Makedoniyalı İsgəndər. Питер Грин
Чтение книги онлайн.
Читать онлайн книгу Makedoniyalı İsgəndər - Питер Грин страница 3
İsgəndərin atasına münasibəti mürəkkəb və ziddiyyətli idi; ürəyində atasına qarşı həm heyranlıq vardı, həm də onu bir rəqib gözündə görürdü. Atasının yolunu getsə də, heç nədə ondan geri qalmaq istəmir, hətta onu keçmək ehtirası ilə yaşayırdı. Uşaq vaxtı özünü guya anasının nəslindən olan Axillesə oxşadırdı. Ata tərəfdən isə İsgəndərin şəcərəsi Herakla gedib çıxırdı. Qədimdə bu cür genealogiyaya7 necə ciddi münasibət bəsləndiyini qiymətləndirməmək böyük səhv olardı. Qəhrəmanlıq mifləri yunanlar və makedoniyalılar üçün siyasətçilərin, ümumiyyətlə, mübahisə həvəskarlarının vaxtaşırı müraciət etdiyi qaçılmaz reallıq idi. Bunsuz onlara, sadəcə, qulaq asmazdılar. İsgəndərin müəllimləri barədə tarixdən bəzi şeylər məlumdur, ancaq ona nəyi, necə öyrətdiklərini bilmək mümkün deyil. Onun dayəsinin adı Lanis olub. Dayəsinin qardaşı Klit, deyilənə görə, Qranik yaxınlığındakı döyüşdə Makedoniyalı İsgəndərin həyatını xilas edib, ancaq çox illər sonra elə onun tərəfindən də Səmərqənddə sərxoş vəziyyətdə mübahisə elədikləri vaxt öldürülüb. İsgəndərin ilk müəllimi anası Olimpiadanın qohumu, gələcək sərkərdənin fiziki inkişafında böyük rol oynamış sərt xasiyyətli Leonid idi. İsgəndər xatırlayırdı ki, Leonidin fikrincə, ən yaxşı səhər yeməyi gecə yürüşü, ən yaxşı şam yeməyi isə – yüngül səhər yeməyi idi. Uşaq vaxtı bu cür nizam-intizam onu əsəbiləşdirsə də, Leonidin məşqləri sərkərdə kimi yetişməsində az rol oynamamışdı. Təsadüfi deyil ki, sonralar İsgəndərin fiziki baxımdan dözümlülüyü, hərbi yürüşlərdə göstərdiyi əzmkarlıq dildən-dilə keçərək əfsanələrə çevrildi.
İsgəndərlə müəllimi arasındakı münasibəti göstərən bir əhvalata indiyə qədər lazımi əhəmiyyət verilməyib. Deyilənə görə, bir dəfə gənc şahzadə qurbangahdakı oda hökmdar səxavəti ilə iki ovuc ətirli maddə atdığı üçün müəllimi tərəfindən danlanıb. Leonid istehza ilə deyib: «Ədviyyatla zəngin ölkələri istila edəndə ətirli maddələrdən istədiyin kimi istifadə edə bilərsən, indi isə onların qədrini bil». Çox illər sonra Makedoniyalı İsgəndər Orta Şərqdə əsas ədviyyat mənbəyi olan Qəzzanı işğal edir. Həmişə olduğu kimi evə – ana və bacısına hədiyyələr göndərir, ancaq bu dəfə Leonidi də unutmur. Deyilənə görə, «uşağın ürəyində ümid işığı yandırdığına görə» qocaya 18 ton ədviyyat, buxur8 və mirra9 gətirirlər. İsgəndərin xarakterinə yaxşı bələd olmaq üçün bu hekayə bizə çox şey deyir. Kimsə onun xətrinə dəyirdisə, gec-tez bunun peşmançılığını çəkməli olurdu. O heç nəyi unutmur və nadir hallarda həmin adamı bağışlayırdı.
