Seçilmiş əsərləri. Ильяс Эфендиев
Чтение книги онлайн.
Читать онлайн книгу Seçilmiş əsərləri - Ильяс Эфендиев страница 8
Onlar, birdən fəryada gələrək, fərəh və səadətlə gülümsəyən bu bahar sabahının üzərinə çökmüş qara buludlardan, qəhrəmanın öz əzəmətli vətəni uğrundakı cəsur döyüşlərindən xəbər verirdi. Musiqi yavaş-yavaş səslənib, qəhrəmanın qarşısında diz çökən o gənc qadının iztirablarından söyləyir, əbədi və sadiq məhəbbət haqqında and içirdi.
Pianonun dilləri oğlanın qəlbindəki inamsızlığı duyaraq, üsyankarlıqla fəğan qoparıb, dünyada hər şeyə qadir olan o böyük məhəbbətin əfsanəsinə keçdi. Birdən Elmar yerindən qalxaraq, sehrə tutulmuş kimi irəlilədi.
Güllər onun gəlişini duymadı. Otağın yarımqaranlığı içində o, gözlərini pəncərənin yuxarısından görünən və hələ işıq olan göy qübbəsinə zilləyərək çalırdı. Elə bil ki, söylədiyi əfsanələr orada, göylərin o məchul dərinliklərində bir silsilə kimi keçib gedirdi…
Elmar heyrət və həyəcan içində dayanıb dinləyirdi. O, bu ecazkar musiqinin tərənnüm etdiyi hisslərlə özünün yarımçıq qalmış əsərində vaxtilə ifadə etmək istədiyi o qüdrətli məhəbbət arasında heyrətli bir oxşayış görürdü. O görürdü. Rəssamın qəlbi işıqlı, məsud bir aləmdə dayanıb gülümsəyən əziz həyat yoldaşını və onun təbəssümündəki əbədi məhəbbəti görürdü. Bir ildən bəri ruhunu bürüyən, ona əzab verən müdhiş zülmət bu sehrkar məhəbbətin nuru ilə əriyib yox olurdu. İndi o, həyatı, əbədi və böyük həyatı bütün aydınlığı ilə görürdü. Onun yarımçıq qalmış portreti tamamlanmışdı.
Rəssamın qəlbi fərəhli, bəxtiyar hisslərlə çırpınırdı və o, bir addım daha irəli ataraq həyəcanla:
– Güllər! – dedi.
Bir neçə il keçdi. Sakit bir yay axşamında şəhər bağlarının birində gənc, gözəl bir qadınla yanaşı iri, ala gözləri batan günəşin son işığını durğun göl kimi əks etdirən bir kişi oturmuşdu. Onların qabağında alagözlü, qıvrımsaçlı qəşəng bir oğlan uşağı oynayırdı. Birdən:
– Diqqət! – deyə radio səsləndi. Bəstəkar Güllər xanımın “Yarımçıq qalmış portret haqqında mahnı” adlı əsərinə qulaq asın.
– Ana, səni deyir, – deyə uşaq yüyürüb gənc qadının dizlərini qucaqladı.
Elmar əlini oğlunun başına çəkərək gülümsədi.
QARI DAĞI
Şəhər otuz doqquz gün mühasirədə qalaraq, uzaq məmləkətdən qoşun çəkib gəlmiş şahla vuruşdu. Qırxıncı gün şahın iyirmi yaşlı cəsur oğlu Maliktac beş yüz nəfər seçmə pəhləvanla hasarın bir tərəfindən hücum edib şəhərə girdi. Onun ardınca bütün qoşun yol tapıb şəhərə doldu.
Yerli əhalinin inadından və təslim olmaq üçün dəfələrlə edilmiş təklifi rədd etmələrindən qəzəblənmiş şah, vəziri Taygöz Yusifi çağırıb kimsəyə aman verməməyi əmr etdi.
Taygöz Yusif şəhərin sağ qalmış yeddi min əhalisini uşaqdan-böyüyə qılıncdan keçirdi. Evlər dağıldı. Qan su yerinə axdı.
Üçgünlük qırğından sonra şah şəhərdən çıxıb yaşıl bir təpə üstündə çadırlar qurdurdu. Üç gün, üç gecə şadyanalıq etməyi, qalibiyyət badələri qaldırmağı qoşun əhlinə əmr etdi.
Qızıl işləməli, firuzə rəngli kuzələr yeddiillik Şiraz şərabları ilə dolduruldu. Əti məcun olan beşillik qara erkəklər kəsildi. Ovçular Qarabağ meşələrindən tükləri alov kimi yanan qırqovullar gətirdilər.
Hökmdar yeddi qızıl dirəkli çadırında, yeddi tirmə döşək üstündə əyləşdi. Atlas geyimli Nişapur sazandaları gəldi. Süfrələr döşəndi, qızıl qədəhlər düzüldü. İlk badələr qaldırılan zaman yetmiş yeddi şeypur şahlar şahının qələbəsi şərəfinə gurladı. Lakin elə bu vaxt şahın qorxunc vəziri Taygöz Yusif içəri girib, hökmdarın hüzurunda yerə qədər təzim etdi. Şah boşalmış qədəhini yanındakı qara qula verib qaşlarını çatdı.
– Hardasan, vəzir?! – dedi. Yoxsa, mənim qələbəmin təntənəsi sənin üçün mənasızdır?
Taygöz Yusif bir daha yerə qədər təzim edib:
– Qibleyi-aləm, – dedi, – mən aciz Yusif sənin sabiq qulunam. Şahlar şahının hüzuruna gecikməyimin səbəbi var.
Hökmdar vəzirin səsindəki qara xəbər əlamətini duyaraq:
– Nə olub, vəzir? – dedi. Tez söylə!
Vəzir üçüncü dəfə təzim edib:
– Qibleyi-aləm yüz illərlə sağ olsun! – dedi. – Oğlun Maliktac xəstələnmişdir.
– Nə danışırsan, vəzir! – deyə şah ayağa qalxdı.
Şahzadə Maliktac qonşu çadırda qızdırma içində yatırdı, hər tərəfində yeddi qara qul əlləri döşündə sükut içində dayanıb, gözlərini ona zilləmişdi.
Hökmdar vəzirin müşayiəti ilə çadıra daxil olduqda, qullar yerə döşənib, alınlarını torpağa qoydular. Şah oğluna yanaşıb, barmaqlarında ləl-cəvahir sayrışan ağ əlini onun alnına qoydu:
– Oğlum, Maliktac! – deyə həyəcanla səsləndi.
Lakin xəstədən cavab gəlmədi. O zaman şah, rəngi ağarmış halda üzünü vəzirə sarı çevirib, qorxulu və titrək səslə:
– Bu saat hər tərəfə çaparlar göndərilsin, – dedi. – Qoy dünyanın bütün biliciləri buraya toplansın.
Şah bütün günü oğlunun başı üstündən tərpənmədi, gözlərini yummadı. Heç nə yemədi.
Səhəri vəzir qayıdıb:
– Qibleyi-aləm, – dedi, – şəhərdə ancaq tək-tək qocalar, uşaqlar qalıb, qırılan qırılıb, sağ qalanlar da gecə ikən meşələrə qaçıb. Çox axtarandan sonra bir falçı qarıya rast gəldik.
– Bəs, falçı nə oldu? – deyə şah qəzəblə soruşdu.
– Gəlmədi. Şahzadənin yanına gətirilməsini istədi.
– Aha! – deyə şah kibirlə gülümsədi.
– Mən onu ocağa atdırıb yandırardım, qibleyi-aləm, ancaq…
Şah