Pənahəli xan. Фарман Керимзаде
Чтение книги онлайн.
Читать онлайн книгу Pənahəli xan - Фарман Керимзаде страница 6
Dilənçilər bir ağızdan qışqırdılar:
– İmam Rza köməyin olsun!
– Allah səni bizə köməyə göndərib.
Pənahəli bəy öz adamları ilə dilənçiləri bir yerə topladı və şahın əmrini yerinə yetirməklə məşğul oldu.
Göygöz isə həmin vaxt fikirləşirdi: «Yenə də Pənahəli bəy. Dilənçilərin hesabına xeyli varlanacaq. Bu Nadir şah nə iş görür? Belə getsə, heç xəzinəyə bir tümən də gedib çatmayacaq».
Növbəti üç gün ərzində var-dövlət xəzinəyə təhdvil verildi. Eyni zamanda ordunun payı ayrılıb hər bir əsgərə maaş ödənildi, ölənlərin ailələrinə qan pulu ayrıldı. Məiyyətin payı da sahiblərinə çatdırıldı.
Göygözün fikri-zikri isə Pənahəli bəyin payında idi. Ona Göygözdən çox pay çatmışdı. Bu, Göygözü yandırmaya bilməzdi. Göygözün yeganə təsəllisi o idi ki, Hindistanda özünü yaddan çıxarmamışdı – paltarının astarına xeyli daş-qaş tikmişdi… İndi qalırdı bir yol tapıb Pənahəli bəyi Nadir şahın gözündən salmaq!
Nəhayət, Nadir şahla tək qalanda Göygöz dilini işə saldı.
– Şah sağ olsun, Pənahəli bəydən gözüm su içmir.
– Niyə?
– Allan məni öldürsün, əgər şahımın və şahzadəmin ayağına dəyən daşın mənim başıma dəyməyini istəmirəmsə… Şübhələnirəm, mən nə eləyim? Gözlərini heç vaxt şahzadənin gözlərindən çəkmir.
– Burada pis nə ola bilər ki?
– Sui-qəsd olar, şahım. Əsli-nəcabəti olmayan bir adam bu qədər yüksələndə ondan nə desən çıxar.
Bu sözləri eşidəndə Nadir şahı elə bil ilan çaldı. O, gözünün ağı-qarası olan oğlunu indiyədək gözündən uzağa qoymamışdı. Həmişə özü ilə bərabər səfərlərə aparır, öz yanında oturdur, ondan heç bir sirrini gizlətmirdi. «Qoy dövləti idarə eləməyi öyrənsin».
– Bəli, Pənahəli bəy dayanmadan şahzadənin gözlərinə baxır. Özüm şahid olmuşam. Həm də bir dəfə yox, iki dəfə yox, hər dəfə.
– Necə baxır? Dost kimi, düşmən kimi?
– Şah sağ olsun, mən onun ürəyinə girməmişəm ki, biləm necə baxırdı?! – Göygöz ikiqat əyilib danışdığından Nadir şah onun gözlərini və sifətini görə bilmirdi.
– Sənin Pənahəli bəyə paxıllığın tutur, ona görə belə danışırsan.
– Şah sağ olsun, onu ki mən sizə tərifləmişdim.
Nadir şah bu cavabdan sonra susdu. Şübhələr içində boğulmağa başladı. «Bəlkə də, Şəki xanı ilə sözləşiblər. Aralarındakı ixtilaf da gözə kül üfürmək olub? Bəlkə də, Şəki xanı onu casus kimi yanıma göndərib? Mənə gücləri çatmır, odur ki məni vəliəhddən məhrum eləmək istəyir. İstəyir ki, şahzadənin… Allah eləməsin. Belə pis fikir mənim ağlıma haradan gəlir?»
Şah bu fikirlərdən ayılıb Göygözün üstünə qışqırdı:
– Pənahəli bəyi özün necə tapıb gətiribsənsə, elə də izlə. Bir günahı olsa, səni də onunla bərabər cəzalandıracam. Hər ikinizin də gözlərinizi çıxartdıracam.
