Oliver Tvistin macəraları. Чарльз Диккенс

Чтение книги онлайн.

Читать онлайн книгу Oliver Tvistin macəraları - Чарльз Диккенс страница 4

Oliver Tvistin macəraları - Чарльз Диккенс Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

yurdsuzlar evində ölənlər üçün düzəldilən tabutlar barədə söhbətə başladılar. Lakin tabutçunun fikri divardan asılmış elanda idi. Odur ki, söhbət hərlənib Oliverin üzərinə gəldi. Tabutçu dedi:

      – O oğlanı özüm götürəcəyəm.

      Mister Bambl tabutçunun qoluna girdi və içəri apardı. Şura üzvləri razılığa gəldilər. Qərar belə oldu ki, Oliver günü bu gün tabutçunun yanına gedəcək. Sınaq müddəti qoyulacaq. Sahibkarın ixtiyarı vardı ki, uşağı kifayət qədər işlətsin, onunla öz bildiyi kimi rəftar etsin.

      Elə həmin axşam kiçik Oliveri “centlmenlərin” yanına gətirdilər. Ona deyildi ki, əgər şikayətlənmək fikrinə düşsə, yaxud yurdsuzlar evinə qayıtmaq istəsə, onu ya dəniz səfərinə göndərəcəklər, ya da vurub başını partladacaqlar. Oliverdə təşviş və həyəcanını qətiyyən büruzə vermədi. Mister Bambla əmr etdilər ki, onu götürüb aparsın.

      Oliver onların düşündüyü kimi duyğusuz bir uşaq deyildi. O, çox həssas idi. Yeni iş haqda xəbəri tam sükutla qarşıladı. Şələ-küləsini yığışdırdı. Onun bütün əşyaları kiçik bir torbanın içinə yerləşdi. Papağını gözünün üstünə basıb bidlin yanına düşdü.

      Mister Bambl küçədə vüqarla gedirdi. O Oliverin ümumi görünüşünə nəzər saldı və ona xas olmayan mərhəmətli bir tərzdə dedi:

      – Oliver!

      – Bəli, ser.

      – Papağını çək alnına, başını qaldır və dik tut!

      Oliver bu əmri o saat yerinə yetirdi. Başını qaldıranda onun gözlərində yaş damlaları parladı. Bu yaş damlaları yanaqlarından aşağı axırdı. Oliver nə qədər çalışırdısa da, göz yaşlarını kəsə bilmirdi.

      – Belə de! – deyə mister Bambl ucadan dedi və ona acıqlı-acıqlı baxdı. – Belə de! Ömrümdə gördüyüm nanəcib və pozğun uşaqlardan, Oliver, sən…

      – Yox, yox, ser! – Oliver hönkürə-hönkürə ucadan səsləndi. – Yox, yox, ser, bacararam. Axı mən hələ çox balacayam, ser. Özüm də elə… belə…

      – Belə – yəni necə? – mister Bambl heyrətləndi.

      – Belə də, kimsəsizəm, ser. Lap kimsəsizəm, heç kəsim yoxdur. Hamı mənə nifrət edir. Ah, ser, yalvarıram, mənə acığınız tutmasın!

      Uşaq bu sözləri deyib, göz yaşları içində dönüb yanındakı yol yoldaşına baxdı.

      Mister Bambl onun bu yalvarıcı baxışlarına bir qədər təəccüb etdi. Əmr etdi ki, gözünü qurulasın və yaxşı oğlan olsun. Sonra dinməzcə yoluna davam etdi.

      Bidl içəri girəndə tabutçu öz haqq-hesab kitabında nə isə yazırdı. O, başını qaldırdı və dedi:

      – Hə, sizsiniz, Bambl? Deməli, bu, həmin uşaqdır, elədirmi? Missis Sauyerberi, bir bura gəl, mənim əzizim.

      Dükanın arxa tərəfindən ortaboy, qup-quru qurumuş, sifətindən hiyləgərlik yağan qadın gəldi.

      – Əzizim, sənə yurdsuzlar evindən gələn bu oğlan haqqında danışmışdım.

      Oliver baş əyib təzim etdi.

