Hekayələr. Эрнест Сетон-Томпсон
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Эрнест Сетон-Томпсон страница
YORĞA MUSTANQ
Co Kalon yəhəri tozun içinə tullayaraq atları azadlığa buraxdı və səs-küylə evə girdi.
– Nahar hazırdır? – deyə soruşdu.
– On yeddi dəqiqədən sonra, – aşpaz lap dəmir yolu stansiyası rəisinin əhəmiyyətli görkəmi ilə saata baxıb cavab verdi.
Aşpaz sözdə həmişə çox dəqiq idi, amma əməldə bu dəqiqlikdən əsər-əlamət yox idi.
– Hə, işlər necədir? – deyə yoldaşı Skrat Codan soruşdu.
– Əla, – Co cavab verdi. – Mal-qaranın vəziyyəti, deyəsən, yaxşıdır, xeyli buzov var. Mən bir ilxı mustanq gördüm, su içməyə Antilop bulağına gəlir. Aralarında bir neçə dayça da var. Bir dənəsi – qara rəngdə olanı yaman gözəldir, lap anadangəlmə yorğadır, qaçanda addımının birini eyni zamanda hər iki sol ayağı ilə, o birini isə hər iki sağ ayağı ilə atır. Düz iki mil dalınca qarabaqara düşdüm, bircə dəfə də löhrəm yerişinə haram qatmadı. Məzə üçün atımı da dəhmərlədim, amma yenə bir şey çıxmadı!
– Bəlkə, yolda bir az çox vurmusan?
– Buna bax ey, guya dünən sərxoşluqdan iməkləyən özü deyildi!
– Nahara! – deyə aşpaz qışqırdı və söz-söhbət o dəqiqə kəsildi.
Ertəsi gün kovboylar sürülərini başqa otlağa sürdülər və mustanq ilxısı yaddan çıxdı.
Bir ildən sonra mal-qaranı yenidən Yeni Meksikanın elə həmin yerlərinə sürdülər və kovboylar yenə o mustanq ilxısını gördülər.
Qara dayça artıq nazik, düz ayaqlı, sağrıları parıldayan qara ata dönmüşdü və kovboylar onun qəribə xüsusiyyətini artıq öz gözləri ilə görə bilərdilər: o, həqiqətən də, anadangəlmə yorğa idi.
Co da orada idi və elə o dəqiqə ağlına gəldi ki, bu atı tutmaq heç də pis olmazdı. Şərq ştatlarının sakinini bu fikir təəccüb qoymazdı, lakin qərbdə – atların çox ucuz olduğu yerlərdə vəhşi mustanq tutmaq fikri heç bir kovboya cəlbedici gəlməzdi. Mustanqı tutmaq asan deyil, hətta buna nail olsan belə, o, axıra kimi vəhşi, tamamilə faydasız, ipəyatmaz olaraq qalacaq.
Əksər maldarlar mustanq öldürməyi özlərinə peşə eləyiblər, çünki bu atlar təkcə otlaqları korlamır, həm də bəzən çobanların əhliləşmiş atlarını özləri ilə aparır, həmin heyvanlar da vəhşi həyata tez öyrəşir, həmişəlik itib-batırlar.
Vəhşi Co Kalon atlara, onların bütün xüsusiyyətlərinə əla bələd idi. O belə deyirdi:
– Mən ömrümdə üzüyola olmayan ağ at görməmişəm! Ya da kəhər ola, kəhgir olmaya… Qara at isə həmişə eşşək kimi tərs, iblis kimi kinli olur. Caynağı olsa, şirin də öhdəsindən gələr!
Beləliklə, əgər mustanq tam xeyirsiz heyvandırsa, qara mustanq ikiqat faydasızdır. Skrat Conun biryaşar mustanqa yiyələnmək, onu əhliləşdirmək arzusunda heç bir məna görmürdü.
Lakin Co bu istiqamətdə ikinci il də heç bir addım ata bilmədi.
Co adi çoban idi, ayda iyirmi beş dollar məvacib alır, boş vaxtı, demək olar ki, qalmırdı.
Kovboy yoldaşlarının çoxu kimi o, bir zamanlar ranço sahibi olmaq, özü üçün mal-qara saxlamaq arzusu ilə yaşayırdı. Onun Santa Fe şəhərində lazımi qaydada qeydiyyatdan keçirdiyi şəxsi damğası da vardı. Lakin sürüsündə bu damğanı basa biləcəyi yeganə iribuynuzlu heyvan bir qoca inəkdən doğulmuş buzov idi.
