Hekayələr. Эрнест Миллер Хемингуэй
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Эрнест Миллер Хемингуэй страница 5
– Öz işinizdir.
– Bəs siz? Əgər mən sizə bu barədə söz açmışamsa…
– Mən bura şam yeməyindən qabaq boğazımı yaşlamaq üçün gəlmişəm.
– Mənsə burda işləyirəm. Deyin görək, biz nə edək?
– Bu sizin işinizdir, mən siyasətə qarışmıram, – dedim. – Siz ispanca başa düşürsünüz? – yunan yoldaşdan soruşdum.
– Yox. Bir-iki söz bilirəm. Amma yunan, ingilis, ərəb dillərində danışıram. Vaxtilə ərəb dilində lap yaxşı danışırdım. Torpağın altında necə qaldığımı bilirsiniz?
– Yox. Bildiyim bircə odur ki, bombardmana düşmüsünüz. Vəssalam.
Onun qarabəniz, qəşəng sifəti və daim hərəkətdə olan tündrəngli əlləri var idi. Əslən hansısa yunan adasından olduğu görünürdü, həm də çox inadla danışırdı.
– Onda sizə söyləyim. Hərbi işlərdə böyük təcrübəm var. Əvvəllər yunan ordusunun kapitanı olmuşam. Mən yaxşı əsgərəm. Bir aeroplanın bizim Fuentes-del-Ebrodakı səngərlərimizin üzərində uçduğunu görəndə onu izləməyə başladım. Gördüm ki, uçub keçdi, sonra yana döndü, dövrə vurdu (o bu hərəkətləri əlləri ilə göstərirdi) və bizi müşahidə etməyə başladı. Öz-özümə dedim: “Aha! Bu, yerimizi dəqiqləşdirir. Tapıb. İndi başqaları da uçub gələcək”.
Və budur, dediyim kimi, başqaları da gəldi. Dayanıb baxıram. Müşahidəni davam etdirir və nələr baş verdiyini bölüyə izah edirəm. Təyyarələr üç-üç gəlirdi: biri qabaqda, ikisi arxada. Növbəti üçü keçəndən sonra bölüyə dedim: “İndi okey. İndi ol rayt. İndi daha qorxulu bir şey yoxdur”… Və iki həftədən sonra ayıldım.
– Bu nə vaxt olub?
– Bir ay olar. Bilirsiniz, mən torpağın altında qalanda dəbilqəm üzümü örtübmüş və içində hava qalıbmış. Bu da mənim oradan çıxardılana qədər nəfəs almağıma imkan veribmiş. Amma havaya partlayışdan yaranan tüstü də qarışıbmış. Buna görə uzun müddət xəstə yatdım. İndi mən okey-əm, bircə qulaqlarım cingildəyir. Deyirsiz, içdiyinizin adı nədir?
– Kinəli cin. Hindistan kinəsi. Bilirsiniz, müharibədən əvvəl burada əla bir kafe var idi və bu içkinin qiyməti beş peset idi, amma o vaxtlar yeddi pesetə bir dollar verirdilər. Bu yaxınlarda barda hələ həmin kinədən qaldığını aşkar etmişik, qiyməti isə qaldırmayıblar. Vur-tut bircə yeşik qalıb.
– Çox yaxşı içkidir. Deyin görüm, muharibədən qabaq burada, Madriddə necə idi?
– Əla. Elə indiki kimi idi, bircə fərq var ki, yemək bol idi.
Ofisiant bir də yaxınlaşıb masaya tərəf əyildi.
– Bəs mən bunu etməsəm? – soruşdu.
Cavab verdim:
– İstəyirsinizsə, gedib bu nömrəyə zəng vurun. Yazın. – Nömrəni söylədim, yazdı. – Pepeni soruşun, – dedim.
– Onunla şəxsi ədavətim yoxdur, – ofisiant dedi. – Ancaq söhbət respublikanın taleyindən gedir. Belə bir adam bizim respublika üçün təhlükəlidir.
– Başqa ofisiantlar da onu tanıdılar?
– Deyəsən. Amma heç kim heç nə demədi. O, köhnə müştəridir.
– Mən də köhnə müştəriyəm.
– Bəlkə, indi o da bizim tərəfimizdədir?
– Yox, – dedim. – Bilirəm ki, belə deyil.
– Mən heç vaxt heç kimi ələ verməmişəm.
– Buna artıq özünüz qərar verin. Bəlkə, bir başqa ofisiant onun barəsində məlumat çatdıracaq.
– Yox. Onu yalnız köhnə işçilər tanıyır, onlarsa xəbər verən deyillər.
– Yenə sarı cin və pivə gətirin, – mən dedim. – Kinə isə şüşənin dibində hələ var.
– O nə danışır? – Con soruşdu. – Mən çox az şey başa düşdüm.
– Vaxtilə hər ikimizin tanıdığı bir adam indi buradadır. O, göyərçin vurmaqda usta idi, mən onu yarışlarda görmüşəm. Faşistdir və bura niyə gəldiyini bilmirəm, amma böyük axmaqlıq edib. Düzü, həmişə olduqca cəsur və olduqca axmaq olub.
– Onu mənə göstərin.
– Ordadır, təyyarəçilər oturan masanın arxasında.
– Onlardan hansıdır?
– Günəşdən ən çox qaralan, pilotkasını gözünün üstünə çəkən. Hal-hazırda gülən.
– O, faşistdir?
– Bəli.
– Fuentes-del-Ebrodan sonra belə yaxından faşist görməmişəm. Burada çoxdurlar?
– Arabir gözə dəyirlər.
– Onlar da siz içəndən içirlər? – Con dedi. – Biz bunu içirik, başqaları baxıb elə düşünürlər ki, faşistik. Necə? Qulaq asın, siz Cənubi Amerikada, Qərb sahillərində, Maqalyanesdə olmusunuz?
– Yox.
– Əla yerdir. Amma yaman çox sək-kiz-a-yaq var.
– Nə var?
– Səkkizayaq, – yunan yoldaş bunu özünəməxsus tərzdə tələffüz etdi. – Bilirsiniz, onların səkkiz ayağı olur.
– Hə, – mən dedim. – Səkkizayaqlı ilbiz.
– Elədir. Səkkizayaqlı ilbiz, – Con təkrar etdi. – Bilirsiniz, mən dalğıcam. Bu peşədə yaxşı pul qazanmaq olur, amma yaman çox səkkiz-ayaq var.
– Nədi, zəhlənizi tökmüşdülər?
– Necə? Zəhlə tökmək nədi, anlamıram. Birinci dəfə mən Maqalyanes limanında suya girmişdim, dərhal qabağıma səkkizayaq çıxdı. Bütün ayaqları üstündə dayanmışdı. Bax belə. – Con barmaqlarını masaya dirədi, dirsəklərini və çiyinlərini qaldırdı, gözlərini bərəltdi. – Məndən hündür idi və düz gözümün içinə baxırdı. Məni yuxarı qaldırsınlar deyə kəndiri dartdım.
– Nə böyüklüyündə idi, Con?
– Dəqiq deyə