Amfibiya adam. Александр Беляев
Чтение книги онлайн.
Читать онлайн книгу Amfibiya adam - Александр Беляев страница 5
– Sən deyən olsun. Adın nədir?
– Kristo – Xristofor.
– Get, Kristo. Gözləyəcəyəm.
Kristo nəvəsinə tərəf çevrilib onu qucağına götürdü və tez bayıra çıxdı.
GÖZƏL BAĞ
Bir həftədən sonra Kristo qayıdanda Salvator onun gözlərinin içinə diqqətlə baxıb dedi:
– Sözlərimə yaxşı qulaq as, Kristo. Mən səni işə götürürəm. Yemək və yaxşı maaş alacaqsan…
Kristo əllərini yellədi:
– Heç nə istəmirəm, təki sizə qulluq edim.
– Sus və qulaq as, – Salvator sözünə davam etdi. – Hər şeyin olacaq. Lakin yadında saxla: burada gördüklərin barədə bircə kəlmə də danışmamalısan.
– Ağzımdan bircə söz qaçırsam, dilimi kəsib itlərə ataram.
– Bax ha, elə et ki, dilini kəsməli olmayasan, – deyə Salvator bir də xəbərdarlıq etdi. Sonra ağ xalatlı zəncini çağıraraq əmr etdi: – Onu bağa ötürüb Cimə təhvil ver.
Zənci səssiz-səmirsiz təzim etdi, hindunu ağ evdən bayıra çıxarıb həyətdən keçirtdi və içəri divarın dəmir qapısını döydü.
Divarın arxasından itlərin hürüşməsi eşidildi, qapı cırıldayıb asta-asta açıldı, zənci Kristonu qapı arxasında dayanmış başqa zənciyə təhvil verib getdi.
Kristo qapıdan içəri keçən kimi dəhşətlə divara sıxıldı; qırmızımtıl-sarı rəngli, tünd xallı əcaib heyvanlar bağırtıya oxşar hürüşlə ona tərəf qaçırdılar. Kristo onları yaquar zənn etdi. Lakin bu heyvanlar it kimi hürüşürdülər. O, yaxınlıqdakı ağaca tərəf cumub sürətlə yuxarı dırmaşmağa başladı. Zənci ilan kimi itlərin üstünə fışıldadı. Bu, itləri dərhal sakitləşdirdi. Onlar yerə uzanıb başlarını pəncələrinin üstünə qoyaraq zənciyə altdan-altdan baxdılar.
Cim deyilən zənci Kristoya ağacdan enməyə işarə etdi.
Kristo aşağı düşmədən soruşdu:
– Nə ilan kimi fışıldayırsan? Dilini udmamısan ki?
Zənci yalnız hirslə böyürdü.
«Yəqin ki, laldır, – Kristo fikirləşdi və Salvatorun xəbərdarlığını xatırladı. – Doğrudanmı, Salvator onun sirlərini yayan nökərlərinin dillərini kəsir?» Ağacdan yerə tullanaraq bacardığı qədər ehtiramla zənciyə gülümsündü, əlini irəli uzadıb dostcasına soruşdu:
– Cim?
Zənci başı ilə təsdiqlədi. Kristo zəncinin əlini bərk-bərk sıxdı. «Bir halda ki cəhənnəmə düşmüsən, deməli, iblislərlə dostluq etməlisən», – deyə fikirləşdi.
Cim Kristonu bağla tanış etdi.
Burada yaşıllığın və çiçəklərin bolluğu adamı heyran edirdi. Müxtəlif quşların cəh-cəhi, heyvanların bağırtısı, ciyiltisi, ulaması bağı başına götürmüşdü. Kristo ömründə bu qədər əcaib heyvan görməmişdi. Budur, yaşıl rəngli dərisi parıldayan altıayaqlı kərtənkələ qaçıb yolu keçdi. Ağacdan ikibaşlı ilan sallanırdı. Məftil tor arxasında donuz xortuldayırdı. O, alnının ortasındakı yeganə iri gözünü Kristoya zilləmişdi. Yolun qırağında böyürləri bir-birinə bitişmiş «Siam əkizləri» – iki zərifyunlu qoyun otlayırdı. Bir eybəcər heyvan – tamamilə tüksüz olan iri, çəhrayı it Kristonu xüsusilə heyrətləndirdi. Onun kürəyində sanki bədənindən çıxan balaca meymunun döşü, əlləri, başı görünürdü.