      – Ah, ilahi! Nə yaman balacadır! – deyə tabutçunun arvadı səsləndi.

      – Bəli, doğrudur, boydan balacadır, – mister Bambl razılaşdı və Oliverə elə baxdı ki, sanki boyunun çıxmadığına təqsirkar elə uşaq özü imiş. – Lakin böyüyəcək, missis Sauyerberi, boyu çıxacaq.

      – Boyu çıxmağına çıxacaq, elədir! – deyə ledi bir qədər əsəbi cavab verdi. – Amma gərək bizim çörəkdən yesin ki, boyu da çıxsın. Bu yurdsuzlar evinin uşaqlarından hələ bir xeyir görməmişəm… Yaxşı, düş aşağı görək, sür-sümük torbası!

      Tabutçunun arvadı yan tərəfdəki qapını açdı və Oliveri oradan aşağı enən pilləkənə sarı itələdi. Onu rütubətli və qaranlıq zirzəmiyə apardı. Burada çirkli paltarlı, ayaqqabıları köhnəlmiş, göy corabı yırtıq bir qız oturmuşdu. Missis Sauyerberi qıza dedi:

      – Şarlott, orada Trip üçün saxlanmış soyuq ətin qalanını ver bu oğlana. Trip səhərdən evə gəlməyib. Yeməsə də, keçinər. Bu oğlan isə o qədər şıltaq deyil ki, ətdən imtina eləsin. Elədirmi, oğlan?..

      “Ət” sözünü eşidəndə Oliverin gözləri parıldadı. Bütün bədəni cuşa gəlib titrədi. Suala tez təsdiqləyici cavab verdi. Bir az keçmiş qabaqdan qalma qırıntıları bir boşqabda gətirib onun qabağına qoydular.

      Həmin an ona baxan olsaydı, elə düşünərdi ki, Oliveri aylarla tamamilə ac, bir tikə çörək belə vermədən saxlayıblar! Çünki Oliverə verilən o qırıntıları itin qabağına atsaydın, yeməzdi. Dəhşətli aclıqdan əzab çəkən Oliver isə acgözlüklə o qırıntıları çeynəyib yeyirdi.

      Oliver yedikcə qadın dinməzcə dayanıb ona baxırdı. Həyəcan içində fikirləşirdi ki, belə getsə, gələcəkdə bu uşağın iştahası necə olacaq?

      – Hə, bitirdinmi? – tabutçunun arvadı soruşdu.

      Yaxınlıqda yeməyə bir şey görməyən Oliver təsdiq cavabı verdi.

      – İndi dalımca gəl. Sənin yatağın piştaxtanın altındadır. Tabutların arasında yatmaqdan qorxmazsan, eləmi? Bir də ki, sənin üçün yatmağa ayrı yer yoxdur.

      Oliver itaətlə öz yeni sahibinin ardınca getdi.

      Oliver öz peşə yoldaşları ilə tanış olur

      Tabutçunun dükanında tək qalanda Oliver lampanı götürüb dəzgahın üstünə qoydu. Qorxu ilə ətrafa göz gəzdirdi. Tabutları görəndə tükləri biz-biz oldu. Ona elə gəldi ki, indicə tabutun içindən dəhşətli bir baş qalxacaq və onun bağrını yaracaq.

      Divar boyu düzülmüş tabut taxtaları əllərini ciblərinə qoymuş kabuslara bənzəyirdi. Onun yatacaq yeri isə qəbirə oxşayırdı.

      Oliver özünü yalqız, kimsəsiz və bədbəxt sanırdı. Yatmaq üçün piştaxtanın altındakı dar yerə girəndə arzuladı ki, yuxuya gedəndən sonra onu elə bu tabutda aparıb qəbiristanlıqda dəfn etsinlər, qəbrin üstündə isə hündür otlar bitsin.

      Səhər dükanın qapısına dəyən ayaq zərbələrinin səsi Oliveri yuxudan oyatdı.

      – Qapını açın, eşidirsinizmi? – deyə kim isə qışqırırdı.

      – Bu saat açıram, ser, – deyə Oliver qapının zəncirini açıb açarı burmağa başladı.

      Bayırdakı adam açar yerindən soruşdu:

Скачать книгу