Ədəbi həyat. Vurğun Əyyub
Чтение книги онлайн.
Читать онлайн книгу Ədəbi həyat - Vurğun Əyyub страница
Dost kitabına ön söz yazmaq çox çətindi; bunun mənəvi-psixoloji tərəfləri var. Onu itirdikdən sonra bunu yazmaq isə çətindən də çətindir. Bizim ədəbi mühitdə bu cür ön sözlərdən ikisini xatırlayırıq. Birini tənqidçi, ədəbiyyatşünas İsrail Mustafayev Əhəd Hüseynovun ölümündən sonra çap olunan “Sənət yanğısı” kitabına yazdığı ön söz idi. İkincisi, İsmayıl Şıxlının əlli yaşında dünyasını dəyişən İsrail Musatafayevin kitabına yazdığıdır. Hər iki ön sözdə həyatdan və ədəbiyyatdan çox tez və vaxtsız gedən bu iki görkəmli ədəbiyyatşünas, tənqidçinin yaradıcılığına bədbin ovqat əks etdirilir. Bu kitabın müəllifi Vurğun Əyyub da nə yazıq ki, həyatdan çox tez getdi və biz dostları vəfatından sonra işıq üzü görən bu kitabına ön söz yazmalı olduq. Çox çətindi, ağrılıdı… Ancaq nə qədər çətin, ağrılı olsa da, çalışacağıq ki, burada bədbin notlardan (bunsuz mümkünmü?) uzaq duraq, Azərbaycan cameəsində daha çox siyasətçi, dövlət adamı, dürüst, obyektiv bir şəxsiyyət kimi tanınan Vurğun Əyyubun bir ədəbiyyatşünas, tənqidçi kimi portret cizgilərinə nəzər yetirək. Nədən ki, siyasi hərəkata atılması və bu yöndə uğurlu çalışmaları və tanınmış siması onun bir ədəbiyyatşünas alim uğurlarını arxa plana keçirdi. Əslində isə Vurğun Əyyub təbiətən və ixtisasca bir filoloq idi və ədəbiyyatımızın bir çox problemlərinin araşdırılması istiqamətində böyük işlər gördü. Burada Nazim Hikmətin gəncliyində şair olub sonralar ədəbiyyatşünaslığa keçən məşhur alim Mikayıl Rəfili haqqında dediyi “Şair ola bilərdin, professor oldun…” deyimini kiçik bir redaktə ilə Vurğun Əyyuba da aid etmək olar: “Professor ola bilərdin, siyasətçi oldun…” Gəncliyində yaxşı bir tənqidçi, ədəbiyyatşünas olan Vurğun Əyyub hadisələrin sürətli gedişində siyasi-ictimai bir yön izlədi və siyasi hərəkatda özünəməxsus yolu oldu. Vurğun Əyyubun vəfatının cəmiyyətin bütün təbəqələrini sarsıtması onun bir siyasətçi, xalq adamı portretinin yalnız görünən tərəfləridir. Burada isə onun az görünən tərəflərindən danışacağıq…
Vurğun Əyyub bir tənqidçi və ədəbiyyatşünasdır; bunu onun bu sahədə yazdığı emosional məqalələri, fundamental araşdırmaları da deyir. Hələ tələbə olarkən 3-cü kursda Asif Əfəndiyevin Bakı Dövlət Universitetinin Akt zalında “Məcnunun məcnunluğu” mövzusunda məruzəsi (buna ədəbi esse də demək olar, o zaman hələ bu üslubda yalnız Asif Əfəndiyev yazırdı!) böyük rezonansa səbəb olmuş və beş yüz nəfərlik auditoriyada alqışlarla qarşılanmışdı. Bu məruzə hər nə qədər görkəmli filosof Asif Əfəndiyevin təsiri altında yazılmış olsa da, Vurğun Əyyubun ədəbiyyata və sənətə baxışının orijinallığının ifadəsi idi. Bu istiqamətdə Vurğun Əyyub sonralar da esselər yazır və bizimlə apardığı fikir mübadiləsində köhnə tereotiplərlə düşünməməsi və yeni təmayülü təmsil etməsi açıq görünürdü. Bir neçə yazısını da o zamankı “Ədəbiyyat və incəsənət” qəzeti və “Azərbaycan” jurnalkına göndərsə də çap olunmamışdı (o zaman ədəbi mətbuatda yazı çap etdirmək çox çətin idi və debütant tənqidçinin yazı çap etdirməsi isə mümkünsüz görünürdü!). Tezliklə ədəbiyyata sevgisi onu elmə gətirdi və “Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905–1920-ci illər)” adlı tədqiqat işini uğurla müdafiə etdi. Bu, sıradan bir dissertasiya müdafiəsi deyildi, romantizmə baxışda yeni bir elmi səhifənin açılması demək idi. O zaman görkəmli alimlərin gənc Vurğunun elmə böyük iddialarla gəldiyinə dair fikirlər səsləndirmişdi. Doğrudan da, belə idi, həyatda olduğu kimi, elmdə də, son dərəcə iddialı, yüksək elmi-nəzəri hazırlıqlı bu gənc ədəbiyyatşünaslığımızın oturuşmuş alimləri ilə etdiyi mübahisədə fikirlərini nəinki sərbəst şəkildə deməkdən, həm də onun arxasında durub müdafiə etməkdən çəkinmir və obyektiv mövqe nümayiş etdirirdi.
Problemi romantiklərin ədəbi-nəzəri görüşlərində və yaradıcılıq prosesində araşdıran tədqiqatçı belə bir fikrində haqlı idi ki, Azərbaycan romantikləri Avropa və rus romantikləri kimi bədii yaradıcılıq aləminə mükəmməl, ardıcıl ədəbi manifestlə gəlməmişdilər. Əslində, belə bir manifesti ayrı-ayrı əsərlərindən, məktublarından hissə-hissə toplayan tədqiqatçı Azərbaycan romantiklərinin romantizm estetik görüşləri ilə bağlı sistemli bir tədqiqat aparır. Bu cəhətdən diqqəti A.Səhhətin ədəbi-nəzəri görüşlərinin bədii ifadəsi olan Ağali bəy Nasehə yazdığı mənzum məktubu ilə “Tazə şeir necə olmalıdır?” məqaləsi arasında apardığı paralellər yeni bir qənaətə gəlməyə imkan vermişdir. Tədqiqatçının fikrincə, A.Səhhət burada həm də yeni şairin necə olması sualını qoymuş və “xalqın həyatı ilə nəfəs alan vətəndaş şair!” cavabını almışdır. A.Səhhət, M.Hadi, H.Cavid, A.Şaiq yaradıcılığında problemin izlənilməsi onların “vətəndaşlıq kodeksini” araşdırmaq üçün ən yaxşı vasitə olur. Çox doğru olaraq, romantizmin vətəndaşlıq mövqeyi yenə də A.Səhhətin “Şair, şeir pərisi və şəhərli” poemasında və M.Hadinin “Şair, hücreyi-iştiğalı və düşüncələri” şeirində axtarılır. M.Hadinin “ictimai yazıçılar” ifadəsi, əslində, yeni dövrdə yazıçı kredosunu açan ən yaxşı ifadələrdən hesab edilir. M.Hadinin vətəndaşlıq mövqeyini təhlil edərkən görkəmli tədqiqatçının Ə.Mirəhmədovla polemikası maraq doğurur. V.Əyyub tədqiqatçının “Hadini öz qəhrəmanlarını real gerçəkliyə dəvət etməsini, xəyal aləmindən yerə enmək çağırışını” realizm kimi qələmə verməsilə qətiyyən razılaşmır, “real həyatı əks etdirmək realizm olmadığı kimi, romantizm olmamaq da demək deyildir”, – deyə M.Hadi yaradıcılığında zorla realizm axtarmaq tendensiayasına qarşı çıxır, onun sənətkar gücünün romantizmdə olduğunu müdafiə edirdi.
Tədqiqatçının A.Şaiqin “Həpimiz bir günəşin zərrəsiyiz” şeirilə bağlı fikirləri problemə yeni mövqedən baxmağa imkan verir. Bu şeir haqqında ziddiyyətli fikirlərə münasibət bildirən tədqiqatçının bu yanaşması, əslində, yazıldığı dövrdə mövcud sosrealizm yanaşmasını inkar etmiş olurdu. V.Əyyubun fikrincə, “romantiklər xalqı bizim başa düşdüyümüz və işlətdiyimiz terminlərlə (proletariat və burjuaziya, kəndli və feodal) bölmürdülər. Bu onların həm də maarifçi təbiətlərindən irəli gəlirdi”. Azərbaycan romantizmini birinci rus inqilabının “doğma övladı” hesab edən tədqiqatçı “romantik xəyal və ictimai azadlıq”, “romantik ideal və ictimai nicat” kimi problemlərə də aydınlıq gətirir.
Tədqiqatçı Azərbaycan romantiklərini bəzən dünya romantiklərinin təkrarı kimi göstərmək cəhdlərinə qarşı çıxması və onun dünya romantizmi ilə səsləşən cəhətləri olduğu kimi, fərqli və üstün cəhətlərini də ortaya qoyması da orijinal mövqeyindən irəli gəlirdi. Bütün bunlar tədqiqatçının romantizmə yeni baxışını əks etdirirdi. Təsadüfi deyil ki, otuz il sonra “Azərbaycan romantizmini araşdırarkən…” kitabında həmin tədqiqat əsəri əl dəymədən olduğu kimi saxlanılmışdı. Bu isə o demək idi ki, 80-ci illərdə ideoloji baryerlər hələ qaldığı vaxtlarda Vurğun Əyyub bu çərçivədən kənara çıxmış və romantizmi elmi prinsiplərlə araşdırmışdı.
Bu, Vurğun Əyyubun ikinci kitabıdır, birinci kitabı cəmi bir neçə il bundan əvvəl “Azərbaycan romantizmini araşadırarkən…” (Bakı, Elm və təhsil, 2017) adı ilə çap olunub. Doğrusu, özünü tənqidə və ədəbiyyatşünaslığa həsr etmiş bir tənqidçi və ədəbiyyatşünasın fəaliyyəti üçün o qədər də uğurlu deyil. Bunun müəyyən səbəbləri vardı; bu səbəblər içərisində onun bir müddət ədəbi mühitdən aralı düşərək siyasi mühitə odaqlanması idisə, bir səbəbi də yazdıqlarına biganə yanaşması, onların çapına tələsməməsi və ya lüzum görməməsi idi. Hətta sağlığında ona bu yazılarını toplayıb kitab şəklində dərc etdirməsi ilə bağlı nə qədər israr etsək də bunu etmədi. Yeganə etdiyi romantizmlə bağlı otuz il əvvəl yazdığı tədqiqat işini monoqrafiya kimi dərc etdirməsi və həmin kitabda uyğun elmi məqalələrini də buraya daxil etməsi oldu. Nə yaxşı ki, bunu etdi və sağlığında ədəbi, elmi yöndə zəhmətinin bəhrəsini görə bildi. Lakin onun ədəbi, elmi, publisistik yaradıcılığı çox geniş idi və bunu bir kitaba sığışdırmaq mümkünsüz idi. Hansısa mətbuatda və ya arxivində qalan yüzə yaxın məqalə, bir neçə araşdırma bu gün də özünün “üzə çıxarılmasını” gözləyir. Təəssüf ki, sağlığında bunu dəfələrlə deməmizə rəğmən, müəllif nədənsə bunu etmədi.