Susan qadın. Elxan Elatlı
Чтение книги онлайн.
Читать онлайн книгу Susan qadın - Elxan Elatlı страница 8
– Kim atdı?
– Bilmirəm…
– Vətəndaş, belə olmaz, nə görmüsənsə, başdan danış. Həm də ən xırda detalı belə unutmadan.
– Balkona çıxdım… Elə həmin vaxt bu binanın ən yuxarı mərtəbəsindən çığırtı səsi eşitdim. Başımı qaldırıb baxanda yeddinci mərtəbədə yeganə işıq yanan pəncərədən bir kişinin qadını aşağı atdığını gördüm. Qadın elektrik xəttinə toxunub sonra yerə düşdü. Onu atan kişi isə pərdəni tələsik qapayıb pəncərədən çəkilərək otağın işığını söndürdü.
– Balkona niyə çıxmışdın?
– Siqaret çəkməyə.
– Deyirsən ki, qadın çığırtısı eşitdin. Bu necə bir çığırtı idi?
– Necə yəni? – Səxavət gözlərini döydü.
– Yəni çığıran qadın kiminləsə dalaşırdı, söyürdü, yaxud imdad diləyirdi?
– Onun, “Ay Allah!” – deyə çığırtısını aydın eşitdim. Başqa bir şey anlamadım.
– Deməli, qadın çığırıb kömək istəyirdi?
– Bəli… Şəxsən mənə elə gəldi ki, o kömək istəyir…
– Onu atan adamın kişi olduğuna əminsiniz? – sualı bu dəfə müstəntiq verdi.
Səxavət sualdan duruxdu:
– Doğrusunu desəm, mənim gözlərim son vaxtlar o qədər də yaxşı görmür, amma düşünürəm ki, həmin qatil kişi idi.
– Bunu nəyə əsasən deyirsiniz?
– Nə bilim… Kişi idi də… Mən elə gördüm…
– Deməli, qadını aşağı tulladı, sonra da pəncərədən çəkilib işığı söndürdü?
– Qadını atandan sonra pəncərədən onun arxasınca aşağıya boylandı, sonra tez də geri durub pərdəni çəkdi. Bir-iki saniyə sonra isə işıq söndü.
Müstəntiq Nəsibli ilə kapitan Əliyev baxışdılar. Müstəntiq bayaqdan ovcunda saxladığı əşyanı çantasına qoyaraq üzünü Səxavətə tutdu:
– Sabah gündüz saat 10:00-da prokurorluqda olun, sizin izahatınızı alacağıq.
Səxavət çaşıb qaldı. İndi, yəqin, onu günlərlə get-gələ salıb polisin, prokurorluğun yolunda süründürəcəkdilər. Bu qadını, bəlkə də, öz əri öldürmüşdü və məhz onun şahidliyi ilə həbs ediləcəkdi. Öz başına iş açdığını düşünüb dilxor oldu. Gərək gördüyü dəhşətli mənzərə barədə ağzını açıb kimsəyə bircə kəlmə deməyəydi. Ağlı kəsəndən həmişə xəta-bəladan uzaq olmağa çalışmışdı, indi isə budur, ağır cinayətin şahidi kimi kiminsə azadlıqdan məhrum edilməsinə səbəb olacaq, özünə düşmən qazanacaqdı. Həm də gör necə bir düşmən? İsrafil kişinin tərs və kəmfürsət biri olduğunu məhəllə sakinlərindən az eşitməmişdi. Handan-hana zəif səslə dilləndi:
– Əlbəttə, gələrəm, cənab müstəntiq, lakin mən sabah səhər tezdən marşruta çıxmalıyam.
Bu bəhanə müstəntiqi qane etmədi:
– İş yoldaşlarınızdan birinə zəng vurub deyin, sabah sizi əvəz eləsin. Saat onda sizi prokurorluqda gözləyəcəm.
– Baş üstə, gələrəm, – çarəsiz halda mızıldandı.
Kapitan hadisə yerinə toplaşanlara bir-bir göz gəzdirib:
– Hadisənin başqa şahidi varmı? – deyə soruşdu.
Heç kəsdən səs çıxmadı. Belə məlum olurdu ki, hadisənin intihar cəhdi olmadığına yeganə şahid Səxavətdir…
Bu zaman:
– Qadın ayıldı! – deyə kimsə ucadan səsləndi.
Hər kəsin diqqəti yenidən yaralıya yönəlmişdi. Səxavət ona yaxın dayandığı üçün yerində necə çırpındığını görürdü. Müstəntiq cəld özünü irəli atıb can verən qadına doğru əyildı:
– Dili geriyə qatlanaraq nəfəs borusunu tutub, dartıb yerinə gətirmək lazımdır, – dedi və dərhal da qollarını çırmalayıb işə başladı.
Yaralıya yaxınlaşıb dizlərini yerə atmış kapitan da gənc qadını həyata qaytarmaq üçün nəsə etməyə çalışırdı.
– Alınmır! – müstəntiq həyəcanla çığırdı. – Dilini tuta bilmirəm, sürüşüb əlimdən çıxır. Kəlbətin lazımdır!
– Deyir, kəlbətin lazımdır…
Səxavət ətrafındakı adamlara baxıb acizanə səslə zarıdı. Lakin nə o özü, nə də başqa biri kəlbətin dalınca getməyə cəhd göstərmədi. Hamı şok vəziyyətində idi. Nəhayət, bir oğlan:
– Mən bu dəqiqə gətirərəm, – deyərək yan tərəfdəki binaya doğru yüyürdü.
Adamlar onun ardınca baxıb dərindən nəfəs aldılar. Onlar indi sanki həmin cavan oğlanın gətirəcəyi kəlbətinə sehrli bir şey, özünə isə can verməkdə olan qadının qəhrəman xilaskarı kimi baxırdılar. Dili açılmış adamlar danışmağa başladılar. Sanki hər kəs özündə mütləq nəsə demək zərurəti hiss edirdi:
– Ambulans hansı cəhənnəmdə qaldı? Niyə gəlib çıxmır?
– O gün bizim arvad koronavirusa yoluxanda zəng vurdum, düz bir sutka sonra gəldilər. Allahları yoxdur onların.
– Əşşi, nə veclərinə?!
– Ambulans gələnə kimi yaşamaz bu bədbəxt…
– Hə… Zarafat deyil, yeddinci mərtəbədən düşüb.
– Bunu elektrik çarpıb, yoxsa məftillərə toxunub sonra da kolların üstünə düşdüyü üçün az əzilmiş olardı.
– Kəlbətin gətirən olmadı? Burada boş-boş danışmaqdansa, bir işə yarayaydınız, – polis kapitanı kobud səslə bağırdı.
– Oğlan getdi, indi gətirər, – kimsə ona cavab verdi.
Eyvaz yaralıya ilkin tibbi yardım göstərməyə çalışan müstəntiqlə polis kapitanının başı üstündə sual işarəsi kimi görünüş alıb titrəyirdi. Ölmək üzrə