Üzdəniraq ada. Rövşən Yerfi
Чтение книги онлайн.
Читать онлайн книгу Üzdəniraq ada - Rövşən Yerfi страница 3
Şəfi razılıqla gülümsünüb stulunu yaxına gətirdi.
– Bir nəfər gözümə dəymir, – hamıya nəzər yetirəndən sonra Bəhram müəllim soruşdu:
– Qulu hanı?
– Gecə növbədə olub, – eynəkli kapitan cavab verdi.
Rəis müavini əsəbləşdi:
– Neçə dəfə demək olar ki, hamı iclasda iştirak etməlidir. Beş dəqiqə evə gec getsələr elə bil körpəsi əmziksiz qalacaq. Yaxşı. Ke-çən dəfə sizə verdiyim tapşırıqlar nə yerdədir? Cəbrayıl, sən dəstənə kaptorqşik tapa bildin?
– Xeyr, – qırx-qırxbeş yaşlarında, saçlarına dən düşmüş kapi-tan ayağa durdu.
– Durma, əyləş. Niyə?
– Bəhram müəllim, işləmək istəyən çoxdu, yaxınlaşan yoxdu…
– Axtar, yaxınlaşanı tap. Axtaran tapar. Məsələni uzatma. Sənədləriniz nə formadadır? Dəftərlərdə qeydlər aparırsız, protokollar yazılır? Divar qəzetlərini necə, təzələmisiniz? Bax, sizə yenə deyirəm, baş idarədən gəlib yoxlayanda kimin sənədində çatışmazlıq olsa özü “cavab verəcək”, mən kiməsə görə ziyana düşən deyiləm. Bu belə. Keçək başqa məsələyə. Qabaqdan yaz gəlir. İndidən barakların təmirinə hazırlaşın, məhkumlarla söhbət aparın. Sonra rəis sizi qısnayanda vurnuxa-vurnuxa qalacaqsınız. İndi buradan çıxan kimi hərə gedir öz dəstəsinə. Baraklarda bütün səliqə-sahmana, yataqların düzlənməsinə, çarpayıların altına, tumbalara, dəhlizə, ayaqyoluna, pilləkənlərə nəzarət edin. Yarım saatdan sonra rəislə bütün barakları “obxoda” çıxacağıq. Bunu ona görə deyirəm ki, sonra əlli bəhanə tapmayasınız. Bayaq rəis təqdim etdi, mən də edim, bu cavan oğlan, leytenant Şəfi Osmanlı, – Şəfi ayağa durdu, – əyləş, bu gündən həm-karımızdır. Nə çətinliyi olsa, kömək etmək, öyrətmək hamımızın borcudur. Cəbrayıl, təcrübəli işçi kimi Şəfini sənə həvalə edirəm. Hələlik səninlə aylansın, beş-on günə ona dəstə verəcəyik.
– Baş üstə, cənab mayor! – Cəbrayıl cavab verdi.
Bəhram müəllim bir daha Şəfiyə müraciətlə:
– Nə çətinliyin olsa, utanmaq, çəkinmək lazım deyil, mənə də deyə bilərsən. Gedə bilərsiz. Gedin “obxoda” hazır olun.
Zabitlər kabinetdən çıxıb həyətə düşdülər.
– Bəlkə bir siqaret çəkək, sonra dağılışarıq, – kimsə dilləndi.
– Sonra gec olar, – digəri etiraz etdi, – “obxod”u yola verək, siqareti həmişə çəkmək olar.
Hərə bir səmtə ayrıldı.
– Sən əvvəllər zonda işləmisən? – Cəbrayıl soruşdu.
– Xeyr. Nəzəri məlumatım var, amma əyani tanışlığım yox-dur, – Şəfi cavab verdi.
– Eybi yox, elə bu gün səni ən vacib məsələrlə yaxından tanış edərəm, gedək.
Həyətin yuxarı başında üçmərtəbəli, təzə ağardılmış yataq-xananın iki giriş qapısı var idi. Onlar sol girişdən pilləkənlərlə ikinci mərtəbəyə qalxdılar.
İkinci mərtəbənin qapısı ilə üzbəüz, üstündə “Dəstə rəisi” yazılmış otağın qabağında dayandılar. Cəbrayıl qapını aça-aça, üzünü dəhlizə tərəf tutub qışqırdı:
– Əhməd, Əhməd, – dəhlizdən keçən məhkumu səslədi, – Səftər, Əhmədə deynən tez bura gəlsin.
Qapını açıb otağa daxil oldular. Bir-birinin qənşərinə qoyul-muş iki stol, üç stul və adi yatacağı olan çarpayıdan savayı otaqda heç nə gözə çarpmırdı.
– Hə, qardaş, əyləş ürəyin istəyən yerdə. Özünü sıxma, öz otağında olan kimi hiss et. Xoşuna gəlsə, bir az xərci var, – gülüm-sədi, – bağışlayaram sənə, bütün mərtəbəsi ilə. Onsuz da canımı boğazıma yığıb, bezmişəm daha.
Onlar əyləşdilər.
– Neçə ildir işləyirsən? – Şəfi soruşdu.
– On iki. Siqaret çəkirsən?
– Xeyir, çəkmirəm.
– Düz edirsən, – siqaretini alışdırdı, – mən də sən yaşda olanda çəkmirdim. Sonra adamı gic eləyən vəziyyətlərə dözümlü olmaq üçün dözə bilmədim, çəkdim.
Qapı döyüldü.
– Gəl.
Orta yaşlı bir kişi qapını açdı.
– Sabahın xeyir, rəis. Necəsiz?
– Sağ ol, Əhməd.
– Mən lazımam?
– Əhməd, hamıya xəbər eylə, səliqə sahmana fikir versinlər, rəis “obxoda” çıxacaq. İndi özüm də gəlirəm. Çayın varsa, bizə bir stə-kan çay ver.
– Termosu göndərərəm. Başqa qulluğunuz?
– Sağ ol. Sən canın “üzdəniraqları” gözdən qoyma, üstlərində ol, tualetədək hər yeri parıldatsınlar.
– Yaxşı, rəis, – Əhməd qapını örtüb getdi.
– Üzdəniraqlar rejimi pozanlardır? – Şəfi maraqlandı.
– Xeyr, cəmiyyətin pozulmuş adamlarıdı. Onlar daxili, mənəvi, əxlaqi deformasiyaya uğradıqlarından, cismani deformasiya-ya da məruz qalıblar. Yəni “mavi”lərdir və ya belə də demək olar, rəis demişkən “müəssisənin qızları”. Yaxşı yadıma düşdü, deyim, sonra gec olar. Tanımadığın məhkumla əl verib görüşmə. Bu işçilər arasında yaramazlar var, səni məsxərəyə qoymaq üçün bir üzdənirağı gön-dərərlər, gəlib sənlə əl verib görüşər. Nəbadə belə şeyə yol verə-sən. Sonra, bu zonda işləyə bilməyəcəksən. Yadda saxla, üzdəniraqla əl ilə görüşmək olmaz.
Qapı sakitcə aralandı. Arıq, uzun, üzündən uşaqlıq cizgiləri getməyən məhkum bir əlində termos, digərində iki stəkan-nəlbəki içəri daxil oldu. Çay süzdü, sonra:
– Cəbrayıl müəllim, başqa qulluğunuz olsa çağırın, – deyib otaqdan çıxdı.
– Bəs bu kimdir? – Şəfi soruşdu.
– Bu “şusturyakdı”. Bayaqkı məhkumun –