Kərbəla dilbəri. Curci Zeydan

Чтение книги онлайн.

Читать онлайн книгу Kərbəla dilbəri - Curci Zeydan страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Kərbəla dilbəri - Curci Zeydan

Скачать книгу

görə onu heç xoşlamırsan?

      Amir qocanın dediklərini eşidəndə fikir verdi ki, o, təmiz ərəb dilində danışır. İtini isə ərəblərin cahiliyyət dövründə öz itlərinə verdikləri adlardan biri ilə çağırır. Öz-özünə dedi: ”Qoca, deyəsən, ərəbdir. Görəsən, o kimdir? Niyə bu hala düşüb?”

      Rahibin gecikdiyini görüb onun ardınca gedən monastır rəisi qapıda Amirgilin paltarına bənzəyən libas geyinmiş bir kişi ilə qarşılaşdı. Lakin onun sifətinin alalıq xəstəliyindən dümağ olduğunu görüb özünü bir az itirdi. Lakin kişinin də Amirgildən olduğunu, nədənsə, onlardan geri qaldığını və yalnız indi gəlib çıxdığını zənn etdi. Kişini salamlayıb dedi:

      – Buyur, içəri keç. Dostların artıq iki saatdır ki, gəliblər.

      İçəri daxil olan kişi monastır rəisinə susmağı işarə etdi və onları heç kəsin görməməsi üçün rəisi qapının arxasına çəkib pıçıltı ilə dedi:

      – Mənim buraya gəlməyimi heç kəsə, xüsusilə də mənim dostlarım olduğunu zənn etdiyin o üç nəfərə demə! Burada böyük bir sirr vardır, vaxtı gələndə özüm sənə danışacağam. İndi isə məni tez elə bir otağa apar ki, heç kim görməsin və mənim orada olmağımdan heç kəs xəbər tutmasın. Bax, səni xəbərdar etdim, özündən muğayat ol. Dediyim həmin məsələ mövlamız əmirəlmöminin xəlifə ilə bağlıdır.

      Monastırın rəisi qorxub duruxdu, sonra dərhal dedi:

      – Mən istədiyin kimi edərəm. Əgər istəyirsənsə, mən o üç qonağı bu saat monastırdan çıxarım?

      – Yox, çıxarma! Qoy istədikləri qədər qalsınlar, amma gözdə-qulaqda ol, mənim buraya gəlməyim barədə onların yanında heç nə danışma!

      – Baş üstə! – dedi və qonağı həmin dəhlizin qapısından çıxarıb rahiblərin müxtəlif işlərlə – dərzilik, dülgərlik, dəmirçilik və digər sənətlərlə məşğul olduqları otaqlara daxil etdi. Qonaq bu iş yerlərinə nəzər salan kimi özünü Kufənin bəzi bazarlarına düşdüyünü zənn etdi. Burada işləyənlərin libaslarına baxanda daha da təəccübləndi. Çünki İraqdakı sənətkar rahiblərin də eyni ilə bu cür paltarda olduqlarını görmüşdü. Onlar cod tükdən toxunmuş və ya pambıq parçadan hazırlanmış uzun rahib köynəklərinin üstündən ağ keçi dərisindən biçilmiş önlük taxmışdılar. Bu rahiblər gecə-gündüz bu paltarlarda olur və işləyirlər. Onların canı bu paltarlardan yalnız xaçpərəst dini ayinlərini yerinə yetirərkən azad olur7.

      Monastırın rəisi qonağı kilsənin yanındakı xüsusi otağa gətirib çıxardı. Onu içəri ötürdü. Beynində isə ondan eşitdiklərini saf-çürük edirdi. Rəis bundan sonra daha monastırın həyətində tərk etdiyi qonaqların yanına qayıdıb onlarla birlikdə oturub söhbət etmək arzusunun olmadığını hiss etdi. Rahiblərdən birinə boş otaqlardan birini qonaqlar üçün hazırlamağı əmr etdi. Rahib qonaqları hazırlanmış otağa apardı və geri qayıtdı. Otaqda həsirdən başqa heç nə yox idi. Onlar qapını arxadan bağlayıb, yorulduqlarından dərhal həsirin üstünə çökdülər.

      8. Mübahisə

      Qonaqlardan ilk danışan Əbdürrəhman oldu. O, Amirə müraciətlə dedi:

      – Mən deməmişdimmi ki, mənim ardımca gəlməyin. Sən bu diyara gəlməkdə səhv etmisən. Yenə də tək gəlsəydin, dərd yarı olardı. Sən isə üstəlik Səlmanı da özünlə gətirmisən. Bu da monastır rəisinin barəmizdə vurduğu eyhamlara gətirib çıxardı.

