Meymun qəbiləsindən Tarzan 1. Эдгар Райс Берроуз
Чтение книги онлайн.
Читать онлайн книгу Meymun qəbiləsindən Tarzan 1 - Эдгар Райс Берроуз страница 9
Antropoidlər ət üstündə az qala dalaşırdılar. Kim güclü idisə, qabağa soxulub daha yaxşı tikə seçirdi. Zəiflər əllərinə nə keçsə onunla kifayətlənməli olurdular.
Tarzan əti meymunlardan heç də az xoşlamırdı. O, dirsəkləri ilə dəstəni yara-yara özünü cəsədə çatdırdı, belindən asdığı bıçağını çıxarıb qorillanın çiyin hissəsindən böyük bir parça kəsib götürdü və yana sıçradı. Tikə çox iri idi, amma Kerçakın başı yeməyə o qədər qarışmışdı ki, buna diqqət vermədi.
Tublat artıq öz tikəsini yeyib qurtarmışdı. İndi ikinci dəfə cəsədə yaxınlaşmağa fürsət axtarırdı. Birdən o, qoltuğunda iri ət parçası dəstədən aralanan Tarzanı gördü. Tublatın qırmızı gözləri acgözlüklə parıldadı. Yox, o belə gözəl tikənin nifrət bəslədiyi oğulluğuna qismət olmasına yol verə bilməzdi!
Tarzan Tublatın niyyətini başa düşdü, dişi meymunların və uşaqların arasından sivişib cəld ən yaxın ağaca dırmaşdı. Tublat əl çəkmədi, onun dalınca cumdu. Tarzan ağacın zirvəsinə qalxdı, nazik bir budağın üstündə oturub oradan qocanı cırnatmağa, ələ salmağa başladı. Ağır meymun buraya çıxa bilməzdi. Qəzəbindən Tublatın ağzından köpük gəldi, ağlını tamam itirdi. O, yerə sıçradı, qabağına keçən balaca və dişi meymunları iri pəncəsi ilə vurub yerə sərir, bədənlərindən ətlə bərabər çəngə-çəngə tük qoparırdı. Meymunlar pərən-pərən düşdülər. Tublatın gözü gizlənməyə yer axtaran Kalaya sataşdı. Tarzana əli yetmirdi, amma onun heyfini anasından mütləq almalıydı!
Kala Tublatın fikrini anladı, Tarzanın çıxdığı ağaca tərəf qaçdı.
Tarzan oturduğu budaqdan aşağıda baş verənləri izləyirdi. Tublatın Kalaya yetişməkdə olduğunu görəndə o özünü ağacın başından yerə atdı, anasının köməyinə tələsdi.
Kala ağaca yetişən kimi Tublatdan can qurtarmaq üçün tullanıb birinci budaqdan yapışdı. Budaq ağırlığa tab gətirməyib qırıldı. Kala Tublatın üstünə yumbalandı. Hər ikisinin yıxılmağı ilə sıçrayıb ayağa qalxmağı bir oldu. Amma artıq aralarında Tarzan dayanmışdı.
Tublat belə xoşbəxt məqamı illərlə gözləmişdi. O, bir an tərəddüd etmədən Tarzanın üstünə atıldı və dişlərini onun boğazına keçirmək istədi. Tarzan yana əyildi və özü Tublatın tüklü boğazından yapışdı. O biri əlindəki bıçaqla qoca meymunun sinəsinə dalbadal zərbələr endirməyə başladı. Yalnız düşməninin əzələlərinin tamamilə boşaldığını hiss edəndən sonra Tarzan onun boğazını buraxdı. Tublat səssizcə yerə sərildi.
Ağacların arxasında gizlənmiş meymunlar bir-bir sığınacaqlarından çıxdılar. Tarzan ayağını antropoidin sinəsinə qoydu, başını göyə qaldırıb qıyya çəkdi. Sonra üzünü meymunlara tutdu:
– Mən Tarzanam, mahir döyüşçüyəm! Hamınız Tarzana və anası Kalaya hörmət edəcəksiniz! Aranızda Tarzandan güclüsü yoxdur, qoy düşmənləri bunu bilsinlər, özlərini ondan qorusunlar!
