Xudafərin körpüsü. Фарман Керимзаде

Чтение книги онлайн.

Читать онлайн книгу Xudafərin körpüsü - Фарман Керимзаде страница 4

Xudafərin körpüsü - Фарман Керимзаде Azərbaycan ədəbiyyatı

Скачать книгу

– Sultanəli barmağını mehribanlıqla onun dodaqlarına qoydu. – Onun adını çəkənin dərisini dırnaqdan tutmuş təpəsinə qədər soyurlar.

      – Niyə axı? Onun günahı nə olub?

      – Sonra bilərsən. O, hürufi şairdi.

      – Hürufi nədir? – İsmayıl qardaşının əlindən yapışıb buraxmır, öyrənməyə çalışırdı.

      – Bir-iki kəlmə ilə başa düşmək olmaz. Gərək onun yazdıqlarının hamısını oxuyasan. Əvvəl özümüzü öyrən, sonra.

      – Biz kimik?

      – Sufi6.

      – Sufi nədir?

      İsmayılın bu sualından sonra anası dilləndi:

      – Bura haradır?

      – Qala.

      – Bax, sufilik də budur. Zindandı, qollarda zəncirdi, ayaqlarda kündədi. Sufilər də, hürufilər də özlərinə bu dünyada da cəhənnəm qazanırlar, o dünyada da.

      Söhbətləri burada bitdi. Öz hücrələrinə keçdilər…

***

      Gecənin bir yarısı qapı döyüldü. Sultanəli qapını açmaq üçün getmək istədi, lakin anası qoymadı. Qapını o özü açırdı. İstəmirdi ki, bəla birdən-birə onun oğullarına gəlsin, odur ki həmişə özünü qabağa verirdi. İndi də belə oldu. Aləmşahbəyim bilirdi ki, qardaşının əmri ilə oğulları böyüdükcə bir-bir aradan götürüləcək. Bu səbəbdən gecələr yuxusu ərşə çəkilirdi. Hətta ərinin xəncərini başının altında saxlayırdı. Yad səs eşidən kimi Səkinə də oyanırdı…

      Qapıda ucaboy, Sultan Yaquba bənzər, əyin-başından saray adamına oxşayan bir nəfər dayanmışdı. Aləmşahbəyim geri çəkildi.

      – Sən kimsən?

      – Bacı, qardaşını tanıya bilmədin?

      Aləmşahbəyim diqqətlə baxdı. Gələn digər qardaşı Məsih Mirzə idi. Aləmşahbəyim onu sancdı.

      – Günah bacıda deyil. Qardaş bacının dar günündə qeybə çəkilirsə, onu necə tanıyasan?

      – Bacımı, onun balalarını bu vəziyyətdə görüncə gözlərim kor olaydı, – Mirzə Məsih belə deyib silahlarını çıxartdı. Sultanəli və yanında dayanan qardaşları dayılarına kinli-kinli baxırdılar. Mirzə Məsih bu baxışların səbəbini anlayırdı, ona görə də dedi:– Sizin yanınıza gəlmək olur bəyəm?! Taxt-tac ehtirası Yaqubun gözlərini tutub, heç nə görmür. Bura girmək üçün nə qədər vaxtdır əlləşirəm. Əbih Sultan olmasaydı, bura yol tapa bilməyəcəkdim.

      Aləmşahbəyim qardaşının gəlişindən sevinsə də, eyni zamanda bərk narahat oldu. Aşkardır ki, Mirzə məsih bacısını elə-belə görməyə gəlməyib. «Yəqin ki, uşaqlarla işi yoxdur. Nəsə başqa məqsədi var. Əbih Sultanla birləşibsə, bu hər nədirsə, ayrı məsələdir».

      Mirzə Məsih bardaş qurub oturdu. Aləmşahbəyim soruşdu:

      – Səndən nə yaxşı, qardaş?

      – Gəlmişəm də. Dedim, görüm necəsiniz.

      – Necə olacağıq, günümüz xoş, dövranımız çağ…– deyə Aləmşahbəyim kinayə ilə cavab verdi.

      Məsih Mirzə uşaqları bir-bir gözdən keçirdikdən sonra yenidən bacısına çevrilib dedi:

      – Səninlə ikilikdə söhbətim var.

