Seçilmiş əsərləri. Абдурагим-бек Ахвердов
Чтение книги онлайн.
Читать онлайн книгу Seçilmiş əsərləri - Абдурагим-бек Ахвердов страница 10
Mən:
– Xeyr, bilmirəm.
Məşədi Həsən:
– Əlbəttə öyrən. Yoxsa bəyliyin dürüst olmaz.
O biri sual:
– Neçə borcun var?
Mən:
– Allaha şükür, bir kəsə bir quruş verəcəyim yoxdur.
Məşədi Həsən:
– Bu da olmadı. Şərab içirsənmi?
Mən:
– Xeyr, heç anadan olandan dilimə dəyməyib.
Məşədi Həsən:
– Bu da olmadı. Danos bilməzsən, borcun yox, şərab içməzsən, bəs nə günün bəyisən, a mənim başıma daş salasan? Bunlar hamısı getsin cəhənnəmə, barı boz paltonun varmı?
Mən:
– Necə boz palton?
Məşədi Həsən:
– Əlbəttə, özünə bir boz palton tikdirsən, gümüş piləkli16 boyunluğunun qabağında qırmızı mahud olsun, özün də usta Kalusə tikdirəsən, çünki o kişi bəy paltonu tikməkdə çox mahirdir.
Məşədi Həsən bir az da məzəmmət elədi. Gördüm gözüm yumulur və mürgüləyirəm.
Dedi:
– Deyəsən yol səni yorub, yuxun gəlir. Gedim evə, sən də bir az yat, axşam gələrəm söhbət elərik.
Mən Məşədi Həsəndən təvəqqe etdim ki, bir-iki gün zəhmət çəkib Gəncəni mənə göstərsin. Əlini gözünün üstünə qoyub “gözüm üstə” deyib getdi. Məşədi Həsən gedəndən sonra uzandım təxtin üstünə. Bir neçə vaxt gözümə yuxu getmədi, xəyalət məni götürdü. Öz-özümə deyirdim: “A kişi, bu bəyliyin nə ağır vəzifələri var imiş, bilsəydim, əslən özümü dolaşdırmazdım”. Bu xəyalətlə axırı yuxuladım.
Bu gün cümə günü olduğuna görə Şah Abbas məscidinə getdim. Məscidin ətrafında çoxlu hücrələr gördüm. Bunların yarısı təzə tikilmiş idi. O biri yarısı köhnə zamandan qalma idi. Bir nəfərdən xəbər aldım ki, bu təzə hücrələr nə üçündür?
Dedi:
– Deyəsən qəribsən, bilmirsən?
Dedim:
– Bəli.
Dedi:
– A başına dönüm, din-məzhəb aradan çıxıbdır. Ata-babamız qoyan qaydanı buraxıblar, indi buranı tikiblər, adını da “məktəbi-ürfan” qoyublar, deyirlər gərək uşaqlarınızı gətirəsiniz, burada oxusunlar. Heç görünübdürmü ki, uşaq stul üstə oturub dərs oxusun?
Dedim:
– Əmi, adın nədir?
Dedi:
– Qulamın Əliəkbər. Mənə məşhur “mömin” və müqəddəs deyərlər.
Gəzə-gəzə o biri hücrələrin qabağına getdim. Gördüm burada çoxlu mollalar var. Bir nəfər də hücrənin qabağında durub baxır.
Dedim:
– Qardaş, bura nədir?
Dedi:
– Molla fabrikasıdır.
Bunu deyib getdi. Bu halda içəridən bir molla çıxdı. Bundan xəbər aldım ki, siz bura nəyə yığılıbsınız?
Dedi:
– Molla olmaqdan ötəri.
Bu sözü deyib ah çəkdi. Dedim:
– Balam, niyə ah çəkdin?
Dedi:
– Keçən günlər yadıma düşdü.
Dedim:
– Necə məgər?
Dedi:
– İşlər günbəgün çətinləşir. Ha bir yandan bağırırlar, mədəniyyət olduqca işlər asan olacaqdır. Amma mən görürəm ki, bu yalan sözdür. Keçmişlərdə birisi gəlib bir on beş gün qalıb, molla olub gedirdi. Amma indi işi çətin eləyiblər. Gərək tamam bir il qalasan. Fəqir-füqəranın evi yıxılır. A kişi, özgə xərclər dursun kənarda, təkcə ağanın cibini doldurmaq olmur. Bundan hesabını tut.
Dedim:
– Səbr elə, Allah kərimdir.
Buradan ötüb keçdim. Altı-yeddi hücrə gördüm. Hər birində on-on beş nəfər əyləşib söhbət edirdilər. Bunların bir nəfəri molla idi, yerdə qalanları mollaya oxşamayırdılar. Bir nəfərdən xəbər aldım ki, bura nədir?
Dedi:
– Bura da Şah Abbasın tənbəlxanasıdır.
Dedim:
– Oradakılar kimdir?
Dedi:
– Gəncənin hacıları və məşədiləri.
Dedim:
– O molla nə qayırır?
Dedi:
– Onlara nağıl söyləyir. Hər tənbəlxananın bir nağıl deyəni vardır. Bunların qışda odunu mövqufatdan17 verilir, özlərinin də adları nəqibin18 dəftərinə düşübdür. Hər yerdə aş olsa, bunlar orda başdır. Kefləri kök, yeyib sabahdan axşama kimi burda yatırlar.
Bu halda gördüm bir hücrədən ucadan oxumaq səsi qalxdı. Dedim:
– Bu oxuyan kimdir?
Dedi:
– Gəncə mərsiyəxanlarıdır. Səsləri açılmaqdan ötrü məşq eləyirlər.
Bir neçə hücrələrdə gördüm adam yoxdur. Ancaq hər birində bir nəfər molla əyləşibdir. Dedim:
– Bunlar nədir?
Dedi:
16
Düyməli
17
Mövtufat – vəqfə verilmiş şeylər: vəqf – xeyrat, ehsan: məscid, məktəb xeyrinə sərf olunmaq üçün qoyulmuş mal, mülk və sairə.
18
Nəqib – Bir qövmün və ya qəbilənin rəisi, yaxud vəkili.