Üzeyir Hacıbəyli xatirələrdə. Коллектив авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Üzeyir Hacıbəyli xatirələrdə - Коллектив авторов страница 5
Üzeyir bir çox hallarda fikrində canlandırdığı bir əsəri ancaq yoxlamaq məqsədilə royal qarşısında oturardı.
“Koroğlu” operasının yazılışı zamanı mən ancaq “Çənlibel” səhnəsindəki xorun musiqisini təfsilən eşidə bildim. O, ölçüləri mənə öyrətmək üçün bu xoru bir neçə dəfə royalda səsləndirdi.
Görünür ki, Üzeyir özü də bu xorun musiqisi ilə maraqlanırdı. Bəzən bu xoru royalda çaldığı zaman həyəcanından titrədiyini hiss edirdim. O, daima deyərdi ki:
– Hələlik musiqimiz xalqımızın zövqünü çox az təmin edə bilir, çünki onun üzərində az işlənmişdir. Onu xammal şəklindən çıxarıb mədəni bir vəziyyətə salmaq, aləmşümul etmək lazımdır. Mən “Koroğlu”da bu məqsədi tamamilə həyata keçirə bilməsəm də, onun bünövrəsini qoymaq istəyirəm. Bəstəkarlarımız bilməlidirlər ki, musiqimizi kütləyə yaxınlaşdırmaq üçün bu yol ən doğru yoldur.
Üzeyirin “Koroğlu” operasının yazılışında yürütdüyü əsas məqsədlərdən birisi də, Azərbaycan xalq musiqisini dar çərçivədən çıxarıb inkişaf etdirmək və səhnəyə çıxarmaqdan ibarət idi. Buna görə də bəstəkar “Koroğlu” operasında inkişaf etdirilmiş havalara geniş yer vermiş və bu vəzifənin öhdəsindən çox müvəffəqiyyətlə gələ bilmişdir. Bizim Üzeyir ilə etdiyimiz mübahisələr içərisində tarın “Koroğlu” operası orkestrində iştirak etməsi məsələsi də var idi. O, fikrini izah edərkən belə deyirdi:
– Mən tarın bu operada iştirak etməsi üçün başqa cür düşünürəm. Sən özün fikirləş: hərgah mən tarı milli bir alət olduğu üçün irəli çəkmək istəsəydim, o zaman kamançaya da müəyyən yer verərdim. Lakin, bu lazım deyildir. Şərq musiqisi əsasında yazılan əsərdə kamançanın vəzifəsini skripka daha yaxşı, bədii bir surətdə ifa edə bilər. Lakin tar belə deyil, tarın tembri orkestrdə yenilik yaradır və onun incə səsləri artıq dərəcədə xoşa gəldiyi üçün orkestrə daxil edilməsini lazım bilirəm.
Mən Üzeyirin yaradıcılıq barəsindəki fikirlərindən öz yaradıcılıq işlərimdə də istifadə edirdim. Üzeyir bəy dedi-qodulara və birtərəfli tənqidlərə əhəmiyyət verməzdi. O deyirdi: “Bu cür dedi-qodular və yersiz tənqidlər insanın yaradıcılıq fəaliyyətini artırmalı və inadını coşdurmalıdır. Belə işlərin cavabı mükəmməl bir əsər yaratmaqdan ibarətdir!”
Üzeyirin bu sözləri indiyə qədər mənim qulaqlarımda səslənir, yaradıcılıqda belə bir yol götürməyi başqalarına da tövsiyə etməliyik. Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma “Koroğlu” operasını yazdığımız bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım.
Onun həyatı adi bir insanın həyatından o qədər də fərqli deyildi, çünki o, qazandığının mühüm bir hissəsini paylayırdı, çox səxavətli və əliaçıq adam idi. Üzeyir başladığı işi yarımçıq qoymaq və vəzifəsi başından ayrılmaq istəmədiyindən, yay zamanları belə, istirahət üçün bir tərəfə getməzdi. “Koroğlu” operasını yayın ən isti günlərində yazırdı.
