İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans

Чтение книги онлайн.

Читать онлайн книгу İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə - Eşli Vans страница 20

Автор:
Жанр:
Серия:
Издательство:
İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə - Eşli Vans

Скачать книгу

sponsor oldular. Artıq müştərilərinin sayı bir milyonu keçmişdi[13].

      İki şirkət öz korporativ ənənələrini də birləşdirmək istədilər, ancaq buna nail ola bilmədilər. X.com çalışanları kompüterlərinin monitorlarını kabellərlə təkərli stullara bağlayıb birlikdə çalışmaq üçün küçəylə Confinity-nin ofisinə qədər sürürdülər. Lakin onlar vahid bir komanda olmadılar. Mask X.com brendini müdafiə edir, çox adam isə PayPal deyirdi. Əsas mübahisə şirkətin texnoloji infrastrukturu ətrafında baş verirdi. Levçin və onun Confinity komandası Linux kimi inkişaf etməkdə olan kodlu proqramlar tərəfdarı idilər. Mask isə daha effektiv saydığı Microsoft proqram təminatını müdafiə edirdi. Kənardan baxanlar üçün bu fikir ayrılığı çox da önəmli kimi görünməyə bilər, amma Microsoft-u “Şeytan imperiyası’’, Linux-u isə modern proqram təminatı sayan proqramçılar üçün bu mübahisə dinlərarası müharibəyə bənzər bir qarşıdurma idi. Birləşmədən iki ay sonra Thiel istefa verdi, Levçin isə texnoloji ikitirəlik səbəbi ilə işdən ayrılacaq deyə təhdid etməyə başladı. Mask belə bir parçalanmış şirkəti idarə etməli idi.

      X.com-un texniki məsələlərlə bağlı qarşılaşdığı problemlər dərinləşir, hesablama sistemləri müştəri bazasının böyüməsi ilə ayaqlaşa bilmirdi. Həftədə bir dəfə şirkətin veb-saytı çökürdü. Mühəndislərə yeni sistem yaratmaq əmri verildi. Bu isə əsas texniki kadrları işdən ayırır, X.com haker hücumları üçün asan hədəfə çevrilirdi. Stoppelman vəziyyət haqda “Qazandığımız pulu sürətlə itirirdik’’ deyirdi.

      X.com populyarlaşdıqca işlər çoxalır, bu isə problemlərin artmasına gətirib çıxarırdı. Fırıldaqçılıq halları artmağa başladı. Bank və kredit təşkilatlarının hesabına gedən rüsumlar artırdı. Yeni yaranan startaplarla rəqabət çətinləşirdi. İtkiləri kompensasiya etmək və pullardan daha səmərəli istifadə üçün X.com-un onlara uyğun bir biznes-modelə ehtiyacı vardı. Şirkətin maliyyə müdiri, sonralar isə Sequoia-nın məşhur sərmayədarı olacaq Ralf Bota Maskın X.com-un həqiqi problemini gizlətdiyini düşünürdü. Şirkət daxilində Maskın kritik anlarda doğru qərar verdiyinə inananların sayı azalırdı.

      Bunun sonu çevrilişlə nəticələndi. Bu çevriliş Silikon Vadisinin şanlı tarixindəki ən iyrənc çevriliş idi. X.com-un işçilərindən ibarət kiçik qrup bir axşam Palo-Altodakı Fanny&Alexander barında yığışaraq Maskın işdən uzaqlaşdırılması planını müzakirə etdi[14]. Belə qərara gəldilər ki, Peter Thielin CEO olaraq geri gətirilməsini İdarə Heyətindən tələb etsinlər. Levçin və tərəfdarları çevrilişi Maskın arxasında, gizlicə həyata keçirməyə hazırlaşırdılar.

      Mask və Castin 2000-ci ilin yanvarında evləndilər, ancaq bal ayına gedə bilmədilər. Doqquz ay sonra – sentyabrda onlar iş ilə tətili birləşdirib Sidneyə uçmağa qərar verdilər. Onlar səyahətə həm yeni investisiyalar cəlb etmək, həm də bal ayı tətili üçün çıxırdılar. Ən son da Sidney Olimpiadasına baxıb geri dönməyi planlaşdırdılar. Axşam saatlarında təyyarəyə mindikləri əsnada X.com-un digər rəhbərliyi şirkətin İdarə Heyətinə Maska inamsızlıq məktubu göndərdi. Maska sadiq bəzi adamlar nəsə pis şeylər hiss etməyə başladılar, amma artıq gec idi. Ankenbrandt o axşamı belə xatırlayır: “Axşam gec saatlarda ofisə gəldim. On birin yarısı idi, hər kəs ofisdə idi. Olanlara inana bilmirdim. Dəli kimi İlonla əlaqə qurmağa çalışırdım, ancaq o, təyyarədə idi’’. Təyyarə yerə enəndə Thiel Maskın yerinə təyin olunmuşdu.

      Nəhayət, Mask baş verənlərdən xəbərdar oldu və o, ilk təyyarə ilə təcili Palo-Altoya geri qayıtdı. Castin belə deyir: “Bu bir şok idi, amma Maskın haqqını vermək lazımdı – ləyaqətlə durmuşdu’’. Mask bir müddət müqavimət göstərdi. İdarə Heyətinin qərarının dəyişməsində təkid etdi. Amma işin bitdiyini anlayıb geri çəkildi. Mask olanları belə ifadə edir: “Mən Moritz və digərləri ilə danışdım. Artıq CEO kimi qalmaqda təkid etmirdim. Narahatlığım onların işin öhdəsindən mənsiz gələ bilməyəcəkləri ilə bağlı idi. Levçin və Thiellə söhbətdən sonra onların müvəffəq olacağına sanki inandım. Yəni nəticə etibarilə dünyanın sonu deyildi’’.

