Hekayələr. Абдурагим-бек Ахвердов
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Абдурагим-бек Ахвердов страница 2
O il Ağa Hüseyn çox böyük nəf elədi12 və bu nəfi də Xəlilin ayağının sayəsindən hesab edirdi. İkinci il Ağa Hüseyn Xəlilin əlinə böyük məbləğ verib tək İrana göndərdi və bu səfərdə Xəlil yenə artıq diqqət və qabiliyyət göstərib, güclü mal alıb qayıtdı və o il Ağa Hüseynin nəfi keçən ildən artıq oldu. Xəlilin bu zəhmətinə görə Ağa Hüseyn o ilin mənfəətinin yarısını ona bağışladı. Bu ildən də sonra yenə Xəlil üç dəfə İran səfərinə gedib, hər dəfə baqaidə xeyir edib qayıtdı.
Bir gün Ağa Hüseyn Xəlili çağırıb dedi:
– Oğul, budur, neçə ildir mənim yanımda qulluq edirsən və mən də bu müddətdə sənin mənə aybaay verdiyin pullarla sənin üçün alış-veriş etmişəm. Bu gecə hesaba baxıb görürəm ki, sənin məndə səkkiz min manata qədər pulun var. Bu pulla sən özün üçün məxsus bir alış-veriş aça bilərsən. Özün də qabil oğlansan, demək olar ki, anadan dünyaya tacir gəlibsən. Mənim borcumdur sənə təklif edim, istəsən, mənim yanımda qalarsan, ya ayrı iş başlamaq xahiş edərsən.
Xəlil cavab verdi ki, əmi (axır vaxtlar Xəlil Ağa Hüseynin öz xahişinə görə ona əmi deyirdi), o yaxşılıq ki indiyə qədər mənim haqqımda edibsən, məni sənə həmişəlik qul edib və səndən ayrıla bilməyəcəyəm. Amma təvəqqe edirəm ki, məni özünə öz puluma görə şərik edəsən, ta yenə bir yerdə ticarət edək.
Ağa Hüseyn Xəlilin üzündən öpüb dedi:
– Oğlum, sən ki belə istiqamətli oğlansan, Allah sənin başından tökəcək. Başqa adam səkkiz min adı eşitsə idi, o saat azıb yolundan çıxardı.
Haman il Xəlil bacısını ərə verib özü də evlənmək fikrinə düşdü. Fikrini anasına izhar etdi və anası gedib, Mirzə Nəsibin nəvəsini ona istəyib aldı (haman o qızı ki, bu saat Hacı Xəlilin yanında oturub ağlayır).
Mirzə Nəsib vəfat etmişdi və külfəti həmişə Ağa Hüseyndən və Xəlildən ianə alıb dolanırdı. Xəlilin toy xərcini Ağa Hüseyn öz öhdəsinə götürüb əlavə yaxşı peşkəşlər özünə və övrətinə verdi.
Bundan sonra yeddi il Xəlil və Ağa Hüseyn bir yerdə alış-veriş etdilər. Səkkizinci il Ağa Hüseyn vəfat etdi və onun var-yoxu keçdi qardaşının əlinə, çünki Ağa Hüseynin özünün zürriyyəti13 yox idi.
Ağa Hüseynin vəfatından sonra Xəlil ayrılmaq istədi, hesab çəkdilər. Xəlilin payına yetmiş iki min manat pul düşdü.
Bu gündən Xəlil həm ev və həm alış-veriş sahibi olub, özü üçün məxsus bir dükan açıb başladı İranla ticarəti. Bir neçə ildən sonra Xəlilin alış-verişi böyüdü və Xəlil İrandan başqa, Buxara və İstanbulla əlaqə bağladı. Əlli yaşına yetişəndə Məkkeyi-mükərrəməni ziyarət edib Hacı ləqəbi ilə müləqqəb oldu. Hacı Xəlil öz qabiliyyətinin, bacarığının və kəmalının səbəbinə şəhərdə, tacirlər arasında əvvəlinci şəxs hesab olurdu. Axirüləmr14, öləndə iki böyük evi və milyondan ziyada pulu var idi.
