Yarpaq tökümü. Решад Нури Гюнтекин
Чтение книги онлайн.
Читать онлайн книгу Yarpaq tökümü - Решад Нури Гюнтекин страница
"Altın Yarpaq" Anonim Şirkətindən niyə istefa etdim? Bunu başa düşməyə nə var ki? Aldığım altmış iki lirə maaşla dolana bilmirəm. İki kiçik qardaşıma və xəstə anama baxıram. Bəzən anam soyuqdan, qardaşlarım da yeməkdən şikayət edərdilər. Mən çiynimi çəkər: "Nə edim, mənim əlimdən bu qədər gəlir. Əlimə keçən pulu barda, keflərdə yeyib-içib sizi bu vəziyyətdə saxlasam, mənə söz deməyə haqqınız olar. Ancaq haqq-hesab ortadadı", – deyərdim. Bu açıq-aydın həqiqəti başa düşsələr çox yaxşı. Başa düşməsələr, "xanımlar, əfəndilər, bu otelin yeməklərini bəyənmirsinizsə, pulu da az verərsiniz. Məndən daha yaxşı bilən varsa, xəbər verin, hamımız bərabər oraya köçək" deyib, dağılmış qapını çırpıb, gedərəm. Anam bir yaşlı qadın… Qardaşlarım Allahın iki çarəsizi… Mən onları bax bu cür danlayanda mənə qarşı gəlmədən razı olurlar. Ancaq, canavarın böyüyünə, yəni özümə necə söz keçirdim? Yaşım otuzdu… Sağlamlığım, gücüm yerində… arsız bir xasiyyətim var… nə görsəm ürəyim istəyir… yemək-içmək, paltar görsəm istəyirəm… Bunların başqalarında olduğu kimi məndə də olmağını istəyirəm… Bax belə halda, içimdə qopan qiyaməti siz təsəvvür edin.
Qaranlıq qış axşamları, ayaqqabımın deşiklərindən girən palçığın soyuğu ciyərlərimə işləyib, borclu olduğum dükanların qabağından keçməmək üçün küçələri dolana-dolana evə gedəndə yanından ehtişamlı maşınlar keçir. Bunların içindəkilərin bəzilərini tanıyıram. Əylənməyə, ovuc-ovuc pul xərcləməyə gedirlər. Ürəyim elə sıxılır ki, öz-özümə soruşuram: "Bunların hamısı məndən dəyərli adamlardı? Onlar istədikləri kimi yaşadıqları halda, mən niyə it kimi küçələrdə sürünüm ki? istədiyimi yeyə, istədiyimi geyinə bilməyim? Ürəyimin istədiyi bir qadını niyə, bir dəfə də olsun, qoynuma almayım?"
Beləcə illərcə, öz-özümlə dalaşdıqdan sonra, nəhayət, bu nəticəyə gəldim: "Atam həddən artıq, namuslu və dürüst adam imiş". Bir atanın övladlarına qoyub getdiyi ən qiymətli miras təmiz bir addır" deyərmiş… Təmiz bir adın yanında bir az mal-mülk də olsa, çox yaxşı; amma bu da kasıb övladlara ən çox bir, ya da iki nəsil dözər. Hər nəysə, atam yaxşı eləyib, pis eləyib o başqa bir məsələ… Ancaq ətrafımızdakı varlı insanların hamısı analarının qarnından qoltuqlarında çek dəftərləri ilə çıxmayıblar ki… Allahın onlara verdiyi dərketmə qabiliyyətini "əbcəd" kimi ölüyə, diriyə, faydasız şeylərə sərf etmək yerinə, özlərinə istifadə edib varlanıblar… Əgər sən də özünün beyinsiz, eşşək kimi bir şey olmadığını deyirsənsə, əlini-qolunu tutan yoxdu ki, dilənçi kimi boş-boş zarıdığına, qismətini sına… Bacarsan, çox yaxşı… Bacarmasan: "Nə edək, əlimizdən gələni elədik, amma olmadı", – deyər, qara bəxtimizi günahlandırarıq.
Bu sözləri deyən adam, bir ay əvvəl şirkətin mühasiblik katibliyindən istefa verən dələ sifətli, kəskin ağ dişli, qarabuğdayı bir gəncdi. O gün həm unutduğu bir neçə əşyanı götürməyə, həm də "köhnə yoldaşlarına" baş çəkməyə gəlmişdi.
Nahar fasiləsi idi. Məmurların kübarları qarşıdakı yeməkxanada yumurta salatı, xaş, lobya yeməyə getmişdilər, xaş yeməyə pulu olmayanlar bir tərəfdən pendir, zeytun, soyutma yumurta yeyirlər, bir tərəfdən də yoldaşlarına qulaq asırlar. O, stollardan birinin üstünə uzanıb, ayaqqabısının dabanı ilə dağınıq kağızlara vura-vura sözünə davam edirdi:
– Bu cür, qəti şəkildə nə isə əzm etdikdən sonra, ibrət almış baxışlarla ətrafıma baxdım.. Bir yığın saçlı, saqqallı adam məktəbli uşaqlar kimi ard-arda düzülüb, qəribə bir sürüyə qarışıb, yerimizdə addımlayırıq, yüksələ bilmirik. Olduğumuz yerdə nə qədər əlləşib-vuruşsan da önündəkini, yanındakını nə qədər itələsən də boş yerə… Allah bilir, neçə il keçəcək, maaşın bilmirəm neçə qəpik artacaq. Biri qovulacaq, öləcək, o zaman iki addım irəliləyə biləcəksən. Ona görə də, üzə çıxaram, ya bataram deyib, bu dəstədən, yəni "Altın Yarpaq Anonim Şirkətindən" canımı qurtardım… Aranızdan ayrılandan bəri bir ay keçibmi? Bəlkə də keçməyib… Üst-başımı təzələmişəm, elə deyil?