      X.com-un qurulduğu gündən Maskın yanında olanlar yaşananlardan məmnun deyildilər. Stoppelman ozamankı vəziyyətini belə təsvir edir: “Mən yıxılmışdım, gərgin və əsəbiydim. İlon mənim gözümdə rok ulduzu kimi bir şeydi. Açıq şəkildə bir anlaşılmazlıq olduğunu hayqırırdım. Ancaq şirkətin vəziyyətinin də yaxşı olduğunu görürdüm. Batırılmaz bir gəmi idi və mən də onu tərk etmək istəmirdim’’. 23 yaşlı Stoppelman iclas otağına girib Thiel və Levçinə hücum etmişdi. Stoppelman “Onlar mənə ürəyimi boşaltmağa izin verdilər, bu da mənim şirkətdə qalmağıma yardım etdi’’ deyir. Mühəndis Branden Spayke isə fərqli düşünürdü: “Arxadan alçaqcasına vurulmuş bir zərbə idi. Əgər qərarı İlonun iştirakı ilə qəbul etsəydilər, mən, bəlkə də, razılaşardım’’.

      2001-ci ilin ortalarına doğru Maskın şirkətdəki mövqeləri hissolunacaq dərəcədə zəiflədi. İyunda Thiel rebrendiq edərək X.com adını PayPal-la əvəzlədi. Mask nadir hallarda ona qarşı göstərilən hörmətsizliyi cavabsız buraxırdı. Ancaq bu dəfə inanılmaz səbir nümayiş etdirdi. Şirkətdə məsləhətçi kimi çalışır və investisiya qoymağa davam edirdi. Bu da onu PayPal-ın ən böyük səhmdarına çevirirdi. Bota bu haqda belə deyirdi: “İlonun yerində bir başqası olsa, qəzəblənib intiqam almaq üçün fürsət axtarardı. Amma o, başqa yol tutdu: bir əsilzadə kimi hərəkət edərək Peter Thieli dəstəklədi’’.

      Sonrakı bir neçə ay Maskın gələcəyi baxımından çox həlledici olacaqdı. “Dotcom’’ avantürası sona yaxınlaşırdı, insanlar nəyin bahasına olursa olsun pullarını nağdlaşdırmaq istəyirdilər. PayPal-ı almaq üçün eBay-dan təklif gələndə çalışanların çoxu “şirkəti satmaq, hətta mümkün qədər tez satmaq” dedilər. Ancaq Mask və Moritz İdarə Heyətini təklifi qəbul etməməyə, bir az gözləyib daha baha qiymətə satmağa çağırdılar. PayPal-ın gəliri ildə 240 milyon dollar idi, özünü elə aparırdı ki, sanki təkbaşına davam gətirə biləcək. Mask və Moritzin müqaviməti bəhrəsini verdi. 2002-ci ilin iyulunda eBay PayPal-ı satın almaq üçün 1,5 milyard pul təklif etdi. İdarə Heyəti və Mask bu sövdələşməyə razı oldular. Mask bu satışdan 250 milyon dollar qazandı, vergilər ödəndikdən sonra onun əlinə 180 milyon dollar keçdi – bu pul ən iddialı layihələri həyata keçirmək üçün kifayət idi.

      PayPal macərasının Mask üçün müsbət və mənfi tərəfləri oldu. Bir lider kimi etibarı zədələndi, hətta mətbuat ilk dəfə onun üstünə düşdü. Confinity-nin ilk işçilərindən Erik Cekson 2004-cü ildə yazdığı “PayPal savaşları: eBay, mətbuat, mafiya və bütün dünya ilə döyüşlər’’ adlı kitabında şirkətin gurultulu və hadisələrlə zəngin həyatını bütün təfsilatı ilə verib. Mask kitabda səhv qərarlar verən, eqoist və inadkar kimi göstərilir. Thiel və Levçin isə dahi qəhrəmanlar kimi təqdim olunublar. Valleywag adlı Silikon Vadisinin dedi-qodu saytı Maska qarşı qaralama kampaniyasını özünün ən sevimli mövzusuna çevirmişdi. Tənqidlər elə bir həddə çatmışdı ki, oxucular

Скачать книгу


<p>13</p>

Şirkətin investorları Maskı CEO vəzifəsindən çıxartdılar. Onlar şirkəti birjaya açacaq daha təcrübəli bir rəhbər istəyirdilər. 1999-un dekabr ayında Intuit şirkətinin keçmiş baş direktoru Bill Harris X.com-a CEO təyin edildi. Birləşmədən sonra çalışanların çoxu Harrisdən üz döndərdilər, o da istefa verməyə məcbur oldu. Mask yenidən CEO vəzifəsinə geri döndü.

<p>14</p>

Söhbət edə bildiyim PayPal işçilərinin dediyinə görə, Maskın istefaya göndərilmə kampaniyasına Confinity-dən David Saks başçılıq edirdi. Buna baxmayaraq Mask və Saks gələcəkdə də münasibətlərini saxladılar, bərabər film çəkib ortaq işlər gördülər.