Zaman maşını. Герберт Уэллс

Чтение книги онлайн.

Читать онлайн книгу Zaman maşını - Герберт Уэллс страница 4

Zaman maşını - Герберт Уэллс Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

Səyyahı yenə əhvalını pozmayıb yeməyə davam etdi. Nahar mənə çox uzun gəldi. Sual verməkdən özümü güclə saxlayırdım. Jurnalist otağa çökən gərginliyi azaltmaq məqsədilə lətifə danışmağa cəhd etdi. Həkim gözlərini qıyıb elə hey Zaman Səyyahına baxırdı. O isə heç nə baş verməyibmiş kimi qarşısındakı yeməyi xüsusi iştahla yeyirdi. Səyyah, nəhayət, boşqabını bir kənara çəkib masa arxasında əyləşənləri növbə ilə süzdü.

      – Hamınızdan üzr istəyirəm, – o dedi. – Acından ölürdüm. Başıma gələnlərsə çox maraqlıdır.

      O, qutudan siqar götürüb ağzına yaxınlaşdırdı.

      – Gəlin o biri otağa keçib yerimizi rahatlayaq. Hekayətimə çirkli boşqablarla dolu süfrə arxasında oturub uzun-uzadı qulaq asmaq ürəyinizcə olmayacaq.

      Sonra o bizi siqaret çəkmək üçün nəzərdə tutulmuş qonşu otağa apardı.

      – Bugünkü qonaqlara Maşın haqda nəsə söyləmisinizmi? – kresloya yayxanan Zaman Səyyahı üç yeni qonağa işarə ilə məndən soruşdu.

      – Amma bu, inanılmazdır, – Redaktor özünü saxlaya bilmədi.

      – Bu gün mübahisə etmək iqtidarında deyiləm. Yalnız danışa bilərəm. İstəyirsiniz, başıma gələnləri sizlərə nağıl edim. Amma bir xahişim var, sözümü kəsməyin. Bilirəm, söyləyəcəklərim sizə inandırıcı gəlməyəcək. Qoy olsun! Amma deyəcəklərimin hamısı əvvəlindən sonunadək həqiqətdir… Bu gün gündüz saat dörddə adəti üzrə öz laboratoriyamda idim və həmin andan etibarən… üç saata səkkiz gün yaşadım… Hələ heç bir insanın yaşamadığı səkkiz gün! Çox yorulmuşam, lakin başıma gələnləri danışmamış yatan deyiləm. Yalnız onda gözümə yuxu gedər. Bircə sözümü kəsməyin! Razısınız?

      – Razıyam, – Redaktor söylədi.

      Biz hamımız xorla təkrar etdik:

      – Razıyıq!

      Beləcə, Zaman Səyyahı son üç saatda yaşadıqlarını nağıl etməyə başladı.

      4. Zamanda səyahət

      – Ötən cümə axşamı bəzilərinizə Zaman Maşınının necə işlədiyini və hətta onun özünü belə göstərmişəm. O elə indi də laboratoriyamdadır, hərçənd səyahət nəticəsində bir az korlanıb. Əsas hissələrindən biri çatlayıb, tunc zolağı da əyilib, amma qalan yerləri sağ-salamatdır. Onu hələ cümə günü işlək vəziyyətə gətirmək niyyətində idim, lakin işin sonunda nikel detaldan birinin lazım olandan qısa alındığını gördüm. Onu təzədən düzəldəsi oldum. Elə o səbəbdən Maşınımla bağlı işləri yalnız bu gün başa çatdıra bildim. Beləcə, artıq səhər saat onda dünyada ilk Zaman Maşını adını alacaq aparatım səyahətə hazır vəziyyətdə idi. Sonuncu dəfə yan-yörəsinə keçib vintləri yoxladım və yəhərə oturdum. Bir əlimlə işəsalma lingindən, digəri ilə əyləcdən tutdum. Əvvəl birini və anındaca o birini burdum. Səndələdiyimi, bir də sanki harasa düşdüyümü hiss elədim. Amma ətrafa boylananda laboratoriyadan kənara çıxmadığımı anladım. Olmaya heç nə baş verməmişdi? Bəlkə, nəzəriyyəm kökündən səhv idi? Saata baxdım. Bir dəqiqə əvvəl əqrəblər on biri göstərirdi, indisə dördün yarısı idi!

