Seçilmiş əsərləri. Cəlil Məmmədquluzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Seçilmiş əsərləri - Cəlil Məmmədquluzadə страница 12

Жанр:
Серия:
Издательство:
Seçilmiş əsərləri - Cəlil Məmmədquluzadə

Скачать книгу

ordan o cür sifariş edib, Vəliqulu da bu tərəfdən başlayıb şıltağı və dava-mərəkəni. Zeynəb də haradan iki yüz manatı düzəldib verəcək? Yəni, söz yox, istəsə verər. Hərçənd indi bu saat onun o qədər nəqd pulu yoxdu; amma, söz yox, istəsə mürurnan düzəldər. Allah Kərbəlayı Heydərə rəhmət eləsin, azdan-çoxdan qoyubdur. Amma söz burasındadır ki, Zeynəbin ətini kəsəsən, iki yüz qəpik də verməz Xudayar bəyə; çünki o çox yaxşı tanıyır Xudayar bəyi. Xeyr, verməz. Bir qəpik də verməz ki, gözünün oyuna qoysun.

      Zeynəb qaranlıqda oturub, bu tövr fikrə cummuşdu. Qızları da ağlamaqdan bir az sakit olub, üzlərini qoymuşdular analarının dizinin üstə. Düz iki saat ana və balalar bu halətdə oturmuşdular. Axırı qapı açıldı. Zeynəb elə bildi Vəliquludu. Bir az ürəyi açıldı.

      Ax ana, nə gözəl zadsan!

      Görükür ki, qızlar da bu cür güman edirdilər; çünki hər ikisi başlarını qalxızıb, baxdılar qapıya səmt. Amma evə girən şəxsin papağı Vəliqulunun papağından yekə görsənirdi. Zeynəb başa düşdü ki, bu oğlu deyil. Odur ki, bir az vahimə ilə xəbər aldı:

      – Gələn, kimsən?

      Evə girən şəxs qlavanın yasovulu Qasıməli idi. Qasıməli özünü nişan verməmiş təəccüblü soruşdu:

      – Bu nədi, ev niyə belə qaranlıqdı? Yəqin ki, spiçkəniz yoxdu?

      Zeynəb dübarə soruşdu:

      – Dadaş, evin qaranlıq olmağında sənin nə işin var? Sözünü de, çıx get!

      Qasıməli belə cavab verdi:

      – Xala, qlava Xudayar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub qatdı dama. Məni göndərdi sənə xəbər verim ki, sən Xudayar bəyi razı eləmiyincə oğlunu damdan çıxarmıyacaq. Vəssəlam.

      Qasıməli hələ sözlərini deyib qurtarmamışdı, Fizzə ilə Ziba ağlamağa başladılar. Yasovul sözünü tamam eləyib və iki dəqiqə də dayanıb çıxıb getdi.

      İndi pəs Zeynəb başına nə kül ələsin? İndi pəs Zeynəb başına haranın daşını salsın? Yazıq övrət gecəni səhərə kimi ağlamaqlıq ilə keçiribdi.

      Səhər Səkinə xala xəbər verdi ki, Xudayar katda getdi şəhərə nəçərnikə də alacağından yana şikayət eləsin. Bu əhvalat haman gün olub ki, Xudayar bəy sübh tezdən gəlib, Məhəmmədhəsən əminin eşşəyini alıb apardı şəhərə.

      V

      İndi, söz yox, kənardan baxan Xudayar bəyi məzəmmət eləyir. Amma xeyr, burada əsla və qəti məzəmmət yeri yoxdu. Əgər duraq insafnan danışaq, haqqı itirməyək, gərək heç Xudayar bəyi günahkar tutmayaq.

      Doğrudur, bu qiylü-qalın hamısına bais Xudayar bəydi; amma Xudayar bəyin qəsdi o deyil ki, xalqın evinə mərəkə salsın. Xudayar bəyin tək bircə qəsdi var. Onun qəsdi məhz Zeynəbi almaqdı; yoxsa bu kişi nə Zibanın və Fizzənin ağlamağına razıdır, nə də Zeynəbin ürəyinin sıxılmağını istəyir. Xudayar bəy Məhəmmədhəsən əminin eşşəyini qəsdnən satmadı ki, Məhəmmədhəsən əmi Kərbəla ziyarətindən qalsın. Xeyr, Allah eləməsin. Xudayar bəyin Məhəmmədhəsən əmiynən düşmənçiliyi yoxdur ki! Xeyr, belə deyil. Xudayar bəy eşşəyi o səbəbə satdı ki, ona beş-altı manat pul lazım idi. Pul da ondan ötrü lazım idi ki, bir kəllə qənd və bir girvənkə çay alacaq idi. Qəndi və çayı da ondan ötəri alırdı ki, qazıya verəcək idi.

