İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans

Чтение книги онлайн.

Читать онлайн книгу İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə - Eşli Vans страница 19

Автор:
Жанр:
Серия:
Издательство:
İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə - Eşli Vans

Скачать книгу

Harris Friker və Christopher Payne dəvət olundu. Mask Frikeri Bank of Nova Scotia-dan tanıyırdı və onlar tez ümumi dil tapdılar. Rods təqaüdçüsü[11] Friker X.com üçün vacib olan bankların çalışma mexanizmləri haqda bilgilər gətirdi. Payne Frikeri Kanadadan tanıyırdı. Elə bu dörd nəfər də X.com-u təsis etdi, Mask da qoyduğu böyük miqdarda sərmayə ilə onun ən böyük səhmdarı oldu. Şirkət Silikon Vadisi ənənələrinə görə “beyin fırtınasının’’ aparıldığı bir mənzildə yarandı. Sonra isə Palo-Altodakı Universitet prospekti, 394 adresindəki ofisə keçdi.

      Təsisçilər bank sisteminin zəmanədən geri qaldığı qənaətində idilər. İnternet çağında bank şöbəsinə gedib kassirlə danışmaq çox arxaik görünürdü. Bütün fikirlər qulağa xoş gəlirdi, amma Mask və komandasını saxlayan yeganə şey reallıq idi. Maskın bank sferasında təcrübəsi çox azdı, ona görə də kitablar alır, işin daxili mexanizmlərini anlamağa çalışırdı. Fəaliyyət planını hazırladıqca hüquqi-normativ məsələlərin keçilməz sədd olduğunu daha çox başa düşürdü. O günləri Ho belə xatırlayır: “Dörd və ya beş ay keçmişdi, biz isə elə hey yerimizdə sayırdıq’’. Təsisçilər hansısa bir mərhələdə problemi həll etməyin ən sadə yolunun bir bank alıb onu öz bildikləri kimi yenidən qurmaq olduğunu düşünmüşdülər. Bu yolla getmək alınmadı. Onlar Bank of America-nın maliyyə şöbəsinin təcrübəli rəhbəri ilə əlaqə yaratdılar, o, kreditləşmənin çətinlikləri, pul köçürmələri və hesabların qorunması haqda xeyli suala aydınlıq gətirdi.

      Aralarında şəxsi münaqişələr başladı. Mask Silikon Vadisinin gələcək vəd edən super-starı idi, mətbuat onu sevirdi. Bu, Frikerin xoşuna gəlmirdi. O, Kanadadan gəlmişdi və özünü bank sehrbazı kimi göstərmək üçün X.com yaxşı bir fürsət idi. Çox adam Frikerin şirkəti idarə etmək istəyindən danışırdı. O, Maskın bütün bank sistemini yenidən qurmaq fikrini sarsaq fikir adlandırır, şirkətin üzərinə çox böyük vəzifə qoyduğunu deyirdi: “Biz mətbuata günəş, ay və ulduzlar vəd etmişdik. İlon klassik biznes mühitindən və alışdığımız işgüzar düşüncədən imtina etməyi təklif edir. O, “Xoşbəxtlik fabriki” qurub Silikon Vadisinə nasosla xoşbəxtlik vuracağını deyir’’. Friker Maskı işlərini ifrat dərəcədə reklam etməyə, qalmaqal yaradaraq kütləyə oynamasına görə günahlandırırdı. O, Maskı günahlandıran sonuncu adam olmayacaqdı. Ancaq bunların Maskın çatışmazlığımı, yoxsa məziyyətimi olduğu mübahisəli məsələ idi. Bəlkə də, bunlar Maskın bir iş adamı kimi böyük istedadının göstəricisi idi.

      Frikerlə Mask arasındakı dava çox tez və çirkin bir şəkildə sonlandı. Şirkətin qurulmasından beş ay sonra Friker üsyan qaldırdı. Mask o hadisəni belə xatırlayır: “Friker CEO olmaq istəyirdi, əks təqdirdə hamını özü ilə aparıb başqa bir şirkət quracaqdı. Mən də “bir şantajın əskikdi” dedim, “get və qur”. O da getdi’’. Mask Ho ilə bəzi önəmli adamları saxlamağa çalışsa da, onlar Frikerin tərəfini tutaraq şirkəti tərk etdilər. Maska şirkətin adı və iki-üç sadiq işçisi qaldı. Şirkətdə qalan Culia Ankenbrandt durumu belə təsvir edir: “Hadisədən sonra İlonla ofisdə oturmuşduq. O vaxt X.com kimi biznes qurmağa əngəl bəzi qanunlar vardı. Amma İlonun vecinə deyildi. Mənə baxıb bir neçə işçi almağımızı söylədi”[12].

      Mask X.com üçün maliyyə qaynaqları axtarırdı. Vençur sahibkarlarını ayrı-ayrılıqda ziyarət edir, şirkətində qəpik-quruş qaldığını etiraf etməkdən çəkinmirdi. Sequoia Capital şirkətindən məşhur investor Mike Moritz onlara dəstək oldu. Mask özünü yenidən Silikon Vadisinin küçələrinə atdı, bəlağətli nitqi ilə internet-bankların gələcəyindən danışaraq şirkətə yeni əməkdaşlar cəlb etdi. Skott Anderson adlı gənc bir kompüter mütəxəssisi 1 avqust 1999 tarixində işə başladı, çox keçmədən şirkətin gələcəyi ilə bağlı o da Mask kimi düşünməyə başladı. Anderson belə deyirdi: “Dönüb geri baxanda bunun tamamən bir dəlilik olduğunu gördüm. Hollivud dekorasiyalı nəsə bir sayt. İnvestorların bu işə hansı ağılla pul qoyduqları qəribə idi’’.