Özünü düzəldib, bəzəkli ipək corablarını, yeni köynəyini öyünə-öyünə göstərib gülürdü:
– Həm də, bir pis iş görmürəm ki? Heç kimin malına, həyatına, namusuna toxunmuram? Qətiyyən.... Sadəcə Havyar karvansarayında (Kürü istehlakında) bir dəllalın yanında işləyirəm… Onun üçün gömrükdən mal çəkirəm. Hələlik az maaş, həm də nisbətən az və zəhmətsiz qazanc… Ancaq Allah bərəkət versin, gül kimi dolanıram…
Öskürəkli bir yaşlı adam, dərindən içini çəkib; "Haqlısan… Heyif ki, bizim üçün gecdi daha" deyə deyinir; iyirmi yaşlarında iki xoşsifətli uşaq qələbə çalmış bir idmançıya tamaşa etdiyi kimi heyrətlə, həsrətlə ona baxırdı. Ancaq üzünün bir tərəfi müharibədə yanmış qırx yaşındakı bir məmurun nə fikirləşdiyini başa düşmək mümkün deyildi. Yumruğunu çənəsinin altına dirəyib, yeməyini yarımçıq qoyub, gözlərini yumub fikirləşirdi.
Gənc adam stoldan qalxmışdı. Sobanın ağzında yanan odunda siqaretini yandırdıqdan sonra gəzişməyə, kürü istehlakına və gömrük haqqında zəhmətsiz qazanclarından danışmağa başladı. Bunların çoxu birinin üstünə beş qoyulmuş, şişirdilmiş sözlərdi. Ancaq bu nəsibsiz insanlar, danışılan sözlərə inanmır, başqaları kürəklə qızıl kürüyəndə, onların rütubətli bir otaqda bir az pul üçün yarıac bir vəziyyətdə çürümələrinə heyifsilənirdilər. Danışan adamın gözləri bir an otağın qaranlıq bir küncündə, hündür bir büronun arxasından ona baxan yaşlı bir adamın gözlərinə sataşdı. Birdən-birə utanırmış və cəsarətini itirmiş kimi susdu.
Bu Əlirza bəy adında altmış yaşlarında köhnə bir mutasarrıfdı1. Otağın bir küncündəki bürosunda sanki bir sıradakı kimi həmişə tək və unudulmuş olaraq işləyər və heç kimlə danışmazdı.
Çox yaxşı və tərbiyəli bir adam olduğu üçün, böyüklü-kiçikli hamı onun xətrini istəyirdi.
Əlirza bəy də günorta yeməyə getməyən məmurlardandı. Alüminiumdan olan yemək qabında gətirdiyi kotletlərlə yaşıl zeytunları yeyəndə, özündən asılı olmayaraq, bu söhbəti eşitmiş və eşitdiyi şeylər iştahanı kəsmiş kimi çəngəlini bir kənara qoyaraq başını qaldırmışdı.
Qonaq, bir pis iş başında yaxalanmış kimi xəcalətli idi; ancaq özünü itirdiyini hiss etdirmək istəmədi; gülümsəyərək:
– Bəy əfəndi, bu sözlərim yəqin ki, xoşuna gəlmədi, amma nə çarə ki, bu bir həqiqətdir…
Əlirza bəy uşaq kimi xəcalətlə cavab verdi:
– Bilirsiniz ki, heç kimin fikrinə qarışmıram, kefinizə və xeyrinizə görə davranmaqda sərbəstsiniz. Ancaq izninizlə, sizə başqa cəhəti, narazılığımı deyim. Öz yerində çalışan, bəlkə də vəziyyətindən, həyatından razı olan insanlarda mümkün olmayan bəzi arzular və üsyanlar oyandırmaq doğrudur? Vicdanınız buna əl verməz. Fikirləşsəniz mənə haqq verərsiniz.
Yaşlı məmurun çox danışmaq istəmədiyi görünürdü; ancaq qonaq ondan əl çəkmədi. Çox mədəni şəkildə:
– Bu acı həqiqətləri onlara deyən təkcə mən olsaydım, haqlı olardınız, – dedi, – ancaq, təəssüf ki, müasir insanlar bu həqiqətləri bir-birlərindən deyil, həyatdan, qəzetlərin "şəraiti həyatiyə", "şəraiti iqtisadiyyə" dediyi şeylərdən öyrənirlər.
Xüsusi ilə də, böyük müharibədən sonra bütün dünyada qəribə oyanış oldu. İndiki insanlar daha sizin zamanınızın insanları deyil. Gözlərinin açılmağı, əməlləri, tamahları artırdı. Heç kim artıq öz vəziyyətindən razı qalmır. Bu hadisələrin nəticəsində köhnə əxlaqi ədəblər necə dəyişməyə bilər?
Əlirza bəy saraldı, dodaqlarının və saqqalının yavaşca titrədiyini hiss etdirməməyə
1
Osmanlı dövründə, şəhərlərlə rayonlar arasında olan inzibati idarələrin müdiri