Hekayələr. Эрнест Сетон-Томпсон
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Эрнест Сетон-Томпсон страница 4
– Az qalmışdı açım.
– Sarsaq! – deyə masanın o biri başında oturmuş “iki H” damğasının sahibi olan çoban söhbətə müdaxilə etdi. – Mən elə fikirləşirəm ki, təzə ay çıxanadək o ayğır mənim damğamı daşıyacaq.
– Bir qədər tələsməli olacaqsan, yoxsa bu dəfə onu görəndə yanbızında nöqtəli üçbucaq tapacaqsan.
– Bəs harada gördün onu?
– Belə oldu da. Antilop bulağının yanındakı çöllüklə gedirdim, birdən gördüm ki, qamışlıqda nəsə uzanıb. Fikirləşdim ki, yəqin, bizim sürüdən olan inəkdir, amma yaxınlaşanda yerə sərilmiş bir at gördüm. Külək üzü mənə əsirdi deyə lap yaxınına gedə bildim. Nə görsəm yaxşıdır? Həmin yorğa idi, özü də elə bil ölmüşdü! Amma bədənində leşə xas şişkinlik-zad gözə dəymirdi, heç yaralı da deyildi. Burnum irin, qan qoxusu hiss eləmədi. Bilmirdim ki nə düşünəm, birdən heyvan milçək qonmuş qulağının birini tərpətdi. Burada anladım ki, ölməyib, yatıb. Onda kəndirimi götürüb əlimə doladım, amma fikir verdim ki, bəzi yerlərdən yaman sürtülüb. Onda tapqırım da bir dənə idi və mən fikirləşdim ki, mənim atımın çəkisi yeddi yüz funta yaxın olar, ayğır isə, azı, min iki yüz gələrdi. Ona görə də öz-özümə dedim: “Sınamağa dəyməz, kovboy! Tapqırı qırarsan, yıxılıb yəhərini də itirərsən”. Yəhərin qaşına qamçının dəstəyi ilə bir dənə ilişdirdim – və… kaş mustanqı görəydiniz! O, yerdən, azı, altı fut hündürlüyə sıçradı, parovoz kimi fınxıra-fınxıra qaçıb getdi. Gözləri az qalırdı hədəqəsindən çıxa və bu minvalla lap Kaliforniyaya kimi qaça bilərdi. Əgər sürətini azaltmayıbsa, indi, yəqin, oradadır. Amma and içirəm ki, bircə dəfə də olsun yenə yorğasına haram qatmadı!
Billi söhbətinə arabir söyüş-zad da qatırdı. Eyni zamanda durmadan yeyir, içirdi, çünki özü də çox sağlam adam idi. Ona hamı inandı, çünki etibarlı bir oğlan kimi bu yerlərdə ad çıxarmışdı. Oradakı adamlardan yalnız qoca Hindquşu İzi dillənmədi, lakin söhbətə hamıdan çox diqqət verdi, çünki beynində tamam təzə bir plan yaranırdı.
Nahardan sonra qəlyanını çəkə-çəkə həmin plan üzərində əməlli-başlı fikirləşdi, amma bu işin öhdəsindən təkbaşına gələ bilməyəcəyini dərk etdiyindən sirrini Nal Billə açdı. Beləliklə, yorğa ayğırı tutmaq, daha doğrusu, vəd edilmiş min dollar mükafatı qazanmaq üçün yeni birlik yarandı.
Antilop bulağı mustanqın hələ də su dalınca gəldiyi yer olaraq qalırdı. Suyun səviyyəsi düşmüşdü və qumotu kolları ilə su hövzəsinin arasında artıq qurumuş qara lildən ibarət enli bir zolaq vardı. Bu zolağı bura su içməyə gələn heyvanların saldığı iki cığır kəsirdi. Atlar və vəhşi heyvanlar, adətən, həmin cığırlarla gedirdilər, iribuynuzlu mal-qara isə birbaşa qumotunun içindən keçirdi.
İki yoldaş bu cığırlardan birini seçib onun düz üstündə bellə uzunluğu on beş, eni altı və dərinliyi yeddi fut olan xəndək qazdı. Bunun üçün iyirmi dörd saat dincəlmək bilmədən işləyəsi oldular, çünki hər şeyi mustanq su dalınca gələnə kimi bitirmək lazım idi. Ağır iş idi. Xəndək qazılandan sonra üstünə şüvüllər düzdülər, çırpı, torpaq tökdülər ki, görmək mümkün olmasın. Bu işlərini bitirəndən sonra özləri üçün bir az aralıda qabaqcadan hazırladıqları xəndəklərdə gizləndilər.
