İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə. Eşli Vans
Чтение книги онлайн.
Читать онлайн книгу İlon Mask - Tesla, SpaceX və möhtəşəm gələcəyin izi ilə - Eşli Vans страница 22
Mask Kaliforniyaya yanvar ayında döndü, xəstəlik ən qızğın çağındaydı. Yatağa düşəndən bir neçə gün sonra Castin onu zorla həkimə apardı. Həkim onu təcili olaraq Redvuddakı Sequoia Hospital xəstəxanasına yerləşdirdi. Bir müddət sonra Mask Stanford xəstəxanasına müraciət edərək həkimlərə malyariya zonasında olduğunu söylədi. Ancaq onun analizlərində malyariya virusuna rast gəlinmədi. Həkimlər onurğa iliyinin punksiyasını edib Maska viruslu meningit diaqnozu qoydular. Müalicə başlayınca Mask nisbətən yaxşılaşdı. Onu evə buraxıb simptomların təkrarlana biləcəyi haqda xəbərdarlıq etdilər. İlon sonrasını belə xatırlayır: “Qısa müddət sonra vəziyyətim yenidən xarab olmağa başladı, halım get-gedə daha da pisləşirdi. Çox keçmədən ayaqlarım tutuldu. Birinci dəfəkindən daha ağır vəziyyətə düşmüşdüm’’. Castin Maskı bu dəfə başqa həkimə apardı, onun otağında İlon yerə yıxıldı. Bədəni elə susuzlaşmışdı ki, həkim Maskın ciyərlərini dinləyə bilmədi. Təcili yardım çağırıb onu əlində damcılıq, sistem altında yenidən Sequoia Hospital-a yerləşdirdilər. Orada Maska yenə yanlış diaqnoz qoydular – bu dəfə də malyariyanın növünü düz tapmadılar. Müalicə yanlış getdiyi üçün kənar effektlər çıxdı ortaya – ürək döyüntüsü artdı, bir çox orqanın funksional çatışmazlığı başladı.
Maskın müalicəsi düzgün getmirdi, vəziyyəti daha da ağırlaşdı. Başqa bir xəstəxananın malyariya üzrə daha təcrübəli həkimi təsadüfən Maskın analizlərini gördü və dərhal ona doksitsilin antibiotikinin ən maksimal dozasını yazdı. Bir gün də geciksə, Mask öləcəkdi.
İntensiv terapiya şöbəsində Mask əzab içində on dəhşətli gün keçirdi. Castin şok keçirmişdi: “Mask tank kimi sağlamdı. Olduqca dözümlüdür, kimsədə olmayan bir stress dayanıqlığı var onda. Onu bu dərəcədə aciz görmək başqa dünyaya səyahətə bənzəyirdi’’. Sağalması altı ay sürdü. 20 kilo arıqladı, şkafdakı bütün geyimləri ona gen gəldi. Mask başına gələnləri iki cümlə ilə belə izah etdi: “Mən ölümə çox yaxınlaşdım. Və bundan bir dərs çıxartdım – mənə məzuniyyətə çıxmaq düşmür. Tətil məni öldürür’’.
6. Kosmosdaki siçanlar
2001-ci ilin iyun ayında İlon Maskın 30 yaşı tamam oldu və ad günü ona ciddi bir zərbə oldu. Ciddi bir tonla Castinə belə dedi: “Mən artıq vunderkind deyiləm’’. Həmin ay X.com adı rəsmi olaraq PayPal-a dəyişdi. Bu da Maska şirkətin ondan alınaraq başqasına keçdiyini xatırladacaq pis bir xatirə olaraq qaldı. O, startap rejimində yaşamağı “Qeyri-müəyyənliyə boylanaraq əzab çəkmək’’ adlandırırdı. Belə həyat və Silikon Vadisi onu bezdirməyə başlamışdı. Maska elə gəlirdi ki, o hamının yüksək texnologiyalar sferasında çalışdığı, gecə-gündüz ancaq investisiya cəlb etmək, aksiyaların ilkin yerləşdirilməsi və böyük gəlirlər haqda danışılan bir dünyada yaşayır. Ətrafdakılar uzun iş günləri ilə lovğalanırdılar. Castin isə onlara gülürdü, çünki Maskın həyat tərzi daha ekstremaldı. O bəzi rəfiqələrinin ərlərinin evə saat yeddi-səkkizdə gəlməsindən şikayət etdiklərini deyirdi.
İlon isə evə axşam saat on birdə gəlir, hələ bir az da evində çalışırdı. Onun əldə etdiklərini qazanmaq üçün hansı qurbanlar verildiyini hər kəs anlamırdı. “Siçan yarışı’’ndan[15] qaçmaq fikri getdikcə daha cəzbedici olmağa başlayırdı. Mask bütün həyatı boyunca hədəflərini böyük tutmağa çalışdı. Bu baxımdan Palo-Alto onun üçün daha çox bir pilləkən idi, nəinki varılacaq məntəqə. Castin və Mask ailə qurmaq, həyatlarında yeni səhifə açmaq üçün cənuba – Los-Ancelesə köçməyə qərar verdilər. “Maskın Los-Anceles kimi bir yerin stilinə, canlılığına, rənglərinə rəğbəti vardı. İlon hadisələrin mərkəzində olmağı sevirdi’’, – Castin belə demişdi. Maskın bənzər duyğuları hiss edən kiçik bir dost qrupu da bir neçə illiyinə Los-Ancelesə köçdü. Sonrakı bir neçə il çılğınca keçmişdi.
Maskı özünə çəkən Los-Ancelesin lüksü və ehtişamı deyildi. Onu özünə həm də kosmos çəkirdi. PayPal-dan uzaqlaşdırılınca Mask kosmik gəmilər və kosmik uçuşlar haqdakı uşaqlıq xəyallarına qayıtdı və internet xidmətləri yaratmaqdan daha vacib işləri düşünməyə başladı. Çox keçmədən dostları onun davranış və düşüncələrində dəyişikliklər sezməyə başladılar. Eyni şeyi biznesdəki uğurlarını bayram etmək üçün Las-Veqasa yığışmış PayPal top-menecerləri də müşahidə etdilər. PayPal-ın ilk investorlarından olan Kevin Hartz “Hard Rock Cafe-nin çardağında söhbətləşirdik. İlon isə kənarda raket sənayesi haqda kiflənmiş, sanki eBay-dan alınmış köhnə sovet kitabı oxuyurdu. Kosmik uçuşlar və dünyanı dəyişmək haqda fikir yürüdürdü’’ demişdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.