      Amir sakitcə cavab verdi:

      – Oğlum, dedim ki, səni qorumağı öhdəmə götürdüyümə görə arxanca buralara gəlmişəm. Axı, sən mənə oğul yerindəsən. Atan vəfat edəndə sənə qəyyum olmağımı vəsiyyət edib. Sənin belə bir təhlükəli işə başlamağını gördüm. Həm də o işi yad bir ölkədə, özü də təkbaşına görmək istədiyini biləndən sonra heç ola bilərdimi ki, ardınca gəlməyim?! Səlma isə sənə görə məndən daha çox həyəcan keçirir.

      – Bəlkə Peyğəmbər aleyhis-səlamın ailəsinin intiqamını almaq və müsəlmanları bəladan xilas etmək kimi bir işi səfeh iş hesab edirsən?

      Səlma sifətinə ciddilik və təmkin verib Əbdürrəhmanın sözünü kəsdi:

      – Sənin həyata keçirmək üçün buraya gəldiyin iş çox müqəddəs işdir. O işi sən həyata keçirməsən, mən özüm yerinə yetirəcəyəm. Buna səndən çox mənim haqqım var. İnsanların rahatlığını təmin etmək məqsədilə öldürmək istədiyin o adam səndən çox mənə zülm edib. Onunla mənim aramda bir qan düşmənçiliyi vardır. Özün yaxşı bilirsən ki, onun atası mənim atamı qətlə yetirib. Özü də heç bir təqsiri olmadan öldürüb. O öz qəbiləsinin başçısı və ağsaqqalı Hucr Əl-Kindini qətlə yetirib. Nəyə görə öldürüb, təqsiri nə idi? Ona görə öldürüb ki, Hucr Peyğəmbər aleyhis-səlamın əmisi oğlu İmam Əlini lənətləməkdən qəti imtina edib. Bəli, bu Yəzid İmam Əlinin qətlinə görə olmasa da, Hucr ibn Adiyyin öldürülməsinə görə cəzasını almalıdır. Yəzid bu cinayətlərdən biri olmasa belə, o birisinə görə cəzalandırılmalıdır. Yəzid Allahın bəndələrinin işləri ilə məşğul olmayıb, vaxtını sərxoşluqda keçirdiyinə, it, meymun və pələnglərə təlim verdiyinə, əyyaşlıq etdiyinə, həftələrlə ovla məşğul olduğuna, vaxtını şeir deyib tənbur çalmaqla keçirdiyinə görə qətlə yetirilməlidir.8 Onu qətlə yetirmək özü şərəfli işdir. Lakin bu iş çox təhlükəli və çətin işdir. Sən buna müvəffəq ola bilməzsən, çünki sən adi bir adamsan. Yəzid isə xəlifədir, onu əyanları və mühafizəçiləri gecə-gündüz qoruyur. Sənə görə çox qorxuram. Eşitmişəm ki, lənətə gəlmiş Əbdürrəhman ibn Mülcəm İmam Əlini məscidin ortasında qətlə yetirməyə cəsarət etdi, amma ölümdən yaxa qurtara bilmədi. Sən niyə özünü belə bir təhlükəyə məruz qoyursan!?

      Əbdürrəhman döşəmədə oturmuşdu. Səlmanın sözü bu yerə çatanda döşəmədən qalxdı, otaqda var-gəl etməyə başladı. Sir-sifətindən qıza çox diqqətlə qulaq asdığı hiss edilirdi. Səlma sözünü qurtaran kimi ona tərəf baxıb dedi:

      – Səlma, dediklərinə diqqət yetir. Öz sözlərindən özün nəticə çıxar! Sən cavan bir qız ola-ola deyirsən ki, Yəzidi öldürmək özü şərəfli bir işdir. Bunu mən etməsəm, sən özün edəcəksən. Bəs mən necə bu işi həyata keçirməyə bilərəm!? Axı, bunu mənim bütün həyatım öhdəmə qoyub!

      Səlma onun sözünü kəsdi:

      – Heç vaxt “həyatım” demə! Qoy Allah özü səni şərdən qorusun. Bu iş məni əmim Amirlə birlikdə ardınca yola çıxıb, sənə çatmağa məcbur etmişdir. Sən Kufədən çıxanda Şam diyarının Dəməşq şəhərində Yəzidi qətlə yetirməyi qərara alıbsan. Bəs Yəzid kimdir? O,

Скачать книгу


<p>7</p>

“Britaniya ensiklopediyası”. Müəllif.

<p>8</p>

Əl-Məsudi “Murucuz-zəhəb”, 2-ci hissə; İbn Əl-Əsir “Əl-Kamil fit-tarix”, 3-cü hissə; İbn Təbatəba “Əl-Fəxri fil-adabis-sultaniyyə val-duvalil-islamiyyə”; Əd-Dəmiri “Həyatul-həyəvan əl-kubra”. Müəllif.