Boskomb vadisinin sirri. Артур Конан Дойл
Чтение книги онлайн.
Читать онлайн книгу Boskomb vadisinin sirri - Артур Конан Дойл страница
Hekayələr
İÇİNDƏKİLƏR
BOHEMİYADA QALMAQAL........................................
BOSKOMB VADİSİNİN SİRRİ ...................................
BİR ŞƏXSİYYƏT HADİSƏSİ .......................................
QIRMIZISAÇLILAR KLUBU ......................................
BEŞ PORTAĞAL ÇƏYİRDƏYİ ....................................
BÜZÜK DODAQLI ADAM ..........................................
BOHEMİYADA QALMAQAL
I
Şerlok Holms onun haqqında danışanda deyirdi: “O, qadındır”. Ondan bəhs edərkən başqa ifadə işlətdiyini xatırlamıram. Holmsun nəzərində cinsiyyətinin bütün özəlliklərini büruzə verən bir qadın idi. Holmsun İren Adlerə qarşı hiss etdiyi qətiyyən sevgi deyildi. Bütün duyğular, xüsusilə də bu duyğu onun maksimalist, amma heyran olunacaq qədər sabit düşüncələrinə həddindən artıq yad idi. Mənə görə, o, dünyanın ən mükəmməl ağıl və müşahidə makinası idi. Ancaq aşiq kimi o qədər də uğur qazana bilməyəcəyi aydındır.
Sevgi haqqında hər zaman lağlağı ilə danışardı. Bir müşahidəçi üçün bu hisslər insanın məqsədlərinin və hərəkətlərinin arxasında qalan həqiqəti göstərən işarələrdən başqa heç nə deyildi.
Amma müdrik adam belə təhlükəli duyğuların həssas və tarazlaşmış təbiətinə qarışmasına icazə versə, bunlar gəldiyi məntiqi nəticələrə kölgə sala biləcək çaşdırıcı faktorlara dönürdü. Həssas ölçü alətinin üzərində bir toz zərrəsi nədirsə və ya güclü linzadakı çatlaq nədirsə, onun kimi təbiətə sahib insan üçün ehtiras da elə idi. Ancaq hər şeyə rəğmən, onun üçün sadəcə bir qadın vardı: xatirələri şübhə və suallarla dolu olan İren Adler.
Son vaxtlar Holmsu çox az görürdüm. Evli olduğum üçün bir müddət idi, görüşmürdük. Öz torpaqlarının sahibi olmanın gözəlliyini kəşf etmiş adam kimi, evimlə məşğul olub tamamən xoşbəxtliyi əldə etdiyim halda, bohem ruhu ilə sosial fəaliyyətin bütün növlərinə nifrət edən Holms özünü qədim kitablara həsr etmiş, həftələr keçdikcə kokain və ehtiyacları arasında vurnuxarkən dərmanın yaratdığı süstlük, güclü təbiətin vəhşi enerjisi arasındakı savaşla, dəyişən ruh halları ilə Beyker küçəsindəki evimizdə qalmışdı.
Düzü, əvvəlki kimi cinayət araşdırmalarına davam etmiş, qeyri-adi bacarıqlarının və müşahidələrinin köməyi ilə polisin çarəsiz qaldığı bəzi hadisələri çözmüşdü. Hərdənbir gördüyü işlərdən xəbərim olurdu. Trepov hadisəsində Odessaya çağırılmasından, Trinkomalidəki Atkinson qardaşlarının faciəsini aydınlaşdırmasından, ən nəhayət, Hollandiya Kral xanədanı üçün göstərdiyi uğurlu xidmətdən məlumatlı idim. Doğrusunu desəm, gündəlik qəzetləri oxuyan hər kəs kimi əsas səhifələrdən əldə etdiyim bu informasiyalardan əlavə köhnə dostumdan və yoldaşımdan başqa xəbərim yox idi.
20 mart 1888-ci ildən etibarən xüsusi həkimliklə məşğul olmağa başlamışdım. Bir gecə xəstələrimdən birinin yanından dönərkən yolum təsadüfən Beyker küçəsinə düşdü. Yadımda “Qızıl çalışma”nın on qaranlıq hadisəsi ilə özünə yer etmiş o qapının qarşısından keçərkən Holmsu yenidən görmək və qeyri-adi imkanlarını necə istifadə etdiyinə yenidən şahid olmaq üçün qarşısıalınmaz bir arzu baş qaldırdı içimdə.