      Gün keçdikcə mühəndislərin sayı artır, hədəf daha aydın görünməyə başlayırdı. Şirkət bank fəaliyyəti üçün lisenziya aldı. Sonra investisiya fondunun hissə lisenziyasına sahib oldu və maliyyə konqlomeratı Barclays ilə ortaq oldu. Noyabr ayında kiçik proqramçılar qrupu FDIC (Depozitlərin sığortası üzrə Federal korporasiya – İ.N.) təminatlı, hesabları tam sığortalı olan dünyanın ilk internet bankını qurdular. Mask test üçün öz cibindən 100 min dollar pul verdi. Şükranlıq günü gecəsi X.com ilk xidmətləri göstərməyə başladı. Anderson o gecəni belə xatırlayır: “Gecə ikiyə qədər oradaydım. Sonra bayram yeməyi hazırlamaq üçün evə getdim. Bir neçə saat sonra İlon telefon edib digər mühəndislərin dincəlməsi üçün məni ofisə çağırdı. Özü isə iki sutka idi şirkətdən çıxmırdı, hər şeyin çalışdığına əmin olmaq istəyirdi’’.

      Maskın rəhbərliyi ilə X.com bir neçə əsas bank əməliyyatını sınaqdan keçirtdi. Müştərilər saytda qeydiyyatdan keçən kimi hesablarına 20 dollar yatırılır, cəlb etdikləri hər yeni müştəriyə görə isə 10 dollarlıq hədiyyə çeki verilirdi. Mask banklarda müştərilərdən çıxılan xidmət xərcləri və mənasız cərimələri ləğv elədi. X.com şəxsi ödəmələrin müasir köçürtmə sistemini qurdu. Artıq pul göndərəcəyin adamın e-mail ünvanını bilmək kifayətdi ki, ona pul köçürəsən. “Astagəl’’ bank sistemi çevik bank əməliyyatları ilə çöhrəsini dəyişirdi. Maskın gətirdiyi yeniliklər inqilabi xarakter daşıyırdı və ilk iki ayda 200 mindən çox adam X.com-un müştərisi oldu.

      Çox keçmədən X.com-un güclü bir rəqibi çıxdı. Maks Levçin və Peter Thiel adlı iki ağıllı gənc Confinity adlandırdıqları ödəmə sistemi üzərində çalışırdı. Çalışdıqları kiçik yer Maskın ofısində idi, oranı X.com-dan icarəyə götürmüşdülər. Gördükləri iş isə Palm Pilot (geniş funksional imkanları olan portativ hesablama aparatı – İ.N.) sahibi olanların köçürmələrini infraqırmızı portlar üzərindən həyata keçirmək idi. X.com və Confinity şirkətlərinin yerləşdikləri Universitet prospektindəki bina internetdə maliyyə inqilabının mərkəzinə çevrildi. Ankerbrandt o gəncləri belə xatırlayır: “O iki gənc hər şeyi unudub çalışırdı. İçəridə çox pis bir qoxu vardı. İndiyədək burnumdadır: pizza artıqları, kirli bədən və tər qoxusu’’.

      X.com və Confinity arasında yaranmış qəribə dostluq anidən bitdi. Confinity eyni prospektdə yerləşən başqa bir ofisə köçdü və PayPal adı verdikləri internet vasitəsilə öz ödəmə sistemi üzərində çalışmağa başladı. Daha çox müştəri toplamaq üçün iki şirkət arasında şiddətli savaş başladı. Qələbə daha çox müştəri toplayanın olacaqdı. On milyonlarla dollar reklam kampaniyalarına, başqa milyonlar isə maliyyə fırıldaqları üçün yeni sahə tapmış hakerlərlə mübarizəyə xərcləndi. Sonralar Yelp-in (Xidmət sektorunu qiymətləndirmə sistemi – İ.N.) CEO-su olacaq X.com mühəndisi Jeremy Stoppelman belə deyir: “Bu, stripriz klubunda qızların üstünə pul səpələməyin internet versiyasına bənzəyirdi. Pullar görünməmiş bir sürətlə qurtarırdı’’.

      İnternet ödəmələrində

Скачать книгу


<p>11</p>

Rods təqaüdçüsü (Rhodes) – Oksford universitetində oxumaq üçün verilən təqaüd, De Beers korporasiyasının qurucusu Cecilil Rhodes (1853–1902) tərəfindən təsis edilib – İ.N.

<p>12</p>

Sonralar Friker CEO olması fikrinin ondan deyil, bəzi çalışanlardan çıxdığını deyəcəkdi. Bir zamanlar çox yaxın dost olan Friker və Mask indi də küsülüdürlər. Friker bu haqda ‘’İlonun özünəxas əxlaqi və şərəf kriteriyaları var, oyunu sərt bir şəkildə oynayır. Biznes onun üçün bir savaşdır’’ demişdi. Maska görə isə ‘’Friker çox ağıllıdır, ancaq ürəyinin təmiz olduğunu düşünmürəm. Sükanı əlinə almaq üçün çox böyük arzusu vardı, əgər bacarsa, şirkəti başqa yerlərə istiqamətləndirəcəkdi’’. Friker maliyyə xidməti göstərən kanadalı GMP adlı şirkətin CEO-su oldu və çox uğurlu bir karyera qurdu. Payne isə Torontoda özəl bir hüquq şirkətinin rəhbəridir.