Seçilmiş əsərləri. Абдурагим-бек Ахвердов
Чтение книги онлайн.
Читать онлайн книгу Seçilmiş əsərləri - Абдурагим-бек Ахвердов страница 9
Gördüm qarabağlıdır, bərk keflənib, özü kimi bir dəstə keflənmiş müsəlman qardaşlardan başına yığıb, özü üçün xanəndəlik eyləyir.
Dedim:
– Qardaş, bəsdir. Oyuna, camaata çox əziyyət olur.
Dedi:
– Bircə de görüm altıaçılanı tanıyırsanmı?
Bir də gördüm vaxt keçir, getdim yatmağa. Mənzilə qayıdantək mehmanxana nökəri daxil olub paşpurt istədi. O saat təzə aldığım həmişəlik bəy paşpurtunu cibimdən çıxardıb verdim. Keçmişdə ildə bir dəfə rəiyyət paşpurtu alardım və orada da yazılardı:
“Mozalan Mirzə Xanqulu oğlu”. Amma təzə paşpurtda yazılmışdı: “Mozalanbəy Xanqulubəyoviç Qozqıranbəyov”. Xülasə, çox təşəxxüslə bəy paşpurtunu verdim mehmanxana nökərinə, apardı. Bir az keçdi, gördüm qapını döyürlər, soruşdum:
– Kimsən?
Gördüm deyirlər:
– İçəri girməyə izin var?
Dedim:
– Hər kəssən, buyur.
Qapı açıldı. Bir balaca, gödək adam, başında Gəncə papağı, daxil oldu:
– Salaməleyküm.
– Əleykəssalam!
Sonra balaca şəxs başladı məndən üzr istəməyə:
– Bəy, bağışla, nökərlər səni tanımayıblar, sənə kəmetinalıq ediblər. Eşitmişəm nökər xurcuna yapışıb deyibdir ki, çamadanı da özün götür, sən də hirslənmisən.
Soruşdum:
– Bəs sən kimsən?
Dedi:
– Mənim adım qarabağlı balasıdır. Gəncədə hər kəsdən sual etsən ki, Bala Seyid kimdi, o saat məni nişan verər. Qarabağda, Bakıda, İrəvanda, hər yerdə mənim adım məlumdur və gələnlər birbaş mənim nömrələrimə düşürlər.
Dedim:
– Çox əcəb, seyid də mehmanxana saxlarmı?
Gördüm seyid pozuldu. Dedi:
– Bəy, mehmanxana saxlamaq məgər ki, xilafi-şərdir. Allaha şükür, şərab satmayırıq, nömrələrdə qumar oynanmır, cavanlar yığılıb keyf eyləmirlər. Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram, müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki,ölü yesə dirilər. Məgər bu xilafi-şər əməldir?
Dedim:
– Ağa seyid, mən deyəni sən başa düşmədin, mənim dediyim budur ki, seyid nömrə saxlamaz, seyid dükan açmaz, seyid hamballıq eləməz. Seyidsən, get xüms yığ, yəni kəndlərdə it qoruya-qoruya “tuğ” gəzdir, məscidlərdə özün üçün pul yığ. Nə mehmanxanabazlıqdır. On dörd şahı maya qoy, yeddi ərşin qədək al, sarı başına, düş kəndlərin canına. Bir ildən sonra inandırıram səni, yüzlükdən yorğan tikərsən, bu gecə dürüst fikir elə, peşman olmazsan!
Bala seyid mənim sözlərimə təbəssüm eyləyib soruşdu:
– Bir şeyə meyl edəcəksiniz, ya nə?
Dedim:
– Bir qədər xörək göndər.
Seyid “baş üstə” deyib getdi. Nökər boşqab, çəngəl, bıçaq, qaşıq gətirib stolun üstünə düzüb getdi. Sonra da bir boşqab plov gətirdi qoydu.
Plovu təzə yeyib qurtarmışdım, gördüm qapı açıldı, mənim köhnə Tiflis rəfiqlərimdən bir nəfər, Məşədi Həsən adlı, girdi içəri və üzünü mənə tutub dedi:
– Paho, ya Allah, a kişi, sən hara, Gəncə hara? Kufə14 hara, Şam15 hara? Nə əcəb, xeyirdimi? Sən ki, Tiflisdən kənara çıxmazdın, indi nə olub bizim ətrafa qədəm basdın? Doğrusu, bu gün səni məsciddə gördüm, istədim duram yanına gələm, yerimdən dura bilmədim, çünki axund çuxamın ətəyinin üstündə oturmuşdu, başı da plova qarışıqdı, zəhmət verib “çuxamın üstündən dur” deyə bilməzdim. Sonra da başımı qalxızdım, gördüm məsciddə yoxsan. Məsciddən çıxan tək dedim, gərək gedim mehmanxanaları axtarım. Gəlib burada soruşuram ki, Tiflisdən buraya adam gəlməyib? Deyirlər ki, bir bəy gəlib, on ikinci nömrəyə düşüb. Taxtaya baxıram, orada da yazılıb “Qozqıranbəyov”, pənah Allaha – deyib gəlmişəm. Çox şad oldum ki, neçə ildən sonra sağ və salamat görüşdük.
Məşədi Həsən mənim çarpayımın üstündə bardaş qurub əyləşdi.
Papağını çıxarıb qoydu yana və diqqətlə üzümə baxıb dedi:
– A kişi, axır heç qocalmayıbsan, belə mən Tiflisdə qoyduğum Mozalansan. Bir de görüm bu Qrzqıranbəyov familini haradan alıbsan?
Dedim:
– Sən elə məsələlərə əl uzatma, ancaq bunu bilginən ki, bu saat bəyəm, özüm də çox nəcib.
Məşədi Həsən inanmayıb dedi:
– Səndən bir neçə sual edəcəyəm, onlara cavab versən, onda bilərəm ki, həqiqət bəy olubsan.
Dedim:
– Buyur.
Məşədi Həsən soruşdu:
– Əvvəla, əgər sən bəysən, bu nömrələrdə nə işin var?
Dedim:
– Bəs haraya düşüm, qürbətə gələn nömrəyə düşməz, haraya düşər?
Dedi:
– Bəysən, buralardakı gözəl qəsdinlərin birinə düş: “Sentralni” var, “Peterburq” var. Bəy də müsəlman nömrəsinə düşərmi? Bu mənim əvvəl sualım, indi qalan suallarıma cavab ver.
Dedim:
– Buyur.
Məşədi Həsən başladı soruşmağa və mən də ona bir-bir cavab verdim.
Məşədi Həsən:
– Kənkanlıq
14
Kufə – Ərəb İraqının məşhur şəhərlərindən olmuş, Fərat çayı qollarından birinin üzərində idi. İndi bir kənd vəziyyətindədir.
15
Şam – Suriyənin köhnə adı. Bunun mərkəzi olan Dəməşq şəhəri bu adla adlanırdı.
Burada “Kufə hara, Şam hara” məfhumu bir şəxsin gözlənilməyən yerdə görünməsi mənasında işlənir.