      Mən dərindən ah çəkib dişlərimi qıcadım və hər iki əlimlə işəsalma lingini burdum. Laboratoriya dumanlı şəkil aldı. Elə bu vaxt təsərrüfat müdirəsi missis Uotçet içəri girdi və heç məni sezmədən bağçaya açılan qapıya tərəf getdi. Bu məsafəni qət etmək üçün, yəqin ki, ona təxminən bir dəqiqə lazım oldu. Mənəsə elə gəldi ki, o, raket sürəti ilə ötüb-keçdi. Bu dəfə lingi var gücümlə burdum. Anındaca araya qaranlıq çökdü, sanki lampanı söndürdülər, amma elə növbəti anda məkan yenidən işıqlandı. Laboratoriya getdikcə kölgəyə çevrildi. Birdən yenidən gecə düşdü, sonra səhər, onlar beləcə durmadan artan sürətlə bir-birini əvəzlədi. Qulaqlarım uğuldayırdı və sanki elə hey aşağı yuvarlanırdım. Bir sözlə, özümü çox pis hiss edirdim. Tezliklə laboratoriyamın tutqun cizgiləri belə tamamilə yoxa çıxdı və mən hər dəqiqə şərqdən qərbə sıçrayan günəşi, gah kiçilən, gah da bədirlənən ayı gördüm. İşıqla qaranlığın bir anda əvəzlənməsi gözlərimi yorurdu. Beləcə, dayanmadan artan sürətlə irəliləyirdim. Nəhayət, gecə ilə gündüz bütöv bir boz pərdəyə çevrildi və göyün üzü erkən ala-toranın rənginə boyandı. Ora-bura çırpınan günəş qızılı zolağa, ay isə zəif axan işartıya çevrildi. Mən artıq ulduzları belə görmürdüm və yalnız ara-sıra səmanı dövrələyən işıqlı çevrələr sezirdim.

      Ətrafımda hər şey dumanın nazik pərdəsinə bürünmüşdü. Mən hələ də evimin yerləşdiyi təpənin yamacında idim. Ağaclar böyüyərək tüstü burumlarıtək formalarını dəyişir və sonda qeybə çəkilirdi. Nəhəng gözəl binalar da peyda olduğu kimi asanlıqla yoxa çıxırdı. Yer üzü gözlərimin qarşısında cilddən-cildə düşürdü. Maşının sürətini göstərən əqrəblər dayanmadan, sürətlə fırlanırdı. Günəşin gah şimala, gah da cənuba doğru hərəkətini göstərən zolaqdan bir ili bir dəqiqəyə yaşadığımı anladım.

      İndi özümü o qədər də pis hiss etmirdim. Lakin birdən məni hiddət bürüdü. Maşının qəribə şəkildə yırğalandığını hiss etdim, amma səbəbini anlamadım. Ağlım qarışmışdı və mən dəlicəsinə gələcəyə doğru uçurdum. Dayanmaq fikrində deyildim, bu yeni hislərimin fövqündə sanki hər şeyi unutmuşdum. Lakin tezliklə bu hislər qorxuqarışıq maraqla əvəzləndi: “Əgər elə indi dayanıb dünyaya göz gəzdirsəm, bəşəriyyətin gələcəkdə əldə etdiyi nailiyyətlərin şahidi ola bilərəm!” Mən yaşadığım dönəmdə inşa edilən binalardan qat-qat nəhəng tikililər görürdüm. Bir də təpənin döşünün ilboyu yaşıl don geyindiyini sezdim. Bu mənzərə məni valeh etmişdi. Onu daha yaxından hiss etmək üçün Maşını dayandırmaq qərarına gəldim.

      Amma ehtiyatlı olmalıydım. Hara düşəcəyimi və məni orada nə gözləyəcəyini bilmirdim. Digər tərəfdən də Maşının yorucu titrəyişi və fasiləsiz aşağı enmə hissi əsəblərimə toxunurdu. Əslində, artıq heç vaxt dayana bilməyəcəyimdən qorxsam da, özüm də bilmədən əyləci basdım. Maşın anındaca çevrildi və mən sürətlə boşluğa yuvarlandım.

      Sanki qulağımın dibində ildırım çaxdı. Bir an heç nə eşitmədim. Sonra çətinliklə də olsa, oturub ətrafa nəzər saldım. Dolu yağırdı. Əvvəlcə hər şeyi boz rəngdə görsəm də, tədricən duman seyrəldi, üstəlik, qulağımdakı uğultunun keçib-getdiyini hiss etdim. Yenidən ətrafa boylandım: bənövşəyi və al-qırmızı çiçəklərlə dolu çəmənlik göz oxşayırdı. Tappıltı ilə yerə dəyən dolu Maşınımın üzərindən oyan-buyana uçur, əriyir və torpağa qarışırdı. Bir anın içində başdan-ayağa islandım. “Əcəb qonaqpərvərlikdi, – söylədim, – bura düşmək üçün gör neçə il yol gəlmişəm”.

Скачать книгу