Hekayələr. İsi Məlikzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - İsi Məlikzadə страница 14

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - İsi Məlikzadə Hekayə ustaları

Скачать книгу

gözləyə-gözləyə qalırdı Bakıda. Ağarəhimin arvad-uşağı bu dəfə qatara minəsi olmadı – Ağarəhim onları təzəcə aldığı “Jiquli”də apardı. Maşın yaxşı şeydi, vallah; harda istəyirsən saxla, dincəl. Günün hansı vədəsində istəyirsən otur maşına, sür ürəyinə yatan yerə: dağa, bağa, meşəyə… Amma qəribə xasiyyəti var Pərvanənin: cavanca gəlin olasan, kurorta-zada meyil eləməyəsən? Pərvanə hara desəydi, Ağarəhim aparardı onu. Lap xaricə aparardı; qardaşı Ağakərimin canı sağ olsun –putyovka təşkil eləmək onun əlində nə çətin işdi – bircə zəngi kifayətdi ki, qıfıllı qapılar taybatay açılsın. Di gəl ki, Pərvanə Borçalıdan başqa heç yeri bəyənmir. “Həm də qocalarımın gözləri yoldadı, – deyir. – İldə ikicə ay onların yanında qalmağım da qənimətdi. Axı bizdən savayı onların kimi var?”.

      Pərvanənin sözləri Ağarəhimin ağlına batırdı. Doğrudan da, ildə ikicə ay Borçalıdakı qocaların könlünü ovundurmaq Allaha da xoş gedərdi, bəndəyə də. Amma indi Ağarəhim bu qərara gəldi ki, həvəsdi, bəsdi, daha arvadının barmaq tuşladığı boyunduruğun altına girməyəcək, daha avqustun axırınacan Borçalıda ilişib qalmayacaq. Əvvəllər maşını yox idi – əl-qolu bağlı kimi idi – indi, şükür Allaha, maşını da var, pulu da. Bor-çalıda bir-iki həftə qaldı, kifayətdi, sonra arvad-uşağını mindirəcək “Jiquli”yə aparacaq gəzməli, görməli yerlərə. “Bəs maşını niyə almışam, atam-qardaşım, bəs maşına bir ətək pulu nədən ötrü vermişəm? Bağışlasınlar məni Pərvanənin qocaları, mən də ürəyimcə yaşamaq istəyirəm”.

      Ağarəhim müşkül bir məsələni öz xeyrinə həll eləmiş adam kimi dərindən, rahat nəfəs aldı və ağlı-huşu bu ma şına, bu yola qayıdanda gördü ki, Qazağa çataçatdadı. İrəlidə, postamentin üstündəki təyyarə abidəsi gün işığında elə parıldayırdı, elə işıldayırdı, deyirdin bəs təyyarə deyil bu, qanadlı bir günəşdi doğub burda. Ağarəhim bilirdi ki, bu abidəni ilk azərbaycanlı təyyarəçinin şərəfinə qoyublar bura. “Sağ olsunlar qazaxlılar, başları iş-gücə nə qədər qarışıq olsa da, ölüb-itən igidlərini yaddan çıxartmırlar”.

      Abidənin qənşərində yol haçalanırdı. Sola dönən yol enli idi, asfalt idi, düz Qazağın içinə girirdi və bu yol Ağarəhimi Bakıya aparan yol idi. Sağa dönən yol kənd yolu idi, bu yolda uzaqdan ot tayasına oxşar bir şey saralırdı, amma yaxınlaşandan sonra aydın oldu ki, ot tayası deyil bu, üzü o yana dayanmış yük maşınıdı, kuzovuna o qədər ot qalayıblar ki, kabinəsi-zadı görünmür.

      Yolun haçasına çatanda Ağarəhim maqnitofonu söndürdü, sürəti azaltdı, lap haçanın başlanğıcında dayanmış maşının yanından ötəndə qəfil bir taqqıltı eşitdi: “Jiquli” yırğalandı, sağ yandan qabaq qapının şüşəsi çiliklənib oturacağa töküldü. Ağarəhim bu taqqıltıdan, bu yırğalanmadan əvvəl-əvvəl heç nə başa düşmədi, başa düşəndə belindən ağrı qopdu, elə bil böyrəklərinə bıçaq yeritdilər. Əlləri, ayaqları əsdi. Əyləci güclə basıb maşından birtəhər çıxdı.