Mənzilin işıqları yanırdı. Onun uzun, zəif kölgəsinin iki dəfə pərdənin qarşısından keçdiyini gördüm. Başını önə əyib əlləri arxasında otaqda ora-bura gəzir, sürətlə vurnuxurdu. Bütün vərdişlərini bilən adam kimi, hərəkətlərinin mənasını o dəqiqə başa düşdüm. Yenə iş başında idi. Narkotikin yaratdığı süstlükdən siyrilmiş, yeni izə düşmüşdü. Qapının zəngini basdım və bir zamanlar birlikdə yaşadığımız mənzilə girdim. Coşqu ilə qarşılamadı. Onsuz da, nadir hallarda elə olurdu. Fəqət mənə elə gəlir ki, məni gördüyünə sevinmişdi. Artıq söz demədən sevgi dolu baxışlarla kresloya işarə etdi. Sonra yaxın dayanaraq özünəməxsus baxışlarla təpədən-dırnağa diqqətlə süzdü.
– Evlilik sənə düşüb, – dedi, – Səni gördüyüm gündən bu yana təxminən dörd kiloqram kökəlmisən Vatson.
– Üç kiloqram yarım, – etiraz etdim.
– Doğrudan? Mənə qalsa, bir az çox olar. Bir parça artıq olduğuna əminəm, əziz Vatson. Belə başa düşdüm ki, praktik fəaliyyətə geri dönmüsən. İşləməyə başlamaq niyyətində olduğunu deməmişdin.
– Bəs hardan bilirsən?
– Görürəm. Gördüklərimdən də bu nəticəyə gəlirəm. Yaxşı, son dəfə yağışın altında iliklərinə qədər islandığını, çox bacarıqsız, diqqətsiz xidmətçi tutduğunu necə bilə bilərəm, səncə?
– Əziz Holms, – dedim, – Daha bu qədər də yox. Bir neçə əsr əvvəl yaşasaydın, mütləq sehrbaz kimi yandırılırdın. Çərşənbə günü gəzməyə çıxmağım və evə pis gündə qayıtmağım doğrudur. Ancaq paltarımı dəyişdiyim halda, bunu necə anladın? Meri Cenə gəlincə, arvadım da ona tez-tez xəbərdarlıq edir, amma qadın düzələsi deyil. Yenə də bütün bunları necə başa düşürsən, ağlım kəsmir.
Gülüb uzun əllərini ovuşdurdu.
– Sadədən də sadədir. Gözlərim mənə ayaqqabının sol tayının yanında, işıq düşən yerdə təxminən yan-yana altı kəsik olduğunu deyir. Qurumuş palçığı təmizləməyə çalışmış bacarıqsız adamın əlindən çıxdığı açıq-aşkardır. Ona görə də ikili fikir yürütməklə, pis havada gəzdiyini, Londonun ən pis çəkmətəmizləyəninə sahib olduğunu başa düşə bilirəm. Sənətinə gəlincə, yodform qoxusu verən, sağ əlinin şəhadət barmağında qara azot turşusu ləkəsi və şlyapasının sağ tərəfində stetoskop gəzdirdiyini hiss etdirən şişkinlik olan cənab otağıma girəndə tibb işçisi olduğunu başa düşməməyim axmaqlıq olar.
Müşahidələrini elə rahat bölüşürdü ki, özümü gülməkdən saxlaya bilmədim.
– Bunları izah etdiyin zaman, “Mən də edə bilərəm” – düşüncəsi yaranır, asan görünür. Fəqət başqa bir nümunə ilə qarşılaşanda sən açıqlayana qədər çaşqınlığım keçmir. Üstəlik gözlərim səndən daha yaxşı görür.
– Elədir, – deyə cavab verdi. Bir siqaret yandırıb kresloya çökdü, – Görürsən, amma müşahidə etmirsən. Ortadakı fərq açıqdır. Məsələn, girişdən bu otağa qalxan pilləkənləri çox görmüsən.
– Çox.
– Nə qədər çox?
– Nə bilim, yüz dəfələrlə.
– Yaxşı, neçə pillə var?
– Bilmirəm.Neçə dənədir?
– Tam təxmin etdiyim kimi! Görmüsən, amma müşahidə etməmisən. Üzərində dayandığım nöqtə budur. Mən on yeddi pillə olduğunu bilirəm, çünki həm görmüşəm, həm də müşahidə etmişəm.
Bir anlıq dayanıb yenə davam etdi:
– Yeri gəlmişkən, kiçik problemlərlə maraqlandığın və bəzi önəmsiz təcrübələrimi başqalarına çatdırmaq vərdişinə sahib olduğun üçün diqqətini çəkər, məncə, – masanın üstündəki çəhrayı kağızı mənə atdı, – Son poçtla