Damğası olmayan hər bir heyvana öz damğasını vurmaq Conun qanuni haqqı idi. Lakin payızda əməkhaqqını alanda o, şəhərdə kef etməyə yaman şirniklənirdi. Odur ki Conun bütün əmlakı elə qabaqkı kimi yəhərdən, yatacaqdan və həmin qoca inəkdən ibarət idi. Amma o heç vaxt haçansa bir oyun çıxarıb varlanacağına ümidini itirmirdi. Bir dəfə necə oldusa, ağlına belə bir fikir yerləşdirdi ki, həmin qara mustanq ona mütləq xoşbəxtlik gətirəcək və atı tutaraq ona yiyələnmək üçün əlverişli fürsət gözləməyə başladı.
Lakin artıq güclü, üçyaşar ata dönmüş, gözəlliyi ilə lap gözə girən qara mustanq barəsində nə qədər eşitsə də, Co özü ona heç vaxt tuş gəlməmişdi.
Antilop bulağı düzənlikdə, hər tərəfdən açıq çöllükdə yerləşirdi. Bulaq çağlayıb daşanda ətrafını qumotu basmış kiçik gölə dönürdü. Suyun səviyyəsi düşəndə isə bulağın ətrafında səthi qara lillə örtülmüş, adda-budda ağ duz ləkələri parlayan, ortasındakı çuxurdan isə bulaq qıjıldayan böyük bir düzənlik qalırdı. Bulağın suyu təmiz, içməli idi. Ətrafdakı neçə millik ərazidə başqa bulaq da yox idi.
Bu çöllük qara ayğırın sevimli oylağına çevrilmişdi, hərçənd ki mal-qara da, ev atları da elə burada otlayırdı.
Burada, əsasən, damğalı sürülər olurdu. Sürü sahiblərindən biri, fermanın işlər müdiri Foster işgüzar adam idi. Hamını inandırmağa çalışırdı ki, bu yerlərdə ev heyvanlarının yaxşılaşdırılmış cinslərini artırsalar, gəlirlər mütləq çoxalacaq. Özünün artıq qarışıq cinsdən olan on dənəyə yaxın qamətli, düzgün bədən quruluşlu, ceyrangöz madyanı da vardı. Onların yanında tük basmış adi atlar lap tör-töküntüyə bənzəyirdi.
Bu gözəl madyanlardan biri həmişə iş üçün tövlədə qalırdı, digər doqquzu isə dayçalara süd verəndən sonra, adətən, sərbəst gəzib-dolaşırdı.
Atlar ən yaxşı otlaqların yolunu həmişə tapır. Doqquz madyan da Antilop bulağına aparan yolu çox asan tapdı. Sonralar, yayda Foster öz yoldaşı ilə onları axtarmağa gedəndə atlarını lap tez tapdı. Amma heyvanların yanında olan kömür kimi zil qara ayğır bu sürünü lap sahibi kimi qoruyurdu. O, sürünün ətrafında çaparaq atları bir yerə toplayırdı və onun parlaq qara rəngi madyanların qızılı dərisindən çox kəskin fərqlənirdi.
Madyanlar yumşaqxasiyyətli idi və təbii ki, əgər qara ayğır olmasaydı, onları qovub evə qaytarmaq çox asan iş olardı. Görünür, heyvan öz vəhşi xisləti ilə bu madyanları da xəstələndirmişdi. Onlar da belində süvarilər olan yöndəmsiz atları lap geridə buraxaraq dördnala qaçıb uzaqlarda gözdən itdilər.
Atların bu hərəkəti hər iki maldarı özündən çıxardı. Onlar tüfənglərinə əl ataraq andıra qalmış ayğırı vurmaq üçün fürsət gəzməyə başladılar. Lakin əgər açılan güllələrin madyanlara dəymək ehtimalı onda doqquzdursa, necə atəş açasan?
Bütün gün atı vurmaq üçün göstərilən faydasız cəhdlərlə keçdi. Ayğır mustanq – bəli, o idi – ailəsini gözündən qoymurdu və elə onlarla bir yerdə də cənubdakı qum təpələrinin o üzündə yoxa çıxdı.
Dilxor maldarlar uğursuzluqlarının baiskarından mütləq intiqam alacaqlarına söz verərək əldən düşmüş atlarının belində evlərinə döndülər.
Qara yallı, yaşılımtıl, parlaq gözlü nəhəng ayğır isə bütün əyalətin çöllərinə sahiblik edir və müxtəlif yerlərdəki madyanları özü ilə apararaq ilxısını durmadan böyüdürdü. Nəhayət ki, onun ilxısı, azı, iyirmi atdan ibarət oldu.
Onun dalınca düşən madyanların əksəriyyəti sakit, arıq atlar idi və onların arasında ayğırın ilk dəfə apardığı doqquz cins madyan boy-buxunu ilə yaman fərqlənirdi.
Bu kiçik ilxı elə cidd-cəhdlə, elə qısqanclıqla qorunurdu ki, ora düşən istənilən madyan maldar üçün birdəfəlik itirilmiş sayılırdı və maldarlar özləri də tezliklə