Tarzan Kerçakın qan sızmış qırmızı gözlərinin içinə baxaraq itaətsizlik ifadə edən hayqırtı ilə yumruqlarını sinəsinə döydü.
VIII fəsil
Ağac başında ov
Dum-Dum törəninin səhəri meymunlar amfiteatrı tərk etdilər. Tublatın cəsədi elə orada da qaldı. Antropoidlər öz qəbilə üzvlərini yemirdilər.
Yolda onlar qarınlarını doydurdular. Kələm palması, boz gavalı, vəhşi ananas, xırda məməlilər, həşəratlar, onların yumurtaları – hamısı kara gəlirdi. Qozları dişlərinə salıb sındıra bilməyəndə daşla qırırdılar.
Gözlənilmədən yolları Saborla kəsişdi. Meymunlar dərhal ağaclara dırmaşdılar. Əslində, qoca şir heç onlara hücum etməyə hazırlaşmırdı. Tək-tək hər birinin öhdəsindən gələrdi, amma antropoidlər dəstə şəklində olanda bəxtini sınamaq istəmirdi.
Hündür bir budaqda oturmuş Tarzan cəngəlliyi yara-yara uzaqlaşan şirə baxdı. Saborla onun öz haqq-hesabı var idi. Şiri hirsləndirmək üçün əlindəki ananası köhnə düşməninin dalınca tolazladı.
Sabor geri dönüb başını yuxarı qaldırdı, sarı, qorxunc dişlərini göstərdi.
Uzun müddət şirlə insan dinməzcə bir-birinə baxdılar. Hər ikisinin gözündən nifrət yağırdı. Sonra Sabor qalın kolluğa girdi.
Tarzanın beynindən bir fikir keçdi: “Mən Tublata qalib gəlmişəm, deməli, mahir döyüşçü olduğumu qəbiləmə sübut etmişəm. Bütün meşədə ən mahir döyüşçü olduğumu göstərmək üçünsə Saboru öldürməliyəm!”
Saboru öldürmək Tarzana təkcə gücünü nümayiş etdirmək üçün yox, həm də onun parıldayan dərisini ələ keçirmək üçün lazım idi. O bu dəridən özünə geyim düzəldəcəkdi. Kitablarda gördüyü adamların hamısının əynində paltar var idi. Tarzan əmin idi ki, məhz paltar onları bütün heyvanlardan, o cümlədən meymunlardan fərqləndirir, üstün olduqlarını göstərir. Yoxsa paltar kimin nəyinə gərəkdi?
Bir dəfə günün günortaçağı cəngəllikdə tufan qopdu. Əvvəl hava tutuldu, hər yana qəribə sakitlik çökdü. Sonra uzaqdan iniltiyəbənzər zəif səs eşidildi. Səs yaxınlaşdıqca güclənir, uğultuya çevrilirdi. Qəflətən güclü külək qalxdı, göydə şimşəklər oynamağa başladı, yağış yağdı. Külək nəhəng ağacların qol-budaqlarını əyir, sındırır, hər ildırım çaxanda isə heyvanlar qorxudan bir-birinə qısılırdılar. Amma meymunlar üşümürdülər. Leysan yağışın altında təpədən-dırnağa islanmış Tarzan isə soyuqdan tir-tir əsirdi. O, indi başa düşdü ki, kitabda gördüyü oğlanların geydikləri paltar, əslində, nə üçün imiş. Saborun dərisi əynində olsaydı, Tarzan, əlbəttə, soyuğu bu qədər hiss etməzdi.
Şiri kəməndlə tutmaq elə də asan məsələ deyildi. Liflərdən və otlardan təzə, daha möhkəm kəndir toxumaq Tarzanın xeyli vaxtını apardı. Kəmənd hazır olanda onu qoluna dolayıb gölə aparan cığırın üstündə bir ağaca çıxdı. Yarpaqların arasında gizlənib pusqu qurdu. Saborun əvvəl-axır bu cığırla su içməyə gedəcəyini bilirdi.
Nəhayət, şir cığırda göründü. Onun möhtəşəm görünüşü var idi. Sabor yeridikcə çiyin və bel əzələləri parıltılı dərisinin altında