      “Jiquli”nin sağ tərəfdən qabaq qanadı əzik-əzik olmuşdu, qabaq qapı əyilib içəri girmişdi, sağ fənər sınıq-sınıq idi. Ağarəhim qorxudan boğula-boğula, ürəyi titrəyə-titrəyə yük maşınına tərəf baxdı. Ayaqlığın yanında cavan, çəlimsiz bir oğlan donuxub qalmışdı. O qədər arıq idi ki, ovurdu-ovurdundan keçirdi. Nazik, qara bığı olmasaydı, deyərdin bəs uşaqdı.

      Ağarəhimin belindəki ağrı hələ çəkilməmişdi, üşütməli adam kimi qolları, qıçları hələ əsirdi. Boğazı qovuşa-qovuşa:

      – Neynədin, əşi? – dedi və ona elə gəldi ki, səsi dilçəyindən bu yana keçmədi, səsi içində qaldı.

      Amma oğlan onun sualını eşitmişdi. O da səsi titrəyə-titrəyə:

      – Bilmədim, ay dayı, – dedi, – görmədim, vallah.

      Oğlanın gözləri ya anadangəlmə belə iri idi, ya da qorxudan irilənmişdi. Ağarəhim güman elədi ki, yəqin öz gözləri də bax beləcə böyüyüb. Ağarəhimin bərkə-boşa düşdüyü vədələr olmuşdu, lap qorxduğu vədələr də olmuşdu, ancaq heç vaxt belindən belə ağrı qopmamışdı. Birinci dəfə idi ki, böyrəkləri bu cür sancırdı, birinci dəfə idi ki, kürəyinin zoqqultusu nəfəsini kəsirdi. Ağarəhim “Jiquli”nin böyründəcə tozlu yola uzanmaq istəyirdi, heydən düşmüş canını hara olur-olsun, yıxmaq istəyirdi, amma uşağa oxşayan çəlimsiz oğlanın yanında şəninə, bazburuduna sığışdırmırdı bunu. Bilmirdi neynəsin, nə danışsın. Bəlkə dişinin dibindən çıxanı desin oğlana, bəlkə basıb döysün onu? Bu nə iş idi, fələk, bu nə qəza idi? Bu ot maşını hardan çıxdı, şey tana oxşayan bu köpəyoğlu hardan çıxdı?

      Bu titrətməli, əsməcəli vaxtında Ağarəhimin yadına Pərvanənin sözləri düşdü. Pərvanə dönə-dönə demişdi ki, “maşında talisman gəzdir; göz dəyməz, xata-baladan uzaq olarsan”. Ağarəhim talismana, gözmuncuğuna, cadu-filana inanmırdı, amma Pərvanənin sözünə baxmamağına indi peşman oldu.

      Ağarəhim içindəki əsməcəni büruzə verməmək üçün nəfəsini birtəhər nizamladı.

      – Kor idin? – dedi. – Görmürdün ki, mən arxadan gəlirəm?

      Oğlan udquna-udquna:

      – Görmədim, vallah, – dedi. – Bu andır maşında dalı göstərən güzgü yoxdu. Ot da gözümün qabağını tutmuşdu. Elə dönmək istəyəndə… – Oğlan ürəkləndi, Ağarəhimə yaxınlaşa-yaxınlaşa: – Şükür Allaha, salamatlıqdı, – dedi. Maşının xurd-xəşil olmuş qanadına, içəri batmış qapısına baxdı. – Bunlar düzələr, – dedi, – təki ölüm, xəsarət olmasın.

      Ağarəhim yan-yörəyə göz gəzdirdi. Belə işlək yolda tərslikdən bir ins-cins də görünmürdü – bərk ayaqda Ağarəhimin şahidi olardı, tərəfini saxlayardı onun, deyərdi, bu kişinin oğlunda zərrəcə günah yoxdu.

      Oğlan da Ağarəhim sayağı yan-yörəyə baxdı, sonra iri gözlərini dikdi Ağarəhimin üzünə.

      – Ay dayı, – dedi, – it-qurd yığışmamış gəl çıxaq aradan.

      Ağarəhim başını buladı:

      – Qoy avtoinspektor gəlsin.

      Oğlan başladı dil tökməyə:

      – Vallah, düzəltdirəcəm maşınını. Vurulmağı qətiyyən bilinməyəcək. Bütün xərci mənim boynuma.

      Bu “Jiquli”nin daha əvvəlki “Jiquli” olmayacağını fikrinə gətirəndə Ağarəhimin damarlarında qanı tərsinə fırlandı. Ağarəhim içini bürüyən və çıxmağa fürsət, məqam axtaran acığını irigözlü oğlanın başına tökmək istədi. İstədi qışqırsın, ancaq özü də bilmədi ki, səsi niyə yumşaq çıxdı. Ağarəhim öz gücsüzlüyündən, acizliyindən hövlə gələn naçar adam kimi ağlamsındı.

      – Nəyi

Скачать книгу