Heraklın on iki qoçaqlığı. Группа авторов

Чтение книги онлайн.

Читать онлайн книгу Heraklın on iki qoçaqlığı - Группа авторов страница 4

Heraklın on iki qoçaqlığı - Группа авторов Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

gözünə qəribə şeylər görünməyə başladı. Birdən ona elə gəldi ki, ayaqlarının altındakı şir dərisi canlanıb. Uşaqlar isə onun gözlərində ikibaşlı, dəhşətli və əcaib heyvana çevrildilər. Qəzəbdən gözlərinə qan dolmuş Herakl vəhşi bir nəriltiylə yerindən sıçrayıb uşaqların üzərinə atıldı və onların ikisini də öldürdü. Ağlını itirmiş qəhrəmanın ürəyi bununla soyumadı. O, evin içərisində qaçaraq dəhşətli səslər çıxarmağa, əlinə keçən hər şeyi sındırmağa başladı.

      Evdəki hay-küyə yüyürüb gəlmiş Meqara və İfikl nə qədər çalışsalar da, onu sakitləşdirə bilmədilər. Herakl onları tanımadı, qabağına qatıb qovmağa başladı. Onlar güc-bəla ilə özlərini küçəyə atdılar. Elə bu an dəlilik sarğısı onun gözlərindən açılıb düşdü, çılğınlığı dərhal keçdi. Zəkası özünə qayıtmış Herakl dayanıb heyrət içində ətrafına baxmağa başladı. O, Meqaranın və qardaşının nəyə görə ondan qaçdığını heç cür başa düşə bilmirdi.

      Herakl bir qədər əvvəl nələr baş verdiyini xatırlamağa çalışırdı. O, fikirli-fikirli otağa qayıtdı və uşaqlarının qan içində yerə sərildiyini görüb dəhşətə gəldi. Çarəsizlikdən Heraklın az qala ürəyi partlayırdı. O, üzünü əllərilə örtərək evdən çıxıb qaçmağa üz qoydu. Qaranlıq düşənədək dayanmadan qaçdı.

      Tutduğu işi bağışlanmaz günah sayan Herakl bir daha evinə, arvadının yanına qayıtmamaq qərarına gəldi. Qüssə içində qəhrəman başqa bir şəhərdə yaşayan dostunun yanına getdi, başına gələnləri ona danışdı. Heraklın müsibətindən xəbər tutan dostu ona təsəlli verib məsləhət gördü ki, Delfa şəhərindəki Apollon məbədinin kahinləri ilə görüşsün. Onlardan soruşsun ki, günahını necə yuya bilər.

      Herakl dostu ilə razılaşdı; günahı yalnız ədalətli cəza ilə yumaq olardı. Vicdanını sakitləşdirməyin yeganə yolu bu idi.

      Herakl dostundan ayrılıb Delfaya gəldi. Kahinlər ona dedilər ki, ilahların buyuruğuna görə Herakl özündən bir saat əvvəl doğulmuş Arqos hökmdarı Evrisfeyin yanına gedib ona nökərçilik etməlidir. Evrisfeyin bütün əmrlərini yerinə yetirməlidir. Əgər bunu etsə, ilahlar Heraklın günahından keçərlər.

      İlahların qərarı Heraklı qəzəbləndirdi. O həmişə Evrisfeyin qorxaqlığına gülər, onu ələ salardı. Onun bu cılız adamdan zəhləsi gedirdi. Ancaq başqa əlacı yox idi. Özünə layiq bilmədiyi bir adama nökərçilik etmək Herakl üçün çox ağır olsa da, bunu etməli idi. Öz uşaqlarını öldürdüyü üçün ilahların ona verdikləri bu ağır cəzaya boyun əyməli idi. "Nə olar ki, – deyə o öz-özünə fikirləşdi. – Günah mənim özümdədir, bu ağır cinayəti mən törətmişəm. Şükür etməliyəm ki, ilahlar bu böyük günahı üzərimdən götürmək üçün mənə imkan verirlər".

      Böyük qəhrəmanlar kimi Herakl da bütün ömrü boyu zavallı insanları müdafiə etməyə, zəifləri qorumağa söz verdi. Bəlkə, onda günahı bağışlanardı. Bu fikirlərlə yola düşən Herakl çox keçmədən gəlib Arqos şəhərinə çatdı.