Hacının zikr olan günləri, necə ki ərz olundu, bir-bir gözünün qabağından keçirdi. Zamani ki Hacı öldüyünü hiss etdi, yerindən hövlnak gözün açıb, yastıqdan başını qovzayıb üzünü tutdu oğluna, dedi:
– Bala, Əkbər, yaxınıma gəl.
Əkbər kürsünün üstündən düşüb atasının yanında əyləşdi. Hacı Xəlil Əkbərin əlin əlinə alıb bir basdı ürəyinə, dedi:
– Oğul, mənim ömrümdə Allah mənə neçə oğul və qız verib, yenə məsləhət bilib əlimdən alıb. Mənim və bu yazıq ananın ümidi və gözünün axır dikəcəyi dünyada sən olubsan. Yüz zəhmətlə səni mən bu boya yetirmişəm, lazım olan tərbiyəti sənə vermişəm. Hərçənd işqoladan yarımçıq çıxıbsan, amma yenə, heç olmasa, sənin savadın və qabiliyyətin işqola qurtarmış adamların savadından və qabiliyyətindən az deyil idi. Bala, mənim ömrüm qurtarıb, ölürəm. Ona görə istəyirəm sənə bir neçə vəsiyyət eləyim.
Mənim vəsiyyətim qoca, dünyagörmüş və səni iki gözündən artıq istəyən ata vəsiyyətidir. Əgər əməl eləyəsən, ziyan çəkməzsən.
Əvvəl, bala, bu qoca anan ki burada oturub, sənin çox zəhmətini çəkib, sənə süd verib, gündüzlər və gecələr gözlərini sənin gözlərinə dikib və rahat olmuyub, nə yatmayıb, səni dizlərinin üstə bəsləyib, sənin barəndə cəmi analıq haqqını yerinə yetirib. İndi də ömrü keçib, əldən düşüb, sən də onu axır günündə gözdən qoymuyasan, həm mənim ruhum səndən razı olar, həm Allah.
İkinci vəsiyyətim sənə budur: əgər yenə istəyəsən, mənim ruhum səndən razı olsun, bu qoca Kərbəlayı Qulaməlidən muğayat ol. Çünki onun ömrü bu qapıda nökərçilikdə keçib. Bu Kərbəlayı yaxşı kişidir, Allah bəndəsi, doğru, dürüst adamdır. Hörmətəlayiq kişidir. Necə ki mən onu indiyə qədər saxlamışam, sən də onu elə saxla, Allah səndən razı olar.
Kərbəlayı Qulaməli Hacının bu sözlərini eşidəndə uca sövt ilə hönkürüb bihal dizi üstə çökdü: “Ağa, Allah məni səndən sonra dünyada qoymasın”, – deyib qışqırtı ilə ağladı. Hacı əli ilə ona işarə edib guya “sakit ol” dedi və sonra yenə üzünü çöndərdi oğluna tərəf və söylədi: “Bala, mən həştad beş il dünyada ömr etmişəm. Bu tul15 ömrümdə çox vilayətlər gəzib cürbəcür adamlara rast gəlmişəm. Deyirlər, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Ona görə bir neçə nəsihət də sənə eləyəcəyəm. Amma dürüst qulaq asıb, dürüst də qulağında saxlayasan. Əvvəla, bala, bu gündən ömrünün axırınadək sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan. Quranın və peyğəmbərin şəriətinin hökmlərinə həmişə itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən səvay, dünya xoşbəxtliyi də səninlə olar və Allahın əli və kölgəsi heç vaxt sənin üstündən kəm olmaz. Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış xəta etmə. Əgər, xudanəkərdə16, səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə heç kəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəysin. Bacar dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir.
Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa, bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan. Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu
12
13
14
15
16