Hekayələr. Эрнест Сетон-Томпсон
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Эрнест Сетон-Томпсон страница 6
O, kəhər madyan Solliyə oynaya-oynaya yaxınlaşırdı, axırda burun-buruna gəldilər.
Ayaqlarını bir-bir ataraq Sollinin ətrafında oynayırdı və birdən arxa ayağını xain halqanın içinə basdı. Tom kəndiri cəld dartdı, halqa daraldı və mustanqın dal ayağı ilişib qaldı.
Qorxu atın gücünü ikiqat artırdı. O geri sıçradı, amma kəndir onu buraxmadı, at çarəsiz, məğlub görkəmlə yerə yıxıldı.
Qoca Tomun balaca, donqar silueti çaladan çıxdı. O, təbiətin gözəl məxluqunu məğlub etmişdi. Atın yenilməz gücü bəstəboy, zəif qocanın ağlı qarşısında yenmişdi. Mustanq fınxırdı və azad olmağa çalışaraq barışmaz bir mübarizəyə girişdi, amma hər şey əbəs idi: kəndir onu möhkəm tutmuşdu.
Tom cəld atın qabaq ayaqlarına dolaşan ikinci kəməndi də atdı. Sonra usta bir hərəkətlə bütün ayaqlarını bir yerdə sarıdı. Qəzəblənmiş heyvan bircə dəqiqədən sonra axta donuz kimi kəndirə sarılıb çarəsiz halda yerdə uzanmışdı.
Bədbəxt heyvan uzun müddət, tamam əldən düşənə kimi çapaladı. Bütün bədəni hıçqırıqlardan əsim-əsim əsir, gözlərinin yaşı sifətindən axırdı.
Tom dayanıb baxırdı və qoca çobanın qəlbində qəribə şeylər baş verirdi. Başdan-ayağa kimi titrəyirdi; ilk dəfə kəmənd atıb özünün birinci buğasını tutandan bəri başına belə bir şey gəlməmişdi və indi bir neçə dəqiqə yerindən tərpənə bilmədi, yalnız durub öz gözəl əsirinə tamaşa etdi.
Lakin içindəki bu hislər tezliklə dağılıb çəkildi. Tom mənhus rolunu yaxşı oynamış madyanını yəhərlədi və təzə kəndiri götürüb mustanqın başına keçirdi. O, madyanı ayğırın yanına çəkdi. Mustanqın daha əlindən qaça bilməyəcəyinə tam əmin oldu. Tom kəndirləri açmaq istəyirdi, amma bu yerdə ağlına gözlənilməz bir fikir gəldi. O, bir mühüm məsələni büsbütün unutmuşdu və özü ilə bütün gərəkli əşyaları götürməmişdən işə girişmişdi.
Qərbin qanunlarına əsasən, vəhşi mustanq ona ilk damğanı basan şəxsin malına çevrilir. Amma yorğanın özünə məxsus olduğunu sübut etmək üçün bunu indi necə edə bilərdi, əgər iyirmi millik ərazidə mal-qara damğalamaq üçün bir dənə də cihaz tapmaq mümkün deyilsə?
Lakin qoca Tom fəndgir idi. Öz madyanına yaxınlaşıb növbə ilə bütün dırnaqlarına, nallarına baxdı. Həqiqətən də, nalların biri yerində möhkəm deyildi, bir az laxlayırdı. Tom nalı tərpətməyə başladı, onu dırnaqdan ayırmaq istəyirdi, axırda elə ayırdı da.
Tonqal üçün yanacaq tapmaq bu çöllükdə çətin deyildi. Çırpı, quru ot bəs deyincə vardı, elə buna görə də ocağı tez bir zamanda qalamaq asan iş idi. Tom nalı götürdü, bir ucundan corabı ilə yapışıb digər ucunu alovda közərtdi. Bunu edəndən sonra onu köməksiz mustanqın sol çiyninə yapışdırdı və heyvanın dərisində Hindquşu İzinin kobud damğasının izi qaldı; ilk dəfə idi ki, bu damğa təyinatı üzrə istifadə olunurdu.
Közərmiş metal bədəninə toxunanda mustanq diksindi. Amma iş artıq bitmişdi və qürurlu, azad yorğa adi ev atları kimi damğalanmışdı.
