Məktəb şagirdlərinə tohfə. Mirzə Ələkbər Sabir

Чтение книги онлайн.

Читать онлайн книгу Məktəb şagirdlərinə tohfə - Mirzə Ələkbər Sabir страница 2

Жанр:
Серия:
Издательство:
Məktəb şagirdlərinə tohfə - Mirzə Ələkbər Sabir

Скачать книгу

“Məczub”, “Nizədar” kimi gizli imzalarla çıxış edirdi. Sizdə sual yarana bilər: niyə Sabir imzalarını belə tez-tez dəyişirdi? Bunun səbəblərindən biri o idi ki, Sabirin portretini məharətlə cızdığı tiplər – elmə, biliyə, xalqın hüququnu öyrənməsinə qarşı çıxanlar özlərini asanlıqla ta-nıyırdılar. Şair özünü onların təqib və hədələrindən, hücumlarından qorumaq üçün müxtəlif imzalarla yazmağa məcbur olmuşdur. Amma ən çox işlətdiyi imza “Hophop” idi.

Mirzə Ələkbər Sabir Abbas Səhhətlə də yaxından dostluq edirdi. Onların arasında maraqlı poeziya söhbətləri, ədəbi müzakirələr olurdu ki, bu da hər ikisinin poetik fikirlərinin formalaşmasına təsir göstərirdi.

Sabirin xalqı maarifləndirmək sahəsində gördüyü iş təkcə satiralar yazmaqla bitmirdi. O, məktəblər üçün proqram və dərsliklərin yazılmasına çalışır, “Dəbistan” və “Rəhbər” kimi uşaq jurnallarında onlar üçün şeirlər çap etdirirdi. Balacalar üçün “Milli nəğmələr” məcmuəsində “Məktəbə tərğib”, “Birinci il” dərsliyində “Uşaq və buz”, “Yaz günləri”, “İkinci il” və “Yeni məktəb” dərsliklərində “Cütçü”, “Qarğa və tülkü”, “Ağacların bəhsi” şeirlərini çap etdirmişdir. Bununla yanaşı, 1908-ci ilin yayında Şamaxıdakı karvansaraların birində iki otaqdan ibarət “Ümid” məktəbini açır. Bu məktəbdə 60-a qədər şagird müasir formada təhsil almışdır. Amma təəssüf ki, uşaqların həvəslə gəldiyi, dərs aldığı bu məktəb cəmi bir ildən sonra bağlanır. Bundan ruhi sarsıntı keçirən şair iş üçün Bakıya gəlir.

Yaşamaq, millətin işıqlı sabahı, arzularının həyata keçməsi üçün özündən çox-çox “güclülərlə” mübarizə aparan şair 1911-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir və Şamaxıda “Yeddi günbəz” qəbiristanlığında dəfn olunur.

Sabirin əsərləri rus, ukrayna, gürcü, tatar, fars, ingilis və s. dillərə tərcümə olunmuş, onun şeirlərinə Azərbaycanla yanaşı Türkiyədə, İranda, Misirdə, Orta Asiyada nəzirələr yazılmışdır. Ukrayna şairlərinə həsr olunmuş bir ədəbi gecədə Sabirin ukraynaca şeirini oxuyan ukraynalı yazıçı: “İcazə verin, sizə bir dənə “satirik”, daha doğrusu, “sabirik” şeir oxuyum”, – deyərkən tədbirdə iştirak edən böyük şairimiz Səməd Vurğun yerindən həyəcanla: “Gözəl termindir!” – söyləmişdir”.

Böyük şairimiz Səməd Vurğun “Sabirin şərəfinə” şeirində ustad şairin yaradıcılığına, şəxsiyyətinə olan məhəbbətini, onun cəsarətinə, vüqarına olan ehtiramını belə əks etdirirdi:

Sinənə çarpdıqca kinli dalğalar,

Bir qoca dağ kimi durdun dəryada.

Sən ey azadlığın səhər rüzgarı,

Sınmadı qəlbinin tərlan vüqarı.