Gənc İsgəndər musiqi dərsi almışdı (qədim yunan simli musiqi aləti olan liranı daha çox xoşlayırdı), oxuyub-yazmağı bilirdi. Xüsusi müəllimlər ona qılınc oynatmağı, ox, nizə atmağı da öyrətmişdilər. Makedoniyalı əsilzadələrin əksər uşaqları kimi, az qala, ayaq açmamışdan at minməyi bacarırdı. İsgəndərin at sürməyi ilə bağlı maraqlı bir əhvalat danışırlar. Onun təxminən on yaşı olanda fessaliyalı atabaxan Filonik qarşıdan gələn Olimpiya oyunları ilə əlaqədar Filipə baha qiymətə at təklif edir. Zil qara atın qaşqasında Filonikin ağ damğası vardı, atın adı isə Busefal idi. Təklif olunan qiymətə dəyməsi üçün ayğır gərək yeddi yaşına çatmış olaydı. Filip atı sınaqdan keçirməkdən ötrü dostları ilə düzənliyə enir. İsgəndər də onlarla gedir. Tezliklə atabaxanlar atı cilovlaya bilmədiklərini xəbər verirlər. Filip hirslənib Filonikə deyir ki, atını geri aparsın. Bunu eşidən İsgəndər dözmür: «Gör necə ayğırı əldən verirlər, – deyə qışqırır, – bircə ona görə ki, atı cilovlamağı bacarmırlar». Filip maraqla səkkiz yaşlı oğlunu süzür: «Nədir, sən böyüklərdən çox bilirsən?! Qoy elə olsun, ancaq atın öhdəsindən gələ bilməsən, bu lovğalığının cəzası nə olacaq?» Cavab özünü çox gözlətmir: «Atın pulunu ödəyəcəm». Hökmdar və ətrafındakılar uşağın sözlərinə gülüşürlər. İsgəndər qaçıb Busefalın yüyənindən tutaraq atın başını günəşə tərəf döndərir. Uşaq atın öz kölgəsindən ürkdüyünü hiss eləmişdi. İsgəndər atın böyründə bir az dayanır, sakitləşdirmək üçün heyvanı sığallayır, sonra kürkünü yerə atıb, onu sonralar da başqalarından fərqləndirən bir cəldliklə Busefalın belinə sıçrayır. Əvvəl yüyəni dartır, ardınca yüyəni boşaldanda at yerindən götürülür. Plutarxın yazdığına görə, Filip və ətrafındakı adamların «həyəcandan matı-mutu quruyur». İsgəndər atı geri çapıb gələndə Filip zarafatla deyir: «Özünə başqa səltənət axtarmalı olacaqsan, Makedoniya sənə darlıq edəcək». Bu zaman Filipin sadiq dostu Korinfli Demarat çıxarıb atın pulunu ödəyir, sonra da Busefalı balaca İsgəndərə bağışlayır. Həmin gündən atla uşaq, demək olar, bir-birlərindən ayrılmırlar. Sonralar İsgəndər öz şanlı döyüşlərinin çoxunda Busefalla birlikdə iştirak edəcəkdi.
M.ö. 348-ci ildə Filipin mühasirəyə aldığı Olinf şəhəri süqut etdi. Daxili problemlərinə başları qarışan afinalılar Olinfə həddindən artıq gec kömək göndərdilər. Afinada dövrünün nüfuzlu siyasi xadimlərindən olan Esxin Filipin qəddarlığını və mənsəbpərəstliyini lənətlədi, di gəl, onun yunan şəhərlərini Makedoniya əleyhinə qaldırmaq cəhdləri heç bir nəticə vermədi. Afinalılar öz vicdanlarını olinfli qaçqınları qəbul etməklə sakitləşdirdilər və uzun danışıqlardan sonra Pellaya sülh elçiləri yolladılar.
Makedoniya tezliklə Balkan yarımadasında ən qüdrətli dövlətə çevrildi. Məhz onda Afina natiqi İsokrat «Filip haqqında dastan»ında ellinliləri Makedoniya hökmdarının başçılığıyla İrana qarşı yürüşə çağırdı. İsokrat öz nitqində persləri «qorxaq» adlandırır, onların vuruşa bilmədiklərini, özlərinin də az qüvvə ilə guya böyük qənimət əldə edə biləcəklərini qeyd eləyirdi. Həmçinin insanların xoşbəxtliyi naminə Heraklın Troyaya qarşı apardığı müharibəni yada salırdı. Herakl isə Filipin əcdadı sayılırdı, İsokrat onu elə bu cür də qiymətləndirirdi. Afinada bu cür nüfuzlu şəxsin onun əsil-nəcabətinin Herakla bağlılığını təsdiqləməsi Filipə xoş idi.
İran şahı III Artakserksı «Qədim Şərqin ən böyük, Əhəmənilərin10 isə ən əzazil hökmdarı» adlandırırdılar. Onun qəddarlığı bəzi təbəələrini qiyama sövq etmiş, çoxları isə ölkədən qaçıb getmişdi. Təbəələrin bəziləri Əhəmənilər ilə mübarizədə öz ümidini gənc və qüdrətli Makedoniya hökmdarına bağlayırdı. Filip isə onları fikrindən daşındırmağa çalışmır, eyni zamanda, bölgədə müttəfiqlər qazanmağa cəhd göstərir, məsələn, Atarnaya başçılıq edən Hermey kimi yarımmüstəqil hökmdarlara gizlicə yardım
7
8
9
10