İndi yalnız onu evə aparmaq qalırdı. Tom kəndirləri boşaltdı. Bunu hiss edən mustanq elə bildi ki, artıq azaddır: ayağa qalxıb sıçradı, amma elə o dəqiqə də təzədən yıxıldı. Onun qabaq ayaqları bir-birinə möhkəm bağlı idi və o yalnız tullana-tullana gedə bilərdi. Qaçmağa cəhd edən kimi bağlı ayaqları mane olur və o yıxılırdı. Tom özünün yüngülayaq madyanında mustanqı arxasınca aparmağa çalışırdı. Atı dartır, üstünə qışqırır, yeriməyə məcbur edirdi, lakin şıltaq, qəzəbli və bütün bədəni köpük içində olan əsiri tabe olmaq istəmirdi. O, dəli kimi kişnəyir, qəzəblə fınxırır, çırpınaraq azad olmağa çalışırdı.
Bu çox uzun, qəddar bir qarşıdurma idi. Mustanqın parlaq böyürləri köpüklə qanın qarışığından islanmışdı. O, dəfələrlə yıxıldı. Uzun günlərin təqibindən artıq əldən düşmüşdü, halsız idi. Gah bu, gah da o tərəfə sıçrayırdı, lakin bu sıçrayışlar getdikcə daha zəif olur, burun pərələrindən çıxan köpük qana boyanırdı. Qəddar, amiranə, soyuqqanlı qalib isə onu elə hey teyləyir, irəliləməyə məcbur edirdi.
Hər addım uğrunda mübarizə apara-apara artıq yamacdan dərəyə tərəf enmişdilər və uçurumdan keçirən yeganə cığırın başlanğıcında idilər. Buralar yorğa mustanqın keçmiş ərazilərinin şimal sərhədi idi. Buradan ranço da, onun çəpərləri də görünürdü. Tom sevinc içindəydi, lakin mustanq azadlığını qaytarmaq uğrunda sonuncu çarəsiz cəhdi üçün güc yığdı. İplərini qırıb arxasında vıyıldayan kəndirlərə, onun dəli qaçışını dayandırmaq üçün açılan atəşlərə baxmayaraq, üzüyamaca, getdikcə daha yüksəklərə qaçdı.
Mustanq lap zirvəyə üz tutmuşdu və sonda sıldırımın lap kənarına qalxdı. Oradan isə aşağı, düz uçuruma sıçradı, iki yüz fut yüksəklikdən qoparaq aşağı, lap aşağı uçdu… və nəhayət, daşlara, qayalara çırpıldı. Elə orada da qaldı. Cansız, amma… azad.
ARIQUŞU NİYƏ İLDƏ BİR DƏFƏ AĞLINI İTİRİR?
Çox qədim zamanlarda, hələ Amerikanın şimalında qış olmayan dövrlərdə arıquşular meşələrdə öz qohumlarıyla birgə heç nəyin dərdini çəkmədən şən yaşayıb kefə baxırdılar.
Lakin bir payız ana təbiət bütün lələkli müğənniləri xəbərdar etdi ki, tez bir zamanda cənuba uçmalıdırlar, çünki bu yerlərə güclü düşmənlər – qar, şaxta və aclıq gəlir və onlarla mübarizə aparmaq quşların çoxu üçün çətin olacaq.
Arıquşuların qohumları hara uçmağın yaxşı olduğu haqda bəhsə girişdilər. Yalnız bütün dəstənin başçısı olan arıquşu əyləşdiyi budağın üstündə gülməkdən mayallaq vurub özündən gedirdi.
– Elə uzağa getmək? – deyə civildəyirdi. – Yox bir! Bizim üçün elə bura da yaxşıdır. Yalan deyirlər, nə qar olacaq, nə şaxta, nə də aclıq! Mən bütün ömrüm boyu heç qocalardan da belə bir şey haqda eşitməmişəm.
Amma başqa quşlar elə həyəcanlanır, elə qorxurdular ki, axırda onların nigarançılığı arıquşuların çoxuna da sirayət etdi. Onlar hətta bir müddət əyləncələrindən də əl çəkib qohumlarından nə baş verdiyini öyrənməyə girişdilər. Qohumları da bacardıqları kimi anlatdılar ki, bəs təhlükə yaxınlaşır, tez bir zamanda hökmən