Qoca və dəniz. Эрнест Миллер Хемингуэй

Чтение книги онлайн.

Читать онлайн книгу Qoca və dəniz - Эрнест Миллер Хемингуэй страница 4

Qoca və dəniz - Эрнест Миллер Хемингуэй Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

get yat, tezdən gəlib səni oyadaram.

      – Səndən başqa heç kimin məni oyatmağını istəmirəm. Elə çıxır ki, onlar məndən zirəkdirlər.

      – Başa düşürəm…

      – Gecən xeyrə qalsın, – deyib oğlan daxmadan çıxdı. Onlar qaranlıqda şam etmişdilər. Qoca şalvarını soyunub çarpayıya sarı getdi, qəzeti şalvarın cibinə qoyub bükəndən sonra balış əvəzinə başının altına qoydu. Yorğana bürünüb dəmir çarpayıya salınmış köhnə qəzetlərin üstündə uzandı. Elə o dəqiqə yuxuya getdi.

      Uşaqlıqda sahillərində gəzdiyi Afrikanı yuxuda gördü. Sarımtıl qumsallıq qızıla çalırdı. Yastı ağ təpələr adamın gözünü qamaşdırırdı. Qonur qayalar dənizdən baş qaldırmışdı. Əzəmətli dağlar qəhvəyi rəngdə idi. Bu yerlər hər gecə qocanın yuxusuna girirdi. O, sahilboyu gəzir, qayaları şiddətlə döyəcləyən dalğaların qəzəbli gurultusunu eşidirdi. Yerli tayfaların suları yara-yara dalğadan-dalğaya atılan xırda qayıqlarını görür, gəmilərə xas qatran, şoranlıq qoxusunu açıq-aydın duyurdu. Afrikanın içərilərindən gələn təmiz səhər mehi onu məst edirdi.

      Alaqaranlıqda səhər yeli əsməyə başlayanda qoca oyanıb qalxardı; səhər yelini şirin yuxuda duymağa adət eləmişdi. Duran kimi də geyinər, oğlangilə gedib onu oyadardı. Bu gecə nədənsə qitədən əsən külək onu həmişəkindən tez oyatdı. Qoca hələ tez olduğunu başa düşdü, durmayıb yuxunun ardını görməyi qərara aldı. Dənizdən ucalan qayaların ağ zirvələrinə, Kanar adalarının limanlarına tamaşa etmək istəyirdi.

      Yuxusunda artıq nə fırtına, nə qadın, nə iri balıq, nə vuruş, nə güləşmə, nə mərcləşmə, nə də arvadını görürdü. İndi yuxusuna yalnız uzaq ölkələrin sahilləri, bir də o sahildə gəzişən şirlər girirdi. Şirlər dumanlı toranlıqda pişik balaları kimi oynaşırdılar. Qoca bu şirləri oğlanı sevdiyi qədər istəyirdi. Amma oğlan heç yuxusuna girməzdi. O, cəld dikəlib açıq qapıdan bayıra, göy üzündəki ayparaya baxdı, sonra balış əvəzinə başının altına qoyduğu şalvarı götürüb geydi. Komadan çıxıb peşab elədi, əsnəyə-əsnəyə oğlanı oyatmağa getdi. Sübh soyuğunda titrəyirdi. Bilirdi ki, qızışandan sonra üşütmə keçib-gedəcək; qayıqda oturub avar çəkməyə bənd idi.

      Qoca qapını aralayıb asta addımlarla otağa girdi. Oğlan qabaq tərəfdə taxt üstündə yatmışdı. Ay otağa zəif işıq salırdı. Qoca bu zəif ay işığında oğlanı yaxşı görürdü. O, uşağın qıçından yapışdı, ayılana qədər buraxmadı. Oğlan dikəlib gözlərini açdı, ustadına baxdı. Balıqçı başını tərpədib işarə verdi ki, vaxtdır. Oğlan yaxınlıqdakı stulun üstündən şalvarını götürdü, qalxıb çarpayıda oturdu, sonra şalvarını geydi.

      O, qocanın arxasınca qapıdan çıxdı, hələ də yuxulu idi. Qoca qolunu onun boynuna saldı:

      – Bağışla…

      – Nə danışırsan, ay ustad? Biz kişilərin taleyi belədir.