      Pəs bunların hamısından belə məlum olur ki, Xudayar bəyin məhz bircə qəsdi var. Onun qəsdi ancaq evlənməkdir; yəni Zeynəbi almaqdır. Belə olan surətdə Xudayar bəyin bu tövr hərəkətinə heç vədə pis demək olmaz; çünki burada bir xilaf əməl yoxdu. Şəriət evlənməkliyə heç vaxt mane olmuyubdu.

      Xudayar bəyə də evlənməklik çox vacibdir. Əvvəla ondan ötrü vacibdir ki, evlənməklik səvab işlərin birisidir. İkinci ondan ötrü vacibdir ki, Xudayar bəyin övrəti belə çirkindir ki, heç kəs rəğbət eləməz onun əlindən su alıb içsin. Xudayar bəyin övrəti Zeynəbin əlinə su tökməyə yaramaz. Üçüncü Xudayar bəyə ondan ötrü evlənmək və məhz Zeynəbi almaq vacibdir ki, Xudayar bəy özü çox kasıbdır, nə qədər desən kasıbdır. Amma Zeynəbi alsa, daraşıb yetim-yesirin malını yeyib çıxacaq başa. Pəs bu cür mənfəətli sövdədən hansı axmaq qaçar?

      Bəli, belədi.

      Hələ siz Xudayar bəyi yaxşı tanımırsınız. Xudayar bəy çox ağıllı adamdı.

      Xudayar bəy Zeynəbi almaqdan ötrü çox təlaş edir. Bu fikrə düşəndən, bir dəqiqə aramı yoxdu. Bir fənd qalmayıb ki, bu barədə eləməsin. Amma indiyə kimi hər nə eləyib, nə qədər çalışıbsa, heç bir nəticə bağışlamayıbdı. Axırıncı fəndi o oldu ki, Vəliqulunu gizlədib, Zeynəbə sifariş elədi ki, qlava Vəliqulunu qatıb dama; bəlkə yazıq övrətin balasına ürəyi yana və razılıq xəbərini göndərə.

      Haman axşam ki, Vəliqulu anası ilə sözə gəldi, çıxıb üz qoydu düz qayınatası Xudayar bəygilə.

      Vəliqulu girdi içəri və salam verib durdu kənarda və dalını dayadı evin divarına. Vəliqulu oturmadı ondan ötrü ki, o həmişə bu evə gələndə əlüstü ona ya qayınatası, ya qayınanası yer görsədib, xoş dil deyərdilər, amma indi bunların heç birisi olmadı.

      Xudayar bəy namaz üstə idi. Xudayar bəyin iki oğlu – Heydərqulu altı yaşında və Muradqulu doqquz yaşında, – hər ikisi quru yerdə üzü üstə uzanıb və iki əllərini bir-biri üstə qoyub, qıçlarını göyə qalxızıb, bir-birini qıçlarından vururdular. Gülsüm, yəni Vəliqulunun nişanlısı, Vəliqulunu görcək çadirşəbə bürünüb, pambıq boğçası kimi çəkilib oturdu qaranlıq bucaqda. Xudayar bəyin övrəti uşaqların sol səmtində oturub, üzünü qoymuşdu sağ dizinin üstə.

      Vəliqulu içəri girən kimi övrət haman halətdə qalıb, üzünü dizinin üstündən götürmədi. Söz yox, bu kəmiltifatlığın əvvəlinci nişanəsi. Ancaq Muradqulu başını qaldırıb gülə-gülə dedi: “Buy, əmoğlum gəldi”.

      Hərçənd Xudayar bəy namaz üstə idi, amma hər kəs onun sifətinə diqqətlə baxsaydı, əlüstü duyardı ki, Xudayar bəy bu dəqiqə fikir dəryasına, bəlkə qəm dəryasına qərqdir. Namazı qurtarıb, üzünü tutdu Vəliquluya, amma surətinə təğyir18 vermədi:

      – Vəliqulu, bala, ayaq üstə niyə durursan? Gəlib otursana.

      Vəliqulu kənardan çömbəlib, başladı çarıqları çıxarmağı.

      Xudayar bəy canamazdan təsbehi götürüb, başladı çövürməyi və üzünü uşaqlarına çöndərib, onları məzəmmət elədi ki, biədəb olmasınlar; yəni durub otursunlar. Amma uşaqlara Xudayar bəyin məzəmməti tük qədər də kar eləmədi və bir də Xudayar bəy bikar deyil idi, təsbeh çövürürdü.

Скачать книгу


<p>18</p>

Dəyişiklik