Kristoya elə gəlirdi ki, yuxu görür. Cim hindunu kiçik, sərin otağa gətirdi. Əlləri ilə başa saldı ki, bu otaq Kristonun ixtiyarına verilir. Sonra gedərək Kristonu tək qoydu.
ÜÇÜNCÜ DİVAR
Kristo onu əhatə edən qeyri-adi mühitə yavaş-yavaş alışdı. Birinci gün onu çox qorxudan yaquar dərili itlər indi Kristonun ardınca gəzir, əllərini yalayırdılar. Tutuquşular çiyninə qonurdular.
O, bəxtindən şikayət edə bilməzdi – işi az idi, yaxşı yemək verirdilər. Onu narahat edən bir şey vardısa, o da nökərlərin qaradinməzliyi idi. Kristo əmin idi ki, Salvator onların dillərini kəsmişdir. Doktor Kristonu hərdənbir öz yanına çağıranda hindu hər dəfə fikirləşirdi: «Yəqin, dilimi kəsəcək».
Kristo bəzən evdə yır-yığış edərkən laboratoriyaya girirdi. Orada gördüklərinə mat qalırdı. Məhlulla dolu şüşə bankalarda müxtəlif orqanlar tərpənirdi. Kəsilmiş əllər və ayaqlar yaşamaqda davam edirdi. Bütün bunlar Kristonu dəhşətə gətirirdi.
Salvatorun qulluq etdiyi bağ başqa bir divarla hasarlanmışdı. Həmin divarın arxasındakılar Kristonu çox maraqlandırırdı. Bir dəfə günorta vaxtı hamı dincələndə o, uca divarın yanına gəldi. Divarın arxasından uşaq səsləri gəlirdi, hindu dilində danışırdılar. Lakin arabir uşaq səsinə daha cır səs qarışırdı, həmin səs sahibi anlaşılmaz dildə sanki uşaqlarla mübahisə edirdi.
Bir dəfə Salvator bağda Kristonu görərək ona yaxınlaşdı və adəti üzrə düz gözlərinin içinə baxaraq dedi:
– Kristo, bu gündən etibarən sən aşağı bağda işləyəcəksən. Sən orada xeyli yeni şey görəcəksən. Amma şərtimizi unutma: əgər dilini itirmək istəmirsənsə, onu dişlərinin arxasında möhkəm saxla.
– Mən sizin lal xidmətçilərinizin arasında danışmağı, demək olar ki, yadırğamışam, doktor, – Kristo cavab verdi.
– Lap yaxşı. Susmaq qızıldır. İndi isə get. Cim səni aşağı bağa ötürər.
Kristonun aşağı bağda gördükləri onun gözlədiyindən artıq oldu.
Böyük çəmənlikdə lüt uşaqlar oynaşırdılar. Onlar müxtəlif hindu qəbilələrinin uşaqları —Salvatorun xəstələri idilər. Əksəriyyətinin üzərində cərrahiyyə əməliyyatı aparılmışdı. Sağalan uşaqlar burada oynaşır, ətə-qana dolduqdan sonra ata-anaları onları evlərinə aparırdılar.
Burada uşaqlardan başqa, meymunlar da yaşayırdılar. Quyruqsuz, tüksüz meymunlar. Ən təəccüblüsü bu idi ki, meymunlar danışa bilirdi. Onlar uşaqlarla mübahisə edir, donquldanır, cır səslə çığırırdılar.
Bağla tanış olduqdan sonra Kristo gördü ki, bu bağ körfəzə enən yerdə salınmışdır. Bağın axırı divar kimi dik qayaya dirənir. Görünür, dəniz bu divardan çox da uzaq deyildi, divarın arxasından dəniz ləpədöyəninin gurultusu eşidilirdi. Bir neçə gündən sonra