Üzeyir bəy şəxsi həyatda sadəliyi sevdiyi kimi, dildə də sadəliyi sevirdi. O deyərdi: dili xalqdan, xalqı da dildən uzaqlaşdırmaq səhvdir. Bunun üçün librettonun sadəliyinə diqqət verməyi tapşırardı. Onun fikrincə, XVII əsrə məxsus bir əsəri (xüsusən musiqili əsəri) bugünkü ədəbi dilin istilahları ilə yazmaq səhvdir. Bu məqsədlə də “Koroğlu”da “müharibə” sözünü “cəng”, “qoşun” kəlməsini “leşgər” və s. əsrə müvafiq kəlmələrlə əvəz etməyə çalışardı. O, hətta şeirlərin ölçülərində də həmin fikri həyata keçirməyi lazım bilirdi.
Üzeyir çox doğru olaraq təkrar edirdi ki: “Koroğlu” operasının səhnəsində görəcəyimiz şəxsiyyətlər libas və qiyafə cəhətcə bu günün adamlarından fərqli olduqları kimi, dil və şivə e'tibarı ilə də fərqli olmalıdırlar.
“Koroğlu” operasının məzmun və mündəricəsi Üzeyirin siyasi və ictimai varlığının güzgüsüdür – demək olar.
Mən Üzeyirin yaradıcılığındakı məharəti ilə tanış olmaqla bərabər, onun şəxsiyyəti ilə dərindən tanış olmağa çalışırdım. O deyirdi ki, “hər adam ilə dost ola bilmərəm, çünki dostluq fikir və əqidə birliyindən doğan ictimai bir varlıqdır. Bu varlığı hər təsadüfi şəxsiyyətlərlə yaratmaq imkan xaricindədir”.
Bu səbəblə də o, dost olduğu adamlara çox böyük qiymət verərdi. Onun sevmədiyi bir məsələ varsa, o da lovğalıqdan ibarət idi. Onun fikrincə, lovğalıq yaradıcılıqdakı acizlik və tənbəlliyi gizlətmək üçün bir pərdədir. O daim: “Mən bu cür tələbəni görmək istəmərəm” – deyirdi.
MİKAYIL ABDULLAYEV
Xalq rəssamı, professor
Unudulmaz obraz
1943-cü ildə C.Cabbarlı adına Azərbaycan teatr muzeyinin açılışına hazırlıq görülürdü. Muzeyin ekspozisiyasında böyük bəstəkarımız Üzeyir Hacıbəyovun da portreti olmalı idi. Bu şərəfli iş muzeyin rəhbərliyi, daha dəqiq desək, Sona xanım Cabbarlı tərəfindən mənə tapşırılmışdı.
Mən portreti naturadan çəkmək qərarına gəlmişdim. Lakin məlum oldu ki, Üzeyir bu barədə heç nə eşitmək istəmir. Hansı rəssam ondan şəklini çəkməyə razılıq verməsini xahiş edirdisə, rədd cavabı alırdı.
Beləliklə, məsələ böyüdü və gedib çatdı incəsənət işləri idarəsinə. Xeyli danışıq və təbliğdən sonra Üzeyirin bu işə razılıq verməsi xəbəri mənə çatanda sevinc qarışıq həyəcan keçirməyə başladım. Azərbaycan musiqi fondunun direktoru Ramazan Xəlilovla əlaqə saxlayıb, təyin edilmiş vaxtdan da bir qədər əvvəl konservatoriyanın köhnə binasına gəldim. Üzeyirin kabinetində pəncərə qabağında yerimi rahatlayaraq, molberti qurub, rəngləri sahmanladım.
Üzeyir kabinetə daxil olanda biz ehtiramla salamlaşdıq. Günahkar adamlar kimi məndən səs çıxmırdı. Ramazan isə iş ləvazimatımla Üzeyiri tanış etməyə başladı. O, sağ əlinin baş və şəhadət barmağı ilə bığlarını sığallayaraq dodaqaltı dedi: “Bilirəm, portret yaratmaq çətin məsələdir, mürəkkəb işdir”. Sonra kresloya əyləşdi, əllərini yana açdı, başını bir az qaldırıb soruşdu: “Necə oturmalıyam?” Mən tez cavab verdim: “Elə bu cür sərbəst”.
Kömürü əlimə alıb cəld işə başladım. Kabineti sakitlik bürümüşdü.