Ağ gəmi. Чингиз Айтматов
Чтение книги онлайн.
Читать онлайн книгу Ağ gəmi - Чингиз Айтматов страница 5
– Əlini çək!
– Ay səni, əcəb hirsliymişsən? – Seyidəhməd qımışdı. – İncimə. Çantan nəyə desən, dəyər! – Özü də əlini onun çiyninə vurdu. – İndi isə aralaş. Mən hələ ot çalmalıyam, bilirsən nə qədər…
Seyidəhməd ovcuna tüpürüb yenə dəryazdan yapışdı.
Oğlan isə yenə həmin cığırla və yenə də həmin daşların yanından ötərək evə qaçırdı. Daşlarla oynamağa hələlik vaxtı yox idi. Çanta gərəkli şeydi…
Oğlan öz-özüylə danışmağı xoşlayırdı. Amma bu dəfə o özünə yox, çantaya müraciət etdi: “Sən onun sözünə inanma, mənim babam heç də elə adam deyil. Biclik-zad bilmir və buna görə də ona gülürlər. Çünki babam əsla biclik bilmir. O səninlə məni məktəbə aparacaq. Sən hələ bilmirsən, məktəb haradadır? Çox da uzaqda deyil. Mən sənə göstərərəm. Biz ona Qarovul dağından durbinlə baxarıq. Hələ sənə ağ gəmimi də göstərərəm. Ancaq gərək əvvəlcə dama gedək. Durbinimi orada gizlətmişəm. Buzova baxmalıyam, amma hər dəfə qaçıb gedirəm ağ gəmiyə tamaşa eləməyə. Buzovumuz lap böyüyüb – dartınanda saxlamaq olmur, adət eləyib, inəyi əmmək istəyir. İnək – onun anasıdır, öz südünü əsirgəmir. Başa düşürsən? Analar heç vaxt heç nəyə qızırqanmırlar. Gülcamal da belə deyir, onun öz qızı var… Tezliklə inəyi sağacaqlar, sonra biz buzovu aparıb otaracağıq. O zaman biz Qarovul dağına dırmaşıb oradan ağ gəmini görərik. Bilirsən, mən durbinlə də bax beləcə danışıram. İndi biz üç olacağıq – mən, sən və durbin…”
O beləcə evə qayıdırdı. Çanta ilə danışmaq xeyli xoşuna gəlmişdi. Söhbəti davam etdirmək niyyətində idi, istəyirdi özü barədə danışsın, çanta hələ çox şeyləri bilmirdi. Lakin ona mane oldular. Yan tərəfdən at tappıltısı eşidildi. Ağacların arasından bir atlı çıxdı. Gələn Orozqul idi. O da evə qayıdırdı. Özündən savayı heç kəsə etibar eləmədiyi boz atı Alabaşın belində, döşlüyü cingiltili gümüş asmalı, mis üzəngili səfər yəhərinə yayxanmışdı.
Orozqulun şlyapası peysərinə enmişdi, xırda tük basan qırmızı alnı açıq qalmışdı. İsti, bürkülü havada onu mürgü basmışdı. Yol gedə-gedə yatırdı. Rayon rəhbərliyinin qiyafəsinə oxşar, yöndəmsiz tikilmiş məxmər kitelinin bütün düymələri açılmışdı. Göbəyində ağ köynəyi kəmərin altından çıxmışdı. O, tox və kefli idi. Bir az əvvəl qonaqlıqda olmuş, köpüncə kumıs içmiş, ət yemişdi. Yay vaxtları ətraf yaylaqlardakı çobanlar və ilxıçılar tez-tez Orozqulu qonaq edirdilər. Onun köhnə dost-tanışları vardı. Amma onu bir niyyətlə qonaq çağırırdılar. Orozqul lazımlı adam idi. Xüsusən dağda ola-ola kənddə ev tikənlər üçün; sürünü başlı-başına buraxıb gedə bilməz, tikinti materiallarını haradan tapacaqdı? Hər şeydən də əvvəl taxta-şalbanı? Lakin Orozqulu razı salanda onda görərdin qoruq meşədən iki-üç seçmə tir verdi sənə, apar, get arxayınca. Yox, belə eləməsən, dağlarda başın sürüyə qarışar, evin də bir əsrə tikilib qurtarmaz…
Ağırlaşmış, təşəxxüslü Orozqul uzunboğaz xrom çəkmələrinin ucunu üzəngiyə saymazyana dirəyərək yəhərdə mürgü vura-vura yol gedirdi.
