Görünməz adam. Герберт Уэллс
Чтение книги онлайн.
Читать онлайн книгу Görünməz adam - Герберт Уэллс страница 4
– Rədd olun cəhənnəmə! Qapını örtün!
NAMƏLUM ADAMIN İFŞA OLUNMASI
N aməlum adam günortaya qədər “Arabaçı və atlar” mehmanxanasındakı otağından bayıra çıxmadı. Bu müddət ərzində o heç nə yeməmişdi. Yəqin ki, bərk ac idi. O, üç dəfə zəng çaldı, lakin heç kəs cavab vermədi.
Missis Holl:
– Eybi yoxdur, “rədd olun cəhənnəmə” deməyi mən ona göstərərəm, – deyə donquldanırdı.
Mister Holl Uocerslə birlikdə məsləhət üçün şəhər hakiminin yanına getdi.
Təlaşa düşmüş, lakin maraqdan içini yeyən adamların dəstəsi getdikcə böyüyürdü. Qonşu missis Haksters gəldi. Ruhlar günü münasibətilə bəzənərək qara pencək geyib ağ qalstuk taxmış bir neçə zirək oğlan da gəlib yetişdi. Onlar mənasız suallar verməyə başladılar.
Günortaya yaxın naməlum adam birdən qapını açıb kandarda dayandı və piştaxtanın yanında oturmuş üç-dörd adama diqqətlə baxdı:
– Missis Holl, – deyə çığırdı.
Bufetə yığışmış adamlardan biri sahibəni çağırmaq üçün onun otağına yönəldi.
Missis Holl tövşüyə-tövşüyə, lakin qətiyyətlə içəri girdi. Mister Holl hələ qayıtmamışdı. Qadın artıq hər şeyi ölçüb-biçmiş və əlində balaca bir sini ilə gəlmişdi. Sinidə pulu ödənilməmiş hesab kağızı var idi.
– Siz borcunuzu ödəmək istəyirsinizmi? – deyə qadın xəbər aldı.
– Nə üçün siz mənə səhər yeməyi vermədiniz? Yoxsa elə düşünürsünüz ki, mən yeməksiz də keçinə bilərəm?
– Nə üçün siz hesabı ödəmirsiniz? – deyə missis Holl xəbər aldı. – Mən bunu bilmək istərdim.
– Üç gün bundan əvvəl sizə dedim ki, mən pul gözləyirəm…
– Mən də üç gün bundan əvvəl sizə demişdim ki, sizin pul gözləyib-gözləməməyinizin mənə dəxli yoxdur.
Naməlum adam susdu. Piştaxtanın yanında duranlar hamısı missis Hollun ona üstün gəldiyini hiss edirdi. Naməlum adamın sözləri də bunu təsdiq elədi.
– Qulaq asın, əzizim… – deyə o sözə başladı.
Missis Holl onun sözünü kəsərək:
– Mən sizin əziziniz deyiləm, – dedi.
Görünür, bu söz naməlum adamın heç xoşuna gəlmədi. Ayağını yerə vurub:
– Nə demək istəyirsiniz? – deyə qışqırdı.
– Ancaq onu demək istəyirəm ki, siz mənim və başqalarının başa düşə bilmədiyi bəzi şeyləri bizə izah etməlisiniz. Mən bilmək istərdim ki, otağınız boş olduğu halda siz yenidən orada necə peyda ol-dunuz. Bu evdə qalan kirayəçilər qapıdan girib-çıxırlar, siz isə başqa cür edirsiniz və mən bilmək istərdim ki, siz bunu necə edirsiniz. Bir də mən bilmək istərdim ki…
Bu zaman naməlum adam birdən əlcəkli yumruqlarını qaldırıb ayağını yerə vurdu və “Bəsdir!” – deyə elə bərkdən bağırdı ki, missis Holl o saat səsini kəsdi.
– Siz mənim kim və nəçi olduğumu anlamırsınız, – dedi. – Mən sizə göstərərəm. Allaha and olsun, göstərərəm.
O bu sözləri deyə-deyə əlini üzünə tutdu və dərhal geri çəkdi. Üzün tən ortasında boşluq göründü.
– Budur, – dedi və bir addım irəli ataraq missis Holla nə isə uzatdı.
Qadın gözlərini onun dəyişilən üzündən ayırmadan uzatdığı şeyi qeyri-ixtiyari aldı. Sonra həmin şeyə baxıb bərkdən çığırdı, onu yerə atıb geri çəkildi. Naməlum adamın çəhrayı rəngli burnu boş karton qutusu kimi taqqıldaya-taqqıldaya döşəmənin üstüylə yuvarlandı. Sonra o, gözlüyünü çıxartdı, heyrətdən oradakıların gözləri bərəlmişdi. Şlyapasını başından götürdü, qəzəblə bakenbardını və tənzifləri qoparmağa başladı. Onlar çətinliklə qopurdu. Hamı dəhşətdən donub-qalmışdı. Bura yığışanlar gözləyirdilər ki, tənzifin altında eybəcər, dəhşətli yaralar görəcəklər. Bütün bunların əvəzində isə boşluq gördülər. Sonra onlar bufetdəki səs-küyə mətbəxdən yüyürüb gəlmiş və başsız adamla üz-üzə çıxmış Millinin qulaqbatırıcı qışqırığını eşitdilər. Qışqırıq birdən-birə kəsildi.
Bu zaman mehmanxananın qarşısına yığışanların sayı durmadan artırdı. Heç bir dəqiqə keçməmiş burada böyük bir izdiham yarandı. Adamlar səs-küy salır, bir-birini itələyir, müxtəlif suallar verir, cürbəcür uydurmalar söyləyirdilər. Heç kim danışılanlara qulaq asmırdı, hamı birdən danışırdı.
– Qulyabanıdır.
– Görün nə işlərdən çıxmışdır?
– Deyəsən, qulluqçunu yaralayıb.
– Gərək ki, onların üstünə bıçaq çəkib.
– Yox, məcazi mənada deyil, həqiqi mənada başı yoxdur. Doğru deyirəm, o, başsız adamdır!
– Boş şeydir. Yəqin ki, bir fənd işlədir.
– O, tənzifləri açan kimi…
Adamlar açıq qapıdan baxmağa, bəziləri hətta içəri soxulmağa çalışırdı. Birdən arxa sıralarda qarışıqlıq düşdü. İzdiham aralanıb qətiyyətlə evə tərəf gedən kiçik dəstəyə yol verdi. Bu dəstənin başında qızarıb pörtmüş və döyüşə hazır görünən mister Holl, onun dalınca konstebl2 mister Bobbi Caffers və nəhayət, ən axırda mister Uocers addımlayırdı. Onlar naməlum adamı həbs etmək haqqında əmr almışdılar.
Qapının ağzında duranlarla qısa söhbətdən sonra mister Caffers:
– Başının olub-olmamasının mənim üçün fərqi yoxdur, – deyə bildirdi. – Mən onu həbs etmək əmrini almışam və bu əmri yerinə yetirəcəyəm.
Mister Holl pilləkənlə yuxarı qalxdı, düz qonaq otağının qapısına tərəf gedib qapını açdı.
– Konstebl, – deyə o, Caffersə müraciət etdi. – Vəzifənizi yerinə yetirin.
İçəriyə əvvəlcə Caffers, onun dalınca da Holl, lap axırda isə Uocers girdi.
Onlar
2
Konstebl – polis məmuru