ‒ Kevin yerindən qalxdı, ‒ sənin tam adın Barbara Elizabet Stenlidir, düzdür?
O çox sakit və dostyana danışırdı.
‒ Bəli.
‒ Sizin sinfinizdə başqa bir Barbara da var, düzdür?
Qız başını tərpətdi və Kevin gülə-gülə ona yaxın gəldi.
‒ Ancaq həmin qızın adı Barbara Luiza Martindir, ‒ Kevin davam etdi. ‒ Sizi qarışdırmamaq üçün miss Uilson onu Barbara Luiza, səni isə, sadəcə, Barbara çağırır, elədir?
‒ Bəli.
‒ Barbara Luiza sənin xoşuna gəlir?
Qız çiyinlərini çəkdi.
‒ Sənə elə gəlmirmi ki, miss Uilsonun səndən çox Barbara Luizadan xoşu gəlir? Necə düşünürsən?
Barbara Stenli gözlərini qıyıb Loisə baxdı.
‒ Bəli.
‒ Barbara Luiza daha yaxşı oxuduğuna görə?
‒ Bilmirəm.
‒ Bir də Barbara Luiza sənin kimi sinifdə pis sözlər işlətmədiyinə görə, elədir?
‒ Bilmirəm.
‒ Sən heç vaxt başqa qızları Barbara Luizaya qarşı qızışdırmamısan ki?
‒ Xeyr.
‒ Yadına sal, Barbara, hakim demişdi ki, sən məhkəmədə ifadə verəndə ancaq həqiqəti söyləməlisən. Sən həqiqəti söyləyirsən?
‒ Bəli.
‒ Sən dərsdə rəfiqələrinə Barbara Luizanı lağa qoyan məktublar yazmamısan?
Barbara Stenlinin dodaqları əsdi.
‒ Bəs bu cür məktubları sinifdəki başqa qızlara ötürəndə miss Uilson onları sənin əlində tutmayıb ki? ‒ Kevin başını tərpədib soruşdu.
Məktəbli qız Lois Uilsona baxdı, sonra gözünü zala, valideynləri oturan tərəfə çevirdi.
‒ Miss Uilson sinifdə baş verən hər şeyi dəftərinə qeyd edir, ‒ Kevin üzünü Kornblöyə tutub qovluqdan kağız çıxardı. ‒ O, qeydlərini saxlayıb. Sən Barbara Stenli hansısa rəfiqənə yazmısan: «Gəlin onu Barbara Luzer1 çağıraq». Başqa qızlar da bundan sonra onu belə adlandırmağa başlayıblar, elədir?
Barbara susurdu.
‒ Miss Uilsonun guya onları da yoldan çıxarmaq istədiyini iddia edən qızlar da Barbara Luizanı «Barbara Luzer» çağırırdılar, elədir?
‒ Bəli, ‒ Barbara az qala ağlayacaqdı.
‒ Deməli, mən səndən başqa qızları Barbara Luizaya qarşı qızışdırıb-qızışdırmadığını soruşanda yalan danışdın, elədir? ‒ Kevin qəfildən sərt şəkildə soruşdu.
Barbara Stenli alt dodağını dişlədi.
‒ Deməli, sən yalan danışdın? ‒ vəkil əl çəkmirdi.
Barbara başını tərpətdi.
‒ Bəlkə, indicə mister Balma
1