Taun. Альбер Камю
Чтение книги онлайн.
Читать онлайн книгу Taun - Альбер Камю страница 5
O, pəncərədən çölə baxırdı. Şüşədən o yanda buludsuz səma görünür, içəridə isə bayaq dilə gətirilmiş sözün əks-sədası hələ də cingildəyirdi: taun. Keçmiş bəlaların mənzərələri göz qabağına gəlirdi: Çində, Marseldə, Konstantinopolda, Milanda, Londonda yayılmış dəhşətli taun xəstəliyi, hər yandan eşidilən sonsuz şivən səsləri. Yox, bütün bu əlamətlər hələlik bizim şəhərdə yox idi.
Həkim Ryö beləcə fikirləşdiyi vaxt xəbər verdilər ki, Jozef Qran onu görmək istəyir. Prefekturanın işçisi Qran idarədə hər cür işə buyrulduğundan, ölənlərin siyahısını tutmağı da ona tapşırmışdılar. İndi həmin siyahının bir nüsxəsini Ryöyə gətirməyə həvəslə razılıq vermişdi.
Qranla birlikdə qonşusu Kotar da gəlmişdi. O, əlindəki vərəqi hələ kandarda ikən yellədi.
– Rəqəmlər artır, həkim, – dedi, – qırx səkkiz saat ərzində on bir adam ölüb.
Ryö Kotarla görüşüb əhvalını soruşdu. Qran dedi ki, Kotar həkimə minnətdarlıq etmək üçün gəlib, həm də baş verənlərə görə üzr istəyir.
Ancaq Ryönun fikri siyahıda idi.
– Hmm… – o mızıldadı, – görünür, xəstəliyin öz adını açıb deməyin vaxtı çatıb. İndiyə qədər tərəddüd eləmişik. Mən laboratoriyaya dəyməliyəm; gəlin, bir yerdə gedək.
Arm meydanına çatanda Qran dedi:
– Məni bağışlayın, tramvaya minib evə qayıtmalıyam: axşamlar işləyirəm.
Ryö soruşdu ki, axşamlar da prefektura üçün işləyir? Qran cavab verdi ki, özü üçün işləyir.
– Bəs işlər necə gedir? – Ryö nəsə demək xatirinə soruşdu.
– Çoxdan işləyirəmsə, demək, necəsə gedir. Ancaq belə baxanda, elə bir irəliləyiş yoxdur.
Həkim ayağını saxladı:
– Bəs nə ilə məşğulsunuz?
Qran nəsə mızıldayıb, dəyirmi şlyapasını iri qulaqlarının üstünə basdı. Ryö şəxsi işdən söhbət getdiyini təxmin etdi.
Laboratoriyaya çatanda Kotar məsləhət almaq üçün onunla bir də görüşmək istədiyini dedi. Ryö onu kabinetə dəvət etdi, amma yadına nə düşdüsə, dedi ki, sabah onların məhəlləsinə gəlməlidir və axşamtərəfi Kotara baş çəkər.
Kotardan ayrılanda həkim hələ də Qran haqqında fikirləşirdi. Jozef Qran adi bir prefektura işçisi idi. Bu ucaboy, arıq kişi paltar geydirilmiş müqəvvaya oxşayırdı. Alt dişlərinin çoxu hələ yerində olsa da, üst dişləri tamam tökülmüşdü. Bu adam öz xeyirxahlığı, ürəyinin təmizliyilə seçilirdi.
Həmin axşam uzaqlaşıb gedən Qranın arxasınca baxanda Ryö fikirləşdi ki, bu adam ya kitab yazır, ya da ona bənzər bir işlə məşğuldur.
7
Ryönün canfəşanlığı sayəsində sanitar komissiyasının iclasını çağırmaq üçün ertəsi gün prefektin icazəsi alındı. Prefekt komissiya üzvlərini hörmətlə qarşılasa da, əsəbi görünürdü. O, tez mətləbə keçdi:
– Başlayaq, cənablar. Vəziyyəti izah etməyə ehtiyac varmı?
Rişar buna ehtiyac olmadığını düşünürdü, həkimlər vəziyyəti bilirdilər. Hansı tədbirləri görmək lazım olduğu aydınlaşdırılmalı idi.
Qoca Kastel onun sözünü kobudcasına kəsdi:
– Əsas məsələ bu xəstəliyin taun olub-olmadığını dəqiqləşdirməkdir.
Həkimlərdən hansısa heyrətlə içini çəkdi. Qalanlar, görünür, tərəddüd edirdilər. Prefekt isə hətta diksindi, bu dəhşətli xəbəri kiminsə eşidəcəyindən qorxurmuş kimi qeyri-ixtiyari qapıya tərəf boylandı. Rişar bildirdi ki, onun fikrincə, hay-küy qaldırmağa ehtiyac yoxdur, söhbət qızdırmanın ağırlaşmış formasından gedir. Saralmış bığlarının uclarını çeynəyən qoca Kastel gözlərini Ryönün üzünə zillədi. Sonra təbəssümlə iclasdakıları süzüb dedi ki, xəstəliyin taun olduğuna əmindir, amma bu fikir rəsmən təsdiqlənsə, çox ciddi tədbirlər görülməlidir. O əmindir ki, hörmətli həmkarlarını, əslində, məhz bu qorxudur.
Ryö bayaqdan bəri dinib-danışmadığından onun fikrini soruşdular.
–Tifə5 bənzəyən qızdırmadan söhbət gedir. Mən şişmiş limfa vəzilərini çərtib analiz üçün laboratoriyaya göndərmişəm. Laboratoriyada güman edirlər ki, tapılan mikroblar taun xassəlidir. Demək lazımdır ki, bu mikrobun bəzi xüsusiyyətləri keçmişdəki mikroblardan fərqlənir.
Rişar bildirdi ki, elə buna görə analizlərin cavabını gözləməliyik.
– Gözləməyə vaxt yoxdur, –Ryö bir az susub dedi. – Xəstəliyin yayılma sürətinin qarşısı alınmasa, iki ay ərzində şəhər əhalisinin yarısı qırıla bilər. Əsas xəstəliyə taun, yaxud qızdırma adı vermək deyil, əhalinin yarısını ölümdən qurtarmaqdır.
Rişar dedi ki, əgər epidemiya dayanmasa, onun qarşısını almaq üçün qanunun tələb elədiyi bütün tədbirlər həyata keçirilməlidir. Bunu etmək üçünsə xəstəliyin taun olduğu rəsmən təsdiqlənməlidir. Ancaq buna tam əminlik yoxdursa, onda hər şeyi yenidən götür-qoy etmək lazımdır.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.