Oğlan çantanı yellədə-yellədə gözlənilmədən qabağına yüyürəndə az qalmışdı atdan yıxılsın.
– Orozqul əmi, çantam var! Məktəbə gedəcəyəm. Bax çantama!
– Səni görüm!.. – Orozqul qorxmuş halda yüyəni dartıb söydü.
O, yuxusuzluqdan və sərxoşluqdan qan çəkmiş gözlərini oğlana zillədi:
– Sən burada neynirsən, haradan belə?
– Mən evə gedirəm. Çantam var, onu Seyidəhmədə göstərirdim, – oğlan zəif səslə cavab verdi.
– Yaxşı, oyna, – Orozqul deyindi və yəhərdə inamsız halda yırğalanaraq yoluna davam etdi.
Başqalarına düjün-düjün züryət bəxş etdiyi halda, Allah bu tale küskününə öz belindən gələn bir oğulsa verməmişdi, ata-anasının atıb getdiyi, arvadının bacısı oğlu olan bu gədə və onun andıra qalmış çantasımı görünürdü Orozqulun gözünə?..
Orozqul fısıldayıb hıçqırdı. Qubar və qəzəb onu boğurdu. Heyifsilənirdi ki, ömrünü nişanəsiz başa vuracaq və bu dəm onun ürəyində arvadının sonsuzluğuna qəzəbi lap coşdu. O məlun arvadı neçə il idi ki, qısır gəzirdi.
“Gör sənə neylərəm!” – Orozqul xəyalən onu hədələdi, ətli yumruqlarını düydü, hönkürüb ağlamasın deyə qəhərini içində boğub inildədi. Bilirdi işini, qayıdan kimi onu döyəcəkdi. Orozqul içəndə həmişə belə olurdu; bu öküz boyda kişi dərddən və qəzəbdən ağlını itirirdi.
Oğlan cığırla onun ardınca gedirdi. O, qəflətən Orozqul gözdən itəndə heyrətə gəldi. Orozqul isə çaya sarı dönüb atdan düşdü, yüyəni atıb hündür otların arası ilə irəlilədi. O, ləngər vura-vura, əyilərək gedirdi. Əlləri ilə üzünü örtüb başını çiyinləri arasına çəkərək gedirdi. Çayın qırağına çatanda Orozqul çömbəldi. Ovcunu çay suyu ilə doldurub üzünə çırpdı.
“Görünür, istidən başağrısı tutub”, – Orozqulun hərəkətlərinə göz qoyan oğlan belə qənaətə gəldi. O bilmirdi ki, Orozqul ağlayır və hıçqırıqlarını kəsə bilmir. Ona görə ağlayırdı ki, qabağına yüyürən öz doğma oğlu deyildi, ona görə ağlayırdı ki, çantalı oğlana bir neçə kəlmə adam kimi söz demək üçün özünü ələ ala bilməmişdi.
2
Qarovul dağının kəlləsindən ətrafın geniş mənzərəsi açılırdı. Oğlan qarnı üstə uzanıb durbini gözünə uyğunlaşdırırdı. Bu çox yaxşı göstərən səhra durbini idi. Nə vaxtsa babasına uzun müddət meşə məntəqəsində işlədiyinə görə mükafat vermişdilər. Qoca durbin gəzdirməyi sevmirdi: “Öz gözlərim bundan pis görmür”. Nəvəsinin isə xoşuna gəlirdi.
Bu dəfə o, dağın başına durbin və çanta ilə gəlmişdi.
Əvvəlcə şeylər oynaşdı, kiçik dairəvi şüşə gözdə bir- birinə qarışdı, sonra birdən aydınlaşdı və hər şey öz yerində dayandı. Bu olduqca maraqlı idi. Oğlan nəfəsini çəkib sakit dayandı ki, tapdığı fokusu itirməsin. Sonra o, durbini başqa səmtə döndərdi və yenidən hər şey bir-birinə qarışdı. Oğlan yenə də okulyarı fırlatmağa başladı.
Buradan hər şey görünürdü. Yalnız səmadan aşağıda olan ən uca qarlı zirvələr də. Dağların arxasındaydı onlar, bütün dağlardan və bütün yer üzündən