Günortaya yaxın yorğa suya gəldi. O artıq tək idi, çünki bütün ilxısını əsir götürmüşdülər. Bulağın əks tərəfində ikinci cığır vardı, amma izlərdən nəticə çıxarsaq, atlar bu cığırdan çox nadir hallarda istifadə edirdilər. Amma qoca Tom ehtiyat üçün onun üstünə qamış qırıb tökmüşdü ki, at mütləq xəndək qazılan cığırdan istifadə etsin.
Vəhşi heyvanların təhlükəsizliyini hansı dahi zəka qoruyur, görəsən? Yorğa xəndəkdən yox, qamışlıqdan keçdi. Sakitcə suya yaxınlaşıb içməyə başladı.
Ovçuların bir üsulu da qalmışdı. Yorğa ikinci udum suyu almaq üçün başını aşağı salanda Betslə Smit çalalarından çıxaraq mustanqın arxasına keçib revolverdən torpağa atəş açdılar.
Mustanq özünün məşhur yorğası ilə birbaş onun üçün qurulmuş tələnin üstünə yeridi. Bircə saniyədən sonra o, mütləq xəndəyə düşəcəkdi! Budur, o artıq həmin cığırdadır… Ovçular artıq heyvanın ələ keçdiyini güman edirlər. Tezliklə ayğır onların əlinə keçəcək.
Lakin ağlasığmaz bir şey baş verdi. Mustanq bir əzəmətli sıçrayışla xəndəyin üstündən atıldı, torpağı dırnaqları ilə eşib uzaqda gözdən itdi. O, bir də Antilop bulağına dönməmək üçün qaçıb getdi.
Vəhşi Co uzaqgörən adam idi. O, başqalarının da bunu etmək istədiyindən xəbər tutanda mustanqı nəyin bahasına olursa olsun ələ keçirmək qərarına gəldi və yeni planın icrasına başladı. Bu dəfə çaqqalın ayaqları iti dovşanı, hindunun isə antilopu tutmaq üçün istifadə etdiyi üsulu işə salmaq fikrinə düşdü. Bu qədim üsul “dəyişmə” adlanır.
Yorğa mustanqın dolaşdığı ərazi altmış kvadratmil sahəsi olan üçbucaq təşkil edir, cənubdan və şimaldan çaylar, qərbdən isə dağlarla məhdudlaşırdı. Belə güman edilirdi ki, mustanq bu ərazidən heç vaxt çıxmır, Antilop bulağı isə onun daimi məskənidir.
Co bu yerləri əla tanıyırdı. Bütün bulaqlarına, bütün dərələrinə bələd idi.
Əgər əlli dənə yaxşı atı olsaydı, onları elə bölərdi ki, bütün mühüm məntəqələr əhatə olunardı. Lakin o yalnız iyirmi yaxşı at və elə o qədər də yaxşı süvari yığa bilərdi. Bundan artığına ümid etməyə dəyməzdi.
Atları ova iki həftə qalmışdan yulafla yemlədilər. Sonra onları yola saldılar və hər süvariyə də nə etməli olduğu barədə müfəssəl göstərişlər verdilər. Onlar təqibə bir sutka qalmış artıq yerlərində idilər.
Təyin olunmuş gün Co furqonla Antilop bulağına yollandı və kənardakı kiçik dərədə yerləşib hadisələrin inkişafını gözləməyə başladı.
Nəhayət ki, kömür kimi qara ayğır gəlib çıxdı. O, cənub tərəfdəki qumsal təpələrin o üzündən tənha gəlib sakitcə bulağa endi. Əvvəlcə bulağın ətrafına dolaşdı, burada düşmən gizlənib-gizlənmədiyini bilmək üçün havanı iylədi. Sonra suya cığır olmayan səmtdən yaxınlaşıb içməyə başladı.
Co ona baxır və istəyirdi ki, çoxlu, lap bir çəllək su içsin. Mustanq ot qırpmaq üçün yan tərəfə çevriləndə Co atını mahmızladı. Ayğır nal səslərini eşidib süvarini görən kimi qaçmağa başladı.
At özünün məşhur ləngərli yorğasıyla düz cənuba istiqamət götürdü. Onunla təqibçilər arasındakı məsafə durmadan