      Onlar yolaşağı qocanın komasına tərəf gedirdilər. Yol adamla dolu idi. Balıqçılar qaranlıqda dallarında avadanlıq, çiyinlərində dorağacı, əllərində müxtəlif şeylər qayıqlarına sarı gedirdilər. Hamısı da ayaqyalın idi.

      Onlar komaya çatıb içəri keçdilər; oğlan kəndiri zənbilə qoydu, nizəni və zənbili götürüb bayıra çıxdı. Qoca yamaqlı köhnə yelkən sarınmış dorağacını çiyninə qaldırıb onun dalınca getdi.

      Oğlan xəbər aldı:

      – Ustad, qəhvə içmək istəmirsən?

      – Əvvəl şeyləri aparıb qayığa qoyaq, qəhvəni sonra içərik.

      Qəsəbədə səhər tezdən dənizə çıxan balıqçılara xidmət göstərən bir aşxana vardı. Qoca ilə oğlan şeyləri aparıb qayığa qoyandan sonra həmin aşxanaya getdilər. Adama bir qab qəhvə içdilər. Oğlan dedi:

      – Ustad, necə yatdın? – Oğlanın gözlərindən hələ də yuxu tökülürdü, tez-tez əsnəyirdi, üz-gözündə əzginlik vardı.

      Oğlan kəndiri zənbilə qoydu, nizmi və zənbili götürüb bayıra çıxdı. Qoca yamaqlı köhnə yelkən sarınmış dorağacını çiynim qaldırıb onun dalınca getdi.

      – Manoli, bu gecə çox şirin yatmışam. Mənə elə gəlir ki, bu gün bəxtim yaman gətirəcək.

      – Mən də belə düşünürəm, ustad, işin yaxşı olacaq, – deyib oğlan ayağa durdu, – mən indi gedim sənə də, özümə də sardina gətirim. Hələ balıq yemi də götürməliyəm. İndi işlədiyim qayıqda bütün işləri sahibkar özü görür; kömək eləyəndə acığı gəlir.

      Qoca dedi:

      – Balıqçıların çoxu elədir. Mənimlə özünə baxma. Biz dostuq. Hələ sən beş yaşında ikən icazə verdim ki, şeyləri daşıyıb balıqçılığı öyrənəsən.

      – Elədir, ustad, biz dostuq, – oğlan fərəhləndi, – mən qayıdana qədər sən bir az da qəhvə iç. Bu dəqiqə gəlirəm. Yaxşı ki, burada bizə nisyə şey verirlər.

      Oğlan yem gətirmək üçün tez buzxanaya qaçdı.

      Qoca balıqçının bütün gün dilinə heç nə dəyməyəcəkdi. Bu qəhvə onun həm səhər yeməyi, həm naharı, həm də, bəlkə, şamı idi. Buna görə də qəhvəni ləzzət ala-ala, aramla içirdi. Axır vaxtlar qoca yeməyə o qədər də meyil göstərmirdi. Dənizə gedəndə su dolu şüşədən başqa heç nə aparmırdı. Su sərin qalsın deyə şüşəni qayığın burun tərəfində gizlədərdi. Su onun üçün hər şey idi.

      Oğlan sardina ilə balıq yemi gətirdi. Onlar sahilə yollandılar. Yeridikcə ayaqlarının altından çınqıl sıçrayırdı. Sahilə çatıb qayığı suya saldılar.

      Oğlan dedi:

      – Ustad, yaxşı yol!

      – Sənə də! – qoca balıqçı oğlana uğur dilədi.

      O, kəndiri avarlar bənd edilən halqalardan keçirib mıxlara bağladı. Yerində əyləşib kürəkləri götürdü, sinəsini qabağa verib başını əydi, suyu yara-yara dənizə çıxdı. Hava qaranlıq idi, səhərin gözü hələ açılmamışdı. Sahilboyu səpələnmiş başqa qayıqlar da bir-bir hərəkətə gəlir, dənizə çıxırdı. Qoca onları görməsə də, avarlara müqavimət göstərən liman sularının şappıltısını eşidirdi. Aypara təpənin arxasında gizləndiyindən heç nə görünmürdü. Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlirdi. Qayıqların çoxunda sakitlik idi. Dənizin sinəsini tez-tez yaran avarların səsi sükutu pozurdu. Bir azdan qayıqlar limanı arxada qoyub geniş okeana səpələndi. Səxavətli dənizin tükənməz nemətindən bir balıq qopartmaq ümidi ilə hərə bir

Скачать книгу