Vinni-Puh. Алан Александр Милн
Чтение книги онлайн.
Читать онлайн книгу Vinni-Puh - Алан Александр Милн страница 4
– Məncə, onu tələyə salsam, yaxşı olar, – Puh dedi. – Bu çox Mürəkkəb Tələ olacaq, odur ki sənin köməyinə ehtiyacım var, Piqlet.
– Puh, – o dəqiqə Piqletin kefi duruldu, özünü xoşbəxt hiss etdi, – məmnuniyyətlə kömək edərəm. Neyləmək lazımdır?
Puh dedi:
– Birlikdə Dərin Quyu qazacağıq, Efilant gəzməyə çıxanda bu quyuya düşəcək.
– Necə düşəcək? Gözü ayağının altını görmür bəyəm?
Puh pəncəsiylə burnunu ovuşdurub dedi ki, Efilant zümzümə eləyə-eləyə gəzişərkən başını qaldırıb göyə baxacaq ki, görsün yağış yağacaq, yoxsa yox. Bir də gözünü açanda görəcək ki, Dərin Quyunun dibindədir.
Piqlet dedi ki, hər şey aydındır və onun fikrincə, bu çox Mürəkkəb Tələdir.
Puh bu sözlərdən məmnun qaldı, o qədər sevindi ki, elə bil artıq Efilantı ələ keçirib.
– Tutalım, sən məni tutmaq istəyirsən, – o, Piqletə dedi. – Bunu necə eləyərdin?
– Necə? – Piqlet bir anlığa fikrə getdi. – Tələ qurardım, tələyə bir az bal qoyardım. Sən balın qoxusunu hiss edib…
– Hə, balı götürmək istəyərdim, – Puh həyəcanlandı, – amma ehtiyatı da əldən verməzdim. Əvvəlcə qabı götürüb kənarlarını yalayardım; sonra kənara çəkilib bal haqqında fikirləşərdim. Bundan sonra qayıdıb qabın düz ortasından yalamağa başlayardım. Sonra…
– Yaxşı, həyəcanlanma. Əsas odur ki, sən tələyə düşəcəkdin və mən səni tutacaqdım. Odur ki əvvəlcə müəyyənləşdirməliyik, görək Efilantlar ən çox nəyi xoşlayırlar? Deyəsən, palıd qozasını, elədir? Ey, Puh, ayıl!
Xəyalında bal yeyən Puh səksənib dik atıldı, dedi ki, palıd qozasındansa, tələyə bal qoysalar, daha yaxşı olar. Piqlet başqa fikirdə idi, amma onunla razılaşdı. Çünki razılaşmasa, palıd qozalarını onun özü toplamalı olacaqdı. Balı isə yalnız Puh tapa bilərdi. Ona görə cavab verdi: «Lap yaxşı, tələyə bal qoyarıq!» Piqlet bu sözləri vaxtında dedi, çünki Puh da onun kimi fikirləşib «Lap yaxşı, tələyə palıd qozaları qoyarıq» deməyə hazırlaşırdı.
– Deməli, bal! – Piqlet qətiləşdirdi. – Quyunu mən qazaram, sənsə bal dalınca get.
– Oldu, – Puh pəncələrini sürüyə-sürüyə evə sarı getdi.
Evdə bufetə yaxınlaşdı, kətilin üstünə çıxıb yuxarı rəfdən böyük bal küpəsini götürdü. Küpənin üzərində iri hərflərlə «BAL» yazılmışdı. Amma yenə də yanlışlıq olmasın deyə Vinni-Puh başını küpənin içinə salıb baldan yaxşıca yaladı.
– Hə, şübhə etməyə dəyməz, – o dedi, – əsl meşə balıdır. Qoy bir az da yalayım… Ah!.. – Vinni köks ötürdü. – Yox, səhv etmirəm. Küpə təmiz balla doludur!
Qəti əmin olandan sonra Puh küpəni tələnin yanına apardı. Piqlet Dərin Quyunun dibindən səsləndi:
– Gətirdin?
– Hə, ağzınacan doludur, – Puh cavab verdi.
Onlar küpəni quyunun içinə sallayıb evlərinə getdilər.
– Yaxşı, Puh, gecən xeyrə qalsın, – Puhun evinə çatanda Piqlet dedi. – Səhər saat 6-da Şamağacının yanında görüşərik. Baxaq görək quyuya neçə fil düşəcək!
– Hələlik, Piqlet. Səndə kəndir varmı?
– Yox. Kəndir nəyinə gərək?
– Onları bağlayıb evə gətirmək üçün.
– Hə… Elə bilirdim, Efilantlar fit səsinə gəlir. Nə isə, gecən xeyrə qalsın!
– Gecən xeyrə!
Piqlet qaça-qaça çıxıb getdi, Vinni-Puh isə yatağa uzandı.
Bir neçə saat sonra obaşdan Puh yuxudan ayıldı. İçində anlaşılmaz, qəribə bir hiss vardı. Puh bunun nə olduğunu bilirdi: o, yemək istəyirdi.
Puh yanlarını basa-basa bufetə doğru getdi, kətilin üstünə çıxıb əliylə rəfləri yoxladı. Rəflər bomboş idi.
«Qəribədir! Burada üzərinə «BAL» yazılmış bir küpə olmalı idi…» – Puh otaqda o baş-bu başa gedərək donquldanmağa başladı:
Hanı bal? Bal hanı? Lap qəribədir!
Axı düz bir küpə bal vardı burda!
Ayağı olsaydı, deyərdim qaçıb.
Qanadı olsaydı, deyərdim uçub.
Suya düşüb üzə bilməzdi axı,
Onun nə quyruğu, nə üzgəci var.
Yerə girib, yoxsa göyə çəkilib?..
Bəlkə, qaçıb o, meşədə gizlənib?
Yox, yox, heç bir yana gedə bilməz o.
Hər yerə baxıram, tapılmır amma.
Əsl möcüzədir, əsl müəmma!
Bu mahnını üç dəfə oxuyandan sonra yadına düşdü ki, küpəni Mürəkkəb Tələyə qoyub!
– Ay-ay-ay! – Puh dedi. – Mənə deyən lazımdır, Efilant tutmaq sənin nəyinə gərəkdir axı?
Yenidən yatağa uzandı. Amma gözünə yuxu getmədi. Nə illah elədi, yata bilmədi. Xəyalında tələyə düşəcək Efilantları saymağa başladı, amma bunun da xeyri olmadı. Çünki saydığı Efilantlar dərhal Puhun küpəsinə cumur, balın hamısını içəri ötürürdülər.
Puh bir neçə dəqiqə beləcə uzanıb iztirabla Efilantları saymağa davam etdi. Beş yüz səksən yeddinci Efilant qəfildən iri dişlərini qıcıdıb mırıldadı: «Çox yaxşı baldır, həyatım boyunca belə ləzzətli bal yeməmişdim». Bu sözlə Puhu hövsələdən çıxardı, o, yerindən dik atılıb düz Altı Şamağacının yanına qaçdı.
Səhərin ala-toranında Dərin Quyu daha da dərin görünürdü. Puh kəndirlə quyuya sallandı.
– Heyif, heyif, – o, quyuya düşən kimi burnunu küpənin içinə soxub dedi, – Efilant, demək olar, hamısını yeyib! – bir qədər fikirləşəndən sonra isə əlavə etdi: – Hm… yox, özüm yemişəm. Hə, mən onu rəfdən götürəndə yemişdim axı.