      Aləmşahbəyim oğullarına dedi ki, digər hücrəyə keçsinlər. Bu sözdən sonra uşaqlar könülsüz də olsa, hücrədən çıxdılar.

      – Hə, eşidirəm, səni, – Aləmşahbəyim dilləndi.

      – Bacı, dərdini təzələsəm də deməliyəm ki, Şeyx Heydərin ölümünə fitva verən adamı tapmışam. Fəzlüllah Hünəci7 adlı bir üləma Yaqubu başdan-beyindən çıxarıb. Həm Yaquba, həm də Osmanlı sultanı Bəyazidə məktublar göndərib. Həmin məktublarda da yazıb ki, Şeyx Cüneyd kimi Şeyx Heydər də din yolu ilə getmək əvəzinə, hər yanı ələ keçirmək niyyətindədir. Bu səbəbdən də üsyanlar qaldırır, üstəlik, sufidir, xəyanətkardır. Qardaşımız da bu murdar fitnəkara inanıb və ağılsız davranıb. Tək sənin yox, həm də öz xətrinə iş görməməli, Şeyxə qıymamalı idi. Çünki Şeyx Səfiyyədinin8 qurduğu binanı uçurmaq fikrinə düşən axmağın yekəsidir. Onun türbəsinin ziyarətinə Hinddən, Çindən, Rumdan, Hicazdan, Dəməşqdən, Bağdaddan, Bəsrədən gəlirlər. Heç Səfiyyəddinin oğlu Sədrəddinə də kimsənin gücü çatmadı. İndi qardaşımız da Şeyx Heydər kimi adamlara arxalanıb səltənəti möhkəmlətmək əvəzinə, onlara qılınc qaldırır. Elə buna görə də ölkənin yarıdan çoxu ona lənət oxuyur.

      – İndi məndən nə istəyirsən? – Aləmşahbəyim qardaşının ürəyindən keçənləri yaxşı başa düşsə də, ondan fikrini açıq söyləməsini istəyirdi.

      – Düzü, səninlə tamam başqa bir işdən ötrü məsləhətləşməyə gəlmişəm.

      – Buyur.

      – Səni və balalarını bu müsibətdən qurtarmaq üçün bircə yol var, – Məsih Mirzə belə deyib susdu. Bacısı da dinməyib onun təklifini gözlə-məyə başladı. Belə görünürdü ki, qardaşı fikrini aşkar söyləməyə çətinlik çəkirdi.

      Nəhayət, Məsih Mirzə özünü toparlayıb yenidən sözə başladı:

      – Sən cavan vaxtında oturub qalmayacaqsan ha. Güclü, qüdrətli bir adama getməyə razılıq versən, o səni də, övladlarını da buradan çıxarar, qanadları altına alar.

      – Deməli, mənə elçiliyə gəlmisən, qardaş?

      – Elçiliyə yox, fikrini öyrənməyə… Bilmək istəyirəm, mənim bu tədbirim barədə sən özün nə düşünürsən?

      – Qüdrətli adam da, yəqin ki, Əbih Sultandı, elə deyilmi?

      – Haradan bildin? Əbih Sultan, doğrudan da, qüdrətli adamdır. Ölkənin dirəklərindən biridir.

      – O dirək elə güclüdürsə qardaşının laxlamış səltənətini saxlasın da! – Aləmşahbəyim elə hirslənmişdi ki, qarşısındakı qardaşı olmasa, ərinin xəncərini çıxarıb onun köksünə sancardı. O, birtəhər özünü ələ aldı. Ürəyində dedi: «İndi də bu taxt həvəsinə düşüb. Ona görə qardaşını boğmağa da, bacısını kimə gəldi ərə verməyə də hazırdır…

Скачать книгу


<p>6</p>

Sufi – əsas qayəsi kamil insan və ilahi eşq olan dini-fəlsəfi cərəyan, eyni zamanda bu cərəyanın nümayəndəsi

<p>7</p>

Fars tarixçisi və səyyahı Fəzlüllah ibn Ruzbеhan Xünci (1457–1521) nəzərdə tutulur.

<p>8</p>

Şeyx Səfiyyəddin (1252–1334) – sufi alimi, Səfəviyyə təriqəti və Səfəvilər sülaləsinin banisi, Ərdəbil (Səfəvi) hakimliyinin qurucusu. Şeyx Səfiyyəddin eyni zamanda Şah İsmayıl Xətainin ulu babasıdır.