Nadir şah seçiləndən hələ heç kimin gözünü çıxartmamışdı. Amma dedisə, eləyəcək. Ağlına gəlibsə, dilindən çıxıbsa, kimsə onu fikrindən daşındıra bilməz.
Göygöz «baş üstə» deyib getmək istəyəndə Nadir şah onu saxladı.
– Sənin rəhmətlik atan Ələmdar kişi ölüb. Ölənə cəhənnəmdə də olsa, rəhmət düşür. Atan mənim xalamın əri idi. Onda mən lap cavan idim, qonşu kəndlə torpaq davası düşmüşdü. Daha doğrusu, otlaq davası. Ölümə, qırğına gəlib çıxmaması üçün şeyxi çağırdıq ki, hər iki tərəfdən ağsaqqallar and içsinlər. Qurana da and içmək çətin işdi. Ələmdar kişi çatan kimi Qurana and içdi ki, bu torpaq bizimdi. Qarşı tərəfin ağsaqqalı da and içmək istədi. Amma gecikdi. Şeyx Ələmdar kişiyə dedi ki, torpaq yox, otlaq de. Ələmdar kişi də fikirləşmədən and içdi ki, bu ot da, otu bitirən torpaq da bizimdi. Beləliklə, torpağı aldı. Sonradan Ələmdar kişidən soruşdular ki, necə ürək eləyib and içdi? O da gülə-gülə dedi: «Çarığımın içinə o yerin torpağından qoymuşdum. Ürəyimə nə gəlmişdisə, bir çəngə də ot qoymuşdum». İndi sən də atanın yolunu getmə. Mənə düzgün söz çatdır. Xalam oğlu olsan da, rəhm eləmərəm, yalan desən kor qalacaqsan.
Göygöz baş əyib getdi. Amma atası barədə Nadir şahın kinayəli sözlərini də unutmadı. «Özü racanın almazını nə fırıldaqla əlindən aldığını yadından çıxarıb deyəsən, indi durub atamı ələ salır».
Göygöz daha sonra Pənahəli bəy haqqında fikirləşməyə başladı. Axı indiyədək onun sədaqətsizliyini görməyib. Yalanının üstü açılsa, Nadir şahın qəzəbindən qurtara bilməyəcək. Bəs onda necə eləsin? Bu fikirlər içində qaldığı yerə gəldi. Köhnə karvansaranın kiçik, qaranlıq hücrəsində taxtın üstündə uzanıb gözlərini şamın hisindən qaralmış tavanın qonur daşlarına dikdi. Özünü göyə daş atmış uşaq kimi hiss eləyirdi. Daş qayıdıb o uşağın başına yarmalı idi. Yaxşı, indi neyləsin ki, daş düşüb onu şikəst eləməsin.
Şahzadənin gözlərinə Pənahəli bəyin diqqətlə baxmağını Göygöz görməmişdi. Əksinə, bunu Pənahəli bəy özü demişdi:
– Şahzadənin çox aydın gözləri var. Lap Koroğlu dastanındakı Rövşənin gözləri kimi, maşallah, sanki qartal gözləridir. Allah onun ömrünü uzun eləsin. Yüz yaşında da gözlərinin işığı azalmasın!
Pənahəli bəyə bu sözləri dedirdən səbəb vardı. O, şahzadəyə baxanda həmişə öz oğlu İbrahim yadına düşürdü. İbrahimin də belə iri, parlaq gözləri vardı. Həm də gör neçə vaxt idi ki, İbrahimdən, öz elindən-obasından xəbəri yox idi. İndi, yəqin ki, yaylaqda olarlar. Bəlkə də, İbrahim bu dəqiqə yoldaşlarına qoşulub şehli çəmənlərdə at çapır, ya da atını bir təpənin üstündə saxlayıb o iri gözlərini aran yollarına dikərək atasının yolunu gözləyir.
6
Göygöz xeyli fikirləşdi. Axırda bu qərara gəldi ki, elə hərəkət etməlidir, nə özü şahın gözündən düşsün, nə də sözü yalana çıxsın. Deyəsən, çıxış yolu tapdı. Karvansaradan çıxıb ordugaha getdi. Allaha şükür eləyib ağızlarında xeyir-dua ilə ordugahdan çıxan