      Evrisfey Heraklın gəlişindən xəbər tutub həm sevindi, həm də möhkəm qorxdu. Bir tərəfdən ilahların belə bir qəhrəmanı onun yanına nökər göndərməsi Evrisfeyə xoş gəlirdi, o biri tərəfədən isə Heraklın onu öldürüb Arqos səltənətini öz əlinə keçirəcəyindən qorxurdu. Evrisfey qorxusundan Heraklı qarşılamağa belə çıxmadı. Ona astanada gözləməyi əmr etdi, özü isə yatağına girib fikirləşməyə başladı. O, Heraklı elə bir yerə göndərmək istəyirdi ki, özü ad qazansın, Herakl isə həlak olsun. Dərin fikrə qərq olmuş Evrisfeyi yuxu apardı. İlahə Hera onun yuxusuna girib məsləhət gördü ki, Heraklı qorxunc Nemey şirini ovlamağa göndərsin.

      Yuxudan sevincək ayılan Evrisfey Heraklı çağırtdırıb Nemey şirini öldürməyi ona əmr etdi. Arqos hökmdarı belə bir ağıllı tədbir tökdüyü üçün bütün günü özündən razı halda gəzdi.

      Bax beləcə, ilahların hökmü ilə bəzən ağıllı və cəsur adamlar zalım və dövlətli axmaqlara tabe olurlar. Əslində, Evrisfey kimi qorxaq və cılız adamlar yaddaşlarda qalmağa layiq deyillər. Onları yalnız Herakl kimi qəhrəmanlara görə xatırlayırlar.

      Evrisfey Heraklı çağırtdırıb Nemey şirini öldürməyi ona əmr etdi.

      BİRİNCİ QOÇAQLIQ

      HERAKLIN NEMEY ŞİRİNİ ÖLDÜRMƏSİ

      Nemey şiri adi şir deyildi, bədheybət, nəhəng, sehrli bir yırtıcı idi. Bu şir Kleana kəndinin yaxınlığında, Nemey dərəsində yaşayırdı. O tez-tez ətrafdakı kəndlərə hücum edir, hamını vahimə içində saxlayırdı.

      Herakl cəsur olduğu qədər də ehtiyatlı və tədbirli idi. O, birbaşa şirin üstünə getmədi, əvvəlcə yerli əhalidən bu vəhşi heyvan barədə məlumat toplamaq qərarına gəldi. Bu məqsədlə Kleana kəndinə gəlib çıxmış Herakl kəndin kənarındakı bir daxmanın qapısını döydü.

      Bu yoxsul evdə Molarx adlı bir kəndli yaşayırdı. Herakl gecəni onun yanında qaldı. Mehriban insan olan Molarx şam üçün saxladığı bir parça boyat çörəyi və bir fincan turş şərabı ortaya qoydu. Onlar birlikdə şam etdilər. İri cüssəli cəsur cəngavərin bu yerlərə hansı məqsədlə gəldiyini eşidəndə Molarxı elə bil ildırım vurdu, nitqi qurudu. Qorxudan rəngi ağappaq ağarmış kəndli Heraklın qarşısında diz çöküb ona yalvarmağa başladı:

      – Ey igid, gəl sən bu fikirdən əl çək. Bu şir çox güclü və qorxunc bir heyvandır. Onun dərisi daşdan da bərkdir. O, yekə çay daşlarını ağzına salıb asanlıqla gəmirir.

      Molarx onu da dedi ki, bu qorxunc şir çox dərin, zil qaranlıq bir mağarada yaşayır, üstəlik də bu mağara tilsimlidir; nə qədər ki şir mağaradadır, ona nə nizə, nə qılınc, nə də ox batmır…

      Molarx əmin idi ki, Nemey şirini öldürmək istəyən Herakl, əslində, özü ölümə gedir. Bu cavan cəngavərə yazığı gəldiyindən Molarx onu fikrindən daşındırmağa çalışırdı. Ancaq görəndə ki, Herakl öz niyyətindən dönmək fikrində deyil, ev sahibi kədərli-kədərli dedi:

      – Ey cəngavər, bir halda ki, mənimlə razılaşmırsan, onda dinlə, gör nə deyirəm! Bu gün kəndimizin camaatı böyük Zevsə qurbanlar kəsəcək. İstəyirsənsə, mən də qurban kəsim ki, Zevs səni bu qorxunc heyvandan hifz etsin.

      Herakl bu sözlərə gülümsəyərək cavab verdi:

      – Molarx, sən çox yaxşı adamsan. Amma səbir elə, qurbanını mən Nemey şirini öldürdükdən sonra kəsərsən. Otuz gün məni gözlə. Əgər bu müddət ərzində mən şirin dərisini gətirsəm, uğurlu ov üçün birlikdə Zevsə şükürlər edərik. Otuzuncu gün gəlib çıxmasam, onda bil ki ölmüşəm və mənim üçün yas saxlayıb dua et.

      Herakl bu sözləri deyib ayağa qalxdı,

Скачать книгу