Təzə gəlin. Ayaz İmranoğlu
Чтение книги онлайн.
Читать онлайн книгу Təzə gəlin - Ayaz İmranoğlu страница
Bakı: Köhlən Nəşriyyatı, 2019, 178 səh.
İSBN 978–9952–8360–0–4
© Ayaz İmranoğlu
Ayaz İmranoğlunun “Təzə gəlin” kitabı haqqında bir neçə söz
Ağrı, bədii təxəyyül, intuisiya və ürək… Ayaz İmranoğlunun bədii mətnləri ədəbi cərəyanlara, nəzəri modellərə deyil, bu dörd doğal təmələ əsaslanır. Onun bütün hekayələri mənəvi-əxlaqi kontekstdə yazılıb. Sevgi və əxlaq, sevgi və mənəvi borc – Ayazın yazıçı olaraq hədəf seçdiyi mövzulardır. Müəllif öz qəhrəmanlarını hər cür məşəqqətlərdən, ölüm-itimdən keçirə-keçirə, onların dözümünü sınaya-sınaya sonda halal tale payını – xoşbəxtliyi onlara ərməğan edir. Ümidlərin üzüldüyü anda Xızır peyğəmbər kimi özünü yetirib onları dardan qurtarır. Bu, Ayazın bir insan kimi özünün xarakterindən doğan bir xüsusiyyətdir. Təsvir etdiyi əhvalatlarla, xüsusən də personajlarla müəllif arasında həssas bir bağlılıq var.
Bir neçə il bundan əqdəm Ayaz mənə özünün yazdığı kiçik bir hekayəsini oxudu. İndi xatırlamıram hansı hekayəsi idi, amma o yadımdadır ki, həmin anlarda mən Ayazda hekayəçilik impulslarını sezdim. Hər dəfə görüşəndə soruşurdum ki, qardaş, təzə nə yazmısan? Nadir hallarda Ayaz məni sevindirirdi. Ayaz çox narahat adamdır, yazacağı mövzunu günlərlə, aylarla içində gəzdirib bişirəndən sonra qələmə alır. Bir dəfə sözarası ona dedim ki, hekayələrini bir yerə yığıb kitab halına gətir. Söz verdi ki, mütləq edəcək. Amma yazıçıların həyatında adətən, hər şey plansız baş verir. Yazıçı “filan əsəri yazacam, filan kitabı nəşr etdirəcəm” deyirsə də, hər şey əksinə baş verir və ya nəzərdə tutulanlar deyil, tamam başqa əsərlər ortaya çıxır ki, bu da əvvəlcədən qurulmuş “plan”ı pozur. Hər şey öz təbii axarıyla gedəndə niyyətlər gec-tez gerçəyə çevrilir. Nəhayət, bir gün Ayaz povest və hekayələrdən ibarət kitabının əlyazmasını oxumaq üçün mənə təqdim etdi. “Bu ideyanı sən ağlıma saldın” deyib gülümsədi.
Bu hekayələri oxuduqca fikrimdən keçdi ki, onların yeni ədəbi metodlarla araşdırılması çağdaş nərs düşüncəmizin istiqamətlərini müəyyən etmək baxımından çox faydalı olardı. Ayaz İmranoğlu son dərəcə maraqlı nasirdir, onun nəsr təfəkkürü mifoloji düşüncədən, xalq folklorundan qaynaqlanır. Zahirən realist görünən mətnlərin alt qatında dünyanı ekzistensial bataqlıqdan xilas etmək ideyası dayanır. Ekzistensializm insana çıxış yolu göstərmir, Ayazın mətnlərində isə çıxış yolu həmişə var. “Gəlinnənə”, “Övlad ürəyi”, “Sevgi dayanacağı” hekayələrinin qəhrəmanlarını mürəkkəb situasiyalarda yalnız bir məfhum xilas edir – Sevgi. Tanıyanlar bilir, Ayaz İmranoğlu Asif Ata Ocağının yetirmələrindəndir və bəzi hekayələrində, xüsusən “İnam evi eşidir” hekayəsində Ocağa sədaqətini açıq-aşkar qələmə alıb. Ayazın bütün mətnlərində Asif Atanın dediyi anti-insaniliyə, Şərə qarşı protest var. O, ruhani döyüşçüdür, əqidə adamıdır və hekayələrində də ruhani sferadan kənara çıxmır.
Ədəbiyyatın əzəli-əbədi mövzularından olan məhəbbət hekayətləri dünya yaranandan yazılıb və bundan sonra da yazılacaq. Yer üzünün ilk sevgi dastanını Tanrı yazıb – “Adəm və Həvva” dastanını. “Leyli və Məcnun” bəşəriyyətin ən böyük və nakam eşq hekayəsidir. Vaqif Səmədoğlu necə deyirdi? “Doğulub dünyaya göz açan gündən, hər oğlan Məcnundur, hər qız Leylidir”. Qeys köhnə ərəbcə yağış deməkdir, Məcnun isə “cin tutmuş adam” anlamına gəlir. Leyli gecəyə məxsus olan mənasını daşıyır. Ayaz İmranoğlunun “Məcnunsuz dünya” povestini oxuyanda istər-istəməz bu adların mənası haqqında düşündüm. NKVD Dəli Dilarənin ata-anasını sürgünə yollamışdı, qardaş-bacılarını isə aparıb yetimxanaya atmışdılar. Dilarənin dəliliyi qanının arasına girmişdi, həm də yaşı keçmişdi, onu yetimxanaya götürməzdilər. Dilarə doğrudanmı dəli idi? Dəli olmağına dəli idi, amma eşq dəlisi! O, bir çobana aşiq olmuşdu və deyilənə görə Həkəri çayı daşanda sel çobanı aparmışdı. Biçarə qız iztirablar içində qıvrılırdı. Nitşe “Zərdüşt belə deyirdi” əsərində yazır ki, “insan qəlbinin böyüklüyü onun çəkdiyi əzablarla ölçülür, yalnız onlar qiyamət körpüsünü cəsarətlə adlayır”.