Əsrlər dolaşıb gəlib keçsə də,

Tarix unutmayır mərd oğulları.

Bu təkcə Səməd Vurğunun yox, bütün Sabirsevərlərin, ürək sözləridir.

Əziz uşaqlar, Sabirin şeirlərindəki bəzi sözlər və ifadələr sizin üçün anlaşıqlı olmaya bilər, onu başa düşməkdə çətinlik çəkə bilərsiniz. Amma Sabiri oxumaqdan əsla vaz keçməyin. Bilmədiyiniz sözlərin mənasını axtarıb tapmağa çalışın. Çünki Sabir Azərbaycan ədəbiyyatının bir əsrlik yolunu müəyyənləşdirən, onun dərdlərinə güzgü tutan böyük və əvəzolunmaz şairimizdir.

Aygün Bağırlıfilologiya üzrə fəlsəfə doktoru, dosent

UŞAQLARA HƏDİYYƏ

MƏKTƏB ŞƏRQİSİ

Məktəb, məktəb, nə dilgüşasən6,

Cənnət, cənnət desəm, səzasən7.

Şadəm, şadəm təfərrücündən8,

Əlhəq9, əlhəq, gözəl binasən!

Ətrin, ətrin güli-cinandır10,

Feyzin11, feyzin həyati-candır,

Qünçən, qünçən səfayi-vicdan,

Nurun, nurun ziyafəşandır12!

Tahir13, zahir14 hünərlərin var,

Bahir15, zahir səmərlərin16 var,

Dərya-dərya təməvvücündə17

Parlaq-parlaq gühərlərin18 var!

Dəftər-dəftər xəbərlərin var,

Rəhbər-rəhbər əsərlərin var,

Mişgin-mişgin qələmlərində

Ahu-ahu nəzərlərin var!

Himmət19, himmət səninlə ali,

Xaki20-vətən səninlə hali,

Sənsən, sənsən ümum nasın21

Nitqi, fikri, dili, məqali22!

Gülşən-gülşən lətafətin var,

Rövşən-rövşən23 səadətin var,

Vazeh-vazeh24 bəyanlarında

Şirin-şirin hekayətin var!

Olsun, olsun səninlə xoşhal,

Yetsin, yetsin kəmalə ətfal25,

Görsün, görsün pəsərlərində26

Sabir-Sabir pədərlər27 iqbal28!

MƏKTƏBƏ TƏRĞİB29

Mənim bağım, baharım!

Fikri ziyalı oğlum!

Məktəb zamanı gəldi,

Dur, ey vəfalı oğlum!

Ey gözüm, ey canım!

Get məktəbə, cavanım!

Gün

Скачать книгу

6

Dilgüşa – könül açan

7

Səza – layiq, yaraşan

8

Təfərrüc – gəzib fərəhlənmə, şadlıqla seyrə çıxma

9

Əlhəq – həqiqətdə, doğrusu

10

Cinan – cənnət, behişt

11

Feyz – yaxşılıq; nemət, bərəkət

12

Ziyafəşan – işıqlı, işıq saçan, nur saçan

13

Tahir – pak, təmiz

14

Zahir – açıq, aydın

15

Bahir – parlaq, gözəl; hər kəsə məlum

16

Səmər – meyvə, məhsul, fayda

17

Təməvvüc – dalğalanma, ləpələnmə

18

Gühər – gövhər, mirvari

19

Himmət – qeyrət, səy

20

Xak – torpaq; mülk, dövlət

21

Nas – xalq, el

22

Məqal – söz, söyləmə, nitq, danışıq

23

Rövşən – işıq, işıqlı, aydın

24

Vazeh – aydın, açıq, aşkar; şübhəsiz

25

Ətfal – uşaqlar

26

Pəsər – oğul

27

Pədər – ata

28

İqbal – taleyin gülməsi, bəxtin açılması; yaxşı bəxt

29

Tərğib – rəğbətləndirmə, həvəsləndirmə