Dilarə çobanın seldə boğulduğuna inanmırdı, hər gün çayın kənarına gəlib sevgilisini gözləyirdi. Bu sevgi cəmiyyətin qəbul etdiyi məhəbbət normativləri və parametrindən daha yüksəkdir. Dilarə çobanı İlahi bir eşqlə sevir, buna məcazi eşq də deyirlər ki, bu prosesdə bədən iştirak etmir. Məhz buna görə Dilarə canını qurban verir, özünü burulğana atıb sevgilisinə (cismən deyil, ruhən) qovuşur. Məcnunsuz dünyada Leyli natamamdır, yarımçıqdır, o, bu dünyada olmasa belə o biri dünyada mütləq yarına qovuşmalıdır. Nitşenin dediyi böyüklük budur.
Ayaz şifahi nitqin çalarlarını ustalıqla yazıya gətirir. Onun mətnlərində iydə ağacının ətri dolaşır. “Məcnunsuz dünya”dakı iydə ağacına biz “Sevgi dayanacağı” hekayəsində də rast gəlirik. Bu hekayənin də qəhrəmanlarının görüş yeri iydə ağacının altıdır. İydə ağacı sanki aşiq-məşuqların sevgi adlı dinə biət etdikləri məbədgah misalı bir müqəddəs məkandır. Bu iydə qoxulu hekayələr söz-səs-rəng-məna tədavülünü gerçəkləşdirir, janr taksomaniyası mifoloji kontekstdə inkişaf etdirilir ki, bu da türk mədəniyyətindəki ağac kultuna gətirib çıxarır. Müəllif məqsədyönlü şəkidlə bu xətti seçir. Türk kültüründə ağac-insan əlaqələrinin tarixi kökləri var. Qədim dövrlərdə toplumların ən yayğın inanclarından biri də ağacın müqəddəs bir anlayış kimi qəbul edilməsidir. Ağac kultuyla bağlı inancların təməlində həyat ağacı anlayışı dayanır. Həyat ağacı Yerdən Göy üzünə doğru uzanan yol kimi qəbul edilir və ya dünyasını dəyişən insanların ruhları bu ağac vasitəsilə səmaya pərvaz edir. Dəli Dilarənin özünü burulğana təslim etməsinin tək şahidi iydə ağacıdır. Bir çox əfsanə və nağıllarda özünə yer alan «quş-ağac» təsəvvürləri ağac kultunu Humay kultu ilə bir mikrokosmda birləşdirir. Burada da ağac totemizmində iki ruhun bir bədəndə yerləşməsi (totemizmin ilkin dövrlərinə xas olan cəhətin – iki canın bir bədəndə yerləşməsi inamının yaşaması) ideyasının izləri görünür. Rus folklorşünası Vladimir Propp ikili can xüsusiyyətini ibtidai totemizmin əsası kimi qiymətləndirir və yazır ki, canın biri ölsə, o biri də dərhal ölər. Ayaz mifoloji motivlərdən yaradıcı şəkildə bəhrələnir və süjetin uğurlu bədii həllini tapa bilir.
Ayazın “Təzə gəlin” povestini oxuyub bitirəndən sonra rus yazıçısı Bulqakovun bir cümləsini xatırladım. Yazıçı deyir ki, “sevən insan öz taleyini sevdiyi ilə bölməlidir”. Təzə gəlinin sevgilisi Vüqar gənc yaşda dünyasını dəyişib, o da başqa birisinə ərə gedib. Amma Vüqarın ruhu gürzə ilana keçib qıza rahatlıq vermir. Təhkiyənin estetikası məhz bu təsvirlərdə üzə çıxır. Təzə gəlinlə ilanın yataqda sevişmə səhnəsi Azərbaycan nəsrində təsadüf olunmayan bir hadisədir və Ayaz ilk baxışda mümkünsüz görünən sevgi aktını elə təbii dillə qələmə alıb ki, oxucu bu reallığa qəlbən inanır. Mən Ayazın nasir kimi ustalığını bu təsvirlərdə gördüm və zövq aldım. Bəzi hallarda müəllif təğyiri-libas olub mətnin içində nağılçı kimi dolaşır. Bu əsər şifahi xalq ədəbiyyatında istifadə olunan dastan estetikası formasında yazılıb. Mətnin hər tərəfinə səpələnmiş təsbit və detallar mifik məntiqə əsaslanır. Təzə gəlini təqib edən ilan sirri simvolizə edir, eyni zamanda süjetdə reinkarnasiya (ruhun qayıdışı) baş verir.
Ayaz bu povestində və bir sıra hekayələrində dastan və rəvayətlərin sintezini yaradaraq müasir mətnlər ortaya qoyur. “Təzə gəlin”in qəhrəmanları çox ağır sınaqlardan keçməli olurlar. Gəlini ilana qısqanan əri onu gülləylə yaralayır, qız analıq səadətindən məhrum olur, ərinisə həbs edirlər. Hələ bu da son deyil. Zavallı gəlini təkcə əri qısqanmır, ilanın qısqanclığı ondan da dəhşətli imiş. Amma sonda Ayaz təzə gəlinə qıymır, hər şey yaxşı qurtarır.
Nazim Hikmətin sözlərini xatırladım: “Sonu mutluluqla bitən kitablar yollayın bana”. Bu kitab sonu mutluluqla bitən